Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - İSMAYIL ŞIXLI ƏSATİRİ

AZAD QARADƏRƏLİ - İSMAYIL ŞIXLI ƏSATİRİ

AZAD QARADƏRƏLİ - İSMAYIL ŞIXLI ƏSATİRİ
Proza
nemət
Müəllif:
20:28, 22 mart 2019
2 183
0
AZAD QARADƏRƏLİ - İSMAYIL ŞIXLI ƏSATİRİ





(Müəllimim, ustad yazıçı İsmayıl Şıxlının 100 yaşı tamam olur.)




            Birinci kursda tələbələr, adətən, diligödək, ağzıbütöv,  yuxarı kurs uşaqlarının dili ilə desək  “mama uşağı” olurlar. Köhnə adamların sözü olmasın, APİ deyilən “kolxozçu” uşaqlarının oxuduğu institutda bir az ayıq tələbələr 2-3 aydan sonra dil çıxartmağa başlayırdılar. Zarafat deyil, burada İsmayıl Şıxlı kimi, Əbdüləzəl Dəmirçizadə kimi, Məmmədhüseyn Təhmasib kimi, Əbdül Əlizadə kimi professorlar, hələ heç dosent olmasa da, biz filoloqların ən yaxın dostu Ramin Əhmədov kimi  “laborant-professor”dan dərs almaq vardı və bu kişilərin təsiri ilə adam cücərirdi, boy atırdı, içdən alovlanırdı və olub-olmayan istedadları üzə çıxırdı. Mən artıq ilk qələm təcrübələrimi burada başlamışdım. Təbii, ilk oxucum Ramin müəllim oldu. Oxudu, heç nə demədi. “Gəl bunu verək İsmayıl Şıxlı oxusun” dedi. Mən bir qədər tərəddüd etsəm, də o özü bunu etdi. 

            Xarici ölkələr kafedrasının müdiri olan İsmayıl müəllim bizə xarici ədəbiyyatdan mühazirə oxuyurdu. Şekspiri keçən gün “Hamlet”i təhlil edəndə məni oturduğum yerdə ağlamaq tutmuşdu. 75 nəfərlik tələbə auditoriyasında o bunu sezmiş, mühazirənin sonunda məni ayağa qaldırmış, Hamletin monoloqunu soruşmuşdu. Mən hələ də keçməyən o acı qəhəri boğazımdan uda-uda monoloqu söyləmiş, göz yaşlarımı saxlaya bilməmişdim. İsmayıl müəllim bunu kafedrada danışanda bizə seminar aparan Ramin müəllim mənə şəfqətlə “ey, Hamleti sevən oğlan, indi bizimçün də söylərmisən o monoloqu?” yarızarafat-yarıciddi demişdi. “Ölümmü, qalımmı, sual budur bu...” kəlmələrini necə söylədiyimi indi də anlaya bilmirəm. Mən, görünür, onda özümdə olmamışam. Onu bilirəm ki, Ramin müəllim “Sən Cəfər Cabbarlının tərcüməsinə də bax, o daha yaxşıdır” deyəndə hələ nə qədər bilməli olduğum nəsnələrin varlığı heyrətləndirdi məni – Cabbarlı “Hamlet”i çeviribmiş!?

            Hə, bu ricəti ona görə xatırladım ki, İsmayıl müəllim məni bir tələbə kimi tanıyırdı, indi də “yazıçı kimi” (pəh!) tanıyacaq, hekayələrimi oxuyacaqdı.

            Heç üç gün keçməmiş, cavab gəldi. Əlim əsə-əsə qəzetin arasına qoyulmuş hekayəni açdım. (Təəssüf ki, indi adını unutduğum o hekayə iki gəncin uğursuz məhəbbətindən ibarət zəif bir mətn idi.) Birinci səhifədə, yuxarıdan göy mürəkkəbli qələmlə, narın xətlə yazmışdı:”Yaxşı yazılıb, zərif hissli gənclər gözəl təsvir edilib. Adamı kövrək hisslər bürüyür. İ.Şıxlı.”  Sonra səliqəylə qol da çəkmişdi. 

            O gün o hadisənin təsiri ilə yaşadım: havayı deyil! İsmayıl Şıxlı mənim hekayəmi tərifləyib!

