AKŞİN XƏYAL “ELiNEYA” (Hekayə)
Telefonundakı zəngli saatın səsinə güclə də olsa, gözlərini açıb gərnəşdi. Əlini atıb telefonu götürüb, zəngli saatı söndürdü. Bir az yer dəmi alıb durmaq istəyirdi ki, yadına düşdü ki, bu gün iş günü deyil. Yuxulu çöhrəsinə xırda təbəssüm gəldi. Adyalı başına çəkərək sol yanı üstə çevrilib, gözlərini yumdu. Günortaya kimi yatacağını düşünürdü ki, qəfil yerindən dik atılıb yerinin içində oturdu. Axı bu gün onunla görüşəcəkdi. Hər həftənin bu günü onların görüş günü idi. Odur ki, yatmaq olmazdı, qalxıb üzünü qırxıb hazırlaşmalıydı. Adyalı üstündən atıb, ayağa qalxaraq hamama keçdi. Üzünü qırxa-qırxa bu gün onu hara aparacağını, günlərini birlikdə necə xoş keçirəcəklərini düşünürdü. O, Alineyayla artıq il yarım idi ki, bir yerdəydi. Bu il yarımda çox şeylər yaşamışdılar. Acılı, şirinli günlər keçirmiş, dəfələrlə dalaşaraq ayrılmaq dərəcəsinə çatsalar da, bir-birlərini çox sevdiyindən ayrılmamışdılar. Düşünürdülər ki, Tanrı onları elə bir-birləri üçün yaratmış və gec də olsa, qarşılaşdırmışdır.
Hamamdan çıxıb əynini geyinib, Alineyanın hədiyyə etdiyi qolbağını qoluna bağladı. Gözü stolun üstündəki telefonda saata sataşdı. Gecikirdi həmişəki kimi. Tələsik yarım stəkan çay içib, idman ayaqqabılarını geyinib, qaçaraq evdən çıxdı. Onlar fərqli şəhərlərdə yaşayırdılar deyə evdən çıxıb görüşəcəkləri yerə iki saata ancaq çatırdı. Odur ki, vərdiş eləmişdi həmişə onunla görüşməyə gedəndə iki saat qabaq çıxırdı evdən. Məhlədə qarşısına Səməd çıxdı. Hər zamankı kimi siqaret istəyirdi. Siqaretin birini alıb dodağına, birini qulağına qoyan Səməd təşəkkür edib, irişə-irişə uzaqlaşdı. Onun Səmədə yazığı gəlirdi. Həmişə qarşısına çıxanda ya siqaret, ya da pul verirdi. Məhlədə Səməddən heç kimin xoşu gəlməsə də, hətta bir çoxları ondan qorxsalar da, onun Səmədə həm yazığı gəlir, həm də ona hörmət edirdi. Çünki Səmədin keçmişini çox yaxşı bilirdi. O universitet bitirmiş ali təhsilliydi. Hətta əsgəri xidmətini də çəkmiş, vətənə olan borcunu ödəyib gəlmişdi. Elə əsgərlikdən təzə gəldiyi günlərdə məhlədəki dükandan oğurluq oldu və həmin gecə də Səməd bir dostugildən gəlirmiş və dükanın yaxınlığından keçirmiş. Oğurluğu onun boynuna yıxaraq üç il həbs cəzası verdilər. Cəzasını çəkib çıxandan sonra diplomunu da götürüb hansı idarənin, hansı şirkətin qapısına getdisə də “türemşiksən, bizdə türemşikə iş yoxdur”, − deyib əli boş geri qaytardılar. Bir müddət beləcə iş axtarandan sonra əli hər yerdən üzülərək gəlib oturdu evdə. Tələbə yoldaşları, uşaqlıq dostları da türmədən çıxandan sonra yavaş-yavaş ondan uzaqlaşdılar. Məhlədə belə hamı “türemşikdir”, − deyib, ondan uzaq gəzirdilər. Tək- tənha qalmış Səməd cəmiyyətdən təcrid olunduqca başladı keçmiş türmə yoldaşları ilə otutub-durmağa. Onların da əhatəsində olduqca qurşandı içkiyə, sonra da narkotikaya. İkinci dəfə narkotika üstündə tutuldu, bir il üç ay da belə yatıb çıxdı. İndi də “türemşik” damğasıyla yanaşı “narkoman” damğası da vurularaq hamı ondan uzaq qaçır. O isə küçələrdə boş-bikar avaralanır, qarşısına çıxandan siqaret istəyir və beləcə cəmiyyətə lazımsız bir insan olaraq yaşayır. Bütün bunlardan xəbərdar olduğuna görə Səmədin halına acıyır, hər zaman ona dəstək olmağa çalışırdı.
