AZAD QARADƏRƏLİ - UTANMAQ (hekayə)
Polyak dostum Pavel Frençə və gənc yazar Elvin Rizvangilə
Polyak dostumla ikindi yeməyinə gedəndə heç ağlıma gəlməyən halla qarşılaşdım: qabaqcadan zəng edib tanış kababçıya sifariş verdiyim bir tabaq andrekot kababına xeyli müddət əl də uzatmadıq. Səbəb məclisimizdə tərcüməçi kimi iştirak edən əski tələbəmin qonağın polyakca dediyi cümləni tərcümə etməsi oldu: “Qonaq deyir ki, cümə günləri xristianlar üçün ət yeyilməyən gündür.”*
Təəccüblə bir-birimizə baxırıq. Stola qoyulmuş rus arağını da açası olmadıq: həmin gün içki də içilməzmiş...
Nəysə, qısa anlaşılmazlıqdan sonra qonağa ətsiz qarabaşaq sifariş verdik, ikimiz isə ondan üzr istəyib könülsüz kababı gəvələməyə başladıq. Əslində, biz də qarabaşaq yeyəydik gərək. Amma daha sifariş verilmişdi...
Söhbətimiz ədəbiyyatdan idi. Polyak qonaq bir zamanlarda mənim də dərs dediyim universitetdə polyak dili və ədəbiyyatını tədris edir. Və mənim xahişimlə polyakcaya çevrilmiş hekayələrimi oxuyub, ruscası ilə tutuşduraraq fikrini deməli idi...
Bir hekayə qarabağlı bir kişinin həyatından idi. Onun öz evində keçirdiyi son gün və son saatlar təsvir olunmuşdu...
Qəfil polyak dostum nəsə deyir. Tələbəm əlüstü çevirir:
-Soruşur ki, sizin də ailə köçkünlük zamanı yataqxanada yaşadı?
Başımı bulayıb “yox” deyirəm. Qonaq çəngəli qaba qoyub tez-tez danışır, tələbəm də yetirib çevirməyə çalışır:
-Mən Bakıya gələndə təxminən iyirmi gün universitetin yataqxanasında yaşadım. Bütün mərtəbələrdə qaçqınlar yaşayırdı. Tək bir mərtəbədə həm qaçqınlar, həm də tələbələr vardı. Mən də o mərtəbədə idim...
Tələbə bir qədər dayanıb təəccüblə soruşur: “Müəllim, bizdə subaşı* sözü var?”
Mən də heyrətlə gah qonağa, gah da tələbəyə baxıram. Qonaq deyəsən bu sözü danışığında işlətdi axı?
“Necə ki?” – deyə soruşdum. Oğlan çiynini çəkir:”Deyir ki, subaşına gedəndə adamlar növbəyə dururdular...”
Qonaq yenə nəsə deyir, oğlan çevirir:
-Deyir, mən bəzi sözləri yazıram ki, bəlkə sizin dili öyrənməyə başladım... Sizin qaçqınlar tualetə subaşı deyirdilər... Mən səhərlər işə getmək üçün tələbələrin və qaçqınların yeganə subaşına növbəyə dayandığını görəndə pis olurdum... Ürəyim ağrıyırdı... Bir qadın vardı...
O dayandı. Siqaretinin külünü külqabına çırpıb acı-acı güldü:
-Həəə... Bir qadın vardı orda... Qırx yaşlarında olardı... Növbəyə durmaz, sadəcə yaşadığı otaqdan boylanardı subaşına tərəf... Amma növbəyə duran bizləri görüb başını içəri çəkərdi...
Mən bu sirri bir bazar günü anladım. Həmin gün işə getmirdim axı... İsti olduğu üçün otağımın qapısını açıq qoyurdum. Və bu açıq qapıdan o qadının yaşadığı qapını rahatca görə bilirdim...
Qadın yenə boylanır, nəsə görüb yenə başını içəri çəkirdi. Belə-belə təxminən beş saat keçdi. Mənim artıq kilsəyə getmək vaxtım idi. Geyinib çıxdım. Amma birinci mərtəbədə yadıma düşdü ki, mobil telefonumu unutmuşam...
Bizim mərtəbəyə çatanda qadını subaşının ağzında gördüm. Əlini dəstəyə uzadırdı ki, məni görüb ildırım sürətilə geri döndü və qaçıb otağına girdi...
Əcaba, nələr olurdu? Bu qadın niyə belə edirdi? Bizim tualet, sizin subaşı dediyiniz bu yerə getməkdən niyə qorxurdu?..
Birinci mərtəbəyə qayıdanda məndən polyakcanı öyrənən, mənim isə ondan sizin dili öyrəndiyim qaçqın müəllimlə qarşılaşdım. Ona məsələni söyləyib cavab istədim: nələr olur? Bu qadın niyə belə edir? Deyilənə görə bəzən gecəyə qədər hamının yatmasını gözləyib subaşına gedir... Axı niyə?!
Polyak qonağın gözü dolmuşdu. Hələ də ağzında gəvələdiyi qarabaşaq dənələrini uda bilməmişdi. Elə bil boğazı biçilmişdi. Handan-hana dilləndi:
-Mən o gün eşitdiyimdən özümə gələ bilmədim uzun zaman. Sizin xalq, ümumən türklər haqqında biz avropalılarda nə qədər səhv fikir olduğuna və mənim də uzun zaman bu fikrə inandığıma görə utanırdım... Dəhlizə çıxmaqdan, o qadınla qarşılaşmaqdan utanırdım... Elə sizdən də utanıram... İnanın... Hekayənizdəki ermənilərin hücumlarından qaçan zaman öz evini öz əlləri ilə yandıran qəhrəmandan da utandım... O gündən sonra yataqxanadan getdim... Özümə ev tutdum...
Bu duyğulu adamla tanışlığımdan duyduğum fərəf içimə sığmırdı.
Amma boynuma alım ki, mən də utandım o gün: gərək biz də andrekot yeməyəydik...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Məlum olduğu kimi, hər cümə gününü xristianlar Müqəddəs Cümə Günü kimi qeyd edir. Həmin gün İsa Məsihin çarmıxa çəkildiyi gündür. Bir çox ayinlərlə yanaşı, o gün onlar ət yeməzlər.
*Subaşı – bəzi bölgələrdə tualet sözünün qarşılığı kimi işlənir.