Edebiyyat.az » Proza » Azad Qaradərəli - “Əziziyəm Salyana...” (Dünyanın ən böyük adamı” silsiləsindən)

Azad Qaradərəli - “Əziziyəm Salyana...” (Dünyanın ən böyük adamı” silsiləsindən)

Azad Qaradərəli   - “Əziziyəm Salyana...”  (Dünyanın ən böyük adamı”  silsiləsindən)
Proza
nemət
Müəllif:
18:36, 25 aprel 2020
1 197
0
AZAD QARADƏRƏLİ “Əziziyəm Salyana...” (Dünyanın ən böyük adamı” silsiləsindən)

 

            

 

            

                                                           

                                                                                           





Feyzavər* xanımın xatirəsinə

 

 

 

            Biz tərəflərdə bir toyuq cinsi vardı. Boynu tüksüz, bədəninin də çox hissəsi ala-tüklü olardı. Bunlara bizdə “boynuyoluq”, ya da “boynucıbırıq” deyərdilər. Bu cinsi çox sevməzdilər. Çünki  payızqabağı   soyuqlar tez düşəndə onların balalarının çoxu tüksüz olduğuna görə tələf olardı...

            Ayrı şeydən söz açacaqdım, bu boynuyoluqlar hardan yadıma düşdü ki...

 

            ...1981-ci ildə mənim toyum oldu. Qələm dostlarım, tələbə yoldaşlarım və yaxınlarım düz üç gün, üç gecə o toyda iştirak etdilər. İndi fəlsəfə professoru olan dostum Rahid Ulusel də anası Gülsuma xala ilə gəlmişdi...

            Altdakı il Rahidin toyu oldu və anama dedim ki, gəl mənimlə gedək Masallıya, Rahidin toyuna. Anam əvvəl razılaşmadı. “Mən o boyda yolu nə təhər gedərəm aftobusnan. Bunun tualeti-zadı var, yorulanda uzanıb dincəlməyi var... Yox e, yox. Özün tək get...”

            Dilə tutdum. İzah elədim ki, o avtobuslar bizim rayondakı sınıq-salxaq avtobuslar kimi deyil, yol da şüşə kimi, rahat. Tualet də lazım olanda sürücülər saxlayırlar, hamı düşüb çay içir, çörək yeyir, tualetə də gedən gedir... Sən axı Bakıya gedib-gəlmiş adamsan. Masallı nədi ki?! Zəngilannan ora 6-7 saat çəkər, ya çəkməz...

            Nəysə, bir təhər razı saldım. 

            Əvvəlcə Zəngilandan Salyana gedən avtobusa minməli idik. Sonra Salyanda düşüb Masallıya gedənə bilet almalıydıq...

            ...Günorta üstü Salyana çatdıq. Məlum oldu ki, Masallıya gedən avtobusa azı iki saat vaxt var. Ona görə çayxanaya getdik. Evdən götürdüyümüz bişmiş çolpanı orada yedik, çayçının verdiyi çaydam içdik. Və qəfil yadıma düşən bir məsələdən səksənən kimi oldum. Əyildim o torpağa. Əlimi sürtdüm. Sonra dizlərimi yerə qotdum. Namaz qılırmış kimi alnımı sürtdüm yerə...

            Anam mənim belə işlərimə öyrəncəli idi, amma yenə bu uzaq, yad (!) yerdə belə eləməyimə təəccüblə baxırdı. Üzümü anama tutub dedim:

            -Ay bacı, yadındamı Əli bəy Hüseynzadə haqqında danışmışdım sənə... (Rayonda mənim həmfikirim olan adamlar yox dərəcəsində idi. Ona görə uzun illər bildiklərimi anama danışardım. O da haracan anlayırdı, oracan qulaq verirdi. Bəlkə də çox vaxt məni qırmamaq üçün sadəcə qulaq qsırdı.)

