Rövşən Yerfi - “KORONA” XATİRƏLƏRİ (hekayə)
Qanı qaralmışdı. Keçmiş iş yoldaşı Kənanın srağagün ölməsi xəbərini eşitmişdi. Kənan hələ təqaüd yaşına çatmamışdı, neçə il idi ürəyindən əziyyət çəkirdi. Həmişə qazancı iynə-dərmana işlənirdi. Koronavirus yayılandan çox yaşayacağına ümidini itirmişdi. Hər yerdə açıq-açığına deyilirdi ki, bu xəstəlik əvvəldən ağır xəstəliyi olanları və ahılları sağ qoymayacaq, öldürəcək. Necə və nə qədər qorunsa belə, işdə, nəqliyyatda, mağazada günlərin birində yoluxacaqdı. Hər zaman təmiz ağızlıq taxmaq, ətrafındakı insandan ara məsafəsi saxlamaq qaydasınca alınmırdı. Yoluxmamaq üçün çölə çıxmamalı idi. Amma işə getməli, çörək qazanmalı idi. İyirmi ilin köhnə Jiqulisi olduğu üçün sosial təminat idarəsinin ayırdığı ən kiçik maddi yardımın da ona verilməsi qanuni sayılmırdı. Evdə oturub acından ölməkdənsə, xəstəliyə yoluxub, daim maddi sıxıntıda olan canüzücü həyatdan üzüsulu getmək daha yaxşı idi.
Elə də oldu. Bədənində başlayan ağrılardan, günbəgün artan istiliyindən hiss etdi ki, sonu gəlir. Kasıb adamdır, indiki dövrdə də, kasıbları adam yerinə qoyan yox idi, xəstəxanada kimsəsiz, yiyəsiz kimi ölməkdənsə, öz yorğan-döşəyində gözlərini yummaq ona görə daha böyük xoşbəxtlik idi.
Allahdan son istəyi xanımının yaxın günlərdəki ad gününə qədər sağ qala bilmək idi. Ərki çatdığı iş yoldaşlarından birinə pulunu verib hədiyyə ətir tapmağı xahiş etmişdi. Bu onun xanımı qarşısında bacara bildiyi ən son ehtiramı, rəğbəti olacaqdı.
Ətri ad günündə yoldaşına çatdırdı. Sevinirdi, xoşbəxt idi. Bir gün sonra isə keçindi...
O ətri ondan sonra işlətməyə xanımının ürəyi gələrdimi? Heç vaxt. Kənanla bağlı ən şirin xatirəsi kimi ömrünün sonuna kimi qoruyacaqdı...
Bu gün də həmkəndlisi Buludun öldüyünü eşitdi. Onun da çoxdan ağ ciyərlərində problemi vardı. Ailəsi, oğlu əvvəlcə onun koronavirusdan ölməsi kimi qeydə alınmasına etiraz ediblərmiş . Sonra pul təklif edib birtəhər razılığa gətiriblər. Heç demə bu xəstələrlə, onların dəfni ilə bağlı müvafiq beynəlxalq təşkilatlardan yardımlar alınırmış. Həmin yardımlardan pul silmək üçün belə yollara da əl atırlarmış.
Allah, allah... Öləcəyi məlum xəstələrdən, ən çox da xərçəng xəstələrindən on minləri alıb yeyənləri görmüşdü, koronavirusdan da pul toplayanları gördü. Qrip üçün istifadə edilən adi dərmanların qiymətləri dörd-beş dəfə artmışdı. Necə yeyirdilər bu pulları, hələ bahalı maşınlar, villalar alınırdı. Bu haramzadaların belə də olmalıymış kimi yaşadıqlarını görüb heyrətlənirdi. Yəqin Allah minlərlə bədbəxtin ah-naləsini həzm etməyi onlara rəva bilmişdi. Necə ki, cəllada baş kəsib ruzi qazanmağa imkan verdiyi kimi..
Yaxşı kişi idi Bulud. Gözü tox idi. Dünyanın malı dünyada qalacaq, apardığın üç metr kəfən olacaq, deyirdi. Kəfən də qismət olmadı ona. Polietilen torbada dəfn olundu. Yazığı nə məscidə, nə də evinə aparmağa qoymadılar. Elə bil insan deyil, başqa dörd ayaqlı canlıdır. Ayrılmış polis nəzarəti ilə xəstəxanadan birbaşa qəbiristanlığa apardılar.
