Edebiyyat.az » Proza » Amin Namazlı - Cin dərəsinin nağılları...

Amin Namazlı - Cin dərəsinin nağılları...

Amin Namazlı - Cin dərəsinin nağılları...
Proza
admin
Müəllif:
21:42, 07 iyul 2021
1 569
0
Amin Namazlı - Cin dərəsinin nağılları...



 Mən Cin dərəsinə çatanda elə bil havadan asılmış su damcılarını görk olsun deyə yerə əndərdilər.Ayaq altında xışıldayan boz torpağa düşəndə yağış damcılarının cızdağı çıxırdı. Bir belə rəngdən-rəngə dönəsən gəlib boz-bulanıq torpağa qarışasan, muradın gözündə qala. Harda başlayıb harada yoxa çıxdığı bilinməyən külək buludları qovub özü kimi sərgərdan eləməyə apardı. Başım təbiətin kiçik tamaşasından açılanda qabağımda çiyin-çiyinə verib dayanan bir kökdən olan yeddi qardaş ağacı gördüm...
Bu ağacın olduğu dərə sanki təbiətin özünün də yadından çıxıb. Hansısa it küçüyünə rast gəlmək üçün burdan saatlarla piyada yol getməlisən. Daşı-torpağı susuzluqdan mələyən dərənin yaşı dünyanınkıyla birdir.. Gözləri önündə əsrlər dəyişib, özü isə həmişə olduğu kimi qalıb. Kökü torpağa elə bağlıdır  heç bir qüvvə onu yerindən tərpədə bilməz. Bu ağac bizim ən böyük qorxumuz, həm də ən böyük marağımızdı. Onun nağıllarıyla böyümüşük, qorxusuyla yuxuya getmişik. Elə bil o budaqlarını adamların ürəyinə doğru uzadır.
Bu ağacın nə yarpağı var, nə də meyvəsi. Sonuncu dəfə yarpaqladığını görənlər min illərdir ağacın mayasına qarışıblar. Adamlar ölüb, amma ağacın əhvalatı lisandan-lisana, insandan-insana keçib və öz sirrini qoruyub.
Belə nağıl eləyirlər:
  Dağların hələ balaca qum dənəsi, fırtınaların körpəcə rüzgar olan vaxtlarıymış. Pir olan dərədəki tək ağacın budaqları külək əsdikcə ləngər verir, küləyin dağların başından qovub gətirdiyi duman dərənin üstündə oynayırdı. Meyvələri...İnsanlar  ağacın meyvələrinin rəngini, şəklini hətta varlığını belə unudublar. Belə ki,  karvanlar dərənin həndəvərindən keçəndə yolçular həm öz gözlərini, həm də heyvanlarının gözlərini bağlayardı. Özgə zaman olsa dartınıb irəli-geri var-gəl edəsi heyvanlar səs çıxarmaz, ağaca sayğıdanmı ya sahiblərinin ürəyindəki əndişəni hiss etdiklərindənmi qımıldamazdı. Yolçular bir əlləri ilə  miniklərini yedəkləyər, o biri əllərinə əsa alıb cığırla yolu yoxlaya-yoxlaya gedərdilər. Dərənin qurtaracağındakı çayın qıjıltısını eşidənə kimi qaranafəs irəliləyər, gözlərini açmazdılar.  Övliyalar dönə-dönə tapşırar, qütbün ağac olan cəhətini unutdurmağa çalışardılar.  
 Camaat elə bilirdi ki, şimşəklər bu dərənin üstündə çaxır, buludlar səmaya buradan səpələnir, ölülərin əti-qanı ağacın kökləri ilə sovrulub buraya yığılır. Ona görə bu ağac bu qədər uzun yaşayır, insanlar öldükcə o diririlirdi. 
Arvadlar əllərinin  xamırını, urvasını silkələyə-silkələyə pıçı-pıçı edib, ağacın kəramətini söylərdilər. Hamı uydurar, hamı inanardı.
 Bir gün ətraf obalara səs yayıldı ki, bir nəfər( adı unudulub) pir olan dərənin yanından keçəndə göz bağı necə olubsa sürüşüb yerə düşüb.  Maraq və qorxu onu sardıqca əllərini gözlərinə sipər edib gözlərini yavaşca aralayıb və eşidib. Gözlərini açanda elə bil bir sehrli aləmə düşüb. Sonralar belə yozdular ki, həmin kişi cinlərin yığıncağına düşüb. Orda nə görüb, eşidibsə gözlərinin qarası çəkilib, damarları ağac budağı kimi yoğunlaşıb, dırnaqları budaq-budaq uzanıb.  Sonra da necəsə meyidini  gətirib evinin qabağına mitil kimi tullayıb gediblər. Həmin gün adamlar qorxularından elə titrəyirmiş, dişləri necə bir-birinə dəyib şaqqıldayırmışsa  sanki dağlar yerlə göyün arasında qalıb xışxınım olur... 
O gündən o dərəyə cin dərəsi deyiblər. Nağıllarına da cin dərəsinin nağılları. Yaşı dünyayla, cin dərəsiylə yaşıd nağıllar.
*
 Maraq insan qəlbindəki bütün digər  hissləri künclərə qısnayıb, ən dərin, toz tutmuş yerlərə qovubmuş. Qorxu hissi get-gedə yoxa çıxır, övliya-ənbiyaların sözləri unudulur.  Yaxın obalardan, uzaq-uzaq elərdən adamlar dalğa kimi gəlib dərənin yaxınlığında ləpələnib yoxa çıxır, ağacın gücündən ehtiyat edirdilər.  Yaşlarını unutmuş, damaqları dillərini kəsən qocalar, dünya görmüşlər dərəyə ən yaxın kənddə məşvərətə yığılırlar. Qurbanlar kəsilir, qazanlar asılır. Hamının ürəyi bir vamda, bir havada vurur. Günün səhər işıqları gecə gözdən itənə kimi yığıncaq davam edir. 