Dayanacağa çatana kimi tez-tez telefonu çıxararaq saata baxırdı və gedəcəyi yolu hesablayaraq qərara gəlirdi ki, ən uzağı 10-15 dəqiqə gecikəcək. Amma avtovağzala çatanda bütün hesabları alt-üst oldu. Hər ayda bir neçə dəfə olduğu kimi yenə yollarda “təmir” işləri getdiyindən yol bağlanmışdı. Gələn marşrutlar da “yol bağlıdır”, − deyib, heç biri geri qayıtmırdılar. Avtovağzalda yüz əllidən çox adam vardı. O, bir kənara çəkilərək siqaret yandırıb, ətrafı seyr etməyə başladı. Avtovağzalın divarına vurulmuş səs gücləndiricidə Flora Kərimova “Tapar məni” mahnısını oxuyurdu. Bir kök xala yüksək səslə hakimiyyəti söyür, bir yaşlı dayı isə ağız dolusu sovet hökumətini tərifləyir, o dövrdə belə şeylərin olmadığından danışırdı. Bir oğlan telefonla, çox güman ki, sevgilisiylə danışırdı: “ Başına dönüm, mən sənə neynədim axı. Özün də bilirsən ki, mən səni aldatmıram...” və yalvarışlar. Digər bir oğlan qulağında qulaqlıq ətraf mühitdən tam ayrılaraq, öz dünyasına qapanıb, sağ əlinin şəhadət barmağını axıra kimi burnuna salaraq orda nə axtarırdısa, artıq iyirmi dəqiqəydi tapa bilmirdi. Nəhayət ki, bir avtobus gediş qiymətindən baha qiymətlə digər alternativ yolla getməyə razı oldu və avtobusa yüz əlli nəfərlik bir hücum başlandı. O da birtəhər özünü içəri salıb otura bildi. Elə təzə oturmuşdu ki, bir xala başının üstünü kəsdirdi:
− A bala, olar yerlərimizi dəyişək?
− Niyə, xala, nə fərqi var yerin?
− Orda adamın beli ağrıyır da, bura rahatdır ona görə.
Xalaya baxıb heç nə demədən başını bulayıb, çantasındakı kitabı çıxarıb oxumağa başladı. Xala isə deyinə-deyinə indiki cavanlarda tərbiyə, mərifət, qanacaq olmadığından gileylənərək narahat saydığı yerində oturdu.
Hər zaman görüşdükləri yerə çatanda görüşəcəkləri vaxtdan bir saat keçmişdi. Sağa-sola baxdısa da, Alineya gözünə dəymədi. “Yəqin, onun da işi çıxmışdı, gecikib”, – deyə düşündü. İçində bir həyəcan vardı, lap ilk görüşdəki kimi. Yəqin ki, bir azdan gələcəkdi. Hər zamankı kimi əl verib görüşəcəklər, öpəcək qızın hər iki yanağından. Sonra qız ərklə girəcək onun qoluna. “Hara gedək”, – deyə soruşacaq. Qız isə, “Bilmirəm, hara istəyirsən gedək”, – deyə çiynini çəkəcək. Sonda ortaq bir fikrə gəlib ya İçərişəhərə, ya da Dağüstü parka tərəf üz tutacaqlar. Bütün bunları düşündükcə üzünə təbəssüm qonurdu. Darıxdı, qızın tez gəlməsini istədi. Telefonu çıxarıb saata baxdı, artıq iki saat idi ki, gözləyirdi. “Görəsən, harda qaldı bu”, − düşünüb zəng vurmaq istəyirdi ki, qəfil üzündəki təbəssümü ağır bir kədər əvəz elədi. Beynində bir ağırlıq yarandı, dizləri əsdi. Yıxılmamaq üçün yolun kənarındakı beton baryerin üzərində oturdu. Əlləri əsə-əsə bir siqaret yandırdı. Deyəsən, dəli olurdu axı. Necə ola bilərdi axı unudub ki, onlar artıq bir ildir ayrılıblar. Bilmədi öz halına gülsün, ya ağlasın. Artıq ikinci dəfə idi ki, belə bir şey baş verirdi. Bir dəfə də bir neçə ay bundan qabaq yağışlı, ildırımlı bir yay gecəsiydi. Təzə yuxuya getmişdi ki, ondan mesaj gəldi. Ondan gələn mesajlar fərqli səslə olduğu üçün mesajı yazanın o olduğunu bilib dik atıldı yerindən. Telefonu götürüb mesajı açdı. Bəli, yazan o idi. “Gecən xeyir. Necəsən?”, − yazmışdı. Sevindiyindən yerindən qalxıb keçdi divana və başladılar yazışmağa. Səhərə yaxın güclənən külək pəncərəni vurub açdı. Telefonu divanın üstünə atıb, pəncərəni bağlayıb geri qayıtdı. Telefonu götürdükdə şoka düşdü. Əslində, ona heç bir mesaj gəlməmişdi. Alineya çoxdan onu qara siyahıya atıbmış. Hallüsinasiya yaşamışdır hər iki halda. İndiyədək çox depressiyalara düşmüşdü, amma hallüsinasiya yaşayacaq qədər bir depressiyası olmamışdı. “Bəlkə, dəli oluram?”,− deyə düşündü və tez də özü-özünü təsəlli etməyə başladı: “Yox, nə dəli olmaq, ağlım başımdadır, yaddaşım da yerində. Hövlnak yerindən sıçrayıb, harasa tələsirmiş kimi iti addımlarla ordan uzaqlaşdı. Özü də bilmədən ayaqları onu gətirib İçərişəhərə çıxardı. Bəlkə də, bu dar küçələrdəki xatirələr idi onu bura gətirən. Yaxınlıqdakı məsciddən azan səsləndi. Saata baxdı, günorta namazının vaxtıydı. Hər dəfə eşidərkən ruhunu sakitləşdirən azan səsi bu dəfə ürəyini sıxdı. Özünü dar küçələrə verib, qaçmağa çalışdı bu səsdən. Dalana dirənib dayandı. Nəfəsini dərərək azan səsindən niyə qaçdığını anlamağa çalışdı. Yaddaşının dərinliklərindən kiçik bir xatirə divardakı kiçik deşikdən işıq şüası sızan kimi sızdı qəlbinə. Şaxtasız, soyuqsuz bir qış axşamıydı. Əl-ələ verib gəzirdilər ki, elə bayaq azanı eşitdiyi yerdə axşam namazının azanı səsləndi. Hər ikisi susaraq ayaq saxlayıb üzlərini səmaya tutaraq dodaqlarının altında azan bitənə kimi dua etdilər.
