Edebiyyat.az » Proza » Zeynəb Şah - Möcüzə

Zeynəb Şah - Möcüzə

Zeynəb Şah - Möcüzə
Proza
nemət
Müəllif:
15:14, 27 mart 2019
3 427
0
Zeynəb Şah - Möcüzə


    Yazmaq... Qələmi barmaqlarının arasına alaraq düşüncələrinə can vermək, ağlından keçənləri qələm və kağızla bölüşmək, dünyanın ən gözəl, ən ülvi duyğularından biridir hər halda ki. Sevmək, sevilmək kimi hissləri canlandıran, xoşbəxtliyi artıran hisslərdən məhrum olmaq necə bir hissdir bəs onu xəyal edə bilərsiniz? Hər halda ki yox! Çünki bir gün bunlardan məhrum olacağınızı düşünmürsünüz, düşünmürük. Yazmaq qabiliyyətimizi itirə biləcəyimiz bir yana qalsın, əllərimizi nə zamansa itirə biləcəyimiz ağlımıza gəlmir heç.
Əlləri yox idi onun, heç olmamışdı. Dünyaya əlləri olmadan doğulmuşdu. Tanrı əlləri olmadan yaratmışdı onu ancaq, əvəzində bitməz-tükənməz bir xəyal, təxəyyül gücü bəxş etmişdi. Digər insanlardan fərqli olaraq əllərinin olmaması ona əskiklik olaraq görünmürdü. Çünki o, bir çox kəsdən daha yaxşı dərk edirdi həyatı, yaşamağı. Həyatda əskiklik deyə bir şeyin olduğunu heç düşünməmişdi, o. Əllərinin olmaması dünyanın sonu demək deyildi onun üçün. O, hər zaman yaşadığı həyatını sevmək üçün səbəblər tapa bilirdi. Bu səbəblər onu gücləndirir və həyat eşqini qatbaqat artırırdı.
                                                                                  ***
   Rəngləri, ağacları, gülləri, quşları, insanları... Dünyanı və onun içərisindəki bu gözəllikləri görə bilməmək necə hissdir bilirsiniz? Ananızın sizin üzünüzə sığal çəkərkən, onun sevgi ilə baxan gözlərini, baxışlarını görə bilməmək necə də ağır bir hiss olardı, bir düşünün. O, bunları hər gün düşünürdü. Doğulduğu gündən, bir bilinməzlik içərisində çırpınırdı. Valideynlərindən gözlərinin görmədiyini ilk dəfə nə zaman öyrəndiklərini soruşmamışdı. Onlar da bu mövzuda demək olar heç söz açmazdılar. Bunları eşitməyə gücünün çatmayacağından qorxurdular bəlkə də, o da elə məhz bu səbəbdən onlara bu haqda sual verməyə çəkinirdi. Başına gələnləri soruşmağa qorxurdu.
Bəzən düşünərdi -“kaş, kaş gözlərim görəydi dünyanı. Çox yox, sadəcə bir dəqiqəliyinə olsa da olardı. Bu qədəri də bəs edərdi mənə. Sonra yenidən qayıdardım öz dünyama. Amma bəlkə də, o zaman yaşamaq daha çətinləşərdi mənim üçün? Düşüncələrimdə yaratdığım dünyayla, gerçək dünya üs-üstə düşməzsə nə edərdim?”
Dünyalar arasındakı fərqi görmək qorxudurdu onu. Kaşkiləri, bəlkədələri bitmir, tükənmirdi heç vaxt. Bəzən səhərə kimi musiqi dinləyər, xəyalında qaçar, oynayar, dünyanın bütün rənglərini, gözəlliklərini, dənizi, şəlaləni, gülləri, quşları və s. təxəyyülündə canlandırmağa çalışardı. Gözləri görməsə belə eşitmə bacarığı
olduğu üçün şükür edərdi Allaha. Əgər oda olmasaydı nə edərdim deyə düşünərdi. Gözəl musiqilərdən, daha önəmlisi valideynlərinin səslərini eşitməkdən məhrum olmaq düşüncəsi belə sıxırdı ürəyini, ağrı ilə doldururdu qəlbini. Bir gün görmə qabiliyyəti gəlib onu tapacaq deyə ümid edərək davam edirdi həyatına. Və bilirsiniz? Bəzən o, həqiqətən də xoşbəxt olduğunu hiss edirdi.
                                                                                 ***
    Ananızın səs tonunu, quşların cəh-cəh ilə mahnı oxumaqlarını, dənizin dalğalanarkən necə səs çıxardığını, yağışın damlalarının pəncərəni necə döyəclədiyini, ayaqlarımızın qara təmas edərkən çıxardığı səsi, külək əsərkən ağacların yarpaqlarından gələn xışıltı səslərini eşidə bilməmək, eşitmə qabiliyyətindən məhrum olmaq, insanların nə danışdıqlarını anlamaq üçün dodaqlarının hər hərəkətini izləmək, danışıqlarını oxumaq məcburiyyətində qalmaq necə hissdir bilirsiniz? Onun eşitmə qabiliyyəti yox idi. Heç olmamışdı. Valideynləri nə qədər onun üçün çalışdılarsa da, olmadı. İllər gəlir keçir və artıq yavaş-yavaş ümidsizliyə qapılırdılar. Və o, bu ümidsizlik hissini də oxuya bilirdi valideynlərinin üzündən. Belə yaşamağa alışmışdı. Hətta eşitmədiyi, bunun necə bir hiss olduğunu bilmədiyi halda səsləri eşitməkdən qorxurdu. Qəribədir, insan bilmədiyi şeydən qorxarmı? Bəli, o qorxurdu. Həm eşidə bilməyi hər şeydən çox arzulayır, həm də bundan bir o qədər çox qorxurdu. Bəlkə də bir müddət eşitdikdən sonra, yenidən səssizliyə qərq olmaqdan qorxurdu.
Güclü küləyin gəlib bədənini necə sarıdığını, hətta onu istiqamətindən döndürə bildiyini görməyi, yarpaqların küləyə tab gətirə bilməyərək ağaclardan necə qopub düşdüklərini müşahidə etməyi, torpağın üzərinə çəkilmiş qar örtüyündə ayaq izlərini