Edebiyyat.az » Proza » Emil Zolya - Reklamın qurbanı

Emil Zolya - Reklamın qurbanı

Emil Zolya - Reklamın qurbanı
Proza
admin
Müəllif:
23:00, 24 dekabr 2020
1 193
0
Emil Zolya - Reklamın qurbanı




I

Pyer Landri Mərkəzi bazarın yanında, Sent-Onore küçəsində, avaraların bol olduğu yerdə dünyaya göz açmışdı. Dayəsi ona oxumağı öyrətmiş, lövhələri və elanları hecalamağa məcbur etmişdi. Beləcə, o, hələ balacaykən qırmızı, sarı, mavi rəngli iri kvadratlarla dostlaşmış, bir az böyüyüb küçələri sülənməyə başlayandan sonra isə, sözün həqiqi mənasında, göz deşən ölçüdə, möcüzəli hərflərlə yazılmış reklamlara vurulmuşdu. 
Onun corabtoxuyan atası hər axşam işlərini bitirən kimi oğluna qəzetlərin sonuncu səhifəsini təqdim etməklə Pyerin bu sahədə təhsilinə rəng qatırdı – uşaqların iri şriftlərlə yazılmış elanları daha asan oxuması fikri bu adamdan da uzaq deyildi.

Pyer Landri iyirmi yaşında yetim qaldı. Atası ona yetərincə iri miras qoyduğundan Pyer bundan sonra tərəqqi və sivilizasiyanın mümkün olan bütün nemətlərindən istifadə etməklə yalnız özü üçün yaşamağı qərarlaşdırdı. Valideyni həyatı boyu tər tökmüşdü, o isə qəzetlərin sonuncu səhifələrini və şəhəri bəzəyən saysız-hesabsız reklamların vəd etdiyi qızıl əsrin misli görünməmiş sevinclərilə yaşayacaq. “Bizim əsrimiz idrak və rifah əsridir, - o fikirləşirdi. Və özünü bəşəriyyətin səadəti naminə xərcləmiş insanları riqqət hiss olmadan təsəvvüründə canlandırmaq günah olardı; onlar fasiləsiz xarüqələr yaradır, həyatın daha sakit və firavan olmasına çalışır, yer üzünün bütün nemətlərinin hər kəsin cibinə uyğun olması üçün əllərindən gələni edirlər. İşə bir bax, bu xeyirxah insanlar yaşamımızı yüngülləşdirərək, ən xırdasından tutmuş ən irisinədək hər şeyin harda və neçəyə satılacağını halva edib ağzımıza qoyurlar! Hələ üstəlik bəziləri (onların, həqiqətən, ayaqlarından öpməliyik!) xoşbəxtliyimiz naminə öz mallarını dəyərindən ucuz belə satmağa hazırdı. Və onlardan heç biri gəlirini düşünmür – bəşəriyyətin rahat və sakit yaşaması üçün dəridən-qabıqdan çıxır. Artıq həyatımın planı müəyyənləşdirilib. Gözümü yumub zəmanəmin iltifatını qəbullana bilərəm. Tərəqqiylə ayaqlaşmaq üçünsə səhər-axşam reklam və elanları oxuyub, bu ali rəhbərlərin məsləhətlərini səliqəylə yerinə yetirməyim kifayət edər. Xoşbəxtliyə aparan yeganə həqiqi yol, əsl müdriklik elə budur”. 

II

Pyer Landri həmin gündən etibarən qəzet elanlarını və küçə reklamlarını varlığını tabe etdirəcəyi əsas meyar kimi qəbul elədi. Reklam onun üçün həyatın bütün təsadüflərinə yönləndirəcək sarsılmaz bələdçiyə çevrildi; o, nəşrin qüdrətli səsi olmadan heç nə almadı, heç bir tədbir tökmədi. Bu adamın işi-peşəsi səhərlər qəzet elanlarını oxuyaraq, bütün yeniliklər və kəşfləri diqqətlə tədqiq etmək oldu. Tədricən onun evi Parisdə satılan rəngarəng malların, - onların aralarında çoxlu sayda mənasız zir-zibilə rast gəlmək olardı, - anbarına çevrildi. 

