Edebiyyat.az » Poeziya » Zahid Sarıtorpaq - BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ

Zahid Sarıtorpaq - BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ

Zahid Sarıtorpaq -  BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ
Poeziya
Necef Esgerzade
Müəllif:
12:36, 11 dekabr 2019
1 774
0
NƏ OLDU BƏS
 
lampa söndü göz yumuldu səs kəsildi
sonuncu söz qaranlıqda laxtalandı
bitirdim dualarımı artıq
canım yüngül - qu tükü kimi
yəni ölümün ola bilərmi bu girəvə
sağımdan küləklər əsməliydi axı baqidən
bəs nə oldu
 
bu girəvə ölümün ola bilərmi yəni
həmdin üstündən
gül ləçəkləri sovrulmalıydı ölümün üzünə
utandırmalıydı onu nəfəsimi çəkən nəfsinə görə
nə oldu bəs
 
yəni bu girəvə ölümün ola bilərmi
bəlkə də
ölümlərin ən şanlısı
və ən şanslısı olmalıydı mənim ölümüm
gözünü yumub gəlməliydi üstümə suçlu-suçlu
ən azı «neyləyək, belədir…» demək istədiyi
bilinməliydi gəlişindən
və sağımdan küləklər əsməliydi baqidən

yəni bu girəvəni gözləyən doğrudanmı odur
odursa
nə oldu bəs
lampa söndü axı...

*  *  *
yarpaqlar qar düşənə qalmadı yenə
“sən nə düşünürsən?..” deyib
 qosqoca dünyaya toxunur payız
 
bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o
əslində bildiyimiz heç nədi görünür

hərədə bir cürdü ürəyin ölçü vahidi:
birində sevgi birində ayrılıq
birində sevinc birində üzüntüylə ölçülür yaşam

hərdən elə bilirsən
yaşı min illərlə ölçülən bir küp qəbrin
miniatür əksidir daşıdığın ürək —
nə qədər mataha minib
matahdan düşsə də Can Türbəsində
içində ölənlərin
öldürülənlərin məsum sümükləri sızlasa da
artıq öz işini görmüş və susmuş zamansızlıqda
 
qiyamda duaların səcdədəkindən daha uzun sürməsi
aşiqə Rəbbin lütfüdü sözsüz
birəm qar gəldiyində ruhun qiyamı
yarpaq tökümündən sonrakı ağaclara
ayaqda durmağın önəmini bildirir
 
bizdən ayrılan hər anın payız siluetinin
üzü necə var köçürülürsə dəftərimizə
səhifəmizin birini ötürüb o birini varaqlamaz
O alayarımçıq oxumaz bizi bizdən fərqli
 
...“sən nə düşünürsən?..” deyib
toxunur bizə qosqoca dünya
yarpaqlar qar düşənə qalmadı yenə

* * *
Bir şairin siqaretinin tüstüsündə burulur
ciyərlərinə sorulur bu an
bir qızın çəkdiyi ah
Sonra bir şeirin misralarında yorulacaq
amansızcasına sözlə vurulacaq
sevgisizlik... günah...
Axırda ölü bir sükuta yazılmış lal kəlmələr
mizan-tərəziyə qoyulmaq üçün
sənə qayıdacaq, Allah...
Qəbul edərsənmi?
 
1995

*   *    *
mən hamıdan körpə ikən
hamıdan da qoca öldüm
tutdum Sözün ətəyindən
uça-uça uca öldüm
Haqqa sarı qaranəfəs
qaçdım... qaça-qaça öldüm
dərdi-səri balam kimi
öpdüm... quca-quca öldüm
fanilik çox şey dilədi
cəhdi çıxdı puça öldüm
öz ruhuma Qul olmağa
gündüz öldüm gecə öldüm
həyatla daban-dabana
Ölümlə iç-içə öldüm
ölkə-ölkə şəhər-şəhər
ev-ev küçə-küçə öldüm
özümə qalib gəlsəm də
Ölümlə heç-heçə öldüm
... bəlkə heç O da bilmədi
necə oldu? necə öldüm?..

*  *  *
nə başını ağrıdırsan
hər qapıya açar düşməz
fələk yenməz hər fəryada
göy üzünü qucar düşməz
 
haqq aşığı təbdən düşər
təbdən düşən dəbdən düşər
oyunbazlar ipdən düşər
düşənlər də naçar düşməz
 
gəlib gedən gedib gələn
qalan qalıb ölüb ölən
budaqdakı o quş ilən
işin yoxdu uçar düşməz
 
bir yerə inan bir göyə
yeri, aldanma hər küyə
göz yaşın gəlməz hörgüyə
göz yaşından hasar düşməz...
 
