Edebiyyat.az » Proza » Şəhram Sadıqzadə - Fısıltı

Şəhram Sadıqzadə - Fısıltı

Şəhram Sadıqzadə - Fısıltı
Proza
nemət
Müəllif:
21:20, 13 may 2020
1 736
0
Şəhram Sadıqzadə - Fısıltı

 

 

 

 




 

Bəzən zəngli saatın səsinə oyanmaq Adəmlə Həvvanın Cənnətdən qovulmasına bənzəyər. Çalınan ilk zəngdə almanı yeyib-yeməməkdə israr edərsən. Almanı seçsən rahatlıqdan əzaba daimi düşüş səni gözləyər, yox əgər almanı yeməyib hər şeyə olduğu kimi davam etsən o zaman təbrik etmək olar – Cənnəti qazandınız. Ancaq ta o gündən bu günə kimi Adəmlə Həvvanın almanı seçdiyi kimi biz insanlar da zəngli saatın alma təklifinə boyun əyib, oyanmağı seçərik. Daimi yuxu həzzindənsə dünyanın verdiyi kiçik həzlərlə xoşbəxt olmağı yoxlayarıq. 

Orxan həmin gecə yuxusunda özünü Cənnətdə görürdü. Yanında Həvva yox idi neçə ildi bərabər yaşadığı Nəzrin vardı. Əslində Cənnət demək tam doğru sayılmazdı amma süddən bulaqlar, dünyada olmayan bir neçə fərqli nemətlər, əjdaha yumurtası adlanan meyvənin cürbəcür həm də daha dadlı növləri yəqin ki , Norveçdə, İsveçdə yox məhz Cənnətdə olmalı idi. Orxan Nəzrinlə ağacları, ordakı təbiəti gəzən zaman sanki həyat yaranmamış kimi idi. Sanki Adəmin yerinə Orxan, Həvvanın yerinə isə Nəzrin vardı. Nə mələklər, nə digər dindar insanlar (yoxsa dindar olmayanlar da bura düşə bilərdi?!) nə də Tanrıdan bir əsər əlamət vardı. Üstlərində də nəsə yox idi. Doğulduqları gündəki kimi lümlüt idilər. İnsanların yataqda sevişərkən çılpaq olmalarına baxmayaraq adi halda lüt bədəndən iyrəndikləri deyilirdi. Orxan yuxusunda sanki belə daha normalmış kimi Nəzrindən iyrənmirdi.   Ağaclar arasında gəzərkən qabaqlarına çox hündür ( Kim bilir boyu nə qədər idi, amma evkalipt onun yanında kol kimi qalırdı) bir ağac çıxdı. Üzərində yaşıl, qırmızı, sarı almalar vardı. Gəzdikləri ağaclardan heç birinin yanında dayanmamışdılar. Hətta ordakı ekzotik meyvələrdən yemək belə könüllərindən keçməmişdi, amma bu ağac, bu ağac tamam fərqli idi. İnsanı özünə çəkirdi. Addımlamağa qoymayıb , qaldığın yerə mıxlayırdı. Nəzrini də ovsunlamışdı. Fərqində olmadan əlini qırmızı rəngdə olan almaya uzatdı. Orxan isə orta budaqlarda olan yaşıl almalara baxırdı. Artıq onun üçün Nəzrin də yox idi. O ağac və ağzı sulandıran, bütün şəhvəti ilə qoparmaq istədiyi yaşıl meyvələr vardı. Nəzrin əlini uzatdığı qırmızı meyvədən qoparmağa çalışsa da alınmadı. Meyvə sanki ora pərçimlənmişdi. “Mən burada xoşbəxtəm, sənin əllərində yox” deyərmişcəsinə qopmaq bilmirdi. 

-Əzizim, kömək edə bilərsən? Qopara bilmirəm bunu.

