Edebiyyat.az » Poeziya » Osip Mandelştam (1891–1938)

Osip Mandelştam (1891–1938)

Osip Mandelştam (1891–1938)
Poeziya
admin
Müəllif:
17:51, 10 iyun 2023
669
0
Osip Mandelştam (1891–1938)


 

 



 

 Nəhəng fil qulağında yaşayırıq sanki biz,
 Onca addım o yanda eşidilmir səsimiz.
 Qulaqları dəng edən o qaniçən, o alçaq
 Kreml dağlısının səsi-sözüdür ancaq.

 Soxulcantək yağlıdır qapqara barmaqları,
 Qupquru kəlmələri pudluq çəki daşıdır.
 Tarakan bığlarının hey qımışır ucları,
 Par-par yanır, işarır çəkməsinin quncları.

 Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir
 Gəzir həndəvərində hər əmrinə müntəzir.
 Fərman dalınca fərman, yollayır sola-sağa –
 Nallayır gah alına, gah gözə, gah qasığa.

Ürəyinə yağ kimi 

          yayılır edam səsi,

Və qabarır dağ kimi 

          gen osetin sinəsi.

 

 

* * *

 

Gələn yüzillərin kamından yana,

Sabahkı say-seçmə nəsildən ötrü

Nə şöhrətə baxdım, nə də ad-sana,

Nə qədər işrətdən, kefdən yan ötdüm. 

 

Qurdbasan əsrimiz sanıb qurd məni

Atılır çiynimə qərəzlə, kinlə.

Ondansa papaqtək götür dürt məni 

Sibir çöllərinin isti kürkünə. 

 

Nə qorxağı görüm, nə toz-torpağı, 

nə də təkər altda

al qana bulaşmış sür-sümükləri; 

Qoy işıldasınlar bütün gecəni  

gözümün önündə kül rəng tülkülər. 

 

Şamlarının ucu ulduza dəyən 

Apar Yeniseyli gecəyə məni; 

Apar ki, apar ki, qurd deyiləm mən... 

Məni öz həmtayım öldürəsidi. 

 

 

* * *

 

Ölüm – alın yazım... 

axı nə lazım  

qədərlə bu qədər oyun oynamaq?! 

Gizli saxladığım bir sirrim də yox

İlham pərisinin gözündən iraq. 

 

Nəfəsim tıncıxır...

xoşdu, di gəl ki, 

gözüm baxa-baxa boğulmaq mənə;

Ölmək – bir dumanlı-sirli gözəllik, 

bir gözəl sirr imiş ölmək – sən demə.

 

Cınqırım da çıxmır... 

bu lal mürgüdən

bu rahat nənnidə ayılmaq çətin – 

Duyuram qarşıda üzümə gülən

sonsuz ləzzətini əbədiyyətin!

 

 

* * *

 

O qüssəli, o əzabkeş simanı

seçəmmədim dumanda.

Heç bilmədim necə azdı gümanım,

dedim: “Allah amandı!” 

 

İlahinin ulu adı sinəmdən

uçub getdi bir nataraz quş kimi.

Qatı duman sipər çəkib önümdə,

arxada bir boş qəfəsdi daş kimi.

 

 

* * *

 

İlahi, bu gecədən çıxart məni birtəhər: 

Öz quluna rəhm elə – qoyma ölə, İlahi!

Peterburqda yaşamaq –  ölümdən də betərdi! 

 

 

 

 

Çevirəni Mahir N. Qarayev

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)