Orxan Qərib - Qəribə söhbət
Kitab insan övladına ən böyük nemətdir, keçmiş əsrlərin alimləri ilə söhbət etməkdir və sair kimi pafoslu cümlələri yetərincə eşitmişik. Elə anlar olur ki, bildiyin, oxuduğun üçün içində sevincə qarışmış qürur hissi yaranır. Bu təkəbbürlük deyil, sadəcə sən bildiyin üçün sevinirsən. Axı heç kəs cahil olması ilə fəxr etmir, öyünmür, ya da sevinmir. Əksinə, bildiyi üçün sevinir. D. Didro deyirdi ki, kitab oxumayan insanlar düzgün fikirləşə bilmirlər. Doğrudan da bilmirsənsə, beynində, düşüncəndə onu yarada bilmirsən. Yaxud başqa bir misal çəkim nə qədər az bildiyini bilmək istəyirsənsə, oxumalısan. “Bilmədiklərimi ayağımın altına yığsaq, ərşə çatar” - Əli İbn Əbu Talibin çox məşhur sözlərindən biridir. “Suallara cavab tapmaq üçün oxumaq lazımdır” kimi sözlər də deməyəcəyəm. Sadəcə oxumamağı göstərməyə çalışacam...
Günortadan sonra təxminən saat 3-4 arası müştəri olmur. İşdə kitab oxumaq üçün 2, bəzən 1 saat vaxtım olur. Hərhalda boş oturmaqdan yaxşıdır. Bismillah edib kitabı əlimə almışdım ki, müştəri içəri girdi. Mənim tanışlığım olmasa da, Cavad Azərin tanışı idi. Hal-əhval tutarkən o günlərdə olan ( müsəlmanın o günü bir aya yaxın olan vaxtdır) hadisədən söhbət etdi. Soruşdum ki, həqiqətən mitinq olub? “Rayonda mitinq olsa, birinci mənim xəbərim olar, üstəlik özüm ön sırada olaram” - dedim. Məlum oldu ki, bizim kasıb camaat sıraya görə dava edib. Aranı sakitləşdirmək istəyən polis Mahmudu da vurublar. Videoya çəkilib deyə mitinq olduğunu düşünüblər. Mitinqin nə olduğunu bilməyənlər də hay salıb ki, Biləsuvarda mitinq olub. Başqa yerdə olsaydı, yenə inanmaq olardı, amma Biləsuvarda çətin ki mitinq olsun. İcra hakimiyyətinə şikayətə getdiyim gün yadıma düşdü. Mən də getmişəm ora. Sakitcə yarım saat növbə gözləmişəm. Hay həşirlə qapını açanlar, mən ziyalıyam deyib hamıdan önə keçənlər, oğlum filan yerdə işləyir, mənə növbə yoxdur deyib hörmətsizlik edənlər gördüm. Qapıda dayanan polis: “Qardaş 1 saatdı dayanmısan, gəl sən də keç içəri” – deyəndə “Növbə varsa, sən də hər kəs kimi növbəyə durmalısan, səbəbsiz yerə niyə kimisə vurmalısan? Onsuz da növbən çatanda buraxacaq içəri” - dedim. “Hamısı savadsızlıqdandır” - dedi Azər. Adımızı müsəlman qoymuşuq, müsəlmanlıqdan bir qram anlayışımız yoxdur. Söhbətin biri qurtarmamış o birinə keçirdik. Hər kəs də bir-birinin sözünü təsdiqləyirdi. Cavadın saçını kəsib bitirmişdim, amma söhbət hələ də davam edirdi. Azər:
- Peyğəmbər də deyib ki oxuyun.
Sözü ilə qaysaq bağlamış yaramı qopartmışdı.
-Ay Azər, düzdür, razıyam, peyğəmbər deyib oxu, amma sən, mən yapışmışıq elə qurandan. Peyğəmbər oxu deyəndə bir kitabı nəzərdə tutmayıb. Axı peyəmbər elm dünyanın o başında da olsa, get öyrən deyib. Dünyanın o başında müsəlman, ya kafir olduğunu bilmirdi? Hər şeyə kafir icadı deyib bir dənə aftafadan yapışmaqla nə əldə etmisiniz? Pislədiyiniz qərb müsəlmandan 100 il qabaqdadır, amma müsəlman hələ də internetə girməyi günah bilir, “məcsidə sağ ayaqla, yoxsa sol ayaqla girsəm, daha çox savab qazanaram?” deyə düşünür. Sual da verəndə “o bizim işimiz deyil, alimlər desin gərək” deyirsiz.
Söhbətin şirin yerində Cavad sözümü kəsdi:
-Əşi, vallah, düz deyir. İki gün əvvəl bir nəfər ateistlə söhbət edirdik. Dindar uşaqlardan birinə sual verdi. Bir söz deyə bilmədi. Hansısa surədə yazılıb ki, guya peyğəmbər oğulluğunun arvadı ilə evlənib. Tutulub qalmışdı, daşdan səs çıxdı, ondan səs çıxmadı.
Azər əvvəlcə inanmadı:
- Əşi, elə şey ola bilməz, dəqiq quranda yazılıb? Quran ayəsi idi? Hansı ayədir ki?
- Cavad da, Valeh də orda idi, soruşarsan, deyəcək sənə.
Sözünü bitirməmiş Valeh içəri girdi. Necə deyərlər, yaxşı adam sözünün üstünə gəlmişdi, amma bu söhbət də yarıda qaldı.