1992, "Yol" qəzeti.

*  *  *
anası namaz üstəymiş bu açılan səhərin -
ölmədi içimdə
 
baxdı baxdı üzümə
mən boyda mən biçimdə
heyrətə gəlmiş bir Gün
və... özündən muğayat ol pıçıldadı
quşların təlaşlı qanad səsiylə
üzgün-üzgün...
 
yenidən başlandı sürgün...
yenidən üzümü söykədim Sözün dizinə
baxdım üzünə rastıma çıxanların
elə bil indicə dağılmışdı toy-düyün
 
təzəcə boşalmış toyxana kimiydi
gördüyüm gözlərin içi bütün..

*  *  *
bezdi quculmaqdan bu yorğun dizlər
ocaq da keçindi, gecə də bitdi
ölən pərvanənin son titrəyişi
bu büt səssizliyə son ibadətdi...
daşlaşmış sözlərin yan-yörəsindən
neyləsin yol gələn bu quru nəfəs
taleyin buz tutmuş pəncərəsində
görünür hər düşən naxış əriməz..

 TOY

budaqda dodağı düyməli Gül qönçəsi

toydu toy
rəqs üstündə qırğındı
hamı qırğın içindədi
dələ çarxın içində
balıq arxın içində
kimi sevunə-sevinə
kimi qorxu içində rəqs eləyir

budaqda Gül qönçəsinin düyməsi qırılınca dodağı səyriyir...
 
adamlar eyni çörəkdən yeyib eyni sudan içdikləri kimi
eyni havaya oynayırlar xoşbəxtcəsinə
 
toydu toy
meh vurğunu teldən tutmuş
sözlər şahı "ol!"a qədər
hər şey çərxi-fələyin rəqsində xoşbəxt
ruh bir Eşqin sürgünündə ələmlərin rəqsində
göylər suların təcəllasında qəribliyin rəqsində
can fələyin aynasında nur şəklində oynayır
yarpaq külək dodağında vida rəqsində xoşbəxt
 
budaqdakı Gülün dodağı səyriyincə rəqs bir az da qızışır
 
amma bu toy kimindi sorsan
heç kim cavab verməz
toy sahibi susar xoşbəxtcəsinə
susanlar sükutun rəqsində xoşbəxt
 
qoşa rəqs eləyər Olumla Ölüm
sağdışla soldış kimi
Olum Ölümün rəqsində xoşbəxt
Ölüm Olumun
 
amma bəylə gəlin "Heyvagülü"ndə xoşbəxt
rəqs edərlər gərdişin acığına
rəqs edərlər çərxi-fələyin acığına
rəqs edərlər huşsuz-huşsuz
Gül budaqdan qopub düşənəcən
 
budaqda
Gülün qopub düşdüyü yerdən özünü asmış
intihar etmiş sərxoş bir meh xoşbəxt-xoşbəxt yellənir -
toydu

* * *
bu ömür - ömür deyil ki,
bu ömür - bir qum saatı
hansı üzünə çevirsən
fərq eləməz gedişatı
 
içindən keçən sevdalar
qayıdır fəsillər kimi
əvvəlində axırında
heç kim itirmir heç kimi
 
ölü diriylə birgədi
məhkum gülür cəlladına
budur insanın yazısı
sən nə desən de adına
 
keç gözümün kandarından
məni səndə əks edəcəm
bir gün bürünüb kəfənə
toyunda bir rəqs edəcəm
 
bu ömür - ömür deyil ki
boş şeydi qum saatı da
sərbəst şeirdə doğulan
gec-tez ölür bayatıda
 
mən daha heç nə demirəm
özün götür hesabını
sona yüyürən heç zaman
deməz... deməz: "bəs O hanı?.."

*  *  *
bu qarın əvvəli yuxuma yağmış
sonu da yuxuma töküləcəkmi
 
bu yolun əvvəli göylərdən enmiş
sonu da göylərə dikələcəkmi
 
bu ömrün əvvəli sevgidən gəlmiş
sonu da sevgiyə çəkiləcəkmi...
 
1981.