            Bir gün sonra bir qədər havam alındı. Müəllimimin yazdıqlarını  analiz fason etməyə çalışdım. (Artıq bilirəm ki, böyük adamlar birbaşa “pisdir”, “yaxşıdır” demirlər. Al-dillə qandırırlar. Mən də qanmağa çalışıram.) “Zərif hissli gənclər” və “adamı kövrək hisslər bürüyür” kəlmələri sıxdı məni. Tam anlaya bilməsəm də, hiss edirdim ki, ustad, nəyəsə işarə edib? Amma nəyə? Mən bunu hələ anlayacaq səviyyədə deyildim. Yenə Ramin müəllim dadıma yetdi. (Biz, indi dərsdən sonra onunla şəhərdə gəzişir, dərsdə deyiləsi mümkün olmayan nəsnələrə işıq tuturduq; hətta çay içə-içə o mənim sonu görünməyən suallarımı cavablandırırdı.) Gülümsündü. Və hiss elədim ki, mənim dayandığım nöqtələrə görə məmnundur. 

            -Hə, - dedi, -mən özüm sənə fikrimi demədim ki, pis başa düşərsən. İsmayıl müəllim kimi avtoritetin sözü ilə mənimki bir deyil, təbii. Amma kişi səni bərk tərifləyib də!.. O tutduğun nöqtələrsə doğrudur. Nastalji yerlər hamımızı tərpətmişdi. (Sonra biləcəm ki, böyük ədib hekayəni kafedradakı digər müəllimlərə də oxutdurub.) İsmayıl müəllim isə səni ovuda-ovuda tənqid edib. Təxminən deyib ki, qələmin var, yaza bilirsən, obrazlar yaxşıdır, amma sən hələ özün deyilsən. Sən hələ ədəbiyyat deyilən okeanın dalğalarında üzə bilməzsən. Yaxşı yazmağın üçün lazım olan ədəbi bilik bazan hələ formalaşmayıb... Hamletin monoloqu hər şeyi həll etmir. Şekspiri, Bayronu, Balzakı, Hüqonu, Tolstoyu, Dostayevskini, bizim Nizamini, Mirzə Cəlili, Əbdürrəhim bəyi yaxşıca oxumalısan...

            Artıq məsələdən hali olan tələbə yoldaşlarım mənə həsədlə baxır, hekayəni elə bu şəkildə “Ulduz”a aparmağı məsləhət görürdülər. Amma mən bunu etmədim. O hekayəni müəllimimdən bir əzizi xatirə kimi saxladım. Bir çox əlyazmalarım kimi o hekayə də, nə yazıqlar ki,  işğal zonasında qaldı. Hekayəyə təəssüflənmirəm, müəllimimin o göy mürəkkəblə yazdığı yazısına acıyıram...

                                                                     

                                                                                       ***


            Bir dəfə İsmayıl müəllimə “Dəli Kür”ün çəkilişi zamanı filmdən kəsilən yerlərlə bağlı sual verdim. (Mühazirə zamanı kənar müdaxilələrə yol verməsə də, mənim təkidlə verdiyim suala cavab verərkən bu faktı təsdiqlədi.) Özü də çocuq sualı:”Siz nə üçün filmdən kəsilən yerlərin bərpası üçün mübarizə aparmadınız? Məsələn, Mərkəzi Komitəyə müraciət etmək olardı?!”

            O gülümsündü. Eynəyinin altında gülən o gözlərdə bunları oxumaq olardı:”Sən hələ xamsan. Boğulmamısan. Boğarlar onda bilərsən... O göstəriş elə Mərkəzi Komitədən gəlməyibmi? Özündən özünə şikayətmi edəcəksən?!”

            Sonra onun həyatından önəmli epizodlarla tanış oldum: “Ayrılan yollar” romanına görə necə tənqid olunmağını, “Dəli Kür”ə görə necə qəzəbə tuş gəldiyini, ali məktəb müəllimi kimi “xora qoşulmadığını” ona bağışlamayıb, həmişə tənqid hədəfi olub. Bu “xora qoşulmamaq” daha risqli idi. APİ boyda rüşvət dəyirmanında 5-6 salamat müəllim olardı, ya olmazdı. Məsələn, mən üç müəllimin əvəzindən and içə bilərdim ki, onların əli haram pula dəyməmişdi: birinci İsmayıl Şıxlı, ikinci Ramin Əhmədov, üçüncü isə psixologiya üzrə professor Əbdül Əlizadə idi.


