Nurlan Suvarov - Uşaqlar və böyüklər
Bu qorxunc dünyanın hələ cəhənnəmi də var?
Umberto Eko
Sudan. Nada
1993
Nə Sudanda doğulmaq mənim qərarımdı, nə də qaradərili olmaq mənim arzum.
Dərimin rənginin mənim şəxsiyyətimi alçaldacağını ağdərillərin bizə rəftarından sonra
kəşf etdim. Bu acı kəşfdən sonra bu sualı verdim: “İnsanları nə üçün irqlərə ayırırlar?
Niyə biz ən aşağı irq, meymuna yaxın olduğumuzu deyirlər?”.
Bizi aclıqla mübarizədə tək buraxanların gördüyü işləri dünyaya şərəflə
göstərmələrini anlaya bilmirəm. Bu insafsız aclıq özüylə xəstəlikləri gətirdi. İki böyük
qardaşımın torpağa tapşırıldığına şahid oldum. Epidemiyaların bizdə üç nəfərdən birinə
rast gəlinə biləcəyini dedi ağdərili insanlar. Bu səbəbdən bizə çoxlu dərman gətirdilər.
Sonra da, “Yeməkdən əvvəl atsanız, mədənizə ziyan edəcək” – dedilər. Gözlərimizin
qarşısında uşaq və böyüklərin aclıqdan ölməsini izləyən insanlara bunu demələri necə
də qəribəydi. Onlar sərvətlərimizi çıxarıb daşıyır, sonra ordan gələn gəlirin qəpik-
quruşunu bizə xərcləməklə humanist obrazı yaradırlar.
Bu gün günəş doğmamışdan əvvəl anamın verdiyi buğda dənəciklərini ağzıma
atıb, üstündən də ağların əllərini yumağa iyrəndikləri sudan içdim. Öz əhvalımı
qənaətbəxş hesab edirdim. Və o an gəldi ki, bunu izləmək mənə çox şeyi unutdurdu.
Günəş çıxmamışdan əvvəl ətrafı sarıya boyayır, ulduzları yavaş-yavaş görünməz edir,
sonrasa nazlı-nazlı özünü göstərir. Amma bir neçə saat sonra bizə elə də mərhəmətli
davranmayacağını bilirdim.
Nadanın ailəsi yeni quyu, bir az da yemək axtarışına çıxdılar. Bütün ailə əziyyət
çəkdiyi xəstəlikdən elə yoldaca vəfat etdi. Nada isə bədənində qalan son qüvvəylə
irəliyə doğru getməyə çalışdı.
Əgər məndən ac olub-olmadığımı soruşsaydılar, “Yox” deyərdim. Səbəbi isə artıq
mədə-bağırsaq sistemimin sıradan çıxmasıydı. Bundan sonra qızardılmış toyuq versələr
də, mənə bir faydası olmayacaqdı. Öləcəyimi bilirdim. Artıq çökmüşdüm, ölümümü
gözləyirdim. İrəli getməyə taqətim qalmamışdı. Böyük bir kərkəs torpağa enib, ölməyimi
gözləyirdi. Daha da qorxdum. Mən üç yaşlı uşaqdım, axı. Qorxan kimi ağlayırdım.
Axacaq göz yaşım olmasa da, kərkəsə hıçqırıqlarımla tək qalmadığımı, hələ də sağ
olduğumu göstərirdim. Uzaqdan bir ağdərilinin gəldiyini gördüm. Onun digərlərindən
fərqli olduğunu düşündüm, çünki o, mənim xilaskarım olacaq şəxsdi. O, pis ola bilməzdi.
Amma tezliklə fikirlərim alt-üst oldu, çünki o, uzaqda dayanaraq kərkəslə məni bir fona
salıb şəkillər çəkirdi. Ümidim ölməmişdi. O, işini gördükdən sonra mənə kömək etməli,
qorxunc kərkəsi burdan qovmalıydı. Amma o, arxaya çevrilib getdi. Ümidlərimi də əbədi
özü ilə apardı. İnsanları sevə bilmə ümidimi. Sağ qalma ümidimi. Əslində, yırtıcının
kərkəs deyil, insanlar olduğunu anladım.
