AZAD QARADƏRƏLİ - KOMADAN SONRA (hekayə)
Vətən müharibəsi zamanı itkin düşən, sonradan sağ olduğu üzə çıxan qazilərə həsr olunur*
Qaranlıq idı. Gözünü açmaq istədi, olmadı. Torpaqmıydı, ya nəydisə, gözünə doldu. Əvvəl elə bildi ki, ölüb, dəfn ediblər. Məəttəl qaldı ki, nə təhər dəfn ediblər ki, gözünə torpaq tökülür? Axı əhlədin üstünə piltə döşəyib, hətta beton tökürlər?
Sonra ağlına gəldi ki, bəlkə öləndə adətə görə, ölünün gözünə ən yaxını torpaq tökür axı, bunu da dəfn edəndə torpaqmı atıblar?..
Amma yox, torpaq şırıldayıb kəsdi. Gözünü bərk-bərk yumdu ki, torpaq dolmasın. Ağlına ilk gələn o oldu ki, əlini qaldırıb, gözünə tökülən torpağı təmizləsin ki, bəlkə bir şey görə bildi. Sağ qolunu tərpətmək istədi, bacarmadı. Qol meyid kimi yanında qalmışdı. Sol qolu isə tərpənsə də hara isə girmişdi deyə, qaldıra bilmirdi. Bir az qolunu tərpədəndən sonra anladı ki, altında qalıb. Ayaqlarını tərpətdi. Cimildəyirdi, amma ağrımırdı. Onu da anladı ki, deyəsən, ayaqları salamatdır. Güc verib ayağının birini qaldırdı və bu zaman su qarışıq palçıq şırıltıyla yuxarıdan aşağı töküldü. O biri ayağını isə qaldıra bilmədi. “Ya çox keyiyib qəciyib, ya da güllə dəyib sağ qolum kimi cansız olub?”
Bir şeyə əmindi - sağdır. Və ona da əmin oldu: bura qəbir deyil və bayaq ayağının üstünə tökülən palçıqdan anlaşılırdı ki, o səngərdədir və üstünə çoxlu torpaq tökülüb...
Amma bu torpağı kim tökmüşdü? Əsgər yoldaşları onu ölmüş bilib, üstünü torpaqlayıblarmı ki, meyidi düşmən əlinə keçməsin? Ya ermənilər torpaqlayıb? Erməni niyə torpaqlasın axı?
Ağlı tamam yerinə gəlirdi get-gedə. Anlaqlı hala gəldikcə olub-keçəni xatırlamağa çalışırdı...
Bilinən o ki, yağış yağmış, yer yaş olmuşdu. Ona görə nə qədər etsə də, üstünə tökülmüş torpağı ata bilmirdi. Daha üstündəki torpaq deyil, palçıq olmuş, buna görə də ağırlaşmışdı.
Başını tərpətdi, bəlkə gözünə tökülən torpaq yana tökülsün. Amma başından bərk ağrı elə tutdu, daha tərpədə bilmədi. Demək, başının harasındasa güllə yarası var. Əlac salamat ayağına qalırdı. Yenə tərpətmək istəyəndə anladı ki, ayağının altında bərk bir şey var və altında qalmış əlinin barmağının ucu ilə toxunub, qoburdakı tapançası olduğunu duydu. Bu silahdan elə bir əlavə güc gəldi ona. Elə bil silah deyil, canlı əsgər yoldaşı idi. Yanını ayağının köməyi ilə qaldırıb altındakı qolunu çıxarda bildi. Bir az nəfəsini dərib, qolunu qaldırdı, üstündə nəmləyib qalın palçığa dönmüş ağır yükü atmağa çalışdı. Bir azını ata bildi hətta. Amma elə yoruldu ki, sərilib qaldı. (“Guya sərili deyilmişəm”...)
Bir dəqiqəmi, bir saatmı belə qaldı, bilmədi. Bu vaxt ona uzun bir zaman kimi göründü. Kirpiklərini qaldırdı, gözünün birinə işıq dolduğu üçün tez də yumdu. “O biri gözümə torpaq dolub yəqin”. Özünü topladı. Yeni həmlə lazımdı. “Ya allah” deyib qolunu bir də tovladı və bu dəfə qalın yaş palaz kimi üstünə sərilmiş bərkiməkdə olan palçığı bir kənara ata bildi. Həmin an gözlərini açdı. Bir gözünə işıq doldu. “O biri gözümə torpaq dolub yəqin”. Əlini uzadıb sol gözünün torpağını təmizləmək istərkən əli çayaya girdi, barmaqları qana batdı və ağrıdan özündən getdi...