            -Hansı Hüseynzadə? O qəliz dildə yazan kişi? – Anam məni lap təəccübləndirdi. Gözlərim güldü.

            -Hə, hə, qəliz yazsa da... 

            Bir anlıq duruxdum. “Bəlkə bu arvadı incitməyim? Buraxım öz aləminə dalsın” düşüncəsi ilə susdum. O isə israrla davam etməmi istədi:

            -Niyə dayandın? Qorxma e, dediklərinin hamısı yadımdadı... O kişi o axundun nəvəsi olub hımı?.. Sən onnan elə həvəslə danışırdın ki...

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Anam haqqında yazdığım hekayələr kitabını yenidən redəktə etdiyim günlərdə (24.04.2020) Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan 101 yaşında İstanbulda vəfat etdi.

 

            Ay allah! Mən nə qədər xoşbəxtəm ki, belə anam var! Gör e, hamısı yadındadır...

            Müəllimlərimdən eşitdiyim, özümün oxuduğum faktları yadıma salıram. Əli bəy Hüseynzadənin atasının tez ölməsindən, babası Qafqazın şeyxülislamı Axund Əhməd Səlyanidən, onun Tiflisdə, Petterburqda, İstanbulda təhsil almasından, Avropa dünyagörüşlü biri olmasından vəcdlə danışıram...

            Anam gülümsünür və xəfif-xəfif deyir:

            -Lap bizim kimi... Bizim də ana tərəfimiz Baharlının axundu Molla Ağa olub... Nənəmin əmisi... Bir tərəfimiz də Qaçaq Fərzalıdır. Nənəmin, babamın dayısı... Sənin bu böyük adamlara meylinin səbəbi indi blindi... O ki qaldı o dediyin kişiyə - Əli bəyə, onun doğulduğu bu torpaq, - anam əli ilə oturduğumuz torpağı göstərdi, - elə-belə torpaq deyilmiş demək... 

            -Hə, bacı.... Müqəddəs torpaqdı bura... O kişinin ayağı dəyib buralara... Bəlkə, bax elə burda oturub çay da içib...  Gör nə yazıb  50 il qabaq...

            Sonra yaddaşımı qurdalayıb Əli bəyin məşhur şeirindən misraları söyləyirəm:

 

            Ucundadır dilimin

            Həqiqətin böyüyü.

            Nə qoydular deyəyim,

            Nə kəsdilər dilimi...

 

            Anamı qəfil üşütmə tutur. O yan, bu yana baxıb əlini ağzına aparır. Yəni ki, sus, daha danışma... Mən gülümsünürəm. Sonra saatıma baxıram. Avtobusumuzun yola düşməsinə az qalıb. Bu müqəddəs torpaqdan bir azdan ayrılacağıq. Aramıza düşən soyuqluğu dağıtmaq üçün gülüb deyirəm:

            -Bacı, bura bir də bilirsən kimin yurdudur? Arifin... Arif Həkimoğlunun... Mənim dostumun...

            -Bıyyy, o artist Arifin? Nə yaxşı?! – Anamın kefi açılır. 

            Bir azdan avtobusa minirik. Mən son dəfə bu bürkülü  yerin havasını içimə yığıb bayaqkı şeirin misralarını ürəyimdə söyləyirəm:

 

            ... Ayıltmadı qələmim

            Bu türk ilə əcəmi. 

            Nə qoydular yazayım,

            Nə qırdılar qələmi...

 

                                               ***

            Axşam Rahidin toyu olacaq, o isə Betovenin 9-cu simfoniyasının valını  səsləndirir, simfoniya haqqında nələrsə danışır. Anamla rəhmətlik Gülsuma xala bizi fikirli-fikirli süzürlər. Mən onların o məlul baxışından bunları oxudum:

            -Yazıq balalarımız, gör o yuxarılardakı arxalılar kimi arxanızda güclü atanız olsaydı nələr eliyərdiniz...

            Bethovenin musiqisi isə daha şiddətlə guruldamaqda idi...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)