Hamının qorxduğu o ölüm anı mənim üçün gəlib çatmışdı. Adam özünü harda
daha təhlükəsiz və etibarlı hiss edər? Əlbəttə, insanların olmadığı yerdə. Hıçqırıqlarım
susdu. Kərkəsə qarşı müqavimətim qırıldı. Başımı taqətsiz halda torpağa qoydum.
Bu fotodan sonra Kevin Karter “Pulitser” mükafatı aldı. Amma yaşadığı
depressiyalara dözməyərək, 1994-cü ildə peşman olması haqqında məktub yazıb intihar
etdi.
Fransa. Julinan Barbara
2015
Razılığımı soruşmadan məni gətiriblər bu dünyaya. Gördüyüm ilk sima anamın
üzüdür. Təbəssümlə mənə elə baxırdı ki! Lakin onun qarnındakı təzyiq, nəmlik və
temperatura öyrəşmişdim. Mənim üçün doğmalaşmışdı. Özümü təhlükəsiz yerdə hiss
edirdim. Doğulanda dünyanın havası, nəmliyi və təzyiqi mənə o qədər qorxulu gəldi ki,
ağlamaq üçün ciddi səbəbim oldu. Hamı da mənə baxıb gülürdü.
Bilmək üçün ilk şeyin “sual vermək” olduğunu öyrəndim. Anam bir axşam atama
səksən yeddi sual verdiyimdən danışırdı. Bu rəqəm azdı, yoxsa çoxdu, bilmirəm.
Deyəsən, çoxdu ki, atam məni havaya atıb-tutanda, “Mənim öyrənmək eşqi ilə yanan
qızım” deyirdi. Həmin günün səhərisi atam mənə, “Sənə nağıl kitabı alım?” deyəndə,
ondan həm nağılın, həm də kitabın nə olduğunu soruşdum. Atam bu dəfə qəhqəhə
çəkib güldü. Yenə heç nə anlamadım.
– Bilmədiyin şeyləri soruşmaqdan heç vaxt çəkinmə. Belə qal, – dedi.
Mən yenidən:
– Kitab nədir? Nağıl nədir? – deyə soruşdum.
O da mənə:
– İstədiyini almaqdan heç vaxt əl çəkmə! – dedi.
Mənə sabah nə olduğunu göstərəcəyini dedi, yanaqlarımdan öpüb getdi.
Atam verdiyi sözü unutmazdı. Kitab dediyi şeyi, bir də gəlincik aldı. Gəlincik o
qədər gözəldi ki, kitabın nə olduğunu bilmək marağı kölgədə qaldı. Daha sonra anam
mənə içindəki rəngli şəkilləri göstərdikcə, sanki bir aləmdən başqa aləmə keçirdim. Bu
aləmlərdə gəlinciyim də mənimlə olsun deyə, onu möhkəm qucağıma sıxmışdım. Ona
Meri adını verdim. Merinin sarı donu, yaşıl köynəyi və qırmızı saçları vardı. Meri
kitablardan da gözəldi. Ona bütün qəlbimlə sevgimi verdim. Atamın mənə öyrətdiyi
nağılları Meriyə danışırdım. Sevdiyim yerlərini onun üçün təkrar oxuyurdum.
Bir dəfə anam məni onu şampunlu suda yuyanda tutdu. Suyun onu korlayacağını
deyəndə çox ağladım. Səhvin cəzasını həmişə məhkumun çəkdiyini artıq öyrənmişdim.
Amma xoşbəxtlikdən ona heç nə olmadı. Və beləliklə, suyun həmişə faydalı olmaya
biləcəyini də öyrəndim.
Atamla cizgi filminə baxdıqda dəmirdən yığılmış gözəgəlimli şeyin nə olduğunu
soruşdum. O da mənə bunun Eyfel qülləsi olduğunu dedi. Bu söz, sanki ürəyimə
toxundu. Bu qülləyə aşiq olduğumu birinci Meriyə dedim. Sonra da anama.
Qonşuluğumuzda olan rəfiqəm Elizabetə də dedim, əlbəttə. Hər gün anama onun
haqqında suallar verirdim. Anam məni ora aparacaqlarını deyəndə, sevincimdən
uçmağa bircə qanadım çatmırdı. Anam da verdiyi sözü tuturdu.