Bu dəfə bu vəziyyətdə bəlkə üç-dörd saat qaldı. Ya bəlkə çox.
...Onun taqımına qarşıdakı yüksəkliyi almaq və əlində saxlamaq əmri verilmişdi. Adətən, yüksəkliyi aldıqdan sonra arxadan gələn yeni qüvvəyə verib, daha irəli gedərdilər. Bu dəfə nədənsə orda möhkəmlənmək əmri verilmişdi. Buranı alacaqdılar, amma qeyri-müəyyən vaxtda orada dayanmaq çətin məsələ idi. Niyə? Çünki adətən, arxadan gələn qüvvə həm onlara su, yemək və sursat gətirirdi, həm şəhidlərin yerini dolduracaq əsgərlər dəstəyə qoşulurdu, həm də hücum zamanı onlara artileriya vasitəsi ilə yardım edilirdi. Budur, hücuma başlayacaqlar, elə indidən su ehtiyatı az, silah ondan da azdı. Əmr verdi ki, gülləyə və suya qənaət etsinlər. Və gözləyib, düşməni qabağa buraxıb əks-hücuma keçməyə üstünlük verdilər. Axı onların yeri çox hündür idi. Ən azı hücum zamanı nisbətən aşağı enəcəkdilər. Belə də oldu. Ən yaxın məsafəyə buraxıldı, sərrast atıcılar yerlərində qalıb düşmənə atəş açdı, qalanları isə sürünə-sürünə irəli gedib qəflətən düşmənin üstünə atıldılar. Bunu gözləməyən rəqib çaşqınlıq içində geri qaçmağa başladı. Komandir “irəli” bağıraraq düşmənin ardınca atıldı. Bir yandan da arxadan sərrast atıcılar düşməni dənləyirdi. Nəhayət, ermənilər səngərə dolanda bizimkilər üstlərini alıb, əlbəyaxa döyüşə qalxdılar. Düşməni süngü-bıçaqla təzəcə qırıb qurtarmışdılar ki, hardansa minaatanlar və toplar yüksəkliyi atəşə tutdu. Elə nə oldusa, onda oldu. Taqımın səngərdə öləni öldü, qalanı da yaralıları, meyidləri götürüb arxaya çəkildi. Komandirin yanına düşən minaatan mərmisi gözünü və budunu yaralayandan sonra iki metr aralı düşən top mərmisi onu səngərə pərçimləyib üstünü də torpaqladı...
...Nəhayət, özünə gələ bildi. Əlini uzadıb salamat gözünü qapadı, ətraf zülmətə qərq oldu. Anladı ki, bir gözünü ya itirib, ya da zədələnib. Yanında qalmış qıçını tərpətməyə çalışdı. Qıçı da yaralıydı, amma bu çox ağır yaraya bənzəmirdi. Çünki ayağını artıq hiss edə bilirdi.
“Uşaqlar məni ya ölmüş bilib gediblər, ya da heç torpağın altında qaldığımı hiss etməyiblər. İndi iki məsələnə müəyyən etməliyəm: taqım irəlimi gdib, ya gerimi çəkilib? İkinci, burdan çıxa bilsəm, bizimkilərə çatmaq şansım nə qədərdir?”
Əlini yenə qoburun üstüə qoydu. Sanki silahından güc alacağına inanırdı. Bu soyuq dəmir parçasından onun ürəyinə bir istilik, hərarət axdı. Zəif döyünən ürəyinin döyüntüsü artdı elə bil.
“Silahım soyuqdur, amma mənə enerji verir... Soyuq demişkən, bəxtimdən yağış yağıb və bu nəmişlik mənim qanımın axmasını dayandırıb. Yoxsa qanaxmadan ölə bilərdim. Elə yağışın torpaqda açdığı deşiklər də havalanağıma kömək edib, yoxsa torpağın altında boğulub ölərdim... Ya allah! Kömək ol, burdan çıxa bilim!”
Disrəyini yerə dayayıb yanı üstdə çevrilə bildi və ayağındakı, gözündəki, bədəninin başqa yerlərindəki qəlpə yaraları səs-səsə verib sızıldaşdılar, qışqırmamaq üçün biləyini ağzına soxdu. Nəhayət ikinci təkandan sonra torpaqdan çıxa bildi...