Səssizliyi Nəzrinin incə, insanın içini isidən xoş səsi pozmuşdu. Həmin səs Orxanı ağacın ortasındakı yaşıl meyvələrdən ayırıb Nəzrinin yanına , olmalı olduğu yerə apardı. Nələrinsə yanlış olduğunu, düz getmədiyini hiss etsə də sevgilisinin, həyat yoldaşının ürəyini sındırmaq istəmirdi. Zəhərli şərbəti sevdiyi qadının əlindən alıb içən, sonra isə parça-parça olmuş daxili orqanlarını qusan kişilər yox idimi? Orxan da Nəzrinə baxanda o incə səsin, dolğun , pomadasız belə qıpqırmızı dodaqların, uzun qızılı saçların yanında uduzduğunu anlamışdı. Ağacı belə kəsə bilərdi. Əlini qırmızı almalardan birinə uzatsa da qopara bilmədi. Nə qədər çalışsa da alınmamışdı. Alma meydan oxuyurmuş kimi yerindən tərpənmirdi. Nəzrinin üzündəki ümidsizliyi, kədəri gördükcə Orxan daha da əsəbiləşirdi. Bu dəfə tam əlini atacaqdı ki, ağacdan yavaş –yavaş dərmək istədikləri almanın budağına doğru qırmızı, ən azından ağac uzunluğundakı iri bir ilanın yaxınlaşdığını gördülər. Əslində qorxub çəkilmələri lazım idi amma üstündə qara nöqtələrdən naxışlar salınan ilanın gözlərindəki səmimiyyət və süründükcə onların anlayacağı dildə danışması qorxmalarına imkan yaratmamışdı. 

-Fsss... Bu almanı çoxmu yemək istəyirsiz?

Fısıltılarla danışırdı. Asma xəstəsinin boğazından çıxan xırıltıları xatırladırdı ilanın səsi. “İlan danışır” deyə düşündü Orxan. “Yox, həqiqətən nəsə düz getmir” . Ancaq bunu Nəzrinə izah etməyin çətin olduğunu bilirdi. Ona görə də axarına buraxdı. Nəzrinin dik durub almaya baxmasının önünə keçə bilməzdi. Artıq özü də sanki istərmiş kimi olmuşdu. “Axı, nə var o almada, nə? Bu qədər zamandı gəzirik, baxırıq, niyə bu alma?” Yenə də Nəzrinin səsi onu düşüncələrdən qoparmışdı. Deyəsən almadan da təhlükəli olan bu səs idi.

-Hə, hə, istəyirik.

Orxanın da adından danışmışdı. Qarşısındakının ilan olması deyəsən Nəzrinin qəti vecinə deyildi. “Bəlkə də ilanı görmür” deyə düşündü Orxan. “İlanı görsə belə rahat ola bilməzdi, Nəzrin ilandan qorxur” . Gücünü toplayıb danışmağa çalışdı amma olmadı. Nəzrin deyə qışqırmaq istədiyi an səsi içində boğulurdu. Bayaq olduğu kimi əlini irəli də uzada bilmirdi. Heykəldən bir fərqi yox idi. Nəzrinin yanında idi amma Nəzrinin ondan xəbəri yox idi. Artıq burdakı heç nəyin düz olmadığına, sonunun pis olacağına əmin olmuşdu, amma çifayda. Səsini çıxara bilmirdi. İlan isə get gedə bayaqdan dərmək istədikləri almaya yaxınlaşırdı. 

“Nəzriiiiiiinnnn. Nəzriiiinnnnnn” . Çığırmağın yeri yox idi. Səs içində əks olunub, özünə qayıdırdı. 

-Fsss... Bu almanı qorumaq mənə tapşırılıb, amma sizə birini verəcəm...Fsss

Alma qırmızı yox, qızılı idi. Nəzrinin saçları kimi qızılı. İlan almanın saplağından dişləyib yerə saldı. 

(Artıq hər şey bitdi, əyilib götürəcək)

Nəzrin əyildi, almanı götürüb o tərəf bu tərəfinə çevirdi. 

-Orxan, gəl... – sözü ağzında qaldı. Orxanı görə bilmirdi. – Orxan hardasan?

-Burdayam, Nəzrin, düz yanında. – Həyəcandan ürəyi partlamağa qalmışdı. O ilan gələndən artıq niyə Nəzrinin ona baxmadığını anlamışdı. Çünki, yox idi. Orada olmamışdı. Qeybə çəkilib, gözdən itmişdi. 

-Orxan, çox qorxuram, çıx – Nərmin ağlayırdı. Ağaca qısılıb, yerə oturdu. Əllərini dizlərində birləşdirib, başını yasladı. 

-Fss... Almaaanııı yeeee.. Almanı yeməsəəəənn Orxaaannıııı görəə bilməyəcəksəəənn. – İlan görünməsə də, budaqlardan səslənirdi. 