Juliana ailəsi Lionun mərkəzindən bir saatlıq məsafədə qalırdılar. Onlar əvvəl
şəhərin mərkəzinə, oradan da qatarla Parisə getdilər. Yolboyu Juliananın ana, atası
yatsa da, o, gözlərini qırpmadan ətrafa baxırdı. Gördüyü şeyləri Meriyə danışır, bəzənsə
“Görəsən, o nədir?” deyirdi.
Anamla atam yalnız Paris stansiyasına çatanda oyandılar. Qatardan düşəndə
Eyfel qülləsini görə biləcəyimi zənn edirdim. Atam maşına minib getməli olduğumuzu
deyəndə ürəyim qəfəsdəki quş kimi çırpınır, səbrim daralır, oranı görmə eşqi ilə alışıb-
yanırdım. Maşından düşəndə heyrətdən ağzım açıq qaldı, Eyfelin əzəmətinə yenidən
aşiq oldum. Onun yalnız mənim olmasını istəyirdim. Onu çox sevdim. Düzdü, Meri
qədər olmasa da, artıq ürəyimin bir hissəsi ona aid idi. Sanki gün batdıqca daha da
gözəlləşirdi. Otların üzərində oturub həm Meriyə, həm də ona baxırdım.
Atam sevginin insanı gözəlləşdirdiyini, bu günsə çox gözəl və şirin göründüyümü
dedi. Əslində, atam da çox şirindi. Onun qəlbini görə bilirdim. Anamın bunu görə
biləcəyinə şübhə edirdim. “Biz uşaqlar böyüklərin görmədiyini görürük” – atamın mənə
oxuduğu kitabların birində belə yazılmışdı.
Getmək vaxtımız çatanda istəmədən də olsa, getməliydim. Atamın qucağında
oturub, Eyfel gözdən itənə kimi, ona baxmağa davam etdim. Qəddar bir bina onu
görməyimə mane oldu. Sonra ikisi, sonra da üçü.
Julianaya üçə qədər saymağı anası öyrətmişdi. Balaca barmaqlarında üç tutmağı
öyrəndikdən sonra o da bunu Meriyə öyrətdi.
Dördüncü bina araya girəndə Juliana yenidən birdən saymağa başladı, sonra isə
fikri tamam başqa yerlərə getdi.
Atam dondurma alacağını deyəndə sevincimdən Eyfeli unutdum. Müvəqqəti olsa
da. Atam yaxşı dondurma üçün bir az piyada gedəcəyimizi bildirdi.
– İstəklərimizə çatmaq üçün əvvəlcə səbr etməyi bacarmalıyıq.
Atamla anam pilləkəndən düşərkən əlimdən tutub məni havaya qaldıranda həmişə
yüksək səslə gülmüşəm. Bu dəfə də həmişəki kimiydi. Əminəm ki, Meri də əyləndi. Artıq
dondurma mağazasına çatmışdıq. Atam dondurmaları almağa gedəndə arxasınca
dedim:
– Ata, tez gəl!
Anam hələ də əlimdən tutmuş, mənsə Merini köksümə sıxmışdım. Bu günümün
əla keçdiyi barədə düşünürdüm, ta ki, o səsi eşidənə kimi. Buna partlayış səsi
deyirlərmiş. Möhkəm qüvvə məni anamdan ayırdı, hərəmizi bir tərəfə tulladı. Əvvəl heç
nə hiss etməsəm də, sonra şiddətli ağrılar tədricən bədənimi ağuşuna aldı. Ağlamaq,
anamı yanıma çağırmaq istəyirdim ki, onu bir az kənarda hərəkətsiz gördüm: mənə
güvənc hiss yaşadıb qarnında olduğum müddətdən həmin ana qədər qoruyan insan bu
dəfə nə məni, nə də özünü qoruya bilmədi.
Qonşumuz Elizabet atasının danışdıqlarını mənə belə nəql etmişdi:
– İnsanlar çox qorxuludur. Öz mənfəəti üçün bir-birini öldürürlər. Günahsız insanlar
güclü insanların maraqları uğrunda ölür. Elə günahsız insanların uşaqları da...
