Mişel Fuko: Subyektiv münasibət kimi Sənətin və Modernliyin özünəxaslığına baxış
Proza
Mişel Fuko: Subyektiv münasibət kimi Sənətin və Modernliyin özünəxaslığına baxış
Tərcümə etdi: Mübariz Rəhimov
Modernlikdən, ümumiyyətlə, bir dövr olaraq, ya da ən azından bir dövrün xarakteristik xüsusiyyətlərinin cəmi olaraq danışıldığını bilirəm. Modernlik az-çox saf ya da arxaik bir premodernlikdən sonra məzmunu müəmmalı olan düşündürücü bir “postmodernlik”dən öncə gələcək şəkildə təqvimə yerləşdirilir. Bundan sonra modernlik “Aydınlanma”nın dəvam və inkişafınımı təşkil edir, yoxsa modernlik 18-ci əsrin təməl prinsiplərindən bir qopma, ya da ayrılma kimi görmək lazımdır deyə sual verilir.
Modernliyi tarixin bir dövrü olaraq görməkdənsə, bir münasibət kimi dizayn edə bilərikmi, maraqlıdır. Burada münasibət deyərkən nəzərdə tutduğum, yenilənmə ilə qurulan bir əlaqə rejimi, bəzi insanların könüllü seçimləri, nəhayət bir düşünmə və hissetmə tərzi, eyni zamanda məxsusluq bildirən və özünü tapşırıq kimi nümayiş etdirən bir əməl və davranış tərzidir. Şübhəsiz, bu, biraz Yunanların ethos dedikləri məvhum kimidir. Nəticə olaraq “modern dövr”ü “premodern” ya da “postmodern” dövrdən ayırmağa çalışmaq yerinə modernliyin münasibətinin ilkin formalaşmasından bəri özünü necə “antimodern” münasibətlərlə mübarizə aparan bir vəziyyətdə olduğunu öyrənməyə çalışmağın daha yararlı olacağı qənatinə gəlirəm.
Modernlik münasibətini qısaca aşkarlamaq üçün demək olar əvəzedilməz sayılan bir nümunəyə Bodlerə müraciət edəcəyəm, çünki Bodlerin modernlik anlayışı 19-cu əsrdəki ən kəskin nümunələrdən biri kimi görünür.
1. Modernlik anlayışı, əksər hallarda təməlini zamanın dəvamsızlığı fikri əsasından götürülərək xarakterizə edilməyə çalışılır: ənənədən qopma, yenilik hissi, zamanın keçib getməyi qarşısında hiss olunan baş fırlanması. Bodler modernliyi “müvəqqəti, qaçaq, təsadüfi” sözlərilə təsvir edərkən demək istədiyi də bundan başqa birşey deyil. Ancaq Bodlerin gözündə modern olmaq bu mütəmadi hərəkəti anlayıb, qəbul etmək deyil, tam tərsinə bu hərəkətə qarşı müəyyən bir münasibət bəsləməklə olur. Beləliklə, bu könüllü çətin münasibət indiki anın fövqündə ya da onun arxasında deyil, onun içində olan əbədi bir məvhumun yenidən anlaşılmasından ibarətdir. Modernlik, zamanın axışını təqib etməkdən başqa heçnə etməyən modadan fərqlidir, modernlik indiki anın “qəhrəmanca” ölçüsünü qavramağa yarayan münasibətdir. Modernlik, qaçıb gedən indiyə həssas olma halı deyil, indini qəhrəmanlaşdırma istəyidir. Bodlerin çağdaşlarının çəkdikləri şəkillər haqqında dedikləri ilə kifayətlənəcəm. Bodler 19-cu əsrin geyimini hədsiz dərəcədə çirkin hesab edir, köhnə ehramlardan başqa heçnə çəkmək istəməyən rəssamlara lağ edir. Yenə də rəsimdəki modernlik qara paltarları kətana daşımaqdan ibarət olmayacaq. Bodlerə görə modern rəssam tünd redinqotu “zamanımızın məcburi kostyumu olaraq göstərə bilən çağımızın ölümlə girdiyi özcə, qalıcı, sabit əlaqənin günümüzün modasında necə göz önünə sərmək lazım olduğunu bilən rəssamdır. “Pencək və redinqot” yalnız dünyəvi bərabərliyin bir ifadəsi olan poetik gözəlliyə deyil, onun bərabərində ictimai ruhun bir ifadəsi olan şeirə sahibdir. Hər birimiz bir hüzür mərasimini qeyd edirik”. Bodler modernlik münasibətini izah etməyi bir resept formasına saldığı üçün çox mənalı bir cümləni zaman-zaman istifadə edir: “İndiki zamanı pisləməyə haqqınız yoxdur”.