− Nə dua etdin əgər gizli deyilsə? – deyə qızdan soruşdu.
− Bizi heç vaxt ayırmamasını istədim. Bəs sən?
− Mən də.
Qucaqlayıb alnından öpmüşdü onda qızı, sonra da yenə üzünü səmaya tutaraq Tanrıya şükür etmişdi.
İndi bu xatirəydimi onu azan səsindən qaçmağa məcbur edən, ya Tanrının vəfasızlığıydımı, özü də bilmirdi. Axı hər ikisi içdən dua etmişdilər, axı Tanrı içdən olunan duaları qəbul edərmiş, bəs niyə onlardan üz döndərdi Tanrı, niyə dualarını qəbul etməyib ayırdı onları?
Azan bitdi deyə dirəndiyi dalandan geri dönüb, gəldiyi yolla qayıdırdı ki, Mir Mövsüm ağanın evinin yanından keçəndə bir qadının qapının cəftəsini öpdüyünü görüb ayaq saxladı. Gəlib həmin evin qabağındakı skamyaların birində əyləşərək siqaret yandırdı. Onlar hər dəfə İçərişəhərdə olanda namaz vaxtı gələndə Alineya gəlib burda namaz qılırdı. Evin alt mərtəbəsində namaz qılmaq üçün otaqlar var. Hər dəfə Alineya bura namaza gələndə gödəkcəsini saxlamaq üçün ona verir, o isə qızın namazı bitənə kimi gödəkcəni burnundan ayırmır, qoxusundan doymayaraq iyləyirdi. Bir dəfə yenə gəlmişdilər bura. Hava çox soyuq olduğundan skamyada oturmayıb, içəridə − evin dəhlizində gözləməyi qərara aldı. Çox qəribəydi, havanın dəhşətli dərəcədə soyuq və şaxtalı olmasına baxmayaraq, bu evə ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Əksəriyyəti də qadınlar və gənc qızlar idi. İçəri girənlər də kimisi qapının gün ərzində yüzlərlə əl dəymiş mikrob və xəstəlik mənbəyi olan cəftəsini öpür, kimisi pilləkənin tutacağını öpürdü. Pilləkənin başında xüsusi yaylıqlar asılmışdı ki, gələn qadınlar o yaylıqları başına örtüb sonra Mir Mövsüm adlanan seyidin otağına keçirdilər. Dəfələrlə şahidi olmuşdu ki, yay vaxtları qısa şortda, göbəyi açıq geyimdə qızlar gələrək bu yaylıqlardan birini götürərək başlarına örtüb içəri keçirdilər. Həmin gün içəri soyuqdan donmuş, üç nəfər orta yaşlı qadın girdi. Pilləkənə çatanda qabaqdakı arıq qadın ayaq saxlayıb: “Ya Mir Mövsüm ağa, qapında itin olum sənin. Əhd eləmişdim arzum yerinə yetsə, yanına it kimi hürə-hürə gələcəkdim”, – deyib dizlərini və əllərini yerə ataraq dörd ayaq vəziyyəti aldı. Arxadakı digər iki qadın da ona baxaraq onun etdiklərini təkrarladılar və hər üç qadın it kimi hürməyə başladılar və pilləkəni iməkləyə-iməkləyə çıxdılar. O an o gülməkdən özünü saxlaya bilməmiş, havanın soyuq olmasına baxmayaraq, özünü çölə atmışdı. İndi həmin hadisəni xatırlayıb gülümsündü. Barmaqlarının arasında bitən siqareti yaxınlıqdakı zibil qutusuna atıb, xatirələr dolu İçərişəhəri tərk etdi.
Evə girən kimi gözü stolun üstündəki bir cüt dəvətnaməyə sataşdı. Üstdə olanı götürüb açdı. Qonşu oğlunun kiçik toyuna dəvət edirdi. O, heç vaxt sünnət toylarına getməzdi. Məntiqinə sığışdıra bilmirdi sünnət toyunu. Kimsə oğlunun pülüyünü kəsdirir və buna toy edir. Dəvətnamədə “oğlumun kiçik toyuna dəvət edirəm” sözünün yerinə “oğlumun cinsi orqanının toyuna dəvət edirəm” yazsaydılar, bəlkə də, daha məntiqli olardı. Əsəbləşib dəvətnaməni stolun üstünə tullayıb ikincini götürdü. Atasının qohumlarından birinin oğlunun toyuydu. Rayonda yaşayırdılar. Əlində çay otağa girən anası:
− Atan dedi ki, o toya sən gedəsən. Həm də Etibar əmin zəng vurmuşdu, xahiş etdi ki, bir gün qabaq gələsən, bəlkə, kömək zad lazım oldu, – dedi.