Mən heç nə anlamamışdım: “Axı, Meri və mən onlara heç nə etməmişik, bizi
öldürməzlər”. Anam mənim saf olduğumu deyirdi. Mən də Elizabetə, “İnsanlar saf
insanları öldürəcək qədər qəddar deyil” demişdim.
Əlimi Meriyə uzatmaq istəyirdim. Onunsa qarnı cırılmış, pambıqları çölə
tökülmüşdü. Ətrafdan qışqırıqlar gəlirdi. Hamı fəryadla bir söz deyirdi. Bu sözə ilk
dəfəydi, rast gəlirdim. Hə, diqqətimi bir az da cəmləyib, həmin sözü aydın eşitdim.
İndisə onlardan soruşmaq istəyirdim:
– Terror nədir?
Suriya. Aylan Kurdin
2015
Səhər-səhər pişiyin pəncərənin kənarındakı güldanı sındırmasının səsinə
oyandım. Bunun o sarı pişiyin işi olduğunu bilib, pəncərəyə yaxınlaşdım. Yenə məni
görüb qaçdı. Atam çölə çıxıb güldanı qırdığı üçün pişiyə daş atdı. “Ata, pişiyimi qovma”
deyəndə yumşaldı, mərhəmət və mehribanlıqla:
– O, sənin pişiyin deyil. Sənin pişiyin olması üçün onu əvvəlcə əhliləşdirməlisən, –
dedi.
– Nə edim ki, əhliləşsin? – həvəslə soruşdum.
Məndən qaçan pişiyin mənim olmasının bir çarəsinin tapılması əhvalıma çox
böyük sevinc qatdı.
– Xoş söz desəm, əhliləşər?
Atam gülümsəyib dedi:
– Oğlum, sözlər səhv anlaşıla bilər. Onlar bizim hislərimizi çatdırmaqda acizdi.
Bunun üçün əməlinlə pişiyə sevdiyini göstərməlisən. Sevildiyini gördükdə o da səni
sevəcək və əhliləşəcək.
Atamın dedikləri mənə qarışıq gəldi və soruşdum:
– Nə edim, məsəl üçün?
– Hər gün ona yemək və su verə bilərsən. Ona qayğı göstərsən, sənin yanında
özünü təhlükəsiz hiss edəcək.
– Ata, məni sevsə, səni də sevəcək?
Atam yenə gülümsədi.
– Onun gözündə bütün insanlar eynidi. Hamısı ona ziyan vura bilər. Səni hamıdan
fərqləndirən qəlbində ona sevginin olmasıdır.
Sonra atam başıyla işarə edib, “Mənimlə gəl” deyəndə arxasıyca qaçdım.
Mətbəxdən mənə bir az çörək parçası verib, ona atmağımı istədi.
Günorta idi. Anam su ilə doldurduğu vedrədə paltarları yuyurdu. Vedrədəki suya
baxıb soruşdum:
– Ana, dəniz böyükdür?
– Hə, oğlum, çox böyükdür.
Müqasiyə üçün:
– Ana, neçə dənə vedrəni birləşdirsən bir dəniz edər? – deyə maraqlandım.
Anam əlindəki işi saxlayıb gülərək:
– Milyonlarla, – dedi.
– Bəs rəngi necədi?
Anam işinə davam edərək:
– O göydü. Gömgöy. Çox böyükdür. Baxanda sonsuz kimi gəlir adama.
Mən təəccüblə:
– Doğurdan? – deyib dənizi təxəyyülümdə canlandırmağa çalışdım.
Bir neçə gün sonra Aylan əlindəki pişiklə atasının bərbər işlədiyi yerə gəldi. Atası
müştərinin saçını kəsəndə ondan soruşdu:
– Pişiyə sevgini göstərə bildin?
– Hə, artıq o, mənim pişiyimdir, – deyib başına tumar çəkdi.
Güzgüdən baxan müştəri Aylana çox balaca və sevgi dolu qəlbi olduğunu
deyəndə, o qızardı. Müştəri Aylanın utandığının fərqinə varıb:
– Oğul, elə yaşa ki, tərifə üzü qızaranlardan ol. Abrın-həyan heç vaxt səni tərk
etməsin, – deyərkən, sanki xeyir-dua verirdi.
