Edebiyyat.az » Proza » Uraqan Abdullayev - Doktor Morqerin Labaratoriyası

Uraqan Abdullayev - Doktor Morqerin Labaratoriyası

Uraqan Abdullayev - Doktor Morqerin Labaratoriyası
Proza
admin
Müəllif:
17:39, 13 iyul 2020
1 343
0
Uraqan Abdullayev - Doktor Morqerin Labaratoriyas ı




İçəri daxil olub morqdakı ölmüş insanların siyahısına baxdı. Ona buradakı ölülərin hansı lazım olacaqdı?! Bəlkə də, həmişə olduğu kimi bu siyahıya da lazımsız insanları yığmışdılar. Yenə də bu insanları dirildib hər biriylə söhbət etməli, hər birinin həyatını öyrənməliydi.

Meyidlərə doğru addımladı. Görəsən, bu gün ilk insan kimi hansını seçəcəkdi? Meyidə yaxınlaşıb mələfəni dartdı. Lopa bığlı, qalın qaşlı, girdə sifət, dolu bədənli və yekə qarnı olan bir polis məmuru idi. Morqer əlini lopabığın başına çəkdi. Meyidin başına Morqerin əlinin dəyməsiylə məmurun ayılıb dik atılması bir oldu. Məmur gözünü qaranlıq bir otaqda açmışdı. Görə bildiyi tək şey Morqerin bəyaz xalatıydı. Olan-bitənləri xatırlamağa çalışsa da, bura necə düşdüyünü anlaya bilmədi.

– Bu nədir? Mən haradayam?

– Burada sualları biz verərik, – Morqer dedi.

– Nəyə görə? – Məmur bir daha sual verdi, – Bura haradır, mən haradayam?

– Ölmüş birisən, səni isə biz diriltdik. Necə bir həyat yaşadığın bizə çox maraqlıdır.

– Məndən nə istəyirsən?

– Öz həyatını danışmağını istəyirik, – Morqer dedi.

– Elə isə danışa bilərəm. Ancaq bir dəqiqə. Mən ölmüşəm?

– Bəli, çoxdan ölmüsən.

– Bəs bura haradır?

– Bura bir labaratoriyadır. Özümüzə lazım insanları seçirik. Ona görə hər şeyi düzgün danışmalısan.

– Yaxşı, – məmur dedi və öz həyatını danışmağa başladı:

"Mən əla həyat keçirən polis işçisiydim. Yaşadığım müddətdə elə bir çətinliklə üzləşməmişdim. Həyat mənə çox rahat görünürdü. Daha sonra həyatın rahat tərəfini tapmışdım. Rüşvət insanın şərəfini, vicdanını əlindən alsa da, ona asan həyat bəxş edir. Cinayət üstündə tutulan insanları onların pulunu taladıqdan sonra buraxmaqdan daha rahat bir iş ola bilməz. Tək çətinlik onları bu cinayətlərə özümüzün sövq etməyində olurdu. Ancaq bu da bizə heç bir maneçilik törətmirdi. Bizə işləyən camaatı bədbəxt edən adamlarımız hələ də var."

Bunu demişdir ki, Morqerin ona bir dəfə toxunmağıyla məmurun bədəni solğunlaşdı. Yavaşca başını yerə qoydu və üstünü mələfə ilə örtdü. İkinci meyidə tərəf yaxınlaşdıqda, mələfəni endirmədən ayaqlarına baxdı. Onun bir qadın olduğunu anlamışdı. Mələfəni aşağı çəkdiyi zaman kürən və uzun saçlı, incə döşləri olan, ideal bədənli bir həkim gördü. Kaş ki ağlı da, gözəlliyi qədər ecazkar olsaydı. Morqer qadının qırmızı saçlarına sığal çəkməyi ilə, onun solğun bənizi yenidən həyat rəngi aldı. Yavaşca gözlərini açdığı zaman çox ehtiraslı görsənirdi. Morqerə baxıb gülümsədi, saçlarını daradı və dedi:

  • Salammm. Mən hardayam?

–   Tibb məntəqəsində, daha doğrusu, Morqda. 

  • Burada nə işimiz var, niyə gəlmişik?

– Səninlə bir az yalnız qala bilmək üçün, – Morqer dedi. Bu sözlər qadının çox xoşuna gəldi. Yanında onunla yalnız qala bilmək istəyən biri dayanmışdı. Başını qaldırmadan soruşdu:

– Bəs bura necə gəlmişəm? Xatırlamıram.

