Edebiyyat.az » Poeziya » Vislava Şimborskadan bir şeir

Vislava Şimborskadan bir şeir

Vislava Şimborskadan bir şeir
Poeziya
admin
Müəllif:
09:38, 03 iyul 2024
323
0
Vislava Şimborskadan bir şeir



İyulun ikisi görkəmli Polşa şairi, Nobel mükafatı laureatı Vislava Şimborskanın doğum günü idi.



Yoxluq


Bir az da keçsəydi,

mənim anam 

Volya Zdunskadan pan B. Zbiqnevə ərə gedə bilərdi.

Və onların doğulacaq qızı mən olmazdım. 

Adları, sifətləri, 

bəlkə də, bircə dəfə eşitdiyi musiqini unutmazdı. 

Quşları ayırd edə bilərdi biri-birindən,

səhv etmədən, 

fizika və kimyadan əla,

polyak dilindən yaxşı qiymətlər ala bilərdi,

həm də xəlvətcə şeirlər yazardı,

mənimkindən qat-qat maraqlı.

Bir az da keçsəydi,

mənim atam da o vaxt Zakopanedən olan

Panna Yadviqanı özünə arvad edərdi.

Və onların doğulacaq qızı mən olmazdım. 

Bəlkə də tərs, dediyindən dönməz olardı.

Cəsarətlə suyun dərinliyinə baş vurardı.

O kütləvi hisslərə meylli olardı.

Durmadan hər yana göz qoyardı,

hərdən də kitab oxuyardı,

tez-tez həyətdə top qovan oğlanların yanına qaçardı.

Ola bilsin ki, ikisi də,

hətta eyni məktəbdə, eyni sinifdə oxuyardılar.

Aralarında heç bir bağlılıq,

qohumluq yox,

və məktəb şəkillərində bir-birindən aralı.

Buyurardı fotoqraf, 

- Qızlar burda dayanın, 

- boydan bəstələr - öndə,

hündürlər - arxada.

Nə vaxt işarə etsəm, gülümsəyərsiniz.

Amma bir də sayın -

hamı buradamı?

- Bəli, pan fotoqraf, hamı buradadı.


Çevirəni: Rəfail Tağızadə

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)