                                                                      

                                Ramin müəllim keçmiş tələbələri Azad Qaradərəli və Nəbi Abbasovla. 




                                                                           ***

            Gün gəldi, “Əllidən bir kəm” romanı üzərində işləməyə başladım. Oxuyanlar bilir ki, hekayələrimdə, romanlarımda bəzi obrazları öz adları ilə verirəm. Onların adlarını dəyişməyə elə bir lüzum qalmır. Məsələn, sözügedən romanda İsmayıl müəllimin, yaxud Məsud Əlioğlunun adını niyə dəyişəsən ki? Elə Hüseyn Cavid də, Müşfiq də...

            Romandan bir parçanı burada gətirmək istərdim:



            “...Bu lənətə gəlmiş ürək döyüntüsü onda lap gənclik illərindən vardı. Əslində adi bir ehtiyatsızlıq və təcrübəsizlik buna səbəb olmuşdu. 70-ci illərin başıydı. O, təzəcə aspiranturaya girmişdi  - hələ burnunun ovulmayan vaxtları idi. Tənqidçi-alim Məsud Əlioğlunun fəaliyyətindən bəhs edən məqaləni işlədiyi institutun “Elmi xəbərlər” jurnalına təqdim edəndən bir gün sonra baş redaktor ( həm də elmi şuranın üzvü, tanınmış ədəbiyyatşünas-alim idi) onu yanına çağırıb demişdi:”Ay oğul, elə bilirsən, bu sadaladığın faktları səndən başqa bilən yoxdur? Nəyinə lazımdır, Məsud Əlioğlu özünü niyə öldürüb, nədən ötürü öldürüb? Yoxsa sən özünü süddən çıxmış ağ qaşıq hesab eliyirsən? Ağlını başına yığ, bala. Bu, Sovet hökümətidir. Dovşanı arabaynan tutur. Elə səni də tutar. Get, başqa şey yaz. Məsələn, elə atasınnan yaz – Əli Vəliyevdən. Ode, dəf kimidi! Hələ də yazıb-yaradır. Onnan yazarsan, əlinnən tutar, İttifaqa qəbul elətdirər, müdafiənə köməyi dəyər... Yoxsa, intihar hadisəsini araşdırırsan, nə bilim, nə qayırırsan... Cavidi qurdalayırsan, “Əllidən bir kəm”dən danışırsan, “Darıxan adamlar”dan yazırsan. Sarsaq-sarsaq işlər...”

            O,   cavab qaytarmamaq  üçün əlini ağzına təpərək barmaqlarını gəmirə-gəmirə institutun əsas binasının dəhlizi ilə  qəddi əyilmiş kimi addımlayanda  xətirini dünyalar qədər istədiyi, elə bütün tələbələrin sevimlisi olan İsmayıl Şıxlı bir qrup müəllimlə qabağına çıxmış, hələ tələbəlikdən yaxşı tanıdığı İmiri saxlamış, niyə kefsiz olduğunu soruşmuşdu. O da təcrübəsizlikdən olanları digər institut müəllimlərinin yanındaca  danışmış, axırda lap gül vurmuşdu:

            -İsmayıl müəllim, mənə deyir get Əli Vəliyevdən yaz... Axı mən onnan nə yazım?! Onun bütün yazıları başdan-başa tərənnümdür... Siz özünüz mühazirələrinizdə demirdinizmi ki, tədqiqat apardığın obyekt cılız olanda, tədqiqat da cılız olacaq? Yazaram e, niyə yazmıram, amma tənqid yazsam, verərlərmi? Az qala son illərdə müdafiə olunan elmi işlərin hamısı ilə tanış olmuşam. Bircə elmi kəşf, bircə yenilik yoxdur. Hamısı bir-birindən köçürüb... Elə o “Elmi xəbərlər” olsun... Bir urvatlı məqalə tapa bilməzsən! Nə edim, aspiranturanı atıb gedim?

