Könül Nuriyeva - Çıxarılmış dırnaqlar
Proza
Könül Nuriyeva Çıxarılmış dırnaqlar
Adım Rənadır. İyirmi iki yaşım var. Həyatda deyiləm. Sizə, şüşənin o biri tərəfindən, sizi görərək hekayəmi danışıram.
Uşaqlığımın çay kolları adlı sonu görünməyən qovdu – tutdusu var. Mən qovurdum, çay kolları uzaqlaşırdı. Mənə elə gəlirdi ki, əlim dağlara çatacaq . Təngnəfəs olurdum, otururdum, çay yarpaqlarını donumun cibinə yığırdım. Sonra onları günəşdə qurudub, çay dəmləyirdim. Qırmızı şərab və çay...
780- ci ildə ,,Çay adlı risalə” kitabında yazılırdı: ,,Bərk susayanda bürkülü və isti havada, baş ağrıyanda, gözlər dumanlananda, əl-ayaq əzgin olanda , bədəndə süstlük hiss edəndə, çayı qurtumla içsəniz yaxşı qırmızı şərabdan az həzz vermir.”
Kənd yolu ilə addımlayıram. Sarı yarpaq sırqalarım, güllü donum, əlimdəki kitablarım, ürəyimdəki oğlan və düşüncələrim. Bütün bunlar mənə ,, həyat indinin hovuzunda çimməkdir” fikrinin həqiqət olduğuna inandırır. Bir neçə gün sonra toyum olacaq.
***
Toy günümdə Vüsal istəklərimi yerinə yetirdi, məni razı saldı. Cəmiyyətin, məhəllənin özünə oxşatdığı adi qızlardan biriyəm; gəlinlik donu üçün narahatçılıq keçirən, əllərimin xına naxışı əyri – üyrü olmasın deyə ardıcıl tapşırıqlar verən, saçımın bir teli dağınıq olmasın deyə səsimi başına atan .
Toyun səhəri gün anamla qardaşım mübahisə edirdi. Düzünə qalsa, onların hayında deyildim, Vüsalı düşünürdüm. Gecə yarıdan səhərə kimi onunla susmuşduq, şahidimiz çay kolları, ay və Lakonika idi. Biz bu şəhəri sevirdik. Mən uçurdum, ayaqlarımı torpağa deyil, boşluğa basırdım , xoş , həzzverici boşluğa . Ona aşiq idim, mənə aşiq olduğunu bilirdim.
- Təngə gəlmişəm, sənin qızına cehiz almaqdan! Özümə gün ağlaya bilmirəm. İllərdi alırsan, yığırsan nə mənası var ?
- Oğlum, ana qurban adətdi .
- Bəsdi!!! Gül kimi savad vermişik! Bax, bu qazan nəyə lazımdı axı, biri olsun, ikisi olsun, on qazana niyə pul verməliyik?!
- Oğlum...
- Başa düş, ana, mənim gecəm – gündüzüm yoxdu, gecələri qaravolçu işləyirəm, gündüzləri tikintidə. Təhsilimi dondurmuşam ki, bacımın toyunu edim, əli dolu yola salım . Daha belə olmaz da !!
Anam susdu . Danışmaq istəsə belə qardaşım ona ağzını açmağa imkan verməzdi. Elə əsəbi idi ki, gözləri qızarmışdı. Bayaqdan əlində tutduğu qazanı hirslə qapıya tərəf atdı. Nə olduğunu anlamadım. Bu andan etibarən önümə şüşə sərhəd çəkildi, hamını görürdüm, onlar məni yox.
***
Adım Vüsaldır. Uşaqlığımın çay kolları adlı sirri var. Orada oynayan bir qıza vurulmuşdum. Onunla hava qaralana, analarımız çay kollarını təhvil verənə qədər oynayardıq . Əlimizə keçən torpaq tikələrini yarpaqların arasına atıb, gülməkdən uğunardıq. Tərəzidə ağır gəlirdi axı. İndi qırx yaşındayam. Artıq nə sirrim, nə xatirələrim, nə dırnaqlarım, nə də o qız var...