Əslində Pyerin mühakimələri məntiqdən xali də deyildi. Tərəqqiylə ayaqlaşan bu insan məişət üçün yalnız lirik reklam şairlərinin xüsusi şövqlə tərif etdikləri əşyaları seçməklə firavanlıq kimi həyati bir məsələnin öhdəsindən gəldiyini qürurla qeyd edə bilərdi. Axı o, ən mükəmməl sivilizasiyanın seçilmiş məhsullarından istifadə edirdi.

Amma əfsuslar olsun ki, bu, yalnız mühakimələrdi! Gerçəkliksə günü-gündən ağlamalı yön alırdı. İşlər çox yaxşı irəliləməli halda hər şey əldən gedirdi. Faciə də elə burda başlayırdı.

Pyer Landrinin həyatı cəhənnəmə çevrilmişdi. O, vaxtilə bataqlıq olmuş, indi qurudularaq camaata sırıdılmış torpaqda sahə almış, üzərində reklam olunmuş inşaat materiallarıyla tikilmiş evi yavaş-yavaş dağılmışdı. Bu guya yeni sistemlə inşa olunmuş tikili küləyə tab gətirmir, yağışı içəri qonaq çağırırdı. Evin içində fəndgir bacalarla hörülmüş buxarı elə tüstü verirdi ki, adamın gözü kor olurdu; elektrik zəngləri sakitliyi inadla qoruyub-saxlayırdı; patentli modellə icra edilmiş ayaqyolu üfunətli çirkab quyusuna çevrilmişdi; sadə və rahat mexanizmlə hərəkətə gətirilməli olan siyirtmələr və qapılar nə açılır, nə də bağlanırdı. “Xoşbəxtliyin son açarı” mexaniki pianoydu – qarətə tabe olmayan, odda yanmayan, suda batmayan bu qulaqbatıran şarmankanı oğrular soyuq qış günlərinin birində sakitcə çiyinlərinə alıb aradan çıxdılar. 

Buna oxşar olay Pyer Landrinin Arkeyldə aldığı şəhərkənarı evdə də baş verdi. O, burda ağac əvəzinə nə desən əkmişdi; kişinin oğlu nadir bitki yetişdirmək həvəsindəymiş, amma nəticədə ayrığın (yemlik dənli bitki – red.) nazik gövdəciklərilə üz-üzə qaldı. Pyer Landrinin reklam sayəsində tanış olduğu inşaatçının tikdiyi hovuzsa bir gün uçdu, o, bu bəlanın altında xoşbəxt təsadüf nəticəsində qalmadı.

Pyer Landri hələ də bütün bu peşmançılıqlara gülümsəməkdə davam edirdi. Onun inamı hələ də sarsılmamışdı, üstəlik artmaqda davam etmişdi. “Bu dünyada hələ hər şey o qədər də mükəmməl deyil, - özlüyündə fikirləşirdi, - amma onlar tərəqqiyə doğru gedir, və bədbəxtlikdən uzaq durmağın ən dəqiq yolu reklam elanlarını cidd-cəhdlə öyrənməkdir. Hovuzun dağılmasında özüm günahkaram; gərək daha qızğın reklam olunanı seçəydim. İstənilən halda mən nə vaxtsa mükəmməlliyə və şübhə yeri qoymayan firavanlığa nail olacam”. 

III 

Yalnız əziyyət çəkən təkçə biçarə Pyer Landrinin malı-mülkü deyil, həm də özüydü. 
O, küçəyə çıxanda kostyumlarının tikiş yeri durduğu yerdə partlayırdı – Pyer onları yalnız ucuzlaşdığı halda, ya da firmanın ləğvi elan olunarkən alırdı. Bu hərəkəti simicliyindən deyil, dönəmin iltifatından yararlanmaq istəyindən irəli gəlirdi. 

