Fərid Muradzadənin şeirləri
Azərbaycanım
Könül sarayımın ləli, gövhəri,
Ruhumun yön yeri qəlbimin piri,
Bir ovuc torpağın mənə and yeri,
Dağına , daşına fədadır canım
Ey ana vətənim,Azərbaycanım!
Yüz ildir həsrətdən alışan ,yanan,
Həsrətlə boylanıb sərhəddən baxan,
Bu tayda Kəpəzdir, orda Savalan,
Qoy mən də alışım ,qoy mən də yanım
Ey ana vətənim,Azərbaycanım!
Şəhriyar Bakıya gələ bilmədi,
Qoparaq sərhədi ,qıraq sərhədi,
Qələbə çağrısın ruhum istədi,
Şəninə yazılsın yeni dastanım
Ey ana vətənim,Azərbaycanım!
Gəl ,ataq ayrılıq yükünü beldən,
Qələbə kəlməsin çıxarma dildən,
O taylı o taydan, bu taylı burdan
Birləşib ,haqlayıb ,boğaq düşmanı
Ey ana vətənim , Azərbaycanım!
Həsrətdən, möhnətdən qisas alarıq,
Cəbhədən cəbhəyə yollar açarıq,
Birləşib yenidən biz bir olarıq,
İtməyib ümidim, çoxdur gümanım,
Ey ana vətənim , Azərbaycanım!
Duysun cümlə cahan , görsünlər kimik,
Ruh ilə, dil ilə, din ilə birik,
Biz ki buralara qərib deyilik,
Güney də qüzey də mənim məkanım,
Ey ana vətənim , Azərbaycanım
Bütövləşmək
Dərvişlər söz ortağım,
İman nurum, çırağım
Gəzdim Hələb torpağın,
Nəsimiyəm, Şamdayam.
Qəlbi ,,eşqə" közləyən,
,,Cananını" gözləyən,
Zahidə həqqəm deyən,
Hürufiyəm ,,lam" dayam.
Şəmsin nurlu çöhrəsi,
Dərvişlərin vəsvəsi,
Ərşə qalxar ,,hu" səsi,
Mövlanayla Rumdayam.
Susuz çöldə ırmağam,
Gah təpəyəm,gah dağam,
Yeləm, tozam, torpağam,
Səhradayam, qumdayam.
Düşünmə biçarəyəm,
Nə hilal, nə haləyəm,
Baxma parə-parəyəm,
Bütövdəyəm, tamdayam.