Rənanın hədiyyə etdiyi sarı köynək, imtahanlara hazırlaşmağımın sevinc qarışıq yorğunluğu, Rənalı duyğularım hardan bilərdim ki, atasının boynuna çıxmış uşağın şənliyi kimi qısa sürəcək.
Onun toy gününü yaxşı xatırlayıram. Toydan sonra görüşdük :
- Vüsal həyat doğrudan gözəldi , ya bizə elə gəlir ?
Onu qucaqlayıram, saçları özündən əvvəl mənə yaxınlaşır.
- Sənin baxışların, əllərin varsa...
Sözümü dodaqlarımda qoyur.Sözlər deyil, gülümsəmə, sonra öpüş gecəyə yayılır.
Uzun illərdi burda görüşürük, çox danışmırıq, susuruq, kürək - kürəyə söykənib, ulduzları sayırıq, yarpaqları bədənimizə atırıq, gülürük.
-Uşağımız ağıllı olacaq, bir kəlmədən anlayacaq bizi, qısa danışacaq?
-Hə, sən ona Lakonika haqqında danışacaqsan, söz sənəti haqqında, az söz ifadə edərək , dərin fikir ifadə etməyi öyrədəcəksən .
-Platonun ,,Protagoras“ adlı dialoqu var. Orda yazılırdı ki, Spartalıların az kəlmə istifadə etməsi , onların yetərsiz ədəbiyyatı olmadığı üçündür. Özlərini axmaq göstərirlər, başqasının gözündə yalnız döyüş cəsarətlisi kimi görünmək istəyirlər. Hədəfini tutduran usta nişançılar kimi, bir kəlmə ilə həmsöhbətlərində çaşqınlıq yaratmaq istəyirlər.
-Tarixçiyəm, Vüsal, ixtisasıma toxunma .
O gülümsəyir, həvəslə davam edir :
-Leonidas Spartalıdan döyüşlə bağlı söhbət etməsini istəyir. ,,Bura döyüşməyə gəldim, ismarıc gətirən kimi hərəkət etməyə yox ! “ cavabını verir.
Rəna tarix fakültəsini bitirmişdi, mən əsgərlikdən təzə gəlmişdim. Bu il universitetə sənədlərimi vermək istəyirdim.Ailə qurub, Bakıya getmək fikrimiz vardı.
***
Həyatımın yandığı gün adlandırıram o səhəri. Hələ də tüstülənir, tüstülənir.
Rəna qəbristanlıqda özünü yandırıb!
Bütün məhəllə bu cümləni yarı dedi – qodu , yarı pıçıltı ilə söyləyərək ora qaçırdı. Adi günlərdə kolluqda iylənən, qızlara söz atmaq üçün tində duran, şalvar geyinən qadınlara şər atıb, söz düzəldən kənd camaatı ora axışırdı. Adətən səssiz kəndin bu günkü halı vahiməli idi . İnanmırdım, kütləyə qoşulub qeyri – ixtiyari addımlayırdım. Məzarlığa çatanda, gözlərimə inanmadım. Yoxxxx !!! Bu mənim sevdiyim deyildi , ola bilməzdi! Biz vur – tut on üç saat idi ayrılmışdıq. Rənav artıq Rəna deyildi. Torpağa yapışmış qapqara cəsəd idi.
Huşumu itirdiyimi polis məntəqəsində bildim:
-Niyə yandırmısan o qızı ?
-Sevdiyimi?! Sizcə belə bir hərəkəti...
Sözümü yarımçıq kəsdilər. Rənanın qırxı çıxana qədər hər gün sorğu – sual, döymək, hədələmək, təpikləmək, başımı soyuq suya salıb boğmaq həddinə gətirmək heç bir fayda vermədi. Boynuma götürmədim. Həmin günlərdə özümü hiss etmirdim, sanki bu bədən mənim deyildi. Gözlərimin önündə yanmış cəsəd vardı, qaralmış, balacalaşmış... Polislərin fiziki zərbələri sanki mənə deyil, yad birinə dəyirdi. Beynimdə hadisəni araşdırırdım, qəbul etmirdim, burdan tez çıxmaq istəyirdim. O vaxta qədər ki, şəhadət barmağımdan qan fışqıranda ağrının dözülməzliyini hiss etdim, on dəfə eyni əzaba gücüm olmayacağını bildim.
