Əfqan Əsgərovdan rəvayətlər
Proza
Əfqan Əsgərovdan rəvayətlər
Əməkdar İncəsənət Xadimi Əfqan Əsgərovun "Şahlar Şahı" tarixi-əfsanəvi romanında istifadə olunan rəvayətlərdən bir neçəsi:
Bağışla peşman ol
Deyir, bir şahın bir gözəl tutuquşusu varmış. Ona uzaq ölkədən göndərmişdilər. Şah həmin quşu çox sevər, çox əzizlər, sarayda da, səfərdə də yanınca gəzdirərmiş. Tutuquşu cəmi bir kəlam bilirmiş ki, gündüz də, gecə də şahı görəndə onu təkrar edərmiş:
- Öldürüb peşman olmaqdansa, bağışla peşman ol… Öldürüb peşman olmaqdansa, bağışla peşman ol…
Şah da sözlərdən xoşallanar, quşu tumarlayıb, öpərmiş.
Bir gün şah sevimli tutuquşu da çiynində bol-bol ox atıb, qaçardan, uçardan bol-bol ov eləyib. Nahar süfrəsi başında şaha nədimi bir fincan su verdi ki, yanğısını söndürsün.
İstidən ürəyi yanan şah piyaləni alıb başına çəkmək istəyir ki, tutuquşu ucadan:
- Öldürüb peşman olmaqdansa, bağışla peşman ol… - deyə qanadlarını həyəcanla çalaraq suyu dağıdır.
Şah quşa tərs-tərs baxıb, boş piyaləni nədimə qaytarır. Nədim piyaləni bir də doldurub şaha verir. Şah ikinci dəfə piyaləni başına çəkmək istədikdə, tutuquşu yenə də ucadan:
- Öldürüb peşman olmaqdansa, bağışla peşman ol… - deyə qanadlarını həyəcanla çalıb suyu dağıdır.
Susuzluqdan sinəsi körük kimi alışan şah:
- Bəsdir!.. - deyə qəzəblə acıqlanır.
Nədim:
- Sən bu həyasız quşa çoxmu dözəcəksən, şahım? - deyib, piyaləni yenidən ləbələb doldurur.
Şah quşu çiynindən itələyib piyaləni üçüncü dəfə başına çəkmək istəyirdi ki, tutuquşu ucadan:
- Öldürüb peşman olmaqdansa, bağışda peşman ol… - deyib, qanadlarını daha həyəcanla çalaraq yenə suyu dağıdır.
Şah bu dəfə yaralı şir kimi nərə çəkir:
- Bu quş məni lap cana gətirdi, - deyə hirslə qılıncını sıyırır.
Tutuquşunu vurmaq istədikdə quş göyə millənərək uca bir nöqtədə qanadlarını yığır və aşağı şığıyaraq daş kimi özünü nədimin əlindəki səkçəyə çırpır. Yerə düşüb sınmış səkçədən iri bir şahmarın çıxıb süründüyünü görən şah indi dərk edir ki, öldürüb peşman olmaq necə böyük fəlakətmiş. O, əlindəki sıyrılmış qılıncla zəhərli ilanı doğram-doğram etdikdən sonra yerdə cansız qalmış tutuquşunu götürərək sinəsinə sıxır, acı-acı ağlayır və tutuquşunun əvəzinə təkrar edir:
- Öldürüb peşman olmaqdansa, bağışla peşman ol… Öldürüb peşman olmaqdansa, bağışla peşman ol…
***
Əhrimən cəzası
Deyir, şah Cəmşid ədalətli şahlığın binasını qoyandır. Çox adil, xalqını, torpağını sevən hökmdar olub. Onun vaxtında heç kəs Əhrimənə uymayıb, hamı xoşbəxt yaşayıb. Ədalət dövlətin şahı sayılıb. Ölkədə bolluq, firavanlıq olub. Heç kəs "neynim" deməyib. Ulu Hörmüz də bundan razı qalıb, şah Cəmşidə yeddi yüz il ömür verib ki, atəşə bağlanmış rəiyyət daha xoş günlər görsün.