Bir neçə həftə keçdi. Aylanın atası qaçaq yolla Yunanıstana keçəcəklərini deyəndə
əvvəlcə anası narazı oldu. Bunun təhlükəli olduğunu hər ikisi bilirdi. Amma burdakı çətin
həyatı arxada qoymaq üçün tək çarələriydi. Hazırlaşıb iki gün sonra yola çıxmalıydılar.
Anam bazardan aldığı qırmızı köynəyi və göy cins şalvarı mənə geyindirəndə tez-
tez güzgünün qabağına keçib özümə baxırdım. Onun xüsusi gün üçün ayırdığı bu
paltarların mənə necə gözəl yaraşdığını hər ikimiz bilirdik.
Anam dənizə gedəcəyimizi deyəndə, oranın sonsuzluğunu görəcəm deyə çox
sevindim. Amma pişiyimi özümlə götürə bilməzdim. Anam pişiklərin sudan qorxduğunu
deyəndə kədərimdən başım sinəmə çökdü. Sevdiklərimizin xeyri üçün onlardan
ayrılmağın ən doğru qərar olduğunu belə öyrənmiş oldum. Tez pişiyimin yanına qaçdım.
Ona anamın dediklərini söylədim. Deyəsən, məni başa düşmüşdü. Düşünürdüm ki, o da
ayrılacağımız üçün pis olub, ağlamaq istəyir. Biz çıxanda pişiyim yatmışdı: onunla
sağollaşma mərasimimiz baş tutmadı. ”Əlvida!” demədən ayrılmaq daha asan olur.
Anam belə dedi.
Hər şeyimizi götürüb yola düşdük. Elə də ağır yükümüz yoxdu. Tanımadığım
adamın maşınından düşdük və dənizi ilk dəfə görəndə yerimdə donub qaldım. O qədər
gözəldi ki! Kaş bu gözəlliyi pişiyimə də göstərə biləydim. Atam məni qucağına götürdü.
Qardaşım isə anamın əlindən tutdu. Bizi gözləyən kiçik qayığa mindik. Qayıq yerindən
tərpəndikdən sonra, yellənməsiylə mənə heç vaxt dadmadığım zövqü yaşatdı. Dənizi
qaranlıq öz qanadları altına alsa da, o, öz gözəlliyindən bir şey itirməmişdi. Yolboyu ilk
dəfə anamın qucağında bu mənzərəni izləyə-izləyə yuxuya getdim.
Çox keçməmişdi, deyəsən. Səsə oyandım: hamı bir ağızdan “Batırıq!” – deyə
qışqırırdı. Hələ də heç bir həyəcan hissi keçirmirdim, əksinə, dənizə toxunacağam deyə
sevinirdim. Qayıqdakı kiçik dəlik batmağımıza səbəb olmuşdu. Su ayaqlarımın ucuna
toxunanda soyuqluğu hiss etdikdə bədənim ürpəşdi. Pişiyimin ayağımı yalamasını
xatırlatdı. Bir adamın ayağa qalxmasıyla qayıq çevrildi. Sevdiyim dənizin həmişə
mülayim olmadığını bütün bədənim suya batanda dərk etdim. Atam mənim və
qardaşımın əlindən möhkəm yapışmışdı. Qışqırır, dənizin ortasında həyəcanla anamı
axtarırdı. Qardaşım da mənim kimi qorxurdu. Dalğalar, sanki bizi ayırmaq üçün
yaranmışdı, dayanmadan bizə zərbələr endirirdi. Taqətdən düşən atamın böyük
ovuclarının içindən əlimin yavaş-yavaş sürüşdüyünü hiss edirdim. Atam anamı tapa
bilmədi, üstəlik, qardaşımla məni itirdi.
Qaranlıqda tək olmaqdan qorxduğumu hamı bilirdi. Bu qorxunun üstünə gedərək
çapalayır, atama çatmaq istəyirdim. Amma nə fayda! Hər şey əbəsdi. Hər çırpınış.