-Qadın qatilisən! Aylardı zəhləmizi tökmüsən gicbəsər inadkarlığınla! Boynuna al ki, sən etmisən. Başqa işlərimiz var, səninlə artıqlaması ilə məşğul olduq!
Polis bağırırdı. O bir əlimin barmaqlarından qırmızı fəvvarənin işə düşdüyünü görəndə :
-Mən etmişəm! Mən etmişəm!
Eyni sözü dəfələrlə deyərək , yaralı aslan kimi nərildəyirdim.
**
Artıq illər keçib, həbsxanadan çıxmışam. Rənanı axtarıram, yoxdu, olmayıb elə bil, tapa bilmirəm. Bakıdan vəkil dəvət etmişəm, işi təzədən məhkəməyə vermişəm. Ata mülkümü satmışam, həqiqətin üzə çıxması üçün xərc tökmüşəm.
Adətən, dırnaqlar təzədən bərpa olunmalıdır, müharibə filmlərində görmüşəm . Məndə əksinə oldu , barmaqlarım topallaşdı , əlimə əşyaları almağa çətinlik çəkdim. Həkim dedi ki , vəziyyətin o qədər ağır olub, orqanizmin az da olsa belə, fiziki bərpaetməyə meyli və gücü olmayıb .
Bu gün çay kolları ilə söhbət etməyə getdim. Kənardan baxan olsaydı dəli hesab edərdi . Kolu qucaqlayırdım, yanaqlarından öpürdüm. Qoxulayırdım, əllərimi yarpaqlarının üzərində gəzdirirdim. Rəna ilə son gecəmizi damarlarımdan axırdı elə bil . Məzarlıq göründü gözümə, hardasa iyirmi metr uzaqlıqda . Təəccüb edirəm, axı o burda deyil , Rənanın dərs dediyi məktəbin yanında olmalı idi . İrəlı addımlayıram, yerdə qaralmış bədən görürəm.
Sonrası qorxunc nağıl kimi...
Onun yanında uzanıram. Özünü yandırmaq ?!
Yox , istəmirəm.Çünki, Rəna özünü yandırmazdı . Oddan qorxurdu, əlinə kibrit almırdı. Evdə heç kim olmayanda, hətta qaz piltəsini yandırmağa məni cağırırdı. O uşaq olanda evləri yanmışdı , kül olmuşdu , fobiyası yaranmışdı .
Burnuma sevdiyim qadının ətri deyil , yanıq qoxusu gəlirdi . Özümü xəyalla gercəklik arasında pis hiss etmirəm. Onun saçlarına toxunuram. Günəşdən parıldayan saçlarına . Saçlarını mənim ucbatımdan yığa bilməzdı. Boynundan içəriyə çay kolları atardım, o isə məni çəyirtikə ilə qorxudardı.
Kimsə çiynimə toxunur. Hava qaralır.Bərk külək əsir. Yaxınlıqdakı gölün suyu ilə külək nəfəs – nəfəsə dayanıb. Az sonra göl dalğalanacaq, bu onun küləklə öpüşməsi olacaq. Paxıllıq hissi qəlbimi dağıdır, əllərim əsir, başım dumanlanır. Niyə göl və küləyi bir – birindən ayıran heç bir güc yoxdu , olmayıb indiyədək ? Mən Rənanı mirvari bilirdim. Onu sədəfin içində illərlə qoruyurdum. Qəlbim idi o sədəf . Gecə, yalnız bir gecə həyatımı , Rənanı , sədəfimi alıb aparmışdı .
Arxaya dönürəm. Çiynimə toxunan əl Prometeydı. Gözlərimi tam aça bilmirəm.Rənanın qardaşıdı, illərdi eyni məhəllədəyik, nədənsə ilk dəfə düşünürəm , onun adı niyə belə qoyulub .
-Burada olduğunu bilirdim, Vüsal.
Susuram. İçimdə ona qarşı əsəb, qisas, sorğu – sual etmək istəyi yoxdur.