Bir gün ulu Hörmüzə səda çatır ki, yerdə qələbəlikdi, bərk qarışıqdı. Friştələrindən birini göndərir ki:
- Get öyrən gör nə məsələdir? Friştə xəbər gətirir ki:
- Ya Hörmüz, rəiyyət həyatın şirinliyindən doyub. Hamı küçələrə çıxıb qışqırır ki, belə də şah olar? Nə adam asır, nə baş kəsir, nə şəhər dağıdır, nə kənd yandırır. Tələb edirlər ki, şah Cəmşidi taxtdan salmaq lazımdır.
Ulu Hörmüz soruşur ki:
- Daha nə istəyirlər? Çox dəhşətli bir şey - Yəzdan, qonşu şəhərdə bir başkəsən, gözçıxaran, evləryıxan, qaniçən zülmkar padşah var, onu tələb edirlər, deyirlər, hökmdar belə olar.
Bir gecə-gündüz tamam olmamış ulu Hörmüzə xəbər gəlir ki, rəiyyət şah Cəmşidi yıxıb, yerinə zülmkar padşahı oturdub. O da taxta çıxandan baş kəsir, göz çıxarır, evləri dağıdıb yerinə turp əkdirir, ölkədə qan su yerinə axır, ah-nalə tüstüyə, tüstü ah-naləyə qarışıb.
Ulu Hörmüzü fikir götürür. Əhriməni çağırıb, deyir:
- Bu sənin əməlindir!
Əhrimən yerə düşüb and içir ki, insanların bu əməlindən onun xəbəri yoxdur.
- İcazə ver, - deyir,- mən bu işlə məşğul olum.
Qəzəblənmiş ulu Hörmüz: - "İcazə verirəm, - deyir.
Heç bir həftə də keçmir ki, friştələr ulu Hörmüzə daha dəhşətli xəbər gətirirlər:
- Əhrimənin divləri nə etmişsə, təzə padşahın hər çiynində iki əfi ilan göyərib. İlanlar da təkcə isti insan beyni yeyirlər. Belə getsə kəsilməmiş baş qalmayacaq.
Ulu Hörmüz qəzəbindən gur-gur guruldayır. Əhriməni tapdırıb:
- Bu nə zülmdür mənim bəndələrimə edirsən? - deyir.
Əhrimən yenə üzü üstə yerə düşür.
- Ya Hörmüz, - deyir, - mən gedib çox fikirləşdim. Fikirləşdim ki, Cəmşid kimi ədalətli padşahı yıxıb taxtına qan içən bir zülmkarı oturdan xalqın beyni ilana yedirdilməlidir.
Ulu Hörmüz ilk dəfə olaraq Əhrimənin qarşısında peşman-peşman susur.
***
Bircə noxtası çatmır
- Deyir, Şuşan ölkəsinin padşahı Nişan öz-özünə xoflanır ki, bir gün xalq qalxıb onun səltənətini tar-mar edəcəkdir.
Vəziri padşaha ürək-dirək verir ki:
- Narahat olma, Əlahəzrət, bu Şuşan xalqını ki, mən tanıyıram, bunun başına noxta keçirsən də qeyrətə gələn deyil. Padşah şübhəli soruşur:
- Bunu sən nəylə sübut edə bilərsən?
Vəzir deyir:
- Ağlasığmaz şeylərlə.
- Məsələn?
- Sən xalqa əmr elə ki, padşahı sevən düyünü, buğdanı heyvana yedirtsin, arpanı özü yesin! Padşahı sevməyənin boynu vurulacaq!
Padşah təəccüblə soruşur:
- Yeyər?..
Vəzir həzrətləri deyir:
- Şuşan xalqı yeyər.
Həmin gün şəhərə car çəkilib padşahın təzə fərmanı elan olunur. Səhəri gün bütün xalq saray meydanına yığılıb padşaha dua edə-edə, arpanı göyşəyə-göyşəyə öküz kimi böyrüşməyə başlayır.
Amma padşah yenə aram olmur. Bu dəfə vəzir padşahı sakitləşdirmək üçün məsləhət görür ki, ikinci fərmanı vermək lazımdır:
- Qoy, padşahı istəyən arpanı da heyvana versin. Özü çovdar yesin!