(Yemə, Nəzrin, başına dönüm, yemə)

Nəzrin ürkək əlləri ilə almanı ağzına apardı. Bir dişlək.. Bir dişlək daha.. Almadan ayrılmaq bilmirdi. Nəzrin yedikcə alma təzədən yenilənirdi. Alma da bitmək bilmirdi. Qızılı rəngdən sarıya, sarıdan yaşıla. Nəzrin isə yeməyə davam edirdi. Hər dişləkdən sonra xərçəngə tutulmuş xəstə kimi sürətlə solmağa başlayırdı. 

(Yoooxx, Yooxx. Dayan, Nəzrin, nə olar dayan)

 

Zıııınnqqq... Zıııınqqq... Zııınnqqq..

Uzaqlardan səslər gəlirdi. Nəzrin səsə aldırmadan, solmasından xəbərsiz eləcə almanı yeyirdi. Orxanın yoxluğu, bayaqkı ağlamağı , heç nə vecinə deyildi. Bir o vardı bir də alma.

 

Zııınnnqqq... Zııınqqq.. Zıınnqq..

Nəsə Orxanı Cənnətdən dartıb aparırdı. Olduğu yerdən tərpənə bilməsə də arxaya sürüklənirdi. 

 

Zıııınnqqqq.... Zıınnqqq.. Zınnqqqq..

Artıq Nəzrin də, ağaclar da nöqtə kimi idi. Birdən boşluğa yuvarlandı...

****

Boşluğa yuvarlandığı anda yerində tullanıb ayıldı. Tər-su içində idi. Ürək döyüntüsü taxikardiyası olan xəstə kimi sürətlə döyünürdü. Əlləri əsirdi. Qorxa-qorxa üzünü soluna çevirdi. Nəzrin orada idi, qızılı saçları yatağa yayılmış, sol tərəfiüstə yatmışdı. Orxan üzünü görə bilməsə də bunun çox da önəmli olmadığını düşündü. Bayaqdan çığıran  zəngli saat artıq susmuşdu. Orxan əlini telefonuna aparıb saata baxdı. Saat artıq 8 idi. Bu gün nəsə planı vardı amma yadına düşmürdü. Yerindən qalxıb sinəsini qaşıya-qaşıya hamama getdi. Güzgüdə özünə baxanda yuxuda ağladığına əmin oldu. Nəzrini dünyadakı və dünyada olmayan hər şeydən çox sevirdi. O qızılı saçlı, Harry Potter eynəkli qızı ilk gördüyü andan vurulmuşdu. İlk dəfədən tanışlıq uğursuz olsa da , Orxanın ağlı, məntiqi ən əsası şeirləri qarşısında Nəzrin aciz qalmışdı.

 

Sevdiyim, vaxtın varmı?

Bir çay süz də oturaq.

Danışaq gecə boyu,

Gecə boyu sənə baxsam?

Olarmı?

Sevdiyim, bir az daha yaxın otur.

Başımı qoysam dizinə,

Ya da saçlarına dolasam barmaqları,

Soyuq qış gecəsində,

Açıb töksək duyğuları?!

 

Bu şeirdən sonra Nəzrin də başqa şansının olmadığını anlamışdı. Səhərisi gün gülümsəyərək “Olar” demişdi Orxana. O vaxtdan dalaşıb-barışsalar da ən son evlənməyi bacaran cütlüklərdən idilər. 

Güzgüyə baxdıqca xatirələr canlanırdı beynində. Xatirələr canlandıqca, ağlayırdı, amma niyə ağladığını bilmirdi. Əl-üzünü yuduqdan sonra qonaq otağına gedib siqaretindən götürdü. “Dünən deyəsən çox çəkmişəm” , deyə düşündü. Siqaretdən cəmi iki dənə qalmışdı. Yuxudan ayıldıqdan sonra anlam verə bilmədiyi bir şey vardı. Öncəki günləri yadına sala bilmirdi. Beynində sadəcə Nəzrinlə bağlı şeylər vardı. Onla getdiyi yerlər, etdiyi mübahisələr, sevişdiyi gecələr, öpdüyü anlar. Hər şey yüksək sürətli raket kimi beyninə axın edirdi. Siqaretdən hər nəfəs aldıqca xatirələr daha da canlanırdı. Sanki hər şey gözünün qabağında olurmuş kimi idi.