Qərara gəlirlər ki, kəndin dəlisini ağacdan meyvə dərməyə göndərsinlər. Rəvayətə görə bu meyvəni ölü yesə dirilər, cənnətlik yesə cəhənnəmə gedər, dəli yesə ağıllanardı. 
 Uşaqların dalına çalı bağlayıb boğazına kəndir keçirdib qapı-bacada oynatdıqları, təpəsinə daş dəyməkdən saçı çınqı-çınqı ağaran, tüpürülməkdən sifətini çopur basan dəli indi bir dəbə minmişdi ki... Hamı onu qapısına çağırır, ən gözəl yeməkləri yedirtmək, ən gözəl paltarları geyindirmək bəhsinə düşmüşdü. Dəli isə heç kimə məhəl qoymur, gözlərini qıyıb, buludlara tamaşa edir, qaçıb qoyun sürüsünün içinə girir, onlarla bərabər otlayır, qoçlarla buynuzlaşırdı.
Səhər tülkü durmazdan dəlini gətirərək dərəyə gedən cığırın başında qoyub, gözləyirlər. Dəli  hər şeydən bixəbər gözlərini səhər olmasına baxmayaraq səmada ağaran Aya dikərək əl çalır, ayağının birini qoyub, o birini götürür. Elə bilirdi ki, buludların üzərində tullanıb-düşür, qoça bənzəyən buludla buynuzlaşır. Ağlı göylərdə, məchul boşluqda olsa da ayaqları ağaca doğru yol alır...
 Ağacın meyvələri dəlinin ağlını başından alır. Əl atır meyvələrdən birini yarpaqlı-budaqlı qoparır və ağzının bərabərində tutub dişdək alır. Meyvə o qədər şirin olur ki, meyvənin şirnisi bütün bədəninə yayılır, damarlarına dolur. Dəli isə meyvəni elə hey yeyir, dodağının, damağının qanı kirəcləşir. Meyvə qurtarha-qurtarda əlinə, barmaqlarına yayılmış şirəni də yalayır. O qədər özündən çıxır ki, barmaqlarını ağzında dişiylə qoparır. Qan əvəzinə şəkər axır bədənindən. Qışqırdıqca, çabaladıqca daha çox qana, qanla bərabər şəkərə qəltan olur. Özünü yeyə-yeyə, qum kimi xırdalır, yerlə bir olur. Küləklər onun şəkər külünü düzə-dünyaya yayır. O il elə bil bütün dünyanı dəlinin qarğışı tutur. Hansı ağacın torpağına bu dənələrdən düşürsə o ağacların meyvəsi o qədər şirin olur ki, yemək mümkün olmur. Yeyənlər şirinliyindən, yeməyənlər acından ölür. Həmin il ağac da meyvələrini tökür və bir də heç vaxt bar gətirmir...
*
Bu əhvalat o qədər qədim zamanlarda baş verib ki...
  Cin dərəsindəki yeddi qardaş ağacın gövdəsi bir qarışdan yoğun olmazdı. Deyilənə görə yeddi qardaş ağacın bir bacısı da varmış ki, il boyu yarpaqlarının arasından güllər boylanarmış. Hələ heç kimin  cin dərəsinin kəramətindən xəbəri yoxmuş. Heç ağac da adamlara o qədər də qəzəbli deyilmiş. 
 Günün birində bir odunçu baltası çiynində gəzə-gəzə gedib çıxır Cin dərəsinə. Yaxınlaşıb ağacı danatlayır, əlini gövdəsində, budaqlarında gəzdirir. Nəhayət ağaclardan birini nişan alır.
Balta körpəcə ağacların bacısının başında oynayır, iti tiyəsi zərblə dəyib ağacın gövdəsini, körpəcə budaqlarını doğrayır. Bu zaman adamın əlinə isti qor dəyən  təki yer dərəni, insanları-atıb tutur. Hər yer elə güclü təkanla silkələnirmiş ki, bulaqlardakı su qayıdıb gözlərə dolurmuş.
 Bütün bitkilər dərddən yarpaqlarını yerə tullayır. O vaxtdan elə güllər oldu ki, bir də yarpaqlarını yerdən qaldırıb sinəsinə taxmadı. Bəzisinin yarpaqları dua edən, imdad diləyən əllər kimi  göylərə ucaldı, mədəd dilədi. 
O gündən ağac bir də yarpaqlamadı. Belə yozdular ki, ağac axır zamanda yenidən çiçəkləyəcək, bar gətirəcək. Bütün insanları onları bu yerlərə gətirən almalara qonaq edəcək. Göylərdəki ulduzların işıqları öləziyəndə yerdə yalnızca ağacın budaqları arasından işıq süzüləcək. Ağac necə yaranmışdısa eləcə də qəfildən kül olacaq. Yanacaq, adam oğlunun günahlarını tüstüsüz odda yandıracaq. Alov dillərinin istisi göydə buludları əridib yerə tökəcək.
Xəbər aldılar: 
-Ağac nə vaxt kül olacaq?
Dedilər:
- Gözü bağlı gəzən adamlar gözlərini açıb önlərini görməyəndə.
                                                                                   Aprel, 2021. Sumqayıt.
                                                  Son.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)