Hər kəs bir tərəfə səpələndi. Mən, qaranlıq və dəniz – üçümüz qalmışdıq. Sən
demə, sevdiyim dəniz məni yavaş-yavaş ölümə aparırmış. Bu dünyada dadmadığım
yeməklər, görmək eşqi ilə yaşadığım parklar, xəyalını qurduğum böyük oyuncaqlar –
hamısının geridə qaldığını ölüm qulağıma pıçıldadı.
– Niyə hamı səndən qorxur? – soruşdum.
– Sən əzabları hiss etmədən, qorxmadan təbəssümlə qarşıladın məni. Onlar isə
ona görə qorxur ki, sənin qədər məsum deyillər, – dedi.
Bir-birimizdən ayıran dalğalar bizi sahildə qovuşdurdu. Anam və qardaşımın
cansız bədənlərini sahilin ayrı-ayrı yerlərinə atmışdı. Üzü qumda, çarəsiz və məğlub
edilmiş şəkildə hərəkətsiz duruşuma “Dəniz sahilinə atılmış insalıq” deyənlər də oldu,
“Böyüyüb xuliqan olacaqdı, indidən ölməsi daha yaxşıdır” yazanlar da (“Charlie Hebdo”
jurnalı) oldu. Ölən insanlıqdı, ölən insanlardı. Özləri yaşamış kimi görünsə də, can verən
vicdanlarıdı. Ölən mən deyildim. Anam və qardaşımla qovuşduğumuz əbədi həyatımıza
pişiyim də qovuşacaqmış. Anam belə dedi.
Azərbaycan. Elina Hacıyeva
2019
Mən adları çəkilən uşaqlar içində ən böyüyüyəm. Mənim gənclik illərimə
çatmağıma hələ bir neçə il vardı. Hamı özü haqqında düşünəndə gözəl günlərə
yetişəcəyinə, problemsiz bir gələcəyin gələcəyinə inanır. Mən də rahat həyatın məni
gözlədiyinə, uşaqlıqda yaşadığım (anamla atamın boşanması ilə başlayan) mənəvi və
maddi problemlərlə üzləşdiyim günlərin bitəcəyinə inanırdım.
Lap kiçik yaşlarından anası ilə atasının ayrılması hər uşaq kimi Elinanı da
sarsıtmışdı. Bir neçə dəfə başqa evlərə köçmüş, köçdükcə məktəbini dəyişmiş, bu
amillər onun ətrafında olanların sürətlə dəyişməsinə səbəb olmuş, beləlikə qonşularına,
sinif yoldaşlarına, tanışlarına doğmalaşa bilməmişdi.
Yaşa dolduqca gözlərim zəifləyirdi. ”Eynəksiz mümkün olmayacaq” – həkim bu
sözləri deyəndə ona nifrətlə baxdım. Amma gözlərimin zəifləməsi onun günahı deyildi.
Heç günah məndə də olmamışdı. Beləliklə, eynəklə yoldaşlığımız başladı. İnkar edib öz
qüsurlarıma qarşı çıxa bilməzdim. Onunla bu yoldaşlığı gözəlləşdirmək üçün mənə
yaraşan eynəklər taxmağa başladım. Ətrafın gözünə girməyim bundan sonra başladı.
Elina rəsm çəkməyin zövqverici olduğunu anlayır, beləliklə də, özünü inkişaf
etdirməyə çalışırdı... Parta yoldaşları bu rəsmləri görüb ələ salana kimi.
Eynəyim ətrafın diqqətini çəkdikcə, lağ-lağı mərkəzinə çevrilməyə başladım.
Kiminsə qəlbinə toxunmamaq üçün acı sözlər demirdim. Onlara da qəlbimin qırıldığını
göstərməzdim. Qəlbim zərif və incəydi. Heç kim bunu görə bilməzdi. Qəlbim şam kimi
yanırdı. Kiçik meh onu əbədi söndürə bilərdi.
Yaşım artdıqca geyim, aksessuar, musiqi, film zövqüm də dəyişirdi. Yeni, fərqli və
özünəməxsus xarakterim, geyimim və seçimim olmasını ilbəil daha çox istəyirdim.
Bunların mənə baha başa gələcəyini bilsəydim adətə uyğun yaşayıb, insanların diqqət
mərkəzinə düşmədən daha rahat ömür sürə bilərdim.
