Zülfiyyə Yaqubqızının şeirləri
Poeziya
Zülfiyyə Yaqubqızının şeirləri
''Məktub əllərim''
Göydən yerə bir səs
göndər,İlahi,
Hər kəlmədə zəncir
olub qırılım.
Sirr dağında tuncdan
hasar satlasın,
Gen dünyada
sənsizlikdən darılım.
Arzuların alatoran
vaxtıdır,
Günəş olsam,
əridərdim həsrəti.
Qoy bu eşqin səcdəsində
alışım,
Dərslərimə dərman
olsun od ətri.
Can evimdən əza-əza
ayrılıb
Qürub çağı
gözlərimə şeh dərim.
Mən ovcuma diləyimi danışdım,
Əlim məktub,
söylə,necə göndərim?
''Əmanət sevgi''
Bir də boşluqlar var
dola bilməyən...
Var olduğunu
hiss edərsən nəyinsə,
amma toxuna bilməzsən,
tuta bilməzsən.
Əllərin havada
asılı qalar günəşin
qaranlıq otaqda
asılı qalmış şüaları kimi.
Toxuna bilməzsən,
Tuta bilməzsən...
Nə də ki, başını
''Əslində bu sadəcə bir yuxudur''
- deyib,qata bilməzsən.
Bəs sonra?
Sonra da bir işıq sönər
aşiq olub qaranlığa,
Sadəcə bu sözləri deyər son kərə:
''Mənim sevgim əmanətdir
günəşin batdığı yerə!''
''Yersiz,göysüz adam''
Bu yerin adamı çox,
Yerlər ayaq tapdağı.
Əlini yerdən üzüb
göyə uzatma,dayan.
Göy günəşin yatağı.
Toxunsan,yox olarsan.
Mən bu yoxluğa yadam.
Bəs mənim yerim harda?
Bəs mənim evim hanı?
Yağışlarda isladım
qarışdırmır torpağa,
Küləyin də gücü yox
aparsın uzaqlara.
Şaxtalı,qarlı qışda,
Bu küləkli yağışda
Bəs mənim evim hanı?
Deyəsən çoxdan uçub
yerlərin göy tavanı...
Özüm də unutmuşam
göysüz,yersiz adamı.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)