– Bax, gözəl xanım, – Morqer dedi, – Necə gəlməyin önəmli deyil, önəmli olan sənin bu morqda olmağındır. Bizə lazım olan insanları axtarırıq.

– Bəs bunun qarşılığında nə verəcəksiniz? – Qadın gülümsədi.

– Onu hələ deyə bilməyəcəyəm.

– Yaxşı. Elə isə başlayaq.

– Bir az özün haqqında danış. Ancaq hər şeyi olduğu kimi danış ki, səni düzgün dəyərləndirə bilək.

"Mən dövlət xəstəxanasında işləyən tibb bacısı idim. Maaşım yüksək olmadığından öz müştərilərimi verdikləri pula görə dəyərləndirərdim. Sözün açığı universitet vaxtında da oxumağa həvəsim olmayıb. Bütün imtahanlarımı pulla bitirmişəm. Hələ o vaxtlardan mənim üçün lazım olan gözəlliyim və kişiləri başdan çıxaran bədən quruluşumun olmasıydı. Yəni əsas məsələ gözəl görünməkdir mənim üçün. Çox vaxt yanıma gələn xəstələrə də hansı dərmanı verəcəyimi dəqiq bilmirdim. Varlı bir nazirin oğluyla eşq həyatı yaşayırdım. Daha doğrusu məni o saxlayırdı." Bunu demişdir ki, Morqer əliylə qadının saçlarına sığal çəkdi. O yavaşca gözlərini yumduqda heç bir həyat əlaməti görsənmirdi. Mələfə ilə qadının üstünü örtüb digər meyidlərə doğru addımladı və təsadüfən özünə birini seçdi. Mələfəni endirdikdə keçəlbaş, yaşlı bir kişi gördü. Kişi məhkəmə hakiminin paltarını geyinmişdi. Morqer kişinin başına bir dəfə toxunmağıyla, hakim paltarı geyinmiş kişi oyandı.

– Biz haradayıq? Bura haradı belə? – Hakim soruşdu.

– Sorğu suallarla dolu məhkəmədə. Ancaq bu dəfə sualları biz verəcəyik.

– Nəyi bilmək istəyirsiniz?

– Bilmək istəyirəm, yaşadığınız müddətdə nə işlə məşğul olmusunuz?

– Mən ölmüşəm? – Hakim soruşdu.

– Bunu hələ dəqiq bilmirik. Bu sizin nələri danışmağınızdan asılıdır. Düzünü danışmalısınız ki, sizi düzgün mühakimə edə bilək.

Həmişə özü mühakimə etməyinə baxmayaraq, bu dəfə yaşlı hakimi başqaları mühakimə edirdi. Nəfəsini dərib sözə başladı:

"Mən məhkəmə hakimi idim. Bacardığım qədər mühakimələri düzgün yürütməyə çalışırdım. Lakin araya pul girəndə düzgün mühakimələr yürütməkdə çətinlik çəkirdim. Pul nə deyirsə, onun dediyini deməyə məcbur qalırdım. Çox vaxt istəmədən haqsız qərarlarla kasıbları bədbəxt, pulu olanları isə xoşbəxt etmişəm”. Hakim bunu demişdir ki, Morqer sözü çox uzatmadan onun başına toxundu. Bununla da hakim əbədi olaraq gözlərini yumdu. Araşdırmalarına baxmayaraq, hələ də istədiyi adamı tapa bilmirdi. Nə də olsa, öz işindən imtina edə bilməzdi. 

Yavaşca daha bir meyidin mələfəsini çəkdi. Arıq, uzunsov sifəti olan gənc bir oğlan gördü. Oğlanın geyimi heç də səliqəli deyildi. Sanki bütün gününü küçələrdə keçirən əsl ara uşağıydı.  Görəsən, oğlan hansı işlə məşğul olmuşdu, hansı yolun yolçusuydu? Öyrənməyin tək yolu vardı. Oğlanın nəbzinə yavaşca toxundu. Oğlan yerindən dik atıldı.

– Mən haradayam? – oğlan soruşdu.

– Günahlar şöbəsində. – Morqer dedi.

– Yəni ölməmişəm?

– Hələ dəqiq bilmirik. Bu sənin cavablarından asılıdır.

– Nəyi bilmək istəyirsiniz?

– Danış görək, yaşadığın həyatda hansı işlə məşğul olmusan, nələr etmisən?