Toydan sonra Nəzrinlə bu evə girdikləri anı görməyə başladı. İkisi də sərxoş idi. Mentalitetdə, qohumlar arasında bəyənilməsə də hər ikisi toyda sərxoş olanacan içmişdilər. “Bəsdirin” deyilən anda isə “Biz onsuz da sevgimizdən bihal olmuşuq imkan verin bu anı sizin üçün yox özümüz üçün yaşayaq” demişdi Orxan. Sonra isə bir qədəh daha qaldırmışdı başına. Qapını açdıqdan sonra bağlayanda bir birlərinə baxıb gözləri sulanana qədər gülmüşdülər. Sonra isə barmaqlarını dodaqlarına aparıb bir-birlərinə sakit ol işarəsi göstərdilər. “Qonşulardan ayıbdır çox səs salmayın” demişdi Nəzrinin anası. Sonradan bu cümləni xatırlayanda da gülməklərin saxlaya bilmədilər. Yuxarı mərtəbədən ilk xəbərdarlıq gəlmişdi. Kimsə öz döşəməsinə, bunların isə tavanına vururdu. O vurduqca Orxanla Nəzrin daha da bərk gülürdü. Bilərəkdən yox, sadəcə saxlaya bilmirdilər. Ən son ikisi də iki büklüm olub yerə çöməldilər. Sakitləşdikdən sonra saatlarla öpüşüb otaqlarında sevişmişdilər. 

Anlar bir-bir Orxanın beynində indi olurmuş kimi canlanırdı. Ayrı vaxt ols Eynşteynin Zaman yoxdur, hamısı indinin övladlarıdır fikrinə qarşı gələrdi amma indi özü bu cümləni yaşamırdımı?! 

Siqaretin ucunu külqabıya sıxıb söndürdü. Külqabıda başqa bir siqaret kötüyü də vardı. Deməli bu müddət ərzində birini yox ikisini çəkmişdi. Stuldan qalxıb yataq otağına keçdi. 

Yerinə uzananda Nəzrin hələ də bayaqkı kimi yatmışdı. Normalda yatağında dinc durmurdu amma indi sözəbaxan uşaq kimi elə bir tərəf üstə yatmışdı. Orxan ona sarı əyilib saçlarını üzündən yığıb boynunun arxasına atdı. Üzündən öpüb planın nə olduğunu xatırlayaraq çölə çıxmaq istəyirdi amma üzündən öpəndə  o dəqiqə yerindən sıçradı. 

Buz kimidir

Üzü buz kimi idi. Yoxsa ? Yoxsa ölmüşdü? 

Yox, yox, ola bilməz.

Əlini ehtiyatla Nəzrinin biləyinə apardı. Azacıq tərpəniş, nəbz vurğusu hiss etmək ümidilə iki barmağını biləyinə toxundurub nəbzini axtarmağa başladı. Yox, heç nə hiss eləmirdi. Vaxt itirmədən telefonu götürüb təcili yardıma zəng elədi. Bir iki dəfə telefonu əlindən düşürtsə də ən son yığmağı bacardı. Evin ünvanını izah etdikdən sonra telefonu kənara qoyub taxtın ucuna oturdu. Əllərini başının arasına alıb özündən asılı olmadan hönkür-hönkür ağlayırdı. Əslində evləri xəstəxanaya yaxın idi. Ancaq Nəzrini aparası bir maşını olduğu ağlına gəlməmişdi. Daha doğrusu həmin maşının artıq kimisə aparacaq halda olmaması.   Ona görə də təcili yardıma zəng edib eləcə gözləyirdi. 

Neçə dəqiqə keçdiyini bilmədi amma binalarının həyətində təcili yardımın siqnalizasiya səsini eşidirdi.  “Bir azdan həkimlər qalxacaq, evə girəcək, bir iki iynə vurub Nəzrinimi mənə qaytaracaqlar. Yox əşi, belə tez ölmək olar?! Nç, ölməyib. Ürəyi gedib yəqin” Qonaq otağında o baş bu başa gedə-gedə bunları təkrarlayırdı.

Nəhayət həkimlər çatıb qapını döydülər.

-Gəldim, gəldim. – Orxan əyninə nəsə geyinmədən eləcə mayka tumanla qapıya yaxınlaşıb açdı. Həkimləri görən kimi gözləri dolub , ağlamağa başlamışdı. Cümlələri belə güclə başa düşülürdü – Çox xahiş edirəm, tez olun, nəbzi dayanıb bədəni soyuqdur. 

-Narahat olmayın, bəy, bu dəqiqə baxacayıq. – Daha gənc, bəlli ki bu işdə yeni olan oğlan dilləndi. Arxasında isə bir az yaşlı təcili tibbi yardım həkimi vardı. O isə artıq Orxanı tanımışdı və telefonu ilə kiməsə nəsə yazıb yenidən cibinə qoydu.