Anasının “Etibar əmin” dediyi adam oğluna toy edən kişiydi. Atasının uşaqlıq dostu olsa da, ona əmilərindən çox yaxın idi, ona görə də onu doğma əmilərindən çox istəyirdi. Getməmək olmazdı. Etibar kişinin oğlu Səmyəddin uzun illərdi Rusiyada yaşayırdı. Yaşı otuz beşi keçsə də, hələ evlənməmişdi.
Rayona çatanda artıq gün-günorta olmuşdu. Əmi saydığı Etibar kişi dağlar və meşələrlə əhatə olunmuş, sərin havası, buz bulaqları olan bir kənddə yaşayırdı. Düşündü ki, elə gəlməyim yaxşı oldu. Bir neçə gün qalaram; həm şəhərin problemlərindən uzaq olar, həm də, bəlkə, Alineyanı az da olsa, unutmağına kömək olar.
Axşamtərəfi Etibar kişinin arvadı xahiş etdi ki, qız evinə bir-iki şey aparacam, kömək elə, aparaq. Bir-iki şey deyilən dörd ağır selafon torbanı da götürüb Qəndab xalanın yanına düşüb, qız evinə tərəf yollandılar. Qız evi kəndin o başında yerləşirdi. Çatana kimi torbaların ağırlığından az qalırdı qolları yerindən çıxa. Arada Qəndab xalanın “Ağır deyil, a bala?”, − soruşmasına baxmayaraq, özünü sındırmayıb “Yox, Qəndab xala, gəl”, − deyib yoluna davam edirdi. Nəhayət ki, qız evinin darvazasından içəri girdilər. Həyətdə böyük tut ağacından asılmış yelləncəkdə 14-15 yaşlarında bir qız uşağı həvəslə yellənirdi. Qıza baxdıqca içində xoş məramlı bir paxıllıq hissi keçdi. Düşündü ki, kaş o da belə uşaq olardı. Heç bir dərd-səri olmadan beləcə yellənəcəkdə yellənərdi. Qız onları görcək tez yelləncəkdən düşüb, özünü yığışdırıb, donunu səliqəyə salıb, “Ana, Qəndab xala gəlib”, − deyə qışqıraraq evə tərəf qaçdı.
− Buna bax e, sən allah, sabah toyudur, gedib hazırlaşmaqdan oturub yelləncəkdə yellənir, – deyən Qəndab xalanın sözləri onu dəhşətə gətirdi.
− Bu qızı alırsız Səmyəddinə?
− Hə, bala, Səmyəddin özü görüb, bəyənib.
− Qəndab xala, bu qız uşaqdır axı.
− Nəyi uşaqdır, on beş yaşını keçən ay tamamladı. Mən bunun yaşında olanda Səmyəddin varıydı artıq.
Qadının sözlərindən şoka düşmüşdü. On beş yaşlı bir qızı necə ərə verə bilərdilər axı? Onun indi dərslərini oxuyub, yelləncəkdə yellənib, gəlinciklə oynayan vaxtıdır. Həm Səmyəddin vaxtında evlənsəydi, indi bu yaşda qızı vardı, bəlkə də. Lap erkən nigahı qoyaq bir kənara, axı bu həm də pedofilizmiydi. Qızla Səmyəddinin arasında azı iyirmi yaş fərq vardı. “Sabah 15 yaşlı bir körpə öz bədbəxtliyinə addım atacaq”, − deyə öz-özünə heyifsizlənərək düşündü.
Axşam “ciyər axşamı” deyilən qonaqlıqdan sonra hamı öz evinə dağılışdı. Beş-altı nəfər kənd cavanları qaldı ki, onlar da yığışdılar Səmyəddinin evinə qumar oynamağa. Etibar kişinin həyəti böyük olduğundan elə oğluna da öz həyətində ev tikmişdi. Həyətin bir başında onun öz evi, digər başında isə oğlu Səmyəddinin evi idi. İki evin arasında heç əlli metr məsafə yox idi. Gecə yarıdan sonra gənclər qumardan yoruldular və başladılar olub keçənlərdən danışmağa. Kimisi əsgərlik illərindən, kimisi Bakıda tikintidə fəhlə işlədiyi vaxt barlarda çəkdiyi kefdən, kimisi də internetdə tanış olduğu “xalayla” necə və neçə dəfə cinsi əlaqədə olmağından. Sonra Səmyəddin başladı Rusiya macəralarından danışmağa. Ordakı rus qızlarıyla “bazlıqlarından”, ordakı qızların müasir, oxumuş, savadlı, burdakılarınsa, ancaq uşaq doğub, paltar yuyub, yemək bişirməkdən başqa bacarığı olmadığından. Söhbətlər artıq onu iyrəndirirdi. Səmyəddinə isə daha çox acığı tuturdu. Ürəyində “sənin kimilər on beş yaşlı qızları məktəbdən ayırıb, alıb arvad etməsələr, burda da qızlar müasir, savadlı, dünya görüşlü olardılar”, − deyib hava almaq bəhanəsiylə qalxıb evdən çıxdı.