Oğlan fikirlərə dalıb öz hekayəsini danışmağa başladı:

“Uşaqlıqdan çox çətin həyatım olub. Xəstə anamı sağaltmaq üçün gənc yaşlarımdan oğurluğa başladım. İmkanımız zəif olduğundan məktəbə belə gedə bilmirdim. Bir müddət sonra isə anam xəstəlikdən dünyasını dəyişdi. Mənim əli əyriliyim isə dəyişmədi. Daha buna öyrəşmişdim. Sonra isə məni tutub oğurluq üstündə polis şöbəsinə apardılar. Polis məmuru burada mənimlə bir razılığa gəldi. Razılaşmaya əsasən, mən insanlara böhtan atıb şər yaxmalı və onları zibilə salmalıydım. Kiçik fırıldaqlarla böyük işlər görməli idik.” Bunu demişdir ki, Morqer oğlanın nəbzinə bir daha toxundu. Oğlan daha heç bir söz deyə bilmədi.

Vaxt azaldıqca Morqerin səbri isə tarıma çəkilirdi. Bu cür cəmiyyətdə belə lazımsız insanlar olduğuna görə təəssüflənirdi.  Addımlayaraq mələfə ilə örtülmüş növbəti meyidə tərəf yaxınlaşdı. Mələfəni çəkdi. Qarşısında bahalı kostyum geyinmiş, 25 yaşlarında, atletik bədən quruluşuna malik oğlan dayanmışdı. Əliylə toxunduqda, oğlan sanki öz evində, isti yatağında ayılırmış kimi gərnəşdi. Asta-asta başını qaldırdı. Sanki şirin yuxusundan kimsə oyatmışdı. Morqerə baxdı və laqeydcəsinə ondan soruşdu:

  • Sən kimsən? Mən haradayam?

–   Əbədi yuxular diyarında, – Morqer gülümsədi.

–   Bura necə düşmüşəm?

–   Bura öldükdən sonra hər kəs düşər.

–   Yox, gərək atama deyim, məni buradan çıxartsın.

–   Səni buradan heç kim çıxara bilməz.

–   Niyə?

–   Səni burdan ancaq biz çıxara bilərik.

–   Bəs necə? – Oğlan başa düşmədi.

–   Bunun üçün sən bizə hər şeyi düzgün danışmalısan. İstəsən belə, yalan danışa bilməzsən. Sənin həyatını görə bilirik, – Oğlan təəccüblənərək Morqerə baxdı. Sonra üzünü qaranlığa çevirib nəfəsini dərdi və danışmağa başladı:

"Mən çox tanınmış bir nazirin oğluydum. Atamın sayəsində bütün ömrümü bəy kimi yaşamışam. Atam isə bu pulları heç də halal yollarla qazanmamışdı. Əksinə, dövləti talayaraq xalqın sərvətini mənimsəmişdi. Mən də onun oğluydum. Atamdan gələn pulları haralara istəsəm, ora xərcləyirdim. Çox qadınla yatmışam. Axırıncı dəfə xəstəxanada işləyən bir qadını saxlayırdım. Çox ehtiraslı bir qadın idi. Maşınla gedərkən mənimlə birlikdə yanımda oturmuşdu. Mən isə özümü ona göstərmək üçün sürəti artırdım. Bu zaman qarşıma bir axmaq çıxdı. Sanki özünü maşının qabağına atmışdı. Mənə dəyməməsi üçün sükanı sağa çəkdim. Bu zaman yolun kənarında dayanan bir qadını maşınla vurdum. Ancaq bir dəqiqə, mən ölməmişdim."

Bunu demişdir ki, Morqer nazirin oğluna bir daha toxundu. Oğlan susdu. Daha heç bir söz demədi. Oğlan ölməmişdi. Bu insanlardan heç biri ölməmişdi. Əsl həyatda hər biri yaşayırdı. Yaşadığımız həyatda bu insanlardan hamısını görə bilərik. Sadəcə ölən, onların beyinləriydi. Nəfəs alsalar da, yaşadıqlarını düşünərək yaşamırdılar. Əksinə, əsl yaşayan insanları bədbəxt edib onların həyatını qaraldırdılar.

Morqer sonuncu, yaşamağa layiq olan həmin insana yaxınlaşdı. Mələfəni aşağı saldığı zaman şabalıdı saçları olan, ədəbli bir geyim geyinmiş bir qadın gördü. Qadın sanki bütün ömrünü halal, zəhmətlə keçirmişdi. Morqer qadını oyadıb onunla söhbət etməli idi. Ancaq digərlərindən fərqli olaraq qadına toxunmağa belə əli gəlmirdi. Nə edəcəyini düşünürdü. Qadına baxdı və heyifsilənərək gözlərini yumdu. Onunla necə danışacağını və ona ölüm xəbərini necə verəcəyini özü də bilmirdi. Təəssüflənərək dərin bir “ah” çəkdi.