Orxan isə onu tanımamışdı.

Yaşlı həkim gənc olanını qolundan dartıb kənara çəkmək istəsə də oğlan imkan vermədi. İlk günü idi deyə özündən çox razı idi.

“Yəqin ki, qorxudan bir də təcili yardımda işləməyəcək” deyə düşündü daha yaşlı olan.

Orxanın göstərdiyi istiqamətdə ikisi də yataq otağına daxil oldular. Orxan əli ilə taxtı işarə elədi. O istiqamətdə isə sadəcə dağınıq çarpayı vardı.

-Xəstə haradadı?,-  Daha gənc olanı soruşdu.

-Necə yəni haradadı? Mənimlə məzələnirsən, küçük? Görmürsən   qarşındakın? Korsansa rədd ol başqası baxsın,- Orxanın əsəbdən gözləri qızarmışdı. Danışdıqca quduz itlər kimi ağzından köpüklər tökülürdü.

Daha gənc olan təəccüblü halda daha yaşlı olan həkimə baxdı. Ağzı açıq qalmışdı yaşlı həkim isə hər şey normalmış kimi sakit idi. İlk başda ünvan veriləndə ürəyinə eyni zəng olduğu dammışdı amma bu fikri başından atıb yəqin başqa xəstədir deyə düşünmüşdü. Bu binadan , ümumən bu məhlədən hər gün onlarla zəng gəlirdi. Hələ koronavirus dönəmində zənglərin sayı birə min artmışdı. 

-Axı?,- Daha gənc olan sadəcə bunu deyə bildi. Daha yaşlı olan isə başını yuxarı-aşağı sallayıb Orxanı qonaq otağına çəkdi. Öz oğluna nəyisə izah edərmişcəsinə yanına oturub danışmağa başladı.

-Oğlum, bax yenə deyirəm. Orada heç kim yoxdur. Artıq ikinci dəfədir zəng edirsən. Hər dəfəsində də bizi qovub daha sonra nə edirsən bilmirəm.

Orxan heç nəyi anlamaq istəmirdi. 

-Ola bilməz, ağsaqqal. Demək istəyirsən ki, mən dəliyəm? Bəlkə sənin pensiya almaq vaxtındı? Deyəsən çox yorurlar sizi. – Orxan əl-qol hərəkətləri ata-ata danışır, daha yaşlı olan həkim isə sakit dinləyirdi. Daha gənc olan isə heç nə başa düşmədən eləcə yataq otağına baxırdı.

Orxan cəld yerindən qalxıb mətbəxə getdi. Bu dəfə daha yaşlı olan həkim Orxan bıçaqla geri dönənə qədər nə olduğunu anlamamışdı. 

-Ya arvadımı sağaldıb gedəcəksiz, ya da ikinizin də həkimlik karyerası burda bitəcək.

Orxan bıçaqla daha yaşlı olan həkimin üstünə hücum çəkib qolundan tutdu. Daha gənc olan üstünə gəlsə də çox arıq idi, bir təpiklə onu yataq otağına itələyib daha yaşlı olanını da ardınca saldı. 

-Qorxma, Elçin, məlumat vermişəm. Psixiatriya xəstəxanasının ambulansı gəlir indi. – daha yaşlı olan yavaşca daha gənc olanın qulağına pıçıldadı. 

Orxan isə qapıda durub qan çanağına dönmüş gözləri ilə onlara baxırdı. 

Tak.. Tak.. Tak

Qapı döyülürdü.

-Siz burda qalın, görüm kimdi?! – bunu deyib qapıya tərəf addımladı. Qapı dəliyindən baxanda iki ya da deyəsən üç həkimin qapının arxasında olduğun görüb geri çəkildi.

-Qapını açın, zəhmət olmasa – qapının arxasındakı həkimlərdən biri sakit tərzdə dedi.

Orxan qapıya baxanda daha gənclə daha yaşlı həkim arxadan gəlib kürəyinə qonaq otağındakı güldanı vurdular. Daha gənc olan gücünü toplayıb zəifləmiş Orxanın hər yerinə zərbələr endirirdi. Qapıdan aralanan kimi daha yaşlı olan həkim qapını açıb psixiatriya xəstəxanasının həkimləri ilə birlikdə Orxanın əl-qolunu bağlamağı bacardılar.

