Edebiyyat.az » Poeziya » Səxavət Sahildən yeni şeirlər

Səxavət Sahildən yeni şeirlər

Səxavət Sahildən yeni şeirlər
Poeziya
admin
Müəllif:
21:01, 23 yanvar 2024
524
0
Səxavət Sahildən yeni şeirlər







Ölümdən sonrakı ümid

 

Ölümdən sonra da

sevmək istəyirəm səni.

 

Ürəyim dayananda da

bədənim soyuyanda da

sevmək istəyirəm səni.

 

Yuyulub, kəfənə bükülüəndə

üstümdə ağı deyiləndə

məzara qoyulanda da

sevmək istəyirəm səni.

 

Çürüyüb torpağa qarışanda da

ətim sümüyümdən ayrılanda da

sevmək istəyirəm səni.

 

Fevral şaxtasının bozartdığı

baharda tumurcuq açmağa

ümidi olan

nar budaqları kimi

sevmək istəyirəm səni.

 

Ölümdən sonra da

sevmək istəyirəm səni,

ölümdən sonra.

 

 

Günəş və atəş

 

Bədənindən hərarət

keçmişdi mənə 

qan dövranımın

sürəti artmışdı – 

canımı qızışdırmışdın.

 

Şaxtalı qış günündə

nar budaqlarını isidən

günəş kimiydin.

 

Sən təkcə 

gözəl qadın deyildin

yandırırdın həm də

atəş kimiydin.

 

 

Ehtiyac

 

Kasıb süfrəsində

isti çörək,

payızda səpilən

toxumluq buğdanın

gözlədiyi qar,

yarpağı sovrulan budaqda

tamahçəkən 

soluxmuş nar kimi

sənə ehtiyacım var.

 

 

Yarpaq sərçələr

 

Balaca bir nar kolu – 

metrəyarımlıq.

Hələ budaq olmayan

sarımtıl şüvüllərdə qızarır

beş-altı payız narı.

 

Yarpqaları tökülüb 

rüzgarın nəfəsindən –

çılpaq qalıb nar kolu.

 

Sevdiyim o qadının

uzunsov barmağına 

bənzəyən şüvüllərdə

beş-altı sərçə qonub

yarpaqların yerinə.

 

 

 

Yarpaq saçlar

 

Pəncərədən süzülən

Ay işığında

yarpaq olub

səpələnmişdi saçların,

nar budaqları kimi uzanan

qollarım üstə.

 

 

Nar suyu kimi içərəm səni

 

Dodağm çat-çat olub

susuzluqdan ölürəm.

 

Ciyərim də yanır.

 

...Su istəmirəm,

sən olunca

su istəmmirəm.

 

İçərəm səni,

içərəm nar suyu kimi

içərəm səni.

 

 

Sevgiylə ölüm arasında

 

Həyat,

başdan-başa yaşanan

ömür deyil.

 

Sevgiylə ölüm arasında

keçən günlərdir.

 

Necə ki,

bar verməyən nar ağacı

kəsilib, doğranıb

alovlara yem olur.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)