Gənc müəllifdən debüt şeirlər
İş Tahir və Zöhrədə deyil
Səssiz çöllərin dərinliklərinə.
Bir daha adını anmağa
Tövbə etmək istəmsizcə.
İki gözümün ağrısı işlədikcə qəlbimə,
Kök salsam məbədin ayaqlarına
Yalvarmaq əllərimdən axar gedər
Başqa sevdaları diri tutmağa.
İçimə işləyən əllərin boğur məni,
Yuxularıma çökür haqsızca.
Ənbər qoxan ağzımın tamı
Qana susayan zəhəri dadır.
***
Keçdi payız...
Ayın tarixini bilmirəm,
Amma yenə könlümdəsən.
Qış gəlir...
Əllərim üşüyəcək həsrətinlə,
İsinmək istəyəcək nəfəsinlə.
Ürəyimin ritmi pozulur,
Nəfəsin nəfəsim olur.
Sonra günlərdən yaz...
Baharın gözəlliyi ilə
Sənə sevgim bütünləşəcək.
Çiçək açacaq solum,
Sağım sən...
Yay və tüstü başımda
Biraz da həsrətli günəş
Daha çox isidəcək sənli məni.
Nə yaz,nə yay, payız,qış.
Bildiyim tək bir şey
Sənsən mənim 4 fəslim.
***
Gəl! Pərvanətək gəl!
Evimə qonaq gəl!
Qayğılarımı könlünə elə sıx ki,
İncilər tökülüb nəm etməsin çatlaq dodaqlarımı,
Yetim uşaqtək boynubükük qalmasın.
Birlikdə gəzək cənnət bağını,
Sənsiz mənə qəlb evim cəhənnəm.
Çəkmə çinar gözlərini gözümdən
İcazə ver sulayım budaqlarını.
Hər saniyə şəklinə tamaşa edirəm
Çəkmirəm gözlərimi bəxt üzüyündən,
Güləcək dünya yazdıqlarıma
Anlamayacaq qəlb məbədimi...
Şahlar əmr edəcək, fərman yazacaq,
Asacaq boynumdan kəndir ipini
İp təsəlli edərmi
Qandallı taleyimi?
Ruh məskənim!
Biz səninlə Adəm və Həvva deyilik.
Biz səninlə Yusif və Züleyxayıq
Kədər yollarında…
FİRUZƏ
NDU-nun filologiya ixtisası üzrə II kurs tələbəsi,
Gənc Yazarlar Klubunun üzvü