***

-Bu olanlar nə idi, Nadir doktor? – daha gənc olan hələ də hadisənin şokundan çıxa bilməmişdi. Ambulansla digər şikayətə gedərkən daha yaşlı olandan nə baş verdiyini soruşmaq üçün uyğun zaman var id.

-Həəə.. Elçin.. Əslində Orxan dostlarından maraqlandığım qədərilə çox sakit təbiətli biri olub vaxtilə. Vaxtilə dediyim çox da uzun zaman deyil, 5 gün bundan əvvəl. Orxanla həyat yoldaşı 5 gün bundan qabaq karantin rejiminin başlayacağına görə rayondan bakıya qayıdırdılar. Yolda Orxanı birdən yuxu tutur maşının idarəetməsin itirib yolun kənarındakı dərəyə yuvarlanır. Orxan bir təhər çıxsa da Nəzrin qalır. Əslində Orxanın elə də ağır yarası olmayıb, özün də gördün sadəcə üzündəki sıyrıqlar və bədənində görmədiyin digər sıyrıqlar. Maşın dərəyə yuvarlananda Orxanın telefonu maşından çox uzağa düşür. Tərslikdən gecə vaxtı olduğu üçün yolda da heç kim olmayıb. Yardım çağırmaq üçün yola çıxanda arxasında partlayış səsi eşidir. – Nadir öskürək tutduğu üçün ara verib davam edir – Partlayış səsi maşından gəlib. Yəni Nəzrin də içində yanaraq ölüb. Orxanı xəstəxanaya aparanda hadisədən haradasa 1 saat keçibmiş və həkimlər gələndə Orxanı yolun kənarında oturub partlayan maşına baxarkən görüblər. Orxan xəstəxanaya çatdırılıb sakitləşdirici iynə vurana qədə “Yanarkən çığırtısı qulağımdan getmir” deyirmiş.   

Elçin Nadirin sözünü kəsib:

-Bəs belə idisə xəstəxanadan niyə buraxdılar? Çaşmış gözlərlə bir sözü belə qaçırmamaq üçün diqqətlə Nadirə qulaq asırdı.

-Deyilənə görə xəstəxanadan çıxanda yaxşı olub, - Nadir davam elədi. Ancaq iki gündür ki, dostları telefona cavab verməyib, qapıları onlara açmadığını deyir. Dünəndən zəng edirdi bizə. İlk dəfə gələndə mən də sən kimi donub qalmışdım. Orada xəstə olmadığını deyəndə qışqır-bağır salıb bizi qovdu. Bu gün isə qapıya çatanda riskə getmək istəmədim. Psixiatriya xəstəxanasının ambulansında əvvəlki iş yoldaşım işləyir. Ona yazıb ünvanı atdım ki, burda olsun. Belə. 

Elçin nəsə demək üçün ağzını açmaq istəsə də sözlər ona qulaq asmayıb çıxmamaq üçün dirəndi. Bu hadisə qarşısında nəsə demək  mümkün deyildi. Nadir vəziyyəti başa düşüb azca da olsa gülümsədi ki, təzə işçinin ilk gündən gözü qorxmasın.

-Ehh bala, bu nədiki?! Bizim başımıza vaxtilə daha betərləri gəlib zamanla öyrəşəcəksən.

Ambulans digər məhləyə çatanda sürətini yavaşlatdı, buradakı deyəsən ürək xəstəsi idi. “Bəlkə də infarkt olub”  deyə düşündü daha yaşlı olan həkim. Sonra belə düşündüyü üçün özü-özünü söyərək ambulansdan düşdü. Səhərki hadisə lap beynini pozmuşdu. Elçini rahatlaşdırmağa çalışsa da bayaqdan əsən əlini sakitləşdirə bilmirdi.

***

Gecə vaxtı kişi xəstələri bölməsindən kiminsə yatmadığı deyildi. Hamısına iynə vurulmuşdu amma deyəsən biri yatmamaq üçün dua etmişdi. Növbətçi həkim yaxınlaşanda içəridən kiminsə danışdığını eşitdi. Bir səs vardı. Təzə gələn xəstə idi deyəsən.

 

-Hə, Əzizim, yaxşısan indi? Orxan otağında yan çarpayıda uzanan qızılı saçlı qadından soruşdu.

-Yaxşıyam, dedi həmin qadın. 

-Yaxşıdı, dedi əlindəki almanı uzadıb fısıldayan ilan.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)