AZAD QARADƏRƏLİ - MEYİDSİZ, QƏBİRSİZ YAS(hekayə)
(“Müharibə uşaqları silsiləsindən laçınlı uşağın dilindən)
Atam dedi ki, burdan Laçınacan mal-heyvanın, oğul-uşağın ayağıynan altı saata ancaq gedərik. Nənəm qızıl yelin üstə olan ala inəyimizə baxıb susurdu. Atam bir də dilləndi, amma bu dəfə ayrı söz dedi:
-Ala inəyi də qatarıq sürüyə, harda doğar, doğar...
Nənəm çardağın dirəyindən asılmış iti orağımızı və qəzil çatımızı götürüb kövşənə tərəf endi. Bu o demək idi ki, mən gedirəm inəyə yonca biçəm gətirəm. Atam yüyürüb onun qabağını kəsdi, az qaldı yalvarsın:
-Mən sənin oğlunam, amma mənim də balalarım var. Özü də düz dörddülər. Hamısı da zılğa... Mən bir inəyə görə səni burda qoyub gedə bilmərəm axı. Laçınnılar papağıma söyər. Gəl daşı tök ətəyinnən, bir yerdə gedək.
-Sən indi böyüklük eləmək istiyirsən!? Saa dedim ki, arvad-uşağıı da, mal-heyvanıı da, ağır-youluu da götür, get. Mən ala inək doğannan sonra gələcəm... Çəkil yolumnan...
Babam öləndən sonra bu arvad bizim evin söz sahibiydi. Düz-səhv, nə desə, qanundu. Atam bir-iki dəfə istəmişdi müstəqil addım ata, hər dəfəsində də nənəmin tərs təpkisiylə üzləşmişdi. Hətta arvad az qala atamı bir dəfə tüfənglə vuracaqdı. Həəə. Bə nədi. Nənəmin beşaçılanı-zadı var e. Babadan sonra hələ o tüfəngə başqa əl dəyməyib...
Babam öləndən sonra arvadın çarxı çönüb. Səhər duran kimi gedir qəbiristana. Kişinin qəbirinin üstündə yarım saatacan dayanır, dərdləşir, ağlayır, qayıdıb gəlir. Axşam, mal ayağı da heylə. Birimiz bir söz deyəmmirik. Dillənən kimi çımxırır üstümüzə...
...Kənddə hər ay bir adamın öz razılığı ilə bir malını, yaxud xırdabaş heyvanını pulla alıb alışma edərdilər. Növbə bizə çatanda atam Əyri təpədə otlayan mallarımızın içindən mor cöngəmizi aşağı endirməyi tapşırmışdı mənə. Elə cöngəni kəndin aralığına təzəcə gətirmişdim, Diləfruz nənəm kəsdi qabağımı:
-Ədə, hardan belə? Çöngəni hara sürürsən?
-Dədəm dedi ki, mor cöngəni Əyri təpədən endi gəti...
Arvad sözümü ağzımda qoyub hirslə geri qayıtdı. Atam cöngəni kəndin aralığına yığışannara təhvil verib dedi:
-Baş-ayağı, qarını, içalatı bizimdi, qalanını da satıb pulumu verərsiniz...
Kəndin həm qəssabı, həm də söz sahibi olan qohumumuz Əhməd dayı cöngəni gözüynən yeyə-yeyə atamı yanlayıb yavaşdan dedi:
-Ə, ağlın-başın olsun, bunun ölüsü on kilo içalatı var. Qoy ağ ciyarı, qara ciyarı, böyrəyi doğruyum basım payların belinə... ürək heç. Day bilirsən, ürək baş kəsənindi...
Bu vaxt nənəm yerdən çıxıbmış kimi qabağımızda peyda oldu, cöngəni göstərib qışqırdı:
-Ə, Əhməd, dəllallığıı indi də mənim gədəmin başında örgənirsən?!
Atam nəsə demək istəyəndə nənəm ona çımxırdı:
-Na!!! Səninlə sonra danışacam, -deyib mənə sarı döndü. – Çək apar bu cöngəni!
Sonra da başa düşmədiyim dildə nəsə bərkdən dedi.
Həmin axşam atam nənəmin üzünə ağ oldu, onu adam içində xar elədiyini dedi. Onda nənəm qıvraq addımlarla yuxarı otağa çıxdı, beşaçılanı götürüb atama tuşladı və düz ayağının altına üç güllə sıxdı. Atam heç gözünü də qırpmadı. Saçını yolub qiyyə çəkən anama bir sillə vurub hara isə çıxıb getdi...
Atamla nənəm bir müddət küsülü kimi gəzsələr də, sonra barışdılar. Daha mən atamın nənəmin sözünün qabağına söz dediyini nə gördüm, nə eşitdim.
...İndi yenə o vaxtkı kimi olmuşdu. Atam deyirdi, nənəm eşitmirdi. Axırda atam kəndin ağsaqqallarıyla məsləhətləşdikdən sonra köçümüzü el yoluna çıxartdı. Danışırdılar ki, ermənilər Laçına hücuma keçiblər. Əgər şəhəri alsalar, onda bizim yolumuzu da kəsə bilərdilər. Ona görə bacardıqca ayaq götürmək lazım idi. Amma bizim ayağımızı elə bil kimsə geri dartırdı – arxada nənəmizi qoyub gedə bilmirdik.
***
Biz təxminən bir ay olar ki, gəlib Ağcabədi deyilən yerə çıxmışıq. Atamın burada tanışı varmış. Özümüzə qalmağa yer, mal-heyvanımıza daldalanacaq düzəldiblər. Amma bir həftə olar atam yoxdur. Bir səhər yuxudan qalxanda görmədim onu. Anam başını bulayıb gözləri dolmuş halda “getdi, Diləfruzun dalınca getdi” deyib ağladı.