Fərman verilənin səhəri günü yenə şəhər əhli saray meydanına dolub kişnəyə-kişnəyə, padşaha dua edə-edə, çovdar yeməyə başlayır.
Padşah yenə də xofdan çıxmır. Bu dəfə vəzir padşahı xofdan çıxarmaq üçün onu inandırır ki, üçüncü fərmanı vermək vaxtıdır.
- Qoy padşahı istəyən çovdarı heyvana versin, özü yulaf yesin!
Fərman verilənin səhəri yenə şəhər əhli saray meydanına dolur, hərənin başında bir torba, padşaha dua edə-edə, anqıra-anqıra yulaf yeyir.
Bunu görən padşahın eyni açılır, kefi durulur. Vəzir gülə-gülə padşaha yanaşıb təzim edir.
- Şahım! Bu yazıq heyvanların bircə noxtası çatmır!..
***
Sözü də dərmandı
Dünyanın hər yerinə hökmü çatan bir padşahın övlad adına aman-zaman bir qızı varmış. Qız böyüdükcə padşahın nigarançılığı artırdı. "Oğlan olsaydı, belə narahat olmazdım, - deyirdi. - Qız xeylağıdır, nə bilim taleyi necə olacaq?.." Bir səhər fərman verir ki, ölkənin bütün alimləri və ulduz falına baxanları saraya toplansınlar.
Hamı bir yerə cəm olanda padşah taxta çıxıb, hökmdar əsasını götürür və soruşur:
- İnsanın taleyini necə bilmək olar?
Alimlər və münəccimlər bir ağızdan deyirlər ki:
- Alın yazısı ilə, şah sağ olsun!
- Çox əcəb... - deyə padşah onlara razılıq edir. - Mən də sizi bura yığmışam ki, mənim gözümün ağı, qarası olan bircə balamın alın yazısını oxuyasınız.
Bu təklif bir soyuq suya çevrilərək hikmət və sehr sahiblərinin başına tökülür. Onlar çaşqın halda bir-birlərinin üzünə baxıb, susurlar.
Padşah:
- Bəlkə məni anlamadınız? - deyə bir də təklifini təkrar edir.
Hikmət və sehr sahibləri yenə susurlar:
- Açıq deyin, bilirsiniz, ya bilmirsiniz?
Bu dəfə də onlardan səs çıxmır.
Vəziyyəti belə görən padşah vəzir-vüzarəyə:
- Mən sizə dedim ki, mənə alim başı gətirin, demədim ki, qəbir daşı gətirin, - deyə qəzəblə əsasını yerə vurur. - Bu üləmaları zindanın ən havasız yerinə doldurun ki, bəlkə dilləri açıla!
O nə padşahdır ki, hökmü yerdə qala? Əmri eşidən kimi saray keşikçiləri üləmaları qabaqlarına qatıb zindana doldururlar. Zəncirlər, kündələr cingildəyir, dəmir qapılar çırpılaraq neçə yerdən qıfıllanır.
Padşahın adından xəbərdarlıq edirlər:
- Diliniz açılanda xəbər verərsiz!
Bir gün keçir, iki gün keçir, üç gün keçir, üləmalardan bir səs-soraq çıxmır. Bir həftə ötür, iki həftə ötür, üçüncü həftə dərgaha xəbər yayılır ki, bəs, "zamanın ən böyük həkimi Ərəstu bizim paytaxta gəzməyə gəlib. O dünyanın altını da bilir, üstünü də".
Padşah bu xəbərdən çox sevinir və:
- Tez alim Ərəstunu mənim hüzuruma gətirin, - deyə hökm edir.
Çox keçmir ki, böyük Ərəstu dərgahda hazır olur. Padşah özü onun pişvazına çıxır. Dərgaha buyuraraq, oturmaq üçün yer göstərir. Qızını çağırıb onunla tanış edir, sonra da sinəsində qövr edən dərdini açıb danışır.
- Mənə kömək et, - deyib yalvarır - Sən böyük Ərəstusan, dünyada hər şeyi bilirsən...
