Ramiz Rövşən - Başı kəsik gözəl kötük
Poeziya
Ramiz Rövşən - Başı kəsik gözəl kötük
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…

Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...
Mövzuya uyğun linklər:
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Nəzrin Əkbərova — Səssiz epidemiya: Tənha insanlar çoxalan dünyada
Əbədi Dalğanın Hekayəsi- Mətanət Teymurlu
AZƏR XALİQOĞLUNDAN ŞEİRLƏR
Həmçinin oxuyun:
Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Süleyman Abdulla - Hərbi gödəkcə