Gözlərini açdığı zaman qadının məsum baxışları Morqerin qəlbini acıtdı. Qadın sanki bir az qorxmuşdu. Harada olduğunu anlamağa çalışırdı. Buna rəğmən qadın bütün cəsarətini toplayıb Morqerə sual verdi:

– Bura haradır? Mən haradayam?

– Bura bir imtahan otağıdır.

– Məndən nə istəyirsiniz?

– Bütün həyatını danışmağını. Nələr etdiyini və son xatırladığın anı.

– Mən ölmüşəm? – qadın hər şeyi anlamağa çalışırdı.

– Təəssüf ki, hə. – Morqer təəssüflə bildirdi.

– Bəs mən bura niyə gəlmişəm?

– Bura hər kəs gələr. Hər günahla, hər xatirəylə, hər həyatla və hər ölümlə. Bunun əsasında sənə bir qiymət veriləcək və səni hara göndərməli olduğumuzu dəqiqləşdirəcəyik.

Qadın Morqerə inamla baxmağa başladı. Sanki qorxacaq bir şey qalmamışdı. Ölüm insanlar üçün son qorxula biləcək şey sayılırdı. Əsas olan isə, insanın nə üçün yaşadığı və nəyin uğruna ölümə getdiyini anlamağı idi.

“Mən məktəbdə işləyən müəllim idim. Bacardığım qədər şagirdlərimə düzgün yol göstərməyə, onları pis əməllərdən çəkindirməyə çalışardım. İnsanın təhsili ona çox şey qazandıra bilər. Ancaq həyatda ilk növbədə onlara insan olduqlarını və insanlıq uğrunda mübarizə aparmalarını xatırladırdım. Savadla insan həyatda istədiyi zirvəyə yüksələ bilər. Önəmli olan zirvəyə çatdıqdan sonra nələr edəcəyindir. Öz keçmişini unutmamalı, gələcək uğrunda çalışmalı və özü kimi digər insanlara da kömək etməlidir. 

Xatırlayıram ki, axırıncı dəfə məktəbdən çıxdıqdan sonra evə getmək üçün dayanacaqda gözləyirdim. Bu zaman uzaqdan gələn yüksək sürətli bir maşının gəldiyini gördüm. Cəld qalxıb yaxınlıqda olan uşaqları yoldan uzaqlaşdırdım ki, onlar üçün təhlükəli olmasın. Axırıncı xatırladığım isə maşın üstümə gələrkən sonuncu uşağı itələyərək qəzadan uzaqlaşdırmağımdır”.   

Bundan sonra qadın heç bir söz demədi. Morqer susdu, nə danışacağını özü də bilmirdi. Boş-boş danışıb təsəlli verməkdənsə, susaraq qadını anlayırdı.

– Bu vaxtdan sonra məni hara yollayacaqsınız?

–   Siz bizə lazım olan insansınız, – Morqer gülümsədi, – Bundan sonra sizin üçün hər şeyin yaxşısı olacaq. Gedəcəyiniz yerdə heç bir pislik olmayacaq. Yüksək savadlı, gözəl xasiyyətə malik, mehriban və insanlıq hissi olan adamlarla birlikdə yaşayacaqsınız. Sizi cənnətə yola salırıq. Təbriklər. Siz bizə lazım olan əsl insansınız.

–   Demək cənnətə gedirəm, – qadın fikirləşdi və dedi, – Bəs olmaz ki, cənnətə getməzdən öncə yaşadığımız dünyanı cənnətə çevirməyə çalışaq? Pisliklərdən uzaq, gözəl bir həyata başlayaq. Bacardığımız qədər yaxşılıqlar edib, çətin vəziyyətdə olan insanlara kömək edək. Onda yaşadığımız həyat daha gözəl olmazmı? Niyə hamı cənnətə gedəcəyini gözləyir, amma heç kim bunun üçün çalışmır?

Bunu deyərək qadın müəllim gülümsədi. Morqer ona baxdı və dedi:

–   Kaş ki, həyatda hamı sizin kimi düşünəydi. Dünyanın sizin kimi insanlara ehtiyacı var. Ancaq vaxtdır, siz cənnətə getməlisiniz.