Ərəstu bəlkə də ilk dəfə belə çətinə düşürdü, çünki alim olan "bilmirəm" deməməlidi, bilmədiyini bilirsə, onu öyrənməlidi. Alim olan "hər şeyi bilirəm" də deyə bilməz, çünki hər şeyi hamı bilir, hamı bildiyinin isə sahibi Tanrıdır. Yəqin idi ki, bütün bu üləma qaydalarından padşah da yaxşı xəbərdar idi. Ona görə də böyük Ərəstu ehtiyatla:
- Şahənşahın ömrü uzun, şan-şöhrəti uca olsun, - deyir. - Alın yazısı Tanrı xəttidir. Mən Tanrı işinə qarışa bilmərəm, bu, zındıqlıq olar. Alim Tanrı işinə qarışsa, elmdən uzaqlaşar, el gözündən düşər. Qaldı gözəl qızımızın taleyi məsələsinə, adət belədi ki, atası sevən qızı Tanrı da sevər, beləsi həmişə xoşbəxt olur. Tanrı tək ağacı möhkəm yaradır, mənim şahım! Bir də sənin istəkli qızının üzündə Tanrı işığı vardı, otağa girəndə otaq işıqlandı. Bunun özü də ən böyük xoşbəxtlikdi, şahım.
Bu cavabdan padşahın üzü gülür, könlü açılır. Şair kimi vəcdə gələrək:
- Ey böyük Ərəstu, məndən hədiyyə istə! - deyir.
Ərəstu təvazökarlıqla padşaha təzim edir:
- O zindandakı binəvaları mənə bağışla...
Padşah:
- Mən onları bağışlamışam, - deyir. - Ancaq onlara “alim" demə. Necə alimlikdir ki, o qədər üləma bir nigaran ata ürəyini ovundurmaq üçün söz tapa bilmir?
Böyük Ərəstu padşahın bu iradını başının hərəkəti ilə təsdiq etdikdən sonra:
- Şahım, - deyir. - Bina təkcə künc daşları ilə tikilmir, üz daşları da olur, ara daşları da, hələ boşluğu doldurmaq üçün xırda-mırda, əyri-üyrü daşlar da.
Bu sözlər də hökmdarın ürəyinə yatır və:
- Gözəl, qiymətli sözlərin gözəl və qiymətli əvəzi olar, - deyib xəzinənin seçmə hədiyyələri ilə alim Ərəstunu yola salır.
***
Ölümdən o yana
Deyir ki, Süleyman peyğəmbər quş dilindən başqa ağacın, daşın da dilini bilirmiş. Bir gün at belində bir kəndin içindən keçirmiş. Bir inilti eşidib ətrafına baxanda görür ki, bir kəndli qoca bir kötüyün üstündə çırpı doğrayır. Kəndli baltanı hər dəfə aşağı endirəndə qoca kötük inildəyib deyir: “Kaş mən odun olaydım, ocaqlarda yanaydım...”
Süleyman peyğəmbər:
- Kəndli qardaş! Əl saxla, - deyir.
Kəndli peyğəmbəri görüb baltanı yerə atır.
Süleyman peyğəmbər atdan enib kötükdən soruşur:
- Sən qarğış edirsən, ya dua?
Kötük sinəsi xırıldaya -xırıldaya cavab verir.
- Nə qarğış edirəm, nə də dua. Ya peyğəmbər, yalvarıram. Yalvarıram ki, Tanrı heç kəsi qocalanda kötüyə çevirib üstündə çırpı doğratmasın...
Süleyman peyğəmbəri fikir götürür, fikirləşir ki, qocalığın sonu ölümsə, ölümdən də o yanası varmış...
***
Tanrı da kömək ola bilməz
Deyir, axmaq bir padşahın özündən də axmaq olan bir vəziri varmış. Ölkədə özbaşınalıq başlamış, rəiyyət dağılmış, ordu pərən-pərən düşmüşdü.
Bir gün qonşu şah hücum edib axmaq şahın olan-qalan qoşununu da qırır, şəhəri mühasirəyə alıb, yaylı mancanaqlardan evlərin üstünə, hətta sarayın həyətinə daş yağdırır.