            İsmayıl müəllim, dediyim kimi,  bu istedadlı gənci yaxşı tanıyırdı. Yerlibazlığa pis baxsa  da, onların zonasından olduğunu, atasız böyüdüyünü bilirdi. (Hətta tələbə vaxtı İmirin ona verdiyi dəftərdən şeirlərini oxumuş, bəzi məsləhətlər vermiş, axırda demişdi: səndə şairlikdən artıq elmi potensial görürəm. Bədii yaradıcılığını davam etdirməklə bərabər, elmi məqalələr də yaz, araşdırmalar apar.) Ona görə hərdən öyüd verər, yol göstərərdi. Bu dəfə də  ağır, ləngərli danışığı ilə məsləhətini əsirgəməmiş, təmkinlə demişdi:

            -Sən tələsmə, İmir... Vaxt gələr, bu dediklərini də yazarsan, çap etdirərsən. İndi nə deyirlər, onu elə. Əli Vəliyevdən demirlər, onnan yaz... dikbaşlıq eləmə. Yoxsa səni irəli buraxmazlar. Müdafiənə maneçilik edərlər... Öz tədqiqatlarını isə davam etdir. Amma iradəylə, ağılla...  

            O bilirdi: yaşadığı quruluş həqiqəti sevmir. Yalan və zor bu quruluşun mayasındaydı. İnsanlar ailələrdə, uşaq bağçalarında, məktəblərdə, iş yerlərində    tutuquşu kimi hazırlanırdılar. Hamının lağa qoyduğu qoca Brejnyev televizorda böyük dahi, xalqın nicatı, partiyanın lideri kimi tərənnüm olunurdu. Onun adına  siyasi çıxış və məqalələr, hətta “Kiçik torpaq”, “Xam torpaq” kimi bədii memuarlar belə yazırdılar. Hamı bilirdi ki, o qoca nəinki bunları yazmağa qadir deyil, heç onun qələm tutmağa taqəti yoxdur. Amma bunu qəbul etməyə məcburdular...

            O bilirdi: dünya böyük elmi, humanitar məsələlər üzərində baş sındırdığı halda, onun ölkəsi SSRİ ərzaq proqramı qəbul edir, Əfqanıstanda, Çexoslavakiyada, Alma-Atıda, Tiflisdə, bir qədər sonra isə onun öz şəhəri Bakıda dinc əhalini tank tırtılları ilə əzir, səsini çıxardanı həbsə atır, Sibirə sürgün edirdi. 

            O bilirdi: Sovet hökuməti dağılandan sonra müstəqil olmuş Azərbaycanda yeni qurulan dövlət heç iki iləcən də yaşamadı. Əvəzində eynən SSRİ-dəki kimi bir quruluş quruldu: saxta seçkilər, saxta, pafoslu çıxışlar, yalana köklənən “demokratik idarə ertmə”.

            Bunları bilmədən qoyun kimi yaşamaq asandır və heç ürəyin də ağrımaz. 

            Amma o bilirdi...



            

            Bir neçə həftə  keçmiş   kafedra iclasında həmin baş redaktor-professor (sonradan dostlaşdılar,  İmirin elmi rəhbəri oldu) çıxışında İmiri yuyub sərdi. Onun antisovet düşüncəyə malik olduğunu, elmi təfəkkürünün zəifliyini, primitiv savadının onu uzaqlara apara bilməyəcəyini vurğuladı. (Bildi ki, İsmayıl müəllimə başına gələnləri danışanda onun yanında olan müəllimlərdən biri   gedib  eşitdiklərini qoyubmuş o professor-baş redaktorun ovcuna.) Sonda professor lap zilə çıxdı:

            -Sən kimsən ki, bizim kafedranın, bu boyda institutun, Sovet Respublikaları içərisində ən populyar elmi jurnalın əməkdaşlarının əməyini yerə vurursan?! Sən kimsən ki, məşhur bir nəslin, bu dövləti quran xalq yazıçısının oğlunun vəfatına intihar damğası vurursan?!. Hələ bununla kifayətlənmirsən, Cavidə işarə vurursan, Mikayıl Müşfiqə işarə vurursan, onların tökülən qanınnan danışırsan?! Cavidin, Müşfiqin qanının Məsud Əlioğluna nə dəxli?! Bəlkə paralellik  axtarırsan bu  ölümlərdə? Hələ eşitdiyimə görə “Nargin adası” adlı cızma-qara da yazmısan?! Özünü Soljenitsına oxşadırsan? “Arxipelaq QULAQ”dan dəm vurursan? 37-ci il olsaydı, bilirsən sənə nə edərdilər?!.