- Məhkəmədən bildiriş gəlib, gedəcəyəm.
Yenə susuram.
-Sən torpağın sümüklərinin nə olduğunu bilirsən? Daşlardı onlar, daşlar. Rənanı itirdiyim gündən ürəyim sümükdü, bədənim torpaq .Daşlaşmışam.
-Adının mənası nədir, Prometey ?
-Uzaqgörən deməkdir. Atam qoymuşdu , demişdi ki , Rənanı gələcəyi görə bilən qoruya bilər.
-Sənin əfsanəni bilirəm. Epitemey adlı fərasətsiz qardaşının ucbatından çəkmədiyin dərd qalmadı . Göz yaşı ilə yoğurduğun palçıqdan heyvanlar yaratdı .
- Vüsal, düzdü. Gəlib gördüm ki, insan yaratmayıb, bikef oldum. İnsan yaratmaq üçün quş, vəhşi heyvan, balıq, həşərat və başqalarının bədənindən bir az qopartdım. Buna görə də şir kimi cəsarətli, pələng kimi yırtıcı, dovşan kimi qorxaq, qoyun kimi gic, sərçə kimi yelbeyin, cırcırama kimi boşboğaz insanlar yarandı.
-Prometey , minlərlə dərd , bədbəxtlik , xəstəlik küpün içində idisə, kim onu dünyaya yaydı ?
-Pandora . Ağılsız , gözəl , ikiüzlü , hər yerə burnunu soxan, yalançı , yaltaq qadın yaydı . Anam !!!
Prometey uca səslə ağladı.
Uzaqdan baxanda Rənanın qəbrinin yanında iki kişi oturmuşdu . Qayaya deyil , başdaşına zəncirlənmişdilər. Rənanın anasının odu qızının donuna necə vurduğunu biri o birindən soruşmadı .
Vusal qədimdən bəri ilk dəfə Hermes kimi etməyib, Prometeyi qayaya zəncirləmədi . İçi qanayaraq , vicdan əzabına qatlanaraq onun əzabına razı olmadı . Zevsi – Allahı bu məsələlərə qatmadılar. Pandora – ana yaydığı və törətdiyi bəla kimi görünməz olmuşdu .
Muza - ədəbiyyat , tarix , incəsənət , məhəbbət , gözəllik , dürüstlük yox idi , şüşənin o biri tərəfindən dünyaya baxırdı . Bilirdi ki , qardaşı onun üçün odu oğurlayıb gətirmişdi .
Gecə saat dörd idi . Vüsal ilə Rənanın ayrıldıqları gecə kimi.
Biz hər günümüzü təkrar yaşayırıq . Tarıx qədim və müasir deyilən dövrlərə niyə ayrılır ki ?
**
Adım Rənadır. Qırx yaşındayam artıq .Qardaşım mənə görə təhsilini yarımçıq qoydu. Anam cehiz adlı bataqlıqda ikimizi də batırdı . Əsəb duyğuların ən qarşısıalınmazıdır. Anam qardaşımın həbsxanaya düşməsinə razı olmadı, məni dünyanın xilas yolu olan odla yox etməyi uyğun gördü. ,,Cehiz az olsa, nə deyərlər“ düşüncəsi ilə yoğrulmuş xəmir çox su aparmadı. Bu düşüncə onun hər addımı, oturduğu məclislər də alın açıqlığı idi .
-Bəlkə, xəstəxanaya aparaq, ana ?!
-Qız övladı bədbəxtlikdən başqa nəyə yarayar ki ?
Bu cümləni deməsi və mənim qazanın gicgahıma dəyməsi ilə huşumun getməsi , sonra da yandırılmağım arasındakı zaman iki saat iyirmi dəqiqə çəkdi . Mənim isə iyirmi iki yaşım vardı .
İnsanlar istiyə, soyuğa dözüb alışsaydılar daha xoşbəxt olardılar.
Bizim ,,müdrik “ valideynlərimiz bu boş dünyada bizim həyatımızı nə üçün qoruyub saxladı ?
Vüsal və Prometey idi, söhbət edirdilər. Eşidirdim onları...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