Əyan-əşrəf başı lovlu padşahın hüzuruna gəlib. bu fəlakəti ona danışır:
- Əlahəzrət! Bir əlac! - deyə yalvarırlar.
Padşah inildəyə-inildəyə:
- Vəziri çağırın! - deyə əmr edir.
Vəziri tapıb gətirirlər.
Vəzir baş əyib padşahın kefini soruşur.Padşah əbasının ətəyini qaldırıb sağ ayağını irəli uzadır:
- Sənin ölkəndən xəbərin yoxdur, vəzir, -deyə gileylənir.
Vəzir üzü üstə döşəməyə düşür:
- Ölkədə bütün işlər qaydasındadır, şahım... - deyir.
Padşah hirslənir:
- Necə qaydasındadır ki, bir xırdaca daş corabımın içinə girib, mən boyda padşahı yeriməyə qoymur.
- Bu nə fəlakətdir, əlahəzrət?! - deyə vəzir padşahın irəli uzanmış ayağını öpür.
- İndi mən nə edim?.. - deyə - padşah zarıya-zarıya soruşur.
Vəzir padşahın ayğını sığallaya-sığallaya:
- Uzanın yatın, - deyir.
Padşah razılıqla:
- Düz deyirsən, vəzir, düz deyirsən, uzansam, o daş zəhrimar da ayağımı əzməz, - deyir və axsaya-axsaya yataq otağına keçir.
Saray adamları bir-birinə baxıb dərdli-dərdli pıçıldaşırlar:
- Bir padşah ki, başına yağan daşı görməyə, corabında çınqıl axtara, onun ölkəsinə Tanrı da kömək ola bilməz.
***
Camaat müxalifdir
Bir padşah vəzirini çağırıb məsləhət istəyir:
- Eşitmişəm camaat mənə başısoyuq deyir…
Vəzir əlini padşahın alnına qoyub bir xeyli gözləyir, sonra soruşur:
- Şahım bu kimin əlidir?
Padşah cavab verir:
- Vəzirin.
- Onda camaata qulaq asma, şahım, təbibdən soruş. Camaat müxalifdir.
Söz tapa bilmirik
Bir padşaha deyirlər ki, şəhərin camaatı qorxu bilmir, dar ağacına salam verir, cəllad kötüyünü doğrayıb ocaq qalayır.
Padşah deyir:
- Mən onların ödünü dağıdım, siz də tamaşa edin.
Tez fərman verir ki, harda cəllad varsa, yığılsın mənim şəhərimə!
Çox keçmir ki, Saray meydanı qrımızı geyimli, əli baltalı, yanı kötüklü cəlladla dolur.
Padşah gecəni gündüzə qatıb, onlardan on min bədheybətini, qoluzorlusunu seçir və göstəriş verir ki, kimin boynu xoşunuza gəlməsə, başını vurun!
Padşah yeddi yerdə yeddi ağaclıqdan görünən yeddi dar ağacı qurdurur.
Hamı vahiməyə düşür, qaçan qaçır, qaça bilməyən qapı-pəncərəni bərk-bərk bağlayıb evində gizlənir. Şəhərin küçələrində yiyəsiz itlərdən başqa bir ins-cins görünmür.
Padşah vəzir-vəkili yığıb, amiranə soruşur:
- Mənim şəhərimdəki qayda-qanun xoşunuza gəlirmi?
Onlar diz çöküb padşahın qədəmlərinə düşürlər:
- Əlahəzrət, söz tapa bilmirik!..
***
Yaltaqlıq yarışı
Deyir, yaltaqşünaslıqda məşhur olan Xorasan əmiri ilə Gilan əmiri sözü bir yerə qoyurlar ki, iki vilayət arasında yaltaqlıq yarışı keçirsinlər.
Bu tədbirə üç ay hazırlıq görülür. Üç ay tamam olan kimi əmirlər bildirirlər ki, seçilmişlər seçilib, yarışa başlamaq olar. "Görək yaltaqlar yaltağı hansı vilayətdədir?..." Gün təyin olunur, hər iki vilayətə car çəkilir. Təkcə söz pəhləvanları yox, başmaq yalayandan qədəm öpənədək bütün məşhur yaltaqlar bazar meydanına cəm olurlar.
