Fatimə Səhhətqızıdan şeirlər.
"Gedəcəm"
Bu tənha şəhərdən, soyuq küçədən,
Sənli günlərimi silib gedəcəm.
Son dəfə səninlə gəlib üz-üzə,
Gözümü gözündən süzüb gedəcəm.
Birgə keçdiyimiz yad küçələrə,
Solmuş çiçəkləri düzüb gedəcəm.
Məni xatırladan bir şeir ilə,
Səni bilə-bilə üzüb gedəcəm.
Yediyim içdiyim olsa da zəhər,
Mənə dar gələsədə bu sənsiz şəhər,
Vurduğun yaranı sarıb birtəhər,
Hicrana həsrətə dözüb gedəcəm.
Gecələr gizlicə soraqlayaraq,
Gözəl günlərimi varaqlayaraq,
Şəklini öpərək, qucaqlayaraq,
Bu qoca dünyadan köçüb gedəcəm.
Laiq deyildim
Yolumuz sahilə düşməyir artıq,
Daha qarşılamır dalğalar bizi.
Bəlkə də keçmişi biz unudardıq,
Rahat buraxsaydı xatirə izi.
Yağışlar altında eşqi yaşarkən,
Kaş ki, leysanlara rast gəlməyəydik.
O soyuq leysanlar ayırdı bizi,
Kaş ki, heç bir zaman görüşməyəydik.
Qəlbimə kədərlər axın axındı,
Qəlbimin qədrini mən indi bildim.
Nə sən saf sevgiyə saf məhəbbətə,
Nə mən xəyanətə laiq deyildim!
Tərk etməyi necə bacardın?
Dünən yuxu gördüm "gülümsəyirdik",
Yozdum bu yuxunu xeyirə, şərə.
Axı biz birlikdə çox xoşbəxt idik,
İndi özgə qəlbdə döndük məhşərə.
Əsir fikirlərim hey sənə doğru,
Qınayır dost tanış,qınayır hamı.
Yarımçıq saxladıq bu məhəbbəti,
Sətirlər qoy olsun onun davamı.
İncidib ağladıb qıyardın mənə,
Hər acı sözünlə yara açardın.
Sığınıb ən xırda bəhanələrə,
Məni tərk etməyi necə bacardın?
Oxu sevdiyinin fatihəsini
Yenə kövrəlmisən, yenə bu axşam,
Gözündən göz yaşı boylanır baxır.
Sən körpə uşaqtək hey ağladıqca,
Məzarım üstünə yağışlar yağır.
Titrəyir dodağın, titrəyir əlin,
Mən axı duyuram buz nəfəsini.
Ölənlə ölünmür unutma gülüm,
Oxu sevdiyinin fatihəsini.
Bürüyür qəbirstanı göz yaşı, nalə
Nişan günümüzü qeyd eyləyirsən.
Qəlbində məhv olan ümidlərinlə,
Məzarım başında mürgüləyirsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!