Onu tamamilə daz gördüyüm gün də gəlib çıxdı. Başına gələn bu bədbəxtliyin də arxasında tərəqqiyə ehtirası dururdu: sadəcə, sarışın Pyer qarasaçlı olmağa qərar vermişdi; bu məqsədlə içdiyi maye sarı saçlarını da əlindən almışdı, amma o, yenə də heyran qalmaqda davam etmişdi, indi də başına reklamın məsləhətilə məhv olmuş sarı saçlarının yerinə daha sıx və qəşəng qara saçları yetişdirəcək kosmetik yağ çəkəcəkdi.

Onun yanaqları, çənəsi istifadə etdiyi “əla” ülgüclər ucbatından saysız-hesabsız çapıqlarla dolu olurdu. Aldığı şlyapalar bir həftədən sonra ilkin formasını itirirdi; müəmmalı yaylarla təchiz olunmuş çətirləri məhz yağış yağanda heç cür açılmırdı. 
Daha onun qarnına fasiləsiz doldurğu dərmanların geniş təfsilatına ehtiyac duymuram. Bircə onu deyə bilərəm ki, biçarə əvvəllər cüssəli və güclü olduğu halda indi tamam arıqlamış və təngnəfəslikdən əziyyət çəkirdi. Bax, burda reklam onun axırına çıxdı. Xəstə olduğunu fikirləşən Pyer reklam olunan, biri-birindən təsirli dərmanlarla müalicə olunmağa başladı; bu da azmış kimi, eyni qədər tərif edilən davacatın arasında çaşıb-qalaraq, əla çıxış yolu tapdı, heç birini incik salmamaq üçün hamısının dadına baxdı. 
Pyerin yediyi şokoladları siyahıya almaq qeyri-mümkündü; bu hədsizliyə onu yaxasından qırsaqqız kimi sallanmış reklamlar çatdırmışdı. İşlətdiyi parfümlər də yəqin elə bir o qədər olardı. Hələ bu harasıdır – o, xeyriyyəçi diş həkimlərinin ağrısız müalicə vədləri qarşısında əriyərək çənəsini onların ixtiyarına vermiş və dişlərilə bir-bir sağollaşmışdı. 

IV

Reklam yalnız Pyer Landrinin bədənini deyil, ağlını da sıradan çıxarmışdı. O, hərəkətli rəfləri olan dolab almış və qəzetlərin məsləhət gördüyü bütün kitabları ora doldurmuşdu. Qəbullandığı təsnifatsa çox maraqlıydı: cildləri mahiyyətinə görə düzmüşdü, - yəni demək istəyirəm, kitabsatanların öz elanlarında gözə soxduqları təriflərin dərəcələrinə görə.

Və heç bir evdə bu qədər əcaib və ağılslz seçimlə rastlaşa bilməzdiniz. Sanki yer üzünün bütün səfehliyi və rəzilliyi Pyer Landrinin kitabxanasında cəmlənmişdi. Biçarə xüsusi səylə cildlərdən hər birinin kənarına onu bu kitabları almağa təhrik etmiş reklamın mədhiyyə kağızlarını yapışdırırdı. O, adamın əsər adlandırmağa dili çönmədiyi bu tullantıları oxuyarkən nasirlərin istiqamətləri sayəsində əvvəlcədən hansı hisslər keçirəcəyini, ağlayacağını, ya güləcəyini belə bilirdi. 