***
...-İki əsgər vardı, dedilər səni apararıq ora. Amma təhlükəlidir, indi orda yəqin ki, erməni var... Mən də çıxardıb hərəsinə dörd “Nizami”* verdim, dedim orada mən başıkülün anası qalıb...
Atamdı, gecə gözü gəlib, biz yuxuda olmuşuq. Anamla, bir də kənddən qonşumuz olan, burda da yanımızda yer-yurd salan Əhməd kişiylə, arvadı Sonayla dərdləşirdi. Sarı palçıqdan tikdiyimiz alçaq daxmamızda tütün və siqaret tüstüsündən göz-gözü görmürdü. Əslində məni yuxudan atamın səsi yox, tütün və siqaret iyi qaldırmışdı. Axı bu iy mənə çox doğmaydı. Neçə gündür bu iy gəlmir daxmamızdan, anam da, mən də dəli kimi olmuşuq.
Səsimi içimə qısıb dinləyirdim. İstəyirdim biləm ki, nənəmin başına nə iş gəlib.
-Evə baxdım, heç nəyə əl vurmamışdılar. Hətta qapılarımızın kilidini də qırmamışdılar. Amma Əhməd, sənin evin yanmışdı. Qabağındakı taya da külə dönmüşdü... Kənddəki evlərin çoxu hələ salamat idi. Yəqin ki, ermənilərin başı daha böyük kəndlərə qarışmışdı. Bizim kəndə isə ancaq girib-çıxmışdılar... Məni ev-zad maraqlandırmırdı axı. Mən ölmüş nənəmi gəzirdim ki, görüm başına nə oyun gəlib...
Qəbiristanlığa getdim qabaqcan. Bilirdim ki, arvad dədəmə görə qalıb burda, ala inək də bəhanədi... Burda bir şey tapmadım. Eləcənə dədəmin baş daşındakı şəkli öpüb çıxdım. Yoncalığa endim, oradan Əyri təpəyə qalxdım. Təpədən hər tərəfə göz gəzdirib allahumuduna “Diləfruz heyyyy” deyib bağırdım. Səs-səmir gəlmədi. Kəndin arasınnan bir it çıxıb maa tərəf cumdu. Baxdım ki, bizim Pələşdi. Mən də ona tərəf yüyürdüm. Pələş mənim ona tərəf gəldiyimi görüb bərk-bərk qaçdı, özünü üstümə atdı. Üzümü yalayıb yerə düşdü. Sonra Əyri təpəylə üzbəüz olan Sarı qaya tərəfə götürüldü. Mən də onun dalıncan qaçmağa başladım. İtə çata bilmirdimsə də, gözdən qoymamağa da çalışırdım...
--------------------------------------------------------------------------------------------------------------
*”Nizami” – o zamanki pul vahidlərindən birinin üstündə şair Nizaminin şəkli olduğuna görə xalq arasında belə adlandırılırdı.
Axır ki, Sarı qayanın ən qəlbi yerində dayanıb hürməyə başladı. Mən də oracan birtəhər çıxdım. Bir də gördüm ki, qayanın döşündəki qaramux ağacına nəsə bağlanıb. Rəngi getmiş bu parçaya baxanda başım gicəlləndi – bu nənəm Diləfruzun ləçəyi idi. Başa düşdüm ki, arvad ermənilərin kəndə girdiyini görəndə bura gəlmiş, özünü qayadan aşağı atmışdı. Aşağı boylananda gözüm qaraldı, başım gicəlləndi. Yıxılmamaq üçün qaramux kolundan bərk-bərk tutdum...
Atam hönkürdü. Anam da, Əhməd kişi də, arvadı Sona xala da ona qoşuldular. Mən daha dözə bilmədim. Elə yerimdəcə hıçqırıb ağladım.
Atam cibindən nəsə çıxardıb anama uzatdı və qəhərli-qəhərli dedi:
-Budu qalan Diləfruzdan... “Na” deyə-deyə məni behürmət elədi el içində, tərs qızı tərs...
Anam daha bərkdən ağladı. Qardaşlarım, bacım da oyanıb key-key onlara baxırdılar. Atam məni bağrına basıb gözü yaşlı-yaşlı gülümsündü və dedi:
-Sənin Pələşini də gətirmişəm...
Elə qaranlıqdaca özümü çölə atdım. Daxmamızın kəndarında yatmış Pələş açıq qapıdan düşmüş işıqda məni tanıdı, zingildəyib əl-ayağımı yalamağa başladı.
(Hə, gərək bunu əvvəldən deyəydim. Bizə kürd deyərlər. Kənddə nənəm, Əhməd dayı, bir də bir-iki qoca arvad və qoca kişidən başqa bu dili bilən yox idi. Bir də eşitmişdim ki, Kəlbəcərdə bir şairimiz var, o kürdcə şeirlər yazırmış... Anam sonralar bizə danışırdı ki, nənəmin atamla yola getməməyinin bir səbəbi də bu dili atama öyrədə bilməməyi olub. Onsuz da korazehin olan atama beş söz də öyrədə bilməyib. Hətta özünün ən çox sevdiyi “na”, yəni “yox” sözünü də dili tutmurmuş atamın. Hər kəlməbaşı “na” dediyinə görə kənddə nənəmə “Na Diləfruz” deyərdilər.)
***
Səhər atamla Əhməd dayı cöngəmizin birini kəsdi. Elə daxmamızın qabağındaca yaylaq çadırlarımızla yasxana düzəltdilər. Sonra kəndimizin, qonşu kəndlərin adamları, hətta yerli camaatdan da bəziləri bizə yasa gəldilər. İlk dəfəydi ki, meyidsiz, qəbirsiz yas görürdüm.
28 iyul 2014