...Ətrafa baxanda gördü ki, nə bir meyit, nə də yaralı var. Hətta düşmən meyidləri də yox idi. Təxminən beş metr aralıda isə partlamamış bir mərmi dururdu. Bunu yaxşı əlamət hesab etdi. “Allah ölməyimi istəməyib. Açılsaydı, yəqin ki, qəlpələr məni param-parça edər, yaxud da üstümü daha çox basırardı. Demək, təslim olmaq olmaz... Hə... Mən burada ən azı iki gün qalmışam. Allah öldürməyəndə öldürmür... Geri sürünməliyəm. Bax, orda, ağaran yoldan maşınlar keçsə, məni görüb götürərlər...”
Yaralı ayağını cibindəki əl dəsmalı sıxıb bağladı – sürünəndə qanaxma sürətlənə bilərdi. Silahını əlində hazır tutdu ki, düşmənlə qarşılaşsa, atəş aça bilsin. Yanından asılı su qabını açdı, bir qurtum su alıb ağzını yaxaladı, yerə tökdü – susuzdan yansa da udmadı. Və sürünə-sürünə irəliləməyə başladı. Arada ağrıdan bayılır, yenə ayılır, yenə irəliləyirdi. Bu minvalla nə qədər, neçə saat süründüyünü bilmədi...
...Gözünü - bəlli ki, bir gözü görmürdü – palatada açdı. Ətrafda ağ xalatlılar gəzişir, bir-biri ilə nə barədəsə danışır, hətta mübahisə edirdilər.
“Bunun düzəlməsi allaha qalıb. Məncə çətin ki, ayılsın... Az qalıb ay olsun, hələ də komadadır. Yazığa nahaq əziyyət veririk.”
“Nə edək, hocam? Adamı diri-diri moqa göndərməli deyilik ki?”
“Yox, elə demədim... sadəcə aparata qoşulu vəziyyətdə qalması... Əziyyət çəkir...”
“Hocam, bir baxın, gözünü açdı elə bil?!.” – tibb bacısı qışqırdı.
Həkimlər bir anda xəstənin üstünə əyildilər. “Hocam” dedikləri əlini göyə açıb dua etdi:”Şükür sənə, ilahi! Günah işlətmişdim beş dəqiqə qabaq... Keç günahımdan...”
Gənc həkim xəstənin qalxan əlini tutdu:
“Yaxşısınız, cənab leytenant?”
Dodağını tərpətmək istədi, quruduğundan tərpədə bilmədi. Tibb bacısı yaş pambıqla dodaqlarını islatdı. Quyudan çıxan səs:”Yaxşıyam...”
Sonra gözünü dolandırıb palataya gəzdırdi və bir az ümidlənmiş halda dedi:
“Neçə vaxtdır burdayam?”
“Bir ay var. Qorxutmuşdunuz bizi” – hoca dedikləri inamsız səslə dilləndi.
“Bəs... Cəbhədə vəziyyət necədir? Mənim əsgərlərimnən nə xəbər var?”
Gənc cərrah onun əlini sığalladı:
“Müharibə bitib. Gözləriniz aydın! Biz qalib gəldik!.. Torpaqlarımızı qaytardıq sizin kimi igidlərin sayəsində... Sizi isə... üstünüzdə sənəd tapılmadığınnan kimliyinizi bilmirik... Ona görə də əsgərlərinizdən xəbər tuta bilməmişik... Lütfən, ad-soyadınızı, hansı hərbi hissədən olduğunuzu deyin, tibb bacısı qeyd etsin... Sonra isə yatın, istirahət edin. Səhər, sağlıq olsun, danışarıq...”
***
Bədənindəki bütün qəlpələri çıxartmışdılar. Təkcə gözünün yanında bir qəlpə ilişib qalmışdı və həkimlər qəara gəlmişdi ki, tamam sağalıb yaxşılaşandan sonra təkrar cərrahiyyə yolu ilə o qəlpəni də çıxarda bilərlər. Bəlkə onda zədələnmiş gözünün də düzəlməsinə ümid olar.
***
Bir həftə sonra onu evə buraxdılar. Telefonunu itirsə də, tibb bacısının telefonu ilə evə zəng vurmaq istədi, amma nə düşündüsə, vaz keçdi. “Qoy sürpriz olsun. Müharibə qələbəylə bitib onsuz da. Qoy bir qələbəni də mən gedişimlə ailəmə bəxş edim.”