Pyer Landri bu cür yaşam tərzindən təmiz sarsağa çevrildi. Mən adların hamısını sadalamaq fikrindən uzaq olsam da, onun beynini tamamilə darmadağın edən kitablardan bəzilərinə işarə edə bilərəm. Qəhrəmanım tədricən daha tələbkar və nazlı oxucuya çevrildi, o, yalnız və yalnız dahinin tayı-bərabəri olmayan yaradıcılığı kimi təqdim olunan əsərləri almağa başladı; beləcə, həftədə ərzində əldə etdiyi cildlərin sayı iyirmini ötmədi.
Bunu da söyləməyi özümə borc bilim ki, nəzəri cəlb edən elanların məsləhət gördüyü qəzetlər həmçinin onun ağlının azmasında xüsusi rol oynadı. Reklam nə qədər gurultulu olurdusa, bir o qədər etibar və heyrətlə qarşılanırdı. 

Görün onu valeh edən nədir. Qəzetlərdən birinin nasiri Həmrəylik meydanında oyunbaz tamaşa düzənləyir; təlxək ayaqlarını məzəli şəkildə oynadaraq yeni nömrənin elanını bağırır. Pyer Landri bu qəzetə abunə olmaq uğrunda birincilik üçün vuruşur.

V

Nəhayət, bu ürəkağrıdıcı faciənin sonuna gəlib çatdım. Gələcəyi görən birisinin bütün xəstəlikləri sağaltdığını oxuyan Pyer Landri irəli atılıb, mübtəla olmadığı naxoşluqlardan müalicə olunmağa başladı. Falçı lütfkarlıqla ona cavanlaşmağı təklif edir və on beş yaşlı növcavana çevrilməsi üçün yol göstərir. Bunun üçün sadəcə, müəyyən vanna qəbul etməli və müəyyən su içməliydi. Pyer Landri fırıldaqçıdan ayrılarkən sevincindən özünə yer tapa bilmir və bu müalicə üsulunu tərəqqinin son sözü kimi qiymətləndirir. 

Biçarə tövsiyə edilən bulanıq məhlulu birnəfəsə içib vannaya uzanır və elə cavanlaşır ki, onu iki saatdan sonra ölmüş vəziyyətdə tapırlar. Üzündəki bəxtiyar ifadə Pyer Landrinin müqəddəs Reklama itaət edərək canını tapşırması ehtimalını irəli sürürdü. Yəqin ki, falçının bütün pisliklərdən qurtulmağı vəd etdiyi panaseya (guya bütün xəstəlikləri sağaldan yalançı dərman – red.) elə buymuş. 

Pyer Landri hətta ölümündən sonra da elanların itaətkar qulu olaraq qaldı. O, bir cüvəllağı əczaçı tərədindən patetntləşdirilmiş üsulla metiyi anındaca mumiyalaşdıran tabutda basdırılmağını vəsiyyət etmişdi. Tabut qəbiristanlılqdaca iki yerə parçalandı, cənazə palçığa yıxılaraq qalıqlarla bir yerdə basdırıldı. 

Mərmər adıyla ortalığa gətirilən karton daşdan hörülmüş başdaşı yağışlı havaya yalnız bir mövsüm tab gətirə bildi; tezliklə qəbirdə pis qoxulu çürüntüdən savayı heç nə qalmadı. 

Əgər əxlaqdan dəm vuran birisi olsaydım, bu zibil yığıntısı üzərində gurultulu çıxış edər və Pyer Landrinin başına gələnlərdən faydalanaraq nəsihətamiz moizə oxuyardım: reklamın qurbanına çevrilmiş bədbəxt bizlərin, müasir maymaqların xoşbəxt və firavan həyat vəd edən elanlara inandığımız təqdirdə hansı hala düşəcəyimizə bariz nümunədir. Reklamın azadlıq verdiyi işgüzar dələduzlar bizləri beləcə barmağına dolayır, piştaxtalarına cəlb edir. Amma gəlin bəh-bəhlə boş vədlərə inanmayaq, onların əlində axmaq alətə çevrilməyək! Daha dayanıqlı olaq, sonumuz Pyer Landri kimi bitməsin. 

Çevirdi: Kifayət Haqverdiyeva
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)