            (“O vaxt həqiqətən, Soljinitsının “Arxipelaq QULAQ” əsəri “samizdat” şəklində Moskvada yayılmış, sonra isə makina nüsxələrində çoxaldılaraq Bakıya da gəlib çatmışdı. Rail müəllim bu əsəri - gərək ki, İsmayıl Şıxlıdan almışdı – hardansa tapıb mənə də vermişdi oxumağa. İndi əlim üzümdə qaldı ki, bu adam mənim sirlərimi hardan bilir? Özüm özümdən şübhələnməyə başlamışdım.” – İmir  professorun dediklərini dinləsə də, həm də öz aləminə dalmışdı.)

            Yerdən kimsə pafosla replika atdı:

            -Damlayardılar!” (Azad Qaradərəli, “Əllidən bir kəm”, Alatoran, 2017, səh. 9-12)

                                                                                             

                                                                         ***


            Bu il böyük müəllimimiz İsmayıl Şıxlının 100 yaşı tamam olur. Az yazan, amma böyük iz qoyan ustad aşağı-yuxarı Cümhuriyyətimiz yaşdaymış. Onsuz keçən bu illər əziz müəllimimizin, görkəmli yazıçının yeni başlayan ədəbi ömründən heç nə aparmayıb ki, əlavə edib.

            Bir neçə ay əvvəl tələbə yoldaşlarımızla bir yerə toplandıq, o doğma illərimizi, müəllimlərimizi, ən çox da İsmayıl Şıxlını yad etdik. O İsmayıl Şıxlını ki, Sovetin qılıncının ən oxarlı vaxtlarında düzlük, doğruluq və təmizlik fəsləfəsinin tamam yoxa çıxmadığını bizə inandırdı. Və onu da inandırdı ki, adam həyatda necədirsə, yazılarında da o cür ola bilər. Ona qədər biz buna bir mif, əsatir kimi baxırdıq – yəni adi rəvayət kimi. Amma sonra inandıq ki, bəzən əsatirlər, miflər elə yanımızda həqiqət donunda yaşayır... İsmayıl Şıxlı əsatiri kimi...


                S.A. (Söz Ardı)

            1.İsmayıl Şıxlının oğlu Elçin Şıxlı bir müsahibəsində qəribə məqama toxunub. Yazıçının cəmiyyət – dövlət problemləri  ortaya çıxanda ailəsinə görə bəzən məcburən güzəştə getmək istəyir. Amma onun özünün formalaşdırdığı ailə bu yerdə hansı addımı atır? Elçin bəyin dediklərindən: “Məqamlar var idi ki, atamın bizə görə narahat olduğunu hiss edirdik. O zaman anam deyirdi ki, “kişi deyəsən zəifləyib, getdik kabinetə!” Yığışıb otururduq, deyirdik ki, bizə görə heç nə eləmə. İşləyirik, uzaqbaşı işimizdən çıxarıq. Anam da deyirdi ki, heç nədən çəkinmə! Görürdük ki, artıq atama rahatlıq gəldi... Ailəndən bu dəstək gəlməyəndə ləyaqəti qorumaq çətindir...”

            2.Bəzən mənim fikirlərim ya birmənalı qarşılanmır, ya da şübhəylə yanaşılır. Yəni, “hamı belə demirsə, bu, niyə deyir?” anlamında. Ona görə bu essedə səsləndirdiyim bir məsələni  qüvvətləndirmək üçün yazıçının sələfi Qulu Xəlilovun işlətdiyi   cümlə ilə yazını bitirmək istəyirəm: “Bizim çoxumuz, ali məktəb müəllimləri, zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”. 

                                                                                                          22.03.2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)