Toy çox təmtəraqlı keçdi. Bakıdan müğənnilər, meyxanaçılar dəvət olunmuşdu. Amma qohum-əqrabanın, dost-tanışın söz üstündə davaları, söz alıb hərəsinin yarım saat danışması və danışdıqdan sonra da özünəxas mahnı sifariş edib yarım saat da ortalıqdan çıxmamasından dəvət olunmuş müğənni və meyxanaçıların çoxunun oxumasına vaxt qalmadı. Gəlin isə toyun əvvəlindən axırına kimi gəlinlik donunun üstündəki muncuqlarla oynadı.
Toy bitəndən sonra həm yorğun olduğundan, həm də içkili olduğundan tez yatmaq istədi. Odur ki, onun üçün ayrılmış otağa keçib elə paltarlı uzandı çarpayıya. Amma nə illah elədisə, gözünə yuxu getmədi. İçki beynində öz işini görür, yatmış duyğularını qaldırır, Alineyanı gətirirdi xəyalına. Yenə keçmiş xatirələr və darıxmaq hissi ürəyini sıxmağa başladı. Qızın xəyalına “gecən xeyrə, sevgilim”, − deyib təzəcə gözlərini yummuşdu ki, dalbadal bir neçə dəfə açılan güllə səsinə yerindən dik atıldı. Toydan sonra davamı düşmüşdü, ya bəlkə, Səmyəddinin Rusiyada düşməni-zadı varmış yazığı toy gecəsi güllələdilərmi deyə ani olaraq ağlına yüz cür fikir gəldi. Cəld yerindən qalxıb, çölə sıçradı. Otaqdan dəhlizə təzə çıxmışdı ki, çöl qapıdan təngnəfəs evə girən, əlində qana bulaşmış ağ mələfə olan orta yaşlı bir qadınla qarşılaşdı. “Hə, dəqiq kimisə vurublar”, − deyə ağlından keçirib qadından:
− Ay xala, nə olub, nə baş verib belə? – soruşdu.
− Yaxşı olub. bala, gözünüz aydın, – deyə qadın gülərək, cavab verdi və özünü zal deyilən otağa atdı.
Düşündü ki, “Arvadın başı xarab olub nədir. Adam vurublar, bəlkə də, ölüb bu isə deyir gözünüz aydın” Nə baş verdiyini daha dəqiq öyrənmək üçün özünü qadının dalınca otağa atdı. Qadın ilk olaraq qanlı mələfəni az qala Etibar kişinin gözünə soxaraq:
− Gözün aydın, ay Etibar. gəlinin üzüağ çıxdı, – deyib kişidən bir yaşıl iyirmilik qopardı.
Sonra Səmyəddinin balaca qardaşına göstərib bir onluq da ondan qopardı və beləcə otaqda olan kim vardısa, qanı hələ qurumamış mələfəni göstərərək özü demişkən “şirinlik” aldı. Mələfənin nə mələfə olduğu məlum oldu, amma həyətdən gələn güllə səslərinin nə olduğu hələ də ona qaranlıq qaldığı üçün Səmyəddinin balaca qardaşını yanladı və qulağına:
− Bayaq güllə atdılar həyətdə, nə məsələydi o? – deyə pıçıldadı.
− Elimizin adəti var. Toy gecəsi kənddə heç kim yatmır, hamı bəylə gəlinin toy gecəsinin necə keçməsini, gəlinin bakirə olub-olmamasını gözləyir. Əgər hər şey yaxşı olubsa və gəlin bakirə çıxıbsa, güllə atırlar ki, kənd əhli məsələdən hali olsun.
− Elə şey olar? Axı insanların özəl və intim həyatını niyə hamı bilməlidir axı?
− Nə bilim, adət belədir. Başına gələndə görəcəksən.
Ürəyində “mənim başıma belə şey gəlməyəcək”, − deyib, yatacağı otağa keçdi. Elə təzə uzanmışdı ki, Seyfəddin də otağa daxil oldu.
− O biri otaqlarda yatmağa yer tapmadım deyə mən də bura gələsi oldu, – deyib, elə paltarlı özünü boş çarpayıya yıxdı.
Otağa gecənin qaranlığı qədər ağır bir sükut çökdü. O əllərini başının arxasında daraqlayıb, gözünü pəncərədən süzülən zəif ay işığına zilləmişdi. Topa-topa buludlar harasa tələsirmiş kimi pəncərənin önündən dəstə-dəstə keçib getdikcə ayın qabağını kəsir, otağı daha da qaranlığa qərq edirdilər. “Görəsən, bu buludlar hara gedir belə?”, − deyə öz-özünə sual verdi. Bir anlıq bulud olmaq keçdi könlündən. Səma boyu süzə üzü Bakıya doğru, Alineyanın pəncərəsinin qarşısında dayana, boylanıb baxa onun yatışına, sonra da intihar edib, leysana dönüb qarışa torpağa.
− Sən niyə evlənmirsən?
Qəfil verilən sual içəridəki sükutu pozmaqla yanaşı həm də onu göylərdən yerə endirib xəyaldan ayıltdı.
− Nə bilim. Yəqin, hələ vaxtı deyil. Həm indi sənin növbəndir, Səmyəddin də evləndi, daha sən də tərpən.
− Ehh... mənim dərdim böyükdür, – deyə Seyfəddin dərindən ah çəkdi.