Yaxınlarından olan qadınların yığışıb ağlaşmasını da qadağan etdilər. Dəfndə on nəfər adamın iştrakına icazə verildi. On birinci cərimələnəcəkdi. Polis dəfnə nəzarət etsə də özünü sıradan adam hesab etmirdi. Daha bir iştirakçı – Bulud kişinin ruhu da, səmada arxasını onlara çevirib (yerdəkilərin sifətlərini görməkdən bezmişdi) azadlığa, göylər səltənətinə qovuşmasını gözləyirdi...
***
Nə qədər ciddi qorunsan da, əgər bu epimediyadırsa, bir gün mütləq sən də yoluxacaqsan. Axır günlər , xüsusilə günortadan sonra içində hərarətin artmasını hiss edirdi. Ard-ardınca çay, su içir, antibiotik dərmanlar atır, qarşısını almağı ümid edirdi. Amma faydası yox idi, günlər ötür, əhəmiyyət vermədiyi yüngül qızdırma canından çıxmaq istəmirdi.
İndi nə etsin, xəstəliyə yoluxanların sayı o qədər çoxalmışdı ki, daha şəhərdəki xəstəxanalarda da boş çarpayı yox idi. Tanışlıqla, ya da yuxarılardan – böyük vəzifəlilərdən verilən tapşırıqla yer tapılırdı. Qalanlarını da ağır olarsa, rayonlardakı xəstəxanalara göndərirdilər. Misal üçün Sabirabada, ya da Zərdaba. Oralarda isə tibbi şəraitsizlik, yay aylarının cırhacırındakı susuzluq deyilənə görə dözülməz idi. Xəstəlikdən öldün, ya da baxımsızlıqdan, fərqi olacaqdımı?..
Günün axırına yaxın telefonuna zəng gəldi. Hərarətdən danışmağa heyi olmayan, xəstəhal səslə yoldaşı idi danışan:
- Halım yaxşı deyil, işdən tez çıxarsan?
Təlaşlandı, görünür, ötən bir neçə gündə canındakı istilikdən yoldaşına da yoluxdurmuşdu və ona daha ağır təsir etmişdi. Səsindəki çarəsizlik ürəyini sıxdı. Onun səsi ən çətin anlarda bu vəziyyətə düşərdi. Demək halı çox ağırdı, təcili həkim çağırmaq lazımdı, vaxtı itirmək olmazdı, vəziyyəti daha da ağırlaşa bilərdi.
- Sən özünü möhkəm tut, darıxma, bu dəqiqə işdən icazə alıb gəlirəm.
- Gəl, gözləyirəm.
Ani yadına Kənanın yoldaşı yadına düşdü, ad gününə doyunca sevinə bilməyən qadının yetim uşaq sayaq dərd dolu baxışlarını xatırladı. O baxışlara öz həyat yoldaşının qulaqlarında qalan səsi də qarışdıqca gözləri doldu, kövrəldi: “Özüm bir yana, onu necə var, xəstəlikdən qurtarmalıyam, mən yetim qala bilmərəm...”
***
Yayılan xəstəlik sanki bir sınaq idi. İnsanlıq həm fiziki sağlamlıq, həm də mənəvi güc sarıdan sınağa çəkilirdi. O, fərq qoymadan, hər kəsə diş atıb, zəifləri seçirdi. Əvvəldən ağır xəstəliyi olanlar və ahıllar həyatdan köçür, on minlərlə insan əziyyətlər çəkir, daha da kasıblaşır, kimlərsə də insanların ağır, əzablı günündən yararlanıb pullarını artırırdılar.
Şükürlər olsun ki, “korona” qeydiyyatına alınmasalar da, pnevmoniya ilə bəladan sığortalandılar. Ev şəraitində səkkiz gün çəkən bir xeyli xərcdən, müalicədən sonra, nəhayət hər ikisində yüksək hərarət qaydasına düşmüşdü. Yayılan infeksiyaya, can alan xəstəliyə qalib gəlmiş, koronavirus “sınağından” çıxa bilmişdilər.
İlk gündən təslim olmaq niyyətləri yox idi. Bu virusu yaymaqla dünyada insanların sayını azaltmaq istəyənlərin acığına hər məşəqqətə dözüb, yazılan ömrü yaşayacaqdılar. Əsas odu ki, ürəkdə sevgi olsun – Allaha, həyata, ətrafındakı insanlara! Sevgi varsa, hər zaman, hər işdə istəyinə çatacaqasan, gec də olsa uğur əldə edəcəksən, həyat sənin olacaq!
Allah sınaqdan çıxmağı bacaranları, ona sadiqləri sevir və Allah həqiqətən, dünyada qurulan bütün oyunların ən xeyirli oyunpozanıdır...
07.2020