***
Rayonlarına çatanda axşam üstü idi. Bazarın yanında taksi dayanacağına yönəldi. Evəcən taksi ilə gedəcəkdi. Baxdı ki, duracaqdakı taksiçilər ona qəribə gözlə baxırlar. Hətta içlərində tanıdığı Həsənağa heyrətlə üzünü tutmuşdu. Keçib maşında oturdu. Handan-hana Həsənağa yerinə keçdi. O, sürücüyə baxıb gülümsünməyə çalışdı:
“Deyirsən, yəqin müharibədən gəlir, pulu yoxdur? Ona görə sürmək istəmirsən? Pulum var. Qorxma... Gəl, sür gedək.”
“Əstafürüllah... Nə danışırsınız? Heç heylə şey olar? Biz taksi sürücüləri sözü bir yerə qoymuşuq ki, davadan gələn əsgərdən pul almayacağıq...”
Bir qədər maşında dinməzcə yol getdilər. Nəhayət, sürücü udquna-udquna dilləndi:
“Xəstəxanada idiniz?”
“Hə... Bir aydan çoxdur komadaydım... Bir gözümü...”
Sözünün dalısını gətirə bilmədi. Bu aylar ərzində ilk dəfə idi qəhərlənirdi. Hətta tək gözündən yaş da gəldi. Sarıqlı gözü isə sancdı. Əlini aparıb sarığın üstünə qoyanda hiss etdi ki, ürəyi elə bil yarasında döyünür. Tez əlini götürdü.
Daha danışmadılar. Sürücü bir-iki mənasız sual versə də, leytenantın həvəssiz “hə, hı” eləməsini görüb susdu. Təxminən yarım saatdan sonra məhlələrinə çatdılar. Maşından düşəndə həyətlərində çadır qurulduğunu görüb sarsıldı. “Atammı öldü? Ya anam mənim yoxluğuma dözə bilmədi?! Yoxsa...”
Həyətə yığılanlar onu görüb qeyri-ixtiyari geri çəkildilər. Hətta onların içində olan atası da heyrətlə oğluna baxa-baxa qalmışdı. Az sonra qadınların içindən çıxan ana onun üstünə atıldı və “oğlum” deyib boynuna sarıldı. O isə hələ də təəccüb və qorxu içində qalan adamlara baxaraq anasının qulağına pıçıldadı:”Nə baş verir, ana? Bu adamlar mənə niyə heylə baxırlar? Hətta atam da...”
Az sonra ata da tərəddüddən çıxıb oğluna yaxınlaşdı. Sonra bacısı, sonra o biri qohumlar irəlilədilər... Amma hələ də o şokdaydı. Heç kim cəsarətə gəlib, nə baş verdiyini deyə bilmirdi. Tərslikdən ananın da ürəyi xarab oldu və leytenant bir az əvvəl olanı unudub, anasının hayına qaldı...
***
Anası təzəcə ayılmışdı ki, dedilər qonaq gəlib. Rayon rəhbərliyindən bi nəfər, rayonun polis rəisi, bir neçə hərbçi həyətdə dayanmışdılar. Əllərində gül-çiçək və əsgərlərin tutduğu iri bir çələng vardı. Çələngin üstündə öz ad-familiyasını görəndə bilmədi gülsün, ya ağlasın. (Artıq məsələni ona anlatmışdılar – evlərində onu öldü bilirdlər. Hətta hərbiçilərin gətirdiyi bir tabutu aparıb rayonun şəhidlər xiyabanında dəfn də etmişdilər...)
Yaxınlaşıb məsələni qonaqlara izah etdi. Sonra xahiş etdi ki, onu şəhidlər xiyabanına aparsınıar.
Əsgərlərin əlindən aldığı çələngi sökdü, gülləri çıxardıb şəhid qəbirlərinə və “öz qəbirinə” qoydu. Sonra bu aylar ərzində ikinci dəfə qəhərləndi, tək gözündən axan yaşı gizlətmək üçün üzünü yana tutub dedi:
-Xahiş edirəm, şəhidimizin kimliyini tezliklə müəyyən edin ki, gözü yolda qalan bir ailənin gözü yığılsın...
Polis rəisi isə müdrik görkəm alıb dilləndi:
-Hə, eskumasiya lazım olacaq... Sonra da DNT analizləri.
Leytenantın sarıqlı gözü durmadan atırdı. “Mən bir dəfə özüm özümü eskumasiya eləmişəm. Növbə sənindir, qardaş. Dava bitib, qan-qada bitməyib.”
26.12.2020.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Hekayə olmuş hadisə əsasında qələmə alınıb. Lakin bəzi etik səbəblərdən qazimizin əsl adı mətndə çəkilmir.(Müəllif.)