− O nə dərddir ki, sənə belə ah çəkdirir? – deyib üzünü Seyfəddinə çevirərək dirsəkləndi.
− Sevdiyim qız var, rayonda qalır. Hal-hazırda Bakıda universitetdə oxuyur.
− Hmm, anladım, qarşılıqsız sevgi.
− Yox, qarşılıqsız deyil, o da sevir məni. Yazışıb, danışırıq.
− Bəs o zaman nədir problem? – deyə, maraqla soruşdu.
− Atamın yaxın bir dostu var, qonşu kənddə qalır. Məni uşaqlıqdan onun qızıyla göbəkkəsdi ediblər. Əgər atama desəm ki, mən başqasını istəyirəm, doğrayar məni. Ona görə də məcburən tanımadığım, üzünü belə görmədiyim biriylə evlənməyə məcbur qalacam.
− Elə nə qədər ki, qız Bakıdadır qaçırt, gətir bizə. Sonra da bizimkilər qarışar işə, atanı yola gətirərlər.
Seyfəddin dikəlib yerinin içində oturub:
− Hansı əsrdə yaşayırıq ki, qız qaçırdaq, – dedi.
− Bəs hansı əsrdə yaşayırıq ki, göbəkkəsdiylə evlənək, ay Seyfi.
− Xalqın adət-ənənəsi var, pozmaq olmaz ki. Atam qızın atasına söz verib, onun sözünü yerə salsam, camaat nə deyər mənə, ayıbdır axı.
− Düzəlməyəcək, ay Seyfi, bu gedişlə düzəlməyəcək.
− Nə düzəlməyəcək?
− Nə qədər ki, toy gecələrində bütün kənd yatmayıb, iki şəxsin özəl həyatına burnunu soxaraq gəlinin bakirə olub-olmamasını gözləyəcək, nə qədər ki, bir qadının bakirəlik qanı bulaşmış mələfəni uşaqdan böyüyə hamıya göstərəcəklər, nə qədər ki, valideynlər övladlarını özlərindən asılı vəziyyətdə saxlayıb, özləri kiminlə istəyirlərsə, onunla da evlənməyə məcbur edəcəklər nə bu xalq, nə də bu cəmiyyət düzəlməyəcək.
− Sən şəhər uşağısan, həm də oxuduğun kitablar başını xarab edib. Xalqın adət- ənənəsidir bunlar, hörmətlə yanaşmaq lazımdır. İstəsək də, istməsək də, qəbul edib, əməl etməliyik, – deyib Seyfəddin altındakı adyalı çəkib üstünə ataraq, üzünü divara tərəf çevirdi.
O isə gülümsünərək yenidən əllərini başının arxasında daraqlayıb, gözünü pəncərədən səmaya zillədi. Artıq ay görünmürdü. Qara buludlar kəsmişdi qarşısını. Elə bu an otaq işıqlandı və bir neçə saniyə sonra göy üzü nağıllardakı əjdahalar kimi nərildədi. Bayaqkı “görəsən, hara gedir buludlar”, − sualına cavab tapdı. Döyüşə gedirmişlər. Döyüşkən qoçlar kimi kəllə-kəlləyə gəlirlər. İldırım da toqquşan buynuzlardan çıxan qığılcımdır. Daha bir qığılcım, daha bir nəriltinin dalınca şırhaşırla leysan tökməyə başladı. Yağışın soyuğu açıq pəncərədən içəri dolub onu üşütdü. Qalxıb pəncərəni örtməyə ərindiyi üçün o da Seyfəddin kimi altındakı adyalı çəkib üstünə örtüb, üzünü divara çevirərək yağışın çaldığı laylanın notları altında yuxuya getdi.
***
Yol kənarındakı ağaclar bir-bir geridə qalırdı. O başını avtobusun şüşəsinə söykəyib, fikrə getmişdi. Gecədən yağan yağış yolların qırağında kiçik gölməçələr yaratmışdı. Havanın da qəfil sərinləşməsi göstərirdi ki, deyəsən, yay estafeti payıza verərək buraları tərk etməyə hazırlaşırdı. Nə qədər yatmaq istəsə də, arxa oturacaqda oturan iki qızın səsləri imkan vermədi. Zalım balaları rayondan çıxandan danışırlar, susmaq bilmirlər. Avtobusa minəndə fikir vermişdi hər iki gözəl-göyçək, müasir geyimli qızlar idilər. Hər ikisi də gəldikləri rayonun ləhcəsiylə danışırdılar. Yolda qızların birinə zəng gəldi. Qızın telefonu açıb, “alo” deməsiylə bayaqdan danışdığı ləhcədən əsər- əlamət qalmaması bir oldu. Dəstəyin o başındakı nə dedisə, bu da cavabında:
− Az, daa... Ona moya qrup yoldaşı da, – deyə cavab verdi.
Beş dəqiqəyə kimi belə danışıb:
− Xoroşo, my baby, hoşcakal, mən də öpdüm, – sözləriylə sağollaşdı.
Telefonu çantasına qoyan kimi də qayıtdı öz ləhcəsinə. Nə qədər qulaq asmaq istəməsə də, arada qulağı çaldı ki, qızlar Bakıya çatan kimi pubların birində oturub, doyunca içib, üç ayın heyfini çıxarmaq fikrindədirlər.