Elina fərqli zövqünə edilən zarafatlara mülayim yanaşırdı. Yalnız susurdu ki, bu da
getdikcə onu əvvəl sinif, sonrasa məktəb yoldaşlarının məzə hədəfinə çevirirdi.
Etdikləri hər hərəkətin, dedikləri hər kəlmənin necə də iyrənc olduğunu onların
qarşısına bir güzgü qoyub göstərsəydim, bəlkə də, utanardılar. Hər biri mənə ürəyində
sevgi böhranı yaşayan qorxunc varlıqlar kimi görünürdü. Bu vəziyyətin düzəlməsi üçün
müəllimlərə müraciət etdim. Onlar da məndən üz döndərdikdən sonra kimə sığına
bilərdim ki?
“Təhsil ocağı” dedikləri yer mənim üçün cəhənnəmə çevrilmişdi. Bu cəhənnəmdən
bir çıxış vardı – intihar. Dildə demək asan olsa da, bu rəngarəng dünyanı qoyub getməyi
özümə sığışdıra bilmirdim. Amma bu rəngarənglik yalnız sevgiylə əhatələndikdə
yaşamaqdan zövq ala bilərsən. Bizi bu dünyaya bağlayan yalnız sevgidir.
Ağlımda etmək istədiyim şeyi gün ərzində düşünürdüm. Düşündüm ki, bunu
etsəm, bəlkə də, məndən üç yaş böyük olan, hamının içində məni vuran, cavabsızlığımı
gücsüzlük kimi qiymətləndirib daha da cəsarətlənən o oğlan vicdan əzabı çəkər.
Çalınan zəngin səsi mənim üçün yaşıl işıq deməkdi, həmçinin, istəmədiyimi
etməyə açılan qapıydı. Ağır-ağır pəncərəyə doğru gedib, ətrafa baxdım. Pəncərəni
açanda ölümün qoxusunu hiss edirdim. Heç vaxt bu qədər şirinlik və doğmalıq
duymamış, heç vaxt bu qədər ölümün sinəsinə başımı qoymağı arzulamamışdım.
Uzaqdan uşaqlar gəlirdi. Son dəfə onlara baxanda qərarsızlıq içində çırpındım.
Onlardan sevgi dolu sözlər eşitsəydim, şübhəsiz ki, başımın üstündə əsən fırtınalar
dayanar, qara buludlar dağılardı. Onlarsa kart oynamağı, futboldan danışmağı, ya da
kimisə ittiham etməyi sevirdilər. Nə öz davranışları haqda düşünməyi, nə sevgiylə
baxmağı, nə də həssas yanaşmağı bacarırdılar. Onları tanımasam da, daxili dünyalarını
görə bilirdim. Bu, ürəyimi bulandırdı. Artıq vaxtı çatmışdı. Pəncərəyə qalxmaq və
qorxunc hündürlükdən özümü aşağı buraxmaq cəmi bir neçə saniyə çəkdi...
Ayağımı basdığım torpaq necə də qəddarmış! Ayaq sümüklərimi sındırmış, daxili
orqanlarımı zədələmişdi. Ayrı vaxtlar barmağımın bir damcı qanına baxa bilmədiyim
halda, indi ətrafım öz qanımla bələnmişdi.
Bir neçə dəqiqə sonra qüvvətli qolların məni qaldırdığını hiss etdim. Gah özümə
gəlir, gah da huşumu itirirdim. Gözlərimi açanda zəhər dilli, qəddar baxışlı qadın mənə
baxırdı. Sonra bunun direktor olduğunun fərqinə vardım. Bir-iki tanımadığım üzlər
mənasız suallar verir, sanki vaxt qazanmaq üçün məqsədli edildiyi ağlımdan keçirdi.
Yenə huşumu itirdim (da sonra burda iki saat sorğu-suala tutulduğumu öyrəndim).
Gözlərimi açıb palatada olduğumu görəndə özüm üçün narahat olmağa başladım.