2. Deməyə ehtiyac yoxdur ki, qəhrəmanlaşdırma hadisəsi ironiyalıdır. Modernliyin münasibətində mövzu keçib, gedən anı mühafizə etmək, ya da mütamadiləşdirmək səyi ilə müqəddəsləşdirmək deyil. Xüsusilə, indiki zamanı müvəqqəti bir maraq olaraq ələ almaq olmaz, çünki bu Bodlerin “flanörlük olaraq adlandırdığı münasibət olacaq. Flanör gözlərini açıq tutmaqla, diqqətini toplamaqla və hafizəsinə həkk etməklə kifayətlənir. Bodler flanörün ziddi olaraq açıqladığı modernliyin insanına belə tərif verir:”Dəvamlı təlaşlı bir axtarışdadır”... Bu insanın: böyük insan çölündə canlı bir xəyal gücü ilə təchiz olunan, bezmədən gəzən bu tənhanın flanördən fərqli olaraq daha üstün bir amalı, indiki andan müvəqqəti həzz almaq xaricində daha bir məqsədi olduğu şəksizdir. Bu insan modernlik deyə adlandırmağıma icazə veriləcək məvhumun axtarışındadır. Onun üçün məqsəd modanın tarixilikdə yaşada biləcəyi poetikliyi tapıb çıxarmaqdır. Bodler modernliyə nümunə olaraq Konstantin Qaysı göstərir. Görünüşdə flanör olan maraqlı nəsnələr kolleksiyaçısı Qays işığın parıldaya biləcəyi, şeirin əks səda verə biləcəyi, musiqinin cingildəyə biləcəyi həyat dolu hər yerdə, bir ehtirasın cəlb edə biləcəyi hər yerdə adi insanla yola gedən insanın qəribə bir gözəlliklə göründükləri hər yerdə, günəşin yoldan çıxmış insanı şəfəqləndirdiyi hər yerdə olacaq son insandır.
Ancaq yanlış bir nöqtəyə yayınmayaq. Konstantin Qays flanör deyil, onu Bodlerin gözündə ən modern insan edən faktor bütün dünya yuxuya getdiyi zaman onun işləməyə başlaması və bu dünyanın görüntüsünü dəyişməsidir. Bu dəyişmə reallığın yox edilməsi deyil, real olanın həqiqəti ilə azadlığın istifadəsi arasındakı məcburi oyundur. Beləcə, “təbii” şeylər “təbiidən artıq” bir şəyə “gözəl” şeylər “gözəldən artıq” bir şeyə çevrilir və mütləq şeylər “yaradıcının ruhu kimi ehtiraslı bir həyatla yüklü“ kimi görünür. Modernliyin münasibəti aspektindən indinin yüksək dəyəri onu olduğundan başqa cür təxəyyül etmək və onu yox edərək deyil, onda olanı dərk edərək onu yenidən yaratmaq istəyindən ayrıla bilmir. Bodlerçi modernlik real olan şeyə gostərilən hədsiz diqqətin eyni zamanda həm bu reallığa hörmət edib, həm də ona təcavüz edən azadlıq təcrübəsi ilə qarşı-qarşıya gəldiyi tətbiqdir.
3. Bununla birlikdə Bodlerin gözündəki modernlik sadəcə indi ilə yaradılan bir münasibət forması deyil, əlavə olaraq özü ilə də qurulması lazım olan bir əlaqə rejimidir. Könüllü modernlik münasibəti əl çəkməsi mümkünsüz asketikliklə bağlıdır. Modern olmaq özünü axıb gedən zamanın içində olduğu kimi qəbul etmək deyil, qarışıq, başa düşülməsi çətin inkişaf prosesinin nəsnəsi olaraq görməkdir. Bodler buna öz zamanının söz dağarcığını istifadə edərək “dandizm” deyir. “Kobud, dünyəvi, utanılacaq təbiət” üzərinə, insanın özünə qarşı əvəzedilməz üsyanı üzərinə, “öz ehtiraslı təvazökar müridləri”nə ən qorxuducu dinlərinkindən daha despot nizam dayayan “zərafət doktrinası” üzərinə yaxşı tanınılan keçidlər və nəhayət öz bədəni, davranışları, duyğu və ehtirasları ilə öz varlığından bir sənət əsəri yaradan dandistin asketikliyi haqqındakı hamının bildiyi səhifələri burada detallı xatırlatmayacağam. Bodlerə görə modern insan özünü, sirlərini, gizli həqiqətini kəşf etməyə çıxan insan deyil, özünü yaratmağa çalışan insandır. Modernlik insanı öz var olduğu forma içərisində müstəqilləşdirmir, onu öz-özünü inkişaf etdirmək məsuliyyəti ilə baş-başa qalmağa məcbur edir.
4. Son olaraq əlavə edim ki, indinin ironiyalı formada qəhrəmanlaşdırılması azadlıq ilə reallıq arasındakı bu oyun özünün asketik formada inkişafı: Bodler bütün bunların cəmiyyətdə siyasi fizianomiyada yer tutduğunu düşünmür. Bunlar ancaq Bodlerin sənət dediyi başqa fərqli mühitdə istehsal edilə bilər.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