Bakıya çatmasına az qalmışdı ki, telefonuna mesaj gəldi. Ərincək-ərincək əlini cibinə salıb telefonu çıxartmışdı ki, ekrandakı adı görcək əlləri əsdi. Mesaj ondanıydı. Ürək edib mesajı açıb oxuya bilmirdi. Gözlərini yumub, başını oturacağın arxasına söykəyərək bir neçə dəfə dərindən nəfəs alaraq həyəcanını dəf etməyə çalışdı. Elə bildi ki, yenə hallüsinasiya yaşayır. Ətrafdakı insanlara baxdı, özünü bir neçə dəfə çimdiklədi. Əmin olmağa çalışırdı ki, hallüninasiya yaşamır, həqiqətən, Alineyadan mesaj gəlib. Özünü toparlayıb mesajı açdı. Həqiqətən, ondan mesaj gəlmişdi. Hal-əhval edib Bakıya çatana kimi ordan-burdan danışdılar. Amma ürək edib qızdan niyə yazdığını soruşa bilmədi.
Artıq neçə gün idi ki, yazışırdılar. Hətta bir neçə dəfə görüşüb, çay içib söhbət də etmişdilər. Uzun aradan sonra ilk dəfə görüşəndə qızın saçlarının rəngini dəyişdiyini gördü və çox heyifsiləndi. Axı payız rəngli saçlar ona daha çox yaraşırdı və o onu bu saçlarla sevmişdi. Qızı evə ötürəndə fürsət tapıb azca yaxınlaşaraq özünə sezdirmədən saçlarını qoxladı və gördü ki, saçının rəngi dəyişsə də, qoxusu həmən qoxu olaraq qalmışdı.
Görüşmələrinin birində qız həyatında bir başqası olduğunu demişdisə də, o inanmamışdı. Hər dəfə yazışanda, görüşəndə içində çoxdan ölmüş, artıq çürümüş torf halında olan ümidlərinin içindən xırda fidanlar baş qaldırırdı. Hər gecə Tanrının ətəyindən yapışaraq, etdiyi dualarımı qəbul olunmuşdu, ya Tanrının ona yazığımı gəlmişdi bilmirdi. Arada bir çaşıb keçmişdəki kimi ona “ömrüm” də deyə müraciət edirdi. O nə ondan qabaq, nə də ondan sonra heç kimə “ömrüm” deməmişdi, deyə bilməmişdi. Anasız bir uşağın anasından başqa kimsəyə “ana” deyə bilməməsi kimiydi ona “ömrüm” deməyi.
Payızın ilk günləri artıq özünü göstərməyə başlamışdı. Havada soyuqluq vardı və xırda-xırda yağış atırdı. Göy üzü üstünə qışqırılaraq, dodaqlarını büzüb, ağlamağa hazırlaşan bir uşağa bənzəyirdi. O, hər zamankı kimi əllərini cibinə qoyub, Bakının küçələrini tək-tənha gəzirdi. Özü də bilmirdi hara və niyə gedir. Beynində Alineyalı fikirlər, qəlbində cücərməkdə olan ümidlər aparırdı onu qızın iş yerinə tərəf. Qəfil qulağına gələn ağlaşma səsindən diksinərək sağa-sola baxdı. Ağlayan kişiydi. Səs gələn istiqamətə doğru addımlarını yeyinlətdi. Yaxınlaşdıqca gördü ki, səs yaxınlıqdakı məsciddən gəlir. Yadına düşdü ki, Məhərəmlik ayıdır və bu gün “qətl sınan” gündür. Geri qayıtmağa ərindi, ona görə də məscidin həyətindən keçib getməyi qərara aldı. Məscidin həyətinə girəndə isə dəhşətə gəldi. Məscidin minarəsindəki səsucaldıcıdan gələn səs ağlamsınmış formada “Vay Hüseyn, can Hüseyn” dedikcə, həyətdəki otuz-qırx nəfərə yaxın insan əllərindəki zəncirlərlə kürəklərinə zərbələr endirirdilər. Zərbələr güclü və çoxsaylı olduğundan kürəklərindən qan sızırdı. Onu ən çox da dəhşətə gətirən bu insanların içində azyaşlı uşaqların da olması idi. Narın yağan yağışın damlaları onların kürəklərinə damır, ordan da qanlarına qarışaraq aşağı süzülürdü. Daha baxa bilmədiyi üçün iti addımlarla oranı tərk etdi. Tarixdən oxumuşdu ki, Hüseyn Kufəyə hakimiyyəti ələ keçirmək üçün gedirmiş. Yolda, yəni Kərbəlada Yezidin ordusuyla qarşılaşır. Hansı ki, hakimiyyət o vaxtı Yezidin əlindəydi. Tərəflər arasında olan döyüşdə Hüseyn öldürülür. Məlum məsələdir ki, döyüşdə güclü olan tərəf qalib gəlir. Beynində bir sual yarandı, niyə həzrət Əliyə deyil, Hüseynə yas saxlanılır. Axı Əli ibadət edərkən arxadan vurularaq öldürülüb. Məntiqlə baxanda o da şəhiddir. Bəs niyə onun ölüm günü bu qədər həngamə çıxarıb, özlərini döyüb, qan çıxarmırlar. Bir də ki, İslam dini Ərəbistana yaranıbsa, bəs niyə Ərəbistanda Məhərrəm ayını yas tutmur, özlərini zəncirlərlə vurmurlar, “Ya hüseyn” deyib ağlamırlar. Beynində yaranmış suallardan qaçıb, fikrini dağıtmaq üçün yolunu dəyişərək, şəhərin mərkəzinə doğru addımladı. Elə mərkəzə təzə çatmışdı ki, otellərdən birinin qarşısında dayanan taksidən bir ərəblə iki on səkkiz-iyirmi yaşlarında azərbaycanlı qızın düşərək otelə girdiyini gördü. “Maraqlıdır, Məhərrəmlik ayı, “qətl sınan” gün biz hakimiyyət uğurunda gedən döyüşdə öldürülmüş bir ərəbə 1400 ildir yas saxlayaraq, özümüzü döyüb, qan çıxarırıq, ərəblər isə həmin günü bizim öz Bakımızda, öz otelimizdə, azyaşlı qızlarımızla yataraq qan çıxarırlar”, − deyə düşündü. Beynindəki bu fikirlərlə düşdü metroya.