BUDAQDAN QOPMUŞ NAR ÇİÇƏYİNƏ ELEGİYA
 
bu adam bilmir ona niyə iki yox, bir ömür verilib
bu quş bilmir ona niyə üç yox, iki qanad verilib...
budaqdan qopan bu çiçək bilmir
ona niyə hələ də Nar Çiçəyi deyirlər
və o niyə qopmalıydı axı,
niyə düşməliydi bizim nar dənələri kimi səpildiyimiz heçliyə?
niyə?
...bu heçlik bilmir
ona niyə bu boyda dərinlik verilib
və mən niyə uçurum deyirəm adına...

 BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ
 
bir uçuşun sonunda bir qu yorğunluğuyla süzərək
keçərək sınırlarını vaxtın sevginin yalqız
enərək qoynuna pünhan göycə suların
kimsəni çağırmadan göyçək bir ölümlə ölərək,
səssiz, sözsüz oxunan son türkünün bəstəsinə
Can Evinin soyuq divarlarında
ilk misranın rəsmini beləcə cızmaq olar:
– Yorğun qanadına qurban,
suları tərpədərsənmi?

ana qarğışı tutmaz körpəsini
çünki arada süd var deyirlər
sevgidən, ayrılıqdan, həsrətdən doğulanlar da
qarğışa gəlməz deyirlər heç vaxt
arada ölüm durur çünki
ölümün ana südü mislində halallığı durur
bir də Can Evinin soyuq divarlarında
səssiz sözsüz oxunan
son türküyə cızılmış sonuncu misranın rəsmi durur:
– Çoxmu gözəldi oralar,
 bir də gəlsən gedərsənmi?

 * * *
yarpağın əsincə, qəsrin yıxılar
can adlı hücrədən çıxıb gedərsən...
 
sonra sanarsan ki, qapın döyülür
açarsan... içinə bir işıq dolar
soruşmazsan da heç kimsən, nəçisən?
sən: "keç" söyləyərsən, o məmnun qalar...
onun bir əlində parlaq aypara
o biri əlində xaç var, - görərsən
büt kimi oturar girdiyi yerdə
baxıb da könülsüz salam verərsən...
 
amma nə xeyri var, hər yan sudursa...
suların üzündən meh tək ötərsən.
yarpağın əsincə, qəsrin yıxılar
can adlı hücrədən çıxıb gedərsən...
 
sən də bir qapını döyərsən axır
deyərsən gəlmişəm, di tez elə, aç...
görərsən qapıdan bir cüt əl çıxır
birində aypara o birində xaç
büt kimi oturar kimsə canında,
hər şeyi anlarsan, anlarsan onda...
 
suların üzündə bir yarpaq tapıb
çıxarsan üstünə qarışqa kimi...
sonra hayqırarsan üzü göylərə:
- Burdayam, burdayam, Göylər Hakimi,
gəl məni bu fani yarpaqdan qopar,
gəl apar… mən burda çoxdan durmuşam...
gəl qorxma, nə xaçım, nə ayparam var,
nə də ki büt kimi bardaş qurmuşam…
 
1989

QƏFLƏT ŞAİRİ
 
Sözdən oyuncaq düzəldib
evcik-evcik oynayan
daş kimi çırpır dünyanı
ürək adlı aynaya
 
aynanın hər çatından
tikə-tikə boylanır..
elə bil bir ev yanır
osa zühur eləyir
odun-külün içindən...
görür, dünyada hər şey
faniliyin köçündən
bircə-bircə yıxılır
yıxılıb da yox olur...
 
görür Sözdən yapışıb
baqi olan nə varsa
və Tanrı biçimdədi
bütün zərif olanlar
bir Tanrı gücündədi
Sözü dərib alanlar...
 
Ondan oyuncaq düzəldib
evcik-evcik oynayan
həm də “Mən! mən!..” deyərək
daş kimi çırpır özünü
dünya adlı aynaya…
və hayqırır:
– Məndən yoxdu!
Olmayacaq da heç vaxt!
...sonra da boylanır,
boylanır
min-min qırıq aynadan
baxır eyni baxışla
gözlərində nə olsa yaxşıdır? –
iki kəlmə çılpaq Söz:
– Məni bağışla...
 2015

* * *
surətim suyun üzündə
üstünə çəkib dənizin ipək sükutunu
üzü göylərə sərilib qalıb
Nəyi axtarır yenə, kimi axtarır?
arxası üstə gözləməkdən sozalıb...
 