–   İcazə verin, bir xahiş edim.

–   Buyurun, – dedi Morqer.

–   İstiyərdim ki, yenidən başlayım. Mən cənnətə getməyi yox, bu dünyanı cənnətə çevirməyi seçirəm.

Morqer qadına baxdı və düşündü. Bir neçə saniyə sükut çökdü. Sonra sözə başladı:

–   Həqiqətən dünyaya geri qayıtmaq, hər şeyi yenidən başlamaq istəyirsiniz?

–   Bəli, – qadın başıyla təsdiq etdi.

Morqer bir neçə saniyə dayandı. Susqun vəziyyətdə olsa da, sanki kiminləsə müzakirə aparırdı. Səssiz keçən müzakirənin yekununda Morqer təkrar dilləndi:

–   Yaxşı, biz sizin bu təklifinizi qəbul edirik. Siz yenidən doğularaq həyata başlayacaqsınız. Zehniniz sıfırlanacaq və heç bir xatirənizi xatırlamayacaqsınız.                                           

– Bəs mənim prinsiplərim? – qadın dedi, – mən bunun uğrunda yenidən mübarizə apara biləcəyəmmi?                                                                         

–   Bəli, – Morqer gülümsədi, – Bunun üçün mələklərimiz sizə kömək edəcək. Bu zaman sizin qarşınıza çıxacaq yaxşı insanları bir mələk, pisləri bir şeytan kimi qəbul edəcəksiniz. Bir şeyi də yaxşı başa düşəcəksiniz ki, bəzi həyatlar ölümdən də zəhərli, bəzi ölümlər isə bütün həyatlardan daha dəyərlidir, – Morqer deyib əlavə etdi, – Mənimlə gəl.

Qadın oturduğu yerdən qalxıb Morqeri izlədi. Bir az addımladıqdan sonra Morqer dayandı. Qarşılarında üç qapı vardı. Sol qapı qaranlıq idi. İçəri zülmətlə doluydu. Sağ qapı bəmbəyaz aydınlıqla bəzənmişdi. Hər tərəfə nur saçırdı. Ortadakı qapı rəngarəngə boyanmışdı. Rəngləri dəyişir, gah qaralır, gah yenidən aydınlanırdı.

Morqer qapıları göstərərək qadına dedi:

– Solda gördüyün qapı cəhənnəmdir. Etdiyimiz əməllər kirli və qaranlıqdırsa, sizi ölümdən sonra zülümlərlə dolu zülmət gözləyir. Buranı qaranlıq edən isə işığın və aydınlığın olmamasıdır. Bura cəhənnəmdir. Etdiyimiz günahları xatırladıqca peşmanlıq çəkəcəyimiz həmin yerdir. Cisminiz deyil, ruhunuz alışıb yanacaq. Ancaq ölməyəcəyik. “Bitsin” deyə yalvarsaq da, bitməz bu qaranlıq gecələr. 

İkinci sağdakı qapı cənnətdir. Par-par parıldayır. Ora yaxşılıqlarla doludur, nur saçır və bəmbəyazdır. Ancaq yadında saxla ki, dünyada bütün rənglər üç rəngdən: göy, qırmızı, yaşıl rənglərin müəyyən nisbətlə birləşməsindən yaranır. 

Ağ rəng isə bütün rənglərin parıltısıdır. Üçüncü ortadakı, rəngləri tez-tez dəyişən qapı dünya, yaşadığımız həyatdır. Oranın rənglərinin qaralması da öz əlimizdədir. O qaranlığı işıqlandırmağımız da öz əlimizdədir. Etdiyimiz yaxşılıqlarla gözəlləşər bu dünya. Sənə danışdığım bu sözlər yadından çıxmayacaq, zehninin dərinliklərində, şüuraltında həmişə var olacaq.

Qadın Morqerə baxdı. Morqer heç kimə yalan danışmamışdı. Bura morq idi. Bura günahları xatırlama şöbəsi idi. Bura məhkəmə idi. Sanki şirin bir yuxuydu və ən əsası, əsl imtahan idi. Qadın Morqerin də bir mələk olduğunu anlamışdı. Üzünü Morqerdən çevirərək qapılara baxdı. Yavaşca ortadakı qapıya tərəf yaxınlaşdı. Qapıya daxil olarkən son dəfə çevrilib Morqerə baxdı. Daha qadın Morqeri tanımasa da, Morqer qadını həmişə xatırlayacaqdı.

SON

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)