Edebiyyat.az » Poeziya » Əsmər Hüseyn Xanın yeni şeirləri

Əsmər Hüseyn Xanın yeni şeirləri

Əsmər Hüseyn Xanın yeni şeirləri
Poeziya
nemət
Müəllif:
20:52, 18 dekabr 2019
2 134
0
Əsmər Hüseyn Xanın yeni şeirləri





Doktor

Bax o yolun sonunda 

gözdən itən qatarda,

bizi qonaq edə bilmədi, Doktor...

Bax o əllərini damlalarda rəks etdirən qız da,

bizim qızımız deyil...

Bax o xəzəl yarpaqları belə,

bizim qoşa addımımızı görmədi...

O gəminin son dayanacağındakı limanda da

gözləyən bizdən birimiz deyil...

Əllərimizdə yaylıq yola salmadıq,

birimiz digərini...

Ya da əvəz edə bilmədik bu şəhərin 

yanaşı “aşiqlər” heykəlini...

Biz heç üz-üzə də gəlmədik

bu coğrafiyanın bir balaca küncündə...

Ya da bir sahildə...

ya bir qatar pəncərəsində...

Balaca bir qizin arxasınca qaçan o həyacanlı xoşbəxtliyi qəlbimiz daşımadı

Yazın doktor, yazın:

-Bu adam doğuldu, yaşamadı...



Ağırdır...

 

Bilsən necə ağırdı bilmək,

Bir daha olmayacağını

Döydüyüm qapının arxasında...

Zəngimə  “alo”  deyən o səsdə...

Doğum günümdəki  təbrikdə...

“Hələlik görüşərik”  kəliməsində...

 

Nə ağırdı bilmək olmayacağını,

Ayaqqabılarının  qapının kəndarında...

Pencəyin asılı asılqanda...

 

Nə ağırdır bilmək olacağını

Tanımadığım, sənə bənzəyən üzlərdə...

Yarım qalmış gülüşlərdə...

Oyanmaq istəmədiyim yuxularda...

 

Nə ağırdır  həmişə olacağını 

və heç vaxt  olmayacağını bilmək...





Qayıt...

 

Noyabr çatır sona

Bitdi bu son bahar da,

boğuldu xəyallarım

Doğulan arzularda

 

Ünvansız məktublarım

Ünvanına çatmamış

Bəlkə dönərsən sən də

Durnalar qayıtmamış

 

Hələ məni yaşadan 

Əslində bir ümiddir

Sarıldım yoxluğuna 

canımı çox üşütdü

 

Deyirəm ki, hardasan?

Bəlkə çıxıb gələsən...

Qar yağır bu şəhərə

mənə şal  gətirəsən...

 

Dolayasan boynuma 

İsidə o şal məni

Yalvarıram qayıt gəl,

Öz yanına al məni...

 

Pəncərəmin önündə,

Fəsillər bitirmişəm

Sənli aylar ötürüb

Sənli il itirmişəm

 

Qapının kəndarında

Gözləyir başmaqların

Qayıt, qoy canı çıxsın

Bütün darıxmaqların...


Unutma...

 

Uzaqdakı gəmi gəlib
Bir limana yan ala
 O limanda həsrət bitə
Dönüb ağır lövbər ola
Deyə:
 - Dəniz, bu lövbəri unutma...

 

Sən enəsən o gəmidən
Gəlişinsə işıq saça
Dəniz yuyub ayağını
Pıçıldaya astaca
Deyə:
 - Sahil, bu izləri unutma...

 

Su üstündə öz əksimiz
Ovuclarında əllərim
Dalğalana cüt şəklimiz
Gözün gəzə gözlərimdə
Deyə:
 - Gözlər, bu gözləri unutma...

 

Sonra bu payız da bitə
Qış da ötə, bahar ola
Xəyal dönə gerçək ola
Günəş doğa arzulara
Deyə:
 - Ürək, bu sözləri unutma...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)