güzgüdə ayaq üstədi amma –
üzümə dik baxır surətim
baxır xoşbəxtcəsinə sanki
baxır xoşbəxtcəsinə –
Tanrısını tapmış kimi baxır lap
baxır Sənə
amma nə O dinir
nə Sən bilə-bilə...
bağlıdı Sonuncu Kitab çünki
bağlıdı Sonuncu Kitab
bəlkə də yazılmayıb hələ,
az qalıb pıçıldayıram, az qalıb
getməz belə, darıxma,
dəniz özü qaldıracaq Səni ayaq üstə
dəniz özü qaldıracaq Səni ayaq üstə,
qorxma...
qalxıb görəcəksən ki
açıqdı Sonuncu Qapı
açıqdı Sonuncu Qapı
görəcəksən ki
yazıblar Sonuncu Kitabı...
heç də çatmayıb hər şeyin sonu
mən ayaq üstə olsam da gözlərim yumuludu
amma ölməmişəm
görürəm Onu
O mənə umudludu
hər gün dərirəm Onu
dənizin üzündən...
 
2014


****
Ən ağır dərd - aşiqin
ən ağır yük - qarışqanın
Ən gur işıq - günəşin...
- Eləmi? Yoxsa, yalandı?
İndi deyəcəksən ki, ah, bu, həmin adamdı -
dərdini uf demədən qarışqa kimi daşıyır,
daşıyır heç kimin baxa bilmədiyi o gur işığın içinə.
Amma
hələ də sağ-salamat görünür baxanların gözünə
Hələ də gülümsəyib endirir hər gün başını
ömür adlı bir cəllad kötüyünə...
Gözünü yumub
üzünü söykəyir Onun dizinə...
... Ən xoş gün - ölünün...
Eləmi?..
 
19.01.2011.

 * * *
o gün
kəpənəklər suyun dibindəki yosunluqda
balıqlar ağacların çiçəkləmiş budaqlarında ilişib qaldı
beləcə sona yetdi bir sevginin Qiyaməti
Sən bilmədin amma...
 
divanə kimiydim onda
oxumadan cırdım Ölümün məktubunu
tikə-tikə eləyib
çırpdım Eşq adlı bir küləyin üzünə –
ömrümün səpələnmiş günlərinə döndü o qırıntılar
hələ də kəpənəklər kimi
suların dibindəki yosunluqlara uçuşurlar
üzürlər balıqlar kimi çiçəkləmiş budaqlara sarı
…heç rast gəldimi Sənə
rast gəldimi, barı?..
 
1989

     
** ** **
Heç kimin ürəyində kirayə qalmıram, yox…
Bəlkə bu haqda susum… ya hər şeyi söyləyim.
…Ölüm adlı köynəyi geydiriblər əynimə,
 Bir mənəm, bir də həmin köynək adlı göynəyim…
 
Mənə yazığı gələn, üzgün,  miskin adamlar
uzadarlar əlini… çevirərəm varağı…
Arxamca yüyürənlər, ətəyimdən tutanlar
Bilməzlər kim yandırıb canımdakı çırağı.

Bir yuvadı… dörd qanad… bir cüt ürkək quşcığaz…
Dolu döysə damları, inanma çıraq sönər.
Quşlar periksə də lap qapanar kipriklərim,
Səsim ruhuma çatmaz – gözlərimə görünər…
 
Görünər gözlərimə qəfil edam kürsüsü,
Kimsə çəkər qılıncı… axmaz gözümün yaşı.
…Heç kimin ürəyində kirayə qalmıram, yox,
Ödəncim bir Can olar bu yolda, uzaq başı…
 
Uzaq başı, bircə yol üzümə gülən olsa
Yəni içindən gülüb baxan olsa üzümə,
Kimdir, bilmərəm, inan, ayılaram o anda,
Mismar kimi çalınar Sözün nuru səsimə.
 
Mən kirəkeş deyil, yox, sadəcə, bir qəribəm
Qərib olmayan yoxdu bu dünyada, biləsən.
…Yaşamaqdan ötəri Eşq adlı planetdə
 ya zühur etməməli, ya da gərək öləsən…
 
1983

 *  *  *
ömür güzgüsündə kəfənin rənginə ah çəkən adam
bəlkə də ağzının qıraqlarından süzülüb quruyan qan qədər
qısa yol getdiyinin əzablarını bölüşər o anda
 
gözündə aparacağı torpağın suçu danıldıqca
iblisin öpüş yerinə əkilmiş gül kollarında
ağın qaraya alın qırmızıya necə dolaşdığını bəllər
"yaşadıqca ölən, ölüncə ayılan kimdi mizanda? - sorar -
mürəkkəbi qurumamış cavabların qumrusu
kimin tabutu üstə dənləyər
günün yaşılından tökülmüşləri?.."
 