Alineyanın iş yerinin yaxınlığındakı metro stansiyasından çıxandan aram-aram yağan yağış artıq leysana çevrilmişdi. Küçədəki insanlar saga-sola qaçışırdı. O isə yağan leysandan zövq alırmış kimi tələsmədən, ləng addımlarla qızın iş yerinə tərəf yönəlmişdi ki, arxadan tanış gülüş eşitdi. O idi. Milyon insanın içindən bu gülüşü tanıyardı, bəli, bu onun gülüşü idi. Cəld arxaya çevrilib baxdıqda sanki göydən yağış deyil, qurğuşun yağdı başına. Bayaqdan zövq aldığı damlalar indi başına, üzünə dəydikcə ağrıdırdı onu. Onun Alineyası bir oğlanla əl-ələ tutub, gülüşərək qaçıb, özlərini metroya saldılar. Oğlanı tanıyırdı. Alineyanın köhnə tanışlarından idi. Hansı ki, bir zamanlar Alineya onun haqqında “Dünyagörüşü yox, ömründə bircə dəfə kitab üzü açmayan, cahil düşüncəli biridir”, − demişdi. “Demək həyatımda biri var dediyi bu imiş”, − deyə düşündü. Elə həmin an öldü içindəki bütün sevgilər. O, ana kimi mələk sandığı, uşaq gülüşlü, məsum qadın gözündə kiçilərək heç kimləşib, iyrənc bir məxluqa döndü. Nifrəti sevgisini üstələyərək, onu elə içindəcə boğub, cəsədini ölmüş siçan cəsədi kimi bir küncə tulladı. İylənməsin deyə, üstünə torpaq da tökdü.
Əslində, içindəki bu nifrətin səbəbi tərk edilməsi deyil, kimə dəyişilməsiydi. İçində qıza qarşı bir nifrət hissi baş qaldırdı və anbaan da bu nifrət içində böyüməyə başladı. Böyüdükcə də sarmaşıq ağacı qurudan kimi sevgisini qurudaraq məhv etdi. Boğuldu, sanki ürəyi yerindən çıxaraq gəlib xirtdəyində dirəndi. Ağlamaq istədi, həm də hönkürərək. Amma nə qədər etdisə də ağlaya bilmədi. Göz yaşları da rəva bilmədilər daha o qız üçün axmağa. İçində təzə-təzə baş qaldırmış, tumurcuqlayaraq çiçək açmağa hazırlaşan ümidlər anidən solaraq boyunlarını bükdülər. Özünü toparlayıb, “cəhənnəm olsun”, − deyib, addımlarını yeyinlədərək oradan uzaqlaşdı. Yol boyu Alineyanın həyatında biri ola-ola niyə ona yazıb, bu qədər yaxınlıq yaratmasını düşündü. Bu sual beyninin dərinliklərinə işləyərək başında küt bir ağrı əmələ gətirirdi. Çox keçmədi ki, cavabını da tapdı. Hardasa oxumuşdu ki, qatil cinayət törətdiyi yerə qurbanının ölüb- ölməməsini yoxlamaq üçün qayıdır və qurbanının ölmədiyini gördükdə ona öldürücü zərbə vurmaq, daha da yaxın olmağa çalışır. Bəli, Alineya onun ölmədiyini görərək öldürücü zərbəsini vurmaq üçün ona yaxın oldu və məqsədinə çataraq da düz ürəyinin ortasından endirdi zərbəsini. Amma bu sərrast vurulmuş zərbəylə onu deyil, o qəlbin içindəki özünü öldürdü.
Həmin gündən aylar keçməsinə baxmayaraq, o heç bir qadını sevə bilməmiş, həyatına heç kimi sala bilməmişdi. Alineya vurduğu son zərbəsiylə onun tək özünə qarşı olan sevgisini deyil, ümumiyyətlə, sevgi hissini öldürmüşdü. Fikrini dağıtmaq üçün çantasındakı kitabı çıxarıb oxumağa başlamaq istəyirdi ki, sürücü hansısa bir toyxana müğənnisinin mahnısını qoşaraq yüksək səslə oxutmağa başladı. Rayona − Etibar əmisigilə gedirdi. Amma bu dəfə toya deyil, yasa. Səmyəddinin azyaşlı arvadı doğuş zamanı qan axmadan ölmüşdü.