Valeh:
-Mənə maraqlıdır ki, Adəm ilk insandırsa, bəs bu insanlar necə çoxalıb?
Elə bil başımdan qaynar su töküldü. Valehdən Darvinin nəzəriyyəsini oxuyub oxumadığını soruşdum.
- Nə? Darvin ? O deyir, insan meymundan yaranıb, sənin atan meymundur?
-Hə, Valeh, mənim atam meymundur. Bilirsən, alimlər araşdırıblar ki, meymunlar da insanlar kimi düşünə bilirlər, illərlə təcrübə aparıblar və meymunlar eynən insanlar kimi davranıblar. Mənim atam heç nə bacara bilməsə də, düşünə bilirmiş. Sən onu bacarırsan?
Yarı zarafat, yarı ciddi sözümün ardını deyəcəkdim ki, Cavad yenə sözümü kəsib:
-Çinlilərin gözü niyə qıyıqdır, niyə ruslar sarıdır? Mənə maraqlıdır, o, necə olur? Deyir ki, illərlə orda yaşayıblar.
-Hə də, ay qardaş, sənin dediyin şeylər 1 günə olan şeylər deyil axı, neçə-neçə illər ərzində olan şeydir. Hələ ki Darvin nəzəriyyəsindən güclü bir nəzəriyyə bilmirəm. Sizin dediyiniz Adəm ilk insanlardandır. Arxeoloqlar nə qədər yaşayış məskənləri tapıblar, Adəmdən də əvvəl olub. Mən də o qədər də bilmirəm, amma əvvəl neandartallar olub. Tədricən dil formalaşıb. Əvvəllər qəbilə halında yaşayıblar, yavaş - yavaş dünyanın hər tərəfinə yayılıblar. Necə başa salım səni, bax əvvəl əti çiy yeyirdilər, sonra bişirib yeyiblər. Yavaş-yavaş təkamül ediblər. Birdən-birə göydən düşməyiblər. Yenə bayaqkı sözümə gəldim. Yapışmısınız bir dənə qurandan, ona kafir deyirsiniz, buna kafir deyirsiniz. Heç kim üçün yox, sadəcə özünüz üçün oxuyun. Dediyiniz kafirlərin alimi danışmır sizinlə, sadə insandır sənin kimi, mənim kimi. Onlar da özləri üçün oxuyublar. Axtardığı suallara özləri cavab tapıblar. Ən sadə sualda belə alimin üstünə qaçırsınız. Bu gün internet surətini koronavirusa necə bağlamısınızsa, alimlər də məəttəl qalıb. İslama ləkə vurmaq deyirsiniz, bəs necə olur, xristianlar da ölür, Allahı tanımayan kitaylar da ölür. Əli Şəriətini tanıyırsan deyə soruşsam, tanımayacaqsan. İslam alimlərindəndir, kafir ölkədə də təhsil alıb. Maksimum tanıyacağın bir neçə molladır.
Cavad əsəbi halda:
-Niyə tanımırıq ki? Tanıyırıq.
Hə, Cavad tanıyırsız, amma sadəcə adını eşitdiklərinizi tanıyırsınız. Nə isə qardaş, oxumaq lazımdır. Gir internetdən araşdır, əlinin altındadır ki. O da çətindir bəyəm? Yaxşı, yolunuzdan qalmayın.
Cavadla Valeh getdikdən sonra Azərlə biraz söhbət etdik.
-Gördün? Yenə mən haqlı çıxdım. Niyə uzağa gedək, ay Azər. Rəhmətlik Əlqasım kişinin məclisində müəllim dostum oxuduğu kitabdan molla Xudayara sual soruşdu. Xudayar kitabın adın eşidəndə bilirsən nə dedi?
- Nə dedi?
- Dedi, get Quran oxu. Belə şeylər oxuyub yorma beynini.
Elə onun ağlında olanlar da onu təsdiqlədi. Quran əlifba kitabı deyil ki, sənə yazı yazmağı öyrətsin. Qısaca yazılıb, sən araşdırmalısan, oxumalısan, öyrənməlisən quranda nədən bəhs edilir. Ərəbcə quran oxumaq sənə heç nə verməyəcək. Amma tərcüməsini oxuyub orda nə yazıldığını biləcəksən. Beşikdən qəbr evinə qədər deyiləndə ömrünün axırına kimi bir kitabı oxu deyilməyib sənə. Bilmədiyimiz elə şeylər var ki...
- mənimçün gecdir daha. Bundan sonra oxusam da, yadımda qalmır, qalmayacaq da.
- Qalmaz da. Sən kitab oxumağa öyrəşdirməmisən yaddaşını, gözlərini...
Saata baxdım. 6 tamam idi. Kitabımı götürüb getmək istəyəndə Azər əlimdəki kitabı soruşdu.
-İsi Məlikzadənin seçilmiş əsərləridir.
- Nə yazılıb? Oxumaq istəyirəm, amma öyrənəcəyim şeylər istəyirəm. Bax telefona dini kitablar yükləmişəm deyib telefonu göstərdi.
- Bu yox, Azər, sil bunları, bildiyin duaları oxu hələlik. Başqa kitab verəcəm sənə, ondan başlayarsan.
- Öyrənə biləcəm?
- Hər kitabdan biraz öyrənəcəksən, zərrə-zərrə toplayacaqsan deyib çıxdım.