Vəziyyətin ciddiliyinə ancaq burda vardım. Yenə sorğu-sual atəşinə tutuldum. Yalnız
bunlardan biri şəfqət və içdən gələn mehribanlıqla soruşulmuşdu. Gözlərimi açıb bunun
kim olduğuna baxanda gözəl üzlü atam olduğunu gördüm. ”Necəsən, qızım?” – sözləri,
əlimə toxunmaqla sevgisinin qanıma qarışması o qədər gözəldi ki! Məni həyata
bağlayan bu toxunuşda ölüm istəyimin peşmanlığını anladım. Gülümsəməyə gücüm
olmasa da, “Yaxşıyam” deyib, onu qucaqlayaraq hönkür-hönkür ağlamaq istərdim. O
sığınacaq ən gözəl evdi! O ev məni hər şeydən qoruyacaqdı. Üzündəki işıq mənə şəfa
kimi gəlirdi.
Atam otaqdan çıxarıldıqdan sonra yenidən qaranlığa qərq oldum. Daş ürəkli
insanların sualları əzabdan başqa bir şey deyildi. Deyilən bir cümlə diqqətimi çəkdi:
– İnşallah, sağ qalmaz.
Ona sadəcə bir sual vermək istərdim: “Mən sənə neyləmişəm? Mənə niyə bu
qədər nifrət bəsləyirsən?”.
Cılız bədənim əzab içində yanarkən qəlbimin necə parçalandığını heç kim bilmədi.
Onlar kimi qəlbimdə nifrət gəzdirə bilməzdim, sadəcə küsüb hər şeydən inciyə bilərdim.
Əlimdən başqa nə gəlirdi ki?
Elə sanırlar, arxamca nə dediklərini bilmirəm. Yanıldıqlarını qışqıraraq deyərdim.
Arxasıncada “İkiüzlülər!” demək istəyərdim. “Əxlaqsız!” – dedilər, “Saçlarını qırmızıya
boyayan əxlaqsız”. Oğlanla münasibətimi, siqaret, marixuana çəkdiyimi, içib barlarda
gəzdiyimi dedilər. İnsanlar həmişə nəsə danışır. Soruşmadan, görmədən, isbatsız hökm
verirlər. Bəs onlar əxlaqın nə olduğunu bilirmi? Bu geniş məhfumu bixəbərlər öz
dünyalarında o qədər cılızlaşdırıblar ki! Məgər onlar bilirlərmi ki, üzünə gülüb arxasınca
quyu qazmaq, böhtan atmaq, hər hərəkətində öz mənfəətini güdmək, qarşıdakından
özünü üstün görməkdi əxaqsızlıq?!
Vəziyyətimin pisləşməsi qətiyyən həkimləri narahat etmir, məni qeydiyyata
almağın daha ciddi iş olduğunu düşünürdülər. İnsanlar çox qəribədir: həmişə həm
özlərini, həm işlərini ciddiyə alırlar.
Həkim atama yaxşı olduğumu dedikdə, onun necə sevindiyini təsəvvürümdə
canlandırdım. Yazıq atam! Həkimin yalan danışdığını bir o bilirdi, bir də mən. Mənə
qoşulan aparatın zəifləyən ürək döyüntülərimin ritminə təsir etmədiyini görəndə, əslində,
mənə heç bir kömək edilmədiyini anladım.
Göz qapaqlarım yavaş-yavaş aşağı düşdükcə, qatillərimin simaları bir-bir ağlımdan
keçirdi. “Sizinlə eyni dünyada yaşamağın əzabverici olduğunu yaxşı anlayıram, indisə
sizdən ayrılıram” sözlərini onların üzünə tüpürərək demək istəyirdim. Bədənim
soyuduqca, qulaqlarım ətrafımdakı səs-küyün artdığını eşidirdi. ”Gözəl qızım!” – deyə
fəryad edən yalnız anam ola bilərdi. Mənə onun qədər kim yana bilərdi ki? Amma onun
sevgisi də məni bu dünyada saxlaya bilmədi.
Ruhum bədənimdən ayrılarkən insanlardan olmayan uşaq qaldığım, paklıq
pərdəsini ləkələmədən insanların arasından ayrıldığım üçün qəlbim sevinclə doluydu.
Bu sevinclə sonsuzluğun içində əbədiyyətə çevrilirdim.