Hər əmir döşünə döyür ki, onun yaltaqları qalib gələcəkdir. Xorasan əmiri "Süleysin" deyə çağırdığı baş yaltağı zərxaraya bürüyüb ayağının altında çömbəltmə oturtmuşdu. Süleysin o qədər yaltaqlanmışdı ki, irtməyindən iki qarış uzunda bir əcayib quyruq da göyərmişdi. Süleysin küçük kimi zingildəyib, quyruq bulayanda əmir gülməkdən qəşş edirdi.
Gilan əmiri də yarışa əliboş gəlməmişdi. Onun Kəmtər adında yaltağı elə ləhləyirdi ki, dili ağzından bir qarış çıxırdı. Əmir şərab içəndə piyaləni Kəmtərin dilinin üstünə qoyurdu. Hələ heç bir yaltaq ağasına belə xidmət göstərməmişdi.
Nəhayət, yarış başlanır və Xorasan yaltaqları qalib gəlirlər. Çünki onlar hər iki əmirə yaltaqlanırdılar.
***
Deyir, bir dəli Mədain bazarında mayallaq aşıb çörək pulu yığırmış. Bir dəfə də mayallaq aşanda ayağı qazının ətəyinə toxunur. Qazı ətəyini çırpa-çırpa dəlini danlayır:
- Dünyanı yaman günə qoyan elə sənin kimi dəlilərdi!
Dəli bir də mayallaq aşıb, qazıya deyir:
- Dəlinin dərdi özünə bəsdi, dünyanı ağıllı adamlardan qoru, qazı!
***
Qız qapısı
Deyir, bir şahzadə çöldə bir çobanın qızına bir könüldən min könülə vurulur. Gecə-gündüz yalvarır ki, şah atası böyük pay-sovqatla, şaha layiq bir təmtəraqla çobanın qapısına elçi getsin.
Dünyanın yarısına hökm edən şahlar şahı adi bir çobanın qapısına elçi getməyi heç qüruruna sığışdırmır.
Şahzadə isə sevdiyindən əl çəkmir:
- Öldü var, döndü yoxdur, - deyir.
Şah əlacsız qalıb məclisi yığır.
- Mənə bir məsləhət verin, - deyir.
Hamı deyir çoban nəkaradır ki, ölkənin şahı onun ayağına getsin?..
Təkcə qoca vəzir susur.
Bunu görən şah:
- Vəzir, sənin fikrin nədir?!. - deyə intizarla soruşur.
Vəzir şahənşaha təzim edib, deyir:
- Qız qapısı şah qapısıdır. - sonra əlavə edir.- Şahın şah qapısına getməsi baş ucalığıdır.
***
Bədxahların ürəyi
Deyir, şər allahı Əhriməndən soruşurlar ki:
- Divlər, cinlər, əcinələr üçün niyə ev tikmirsən?
Əhrimən çiyinlərini çəkərək cavab verir:
- Yolunu azmış bədxah adamların ürəyi ola-ola mənim divlərim, cinlərim, əcinələrim başqa evi neynirlər?..
***
Rəvayət
Deyir, bir hikmət sahibi dünyanı səyahətə çıxıbmış. Məşriqdən Məqribə gəzə -gəzə gəlib bir əcayib - qərayib şəhərə çıxır ki, orada heç kəs işləmək istəmir, hərə bir dükan açıb, alverlə məşğuldur. Hikmət sahibi də tənbəllik eləməyib bir dükan düzəldir, üstünə də iri hərflərlə yazır:
"Burda ağıl satılır!"
Bir gün gözləyir, üç gün gözləyir, bir həftə gözləyir, üç həftə gözləyir, Ağıl dükanının qapısını açan olmur, hamı dükandan yan keçir. Hikmət sahibi məcbur olub dükanı bağlayır və üstünə iridən iri hərflərlə yazır:
"Bu şəhərdə ağıla ehtiyac yoxdur".
Əfqan - Ədəbiyyat qəzet.- 2014.- 20 mart.- S.5.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Əlabbas Bağırov - Köhnə kişi
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)