37 yaşında intihar edən şair
37 yaşında intihar edən Mayakovskinin yaradıcılığından
BU GÜN YOLKA OLMAYACAQ
Bu gün yolka olmayacaq,
dil tökməyin, balalar,
Atanızı meşəyə
buraxmaq olmaz axı.
O meşənin arxasında
ağzından od saçan
bir əjdaha var,
Atanızın canına
qəlpə-qəlpə sancılar
onun iti caynağı.
Yox, bu gecə
o yolkanın dibində
Qar kimi ağ
pambıq da olmyacaq.
Axı indi arıtək
min-min əsgəri sancır
güllələr bircə gündə,
Belə getsə,
yaraların
üstünə qoymağa da
pambıq tapımayacaq.
Şam da yandırmaq olmaz
bu gecə sübhə qədər,
Axı nəhəng, yırtıcı
gəmilər var dənizdə.
Orda zalım adamlar
topların lüləsini
tuşlayıb gözləyirlər;
Haçan işıq yanacaq
sizin pəncərənizdə.
Babanız da gəlməyəcək,
gözləməyin nahaqdan,
Sizə oyuncaq da
gətirən deyil.
Babanız axı indi
zavoddadı, zavodda.
Zavod nədi?
Barıt düzəldilən yer.
Musiqi də olmayacaq
bu gecə,
Qardaşınız
hardan bir cüt əl tapıb
çalsın axı qarmonu?
Bəlkə də, cənnətdə,
elə indicə,
Qolları qırılmış bir şəhid kimi
basır öz bağrına
mələklər onu.
Yaxşı, bəsdi, ağlamayın,
bir az gülsün üzünüz,
Axı hələ neçə-neçə
yeni il var qabaqda.
Heç bircə il keçməyəcək,
görəcəksiz özünüz;
Nəhəng yolka qurulacaq
bu balaca otaqda.
Yenə mahnı deyə-deyə
o yolkanın başına
dövrə vuracaq hamı.
Yolka da ki nə yolka?!
Üstü dolu bərbəzək,
lampaları rəngbərəng.
Elə uzun çəkəcək ki,
o yeni il bayramı,
Axırda lap hamının
zəhləsini tökəcək.
1916
Çevirən: Ramiz Rövşən