amma bilməz ki
nəfsindən düşən özlüyündə ölmək üçün yaşamaz daha
ölməz yaşamaqdan ötrü də
çünki nəfəsə çevrilər asanca
nəfəsə çevrilincə unudular güzgüdə çünki

 * * *
bu rüzgarlar kimdən qaçır?
kimdən qaçır... tapır kimi?
payız kiminsə üzünə
çırpır məni qapı kimi...
 
solğunluqların kölgəsi
titrəşir boş səkilərdə...
qəm eləmə... qəm eləmə
payız bir qızıl qaladı
tikilər də
sökülər də...
 
1984.

 ONA SARI 
 
can tutulub cuna kimi
yoxluğun qırıq aynasına
aynadan o yana
tərpənən titrəyən şeir yox adi səsdi amma söz deyil
sultanlığına kor olmuş könül
qul kimi əl-ayağındadır qırıq-qırıq gələn o anlaşılmaz səsin
dua deyil yox holavar deyil yox hu deyil
əvvəl çıraq fırlanır amma kor çıraq işıqsız
sonra çırağa uzanan əl qanadlanır amma havasız
sonra havasız çalınan davullar dinir amma dilsiz
 
ən axırda dil vur-tut bircə kəlmə su deyir
kor çırağa işıq gəlir
qanadlanan ələ hava gəlir dinən davullara səs
 
amma yoxluğun qırıq aynasındakı cuna
dilin su deməsini gözləmir
dil su deyənəcən özü titrəyir Ona sarı

sabahacan yağış yağır

*  *  *
ağaclar titrəşir, yellər öpüşür,
dünya nəfəs alır... sağdır adamlar...
..yenə gethagetdi divar dibiylə
nə dünya qurtarır nə də ki divar...
bir uşaq daş atır yalqız bir quşa
quş qalxır göylərə... daş dönür geri...
bir qoca götürür yerdən o daşı
dibiylə getdiyi divara hörür...

 *  *  *
 bu da mən adlı səhifə
açın, baxın sevə-sevə...
görün Tanrı nələr yazıb
şair adlı əhlikefə,
 "ölmə, - yazıb - hələ tezdi... "
 
bir oxuyun isti-isti
görün bir cavab necədi:
"qurban olum, dan sökülmür,
mən gələn gündən gecədi..."
"yox, onsuz da öləmməzsən,
verməmişəm fərmanını.
kəsməmişəm sən xəstənin
şeir adlı dərmanını...
sözünü de, tələsmə heç,
səbrin olsun... səbrin olsun...
mən deyəndə qon ovcuma,
qon ovcuma qəbrin olsun...
amma hələ gözünü aç,
gör nə diləyir o ağac..."
 
beləcə açdım gözümü
gördüm, ilahi, yaxşıyam..
ovcumda bir xəzəl vardı,
Tanrı ovcuna oxşayan...
ruhum çırpına-çırpına
qonmaq istəyirdi ona...
 
...bu da mən adlı səhifə,
bu da dünya adlı kitab.
Sən-dən başqa oxuyan yox,
edən yox bu taleyə tab...
Sən də ki... "ölmə..." - deyirsən,
ölmə deyirsən kölənə.
kölən də min həsrət ilən
baxır gedənə, gələnə.
“nə vaxt axı, nə vaxt, nə vaxt?....
son şeir, son xəzəl, son taxt
doldurar bu səhifəni?
...vaxtın yoxdu yəni?
yoxdusa... qoy özüm yazım...
Sən də ki... “ölmə...” deyirsən...
 
2010

 *     *     *
 
sevgidən gəlməyən yolu
başlayan da  peşiman bitirən də
 
o yola çıxan köçü
gözləyən də peşiman
ötürən də
 
o köçdən qalan izləri
axtaran da peşiman
itirən də
 
o izlərdəki yazını
o yazının bir sözünü
təkcə umudu deyirəm
nə yazan peşiman olsun gərək
nə də oxuyan
umudun xəmiri işıqdandı
işıqda daş yoxdu ayağa dəyə
daşda zülməti bilmirəm
zülmətdəsə bircə daş var
qoyan da peşiman
götürən də

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)