İmarət Cəlilqızıdan iki şeir

ŞƏRQİ
Sən işıq ol –
bircə zərrən
könüllərin zülmətini
yara bilsin.
Sən nəğmə ol –
Incə-incə
səsləndikcə
xoş avazın
çiçək-çiçək duyğuların
buxovunu qıra bilsin.
Sən arzu ol –
pöhrələnib boy atdıqca
xəyalların əlvan rəngli
dünyasında
Ayın gümüş telləriylə,
göyün yağış əlləriylə
tayı-bənzəri olmayan
bir kainat qura bilsin,
hər nə qədər hökm eyləsə
Zaman ona,
tab gətirib dura bilsin.
Sən işıq ol...
Sən nəğmə ol...
Sən arzu ol...
Sən işıq ol...
Sən nəğmə ol...
Sən arzu ol...
GÖYDƏN YERƏ KƏLMƏ YAĞIR
Kainat bir nəhəng varaq,
Yazıları qalaq-qalaq:
Göydən yerə kəlmə yağır,
Bulaqlardan kəlmə axır,
Yerdə-göydə hər nə varsa,
İçindən hey kəlmə çıxır.
Kəlmə var ki, buzdan çıxar,
Kəlmə var ki, közdən çıxar,
Dilin qovduğu kəlmələr
Geri dönüb gözdən çıxar.
Demək növbəsi gec düşər,
Elə susana güc düşər,
Fələk də hərdən öc düşər,
Çoxa dəyməz, azdan çıxar.
(Dad çəksən də, bu gərdişdən,
Yazı budur əzəl başdan—
Birinin qisməti qışdan,
Birininki yazdan çıxar.)
Ərşdə dolana-dolana,
Köçər qəlbə, hopar qana,
Söz var ki, can verər cana,
Can da var ki, sözdən çıxar.
...Kainat bir nəhəng varaq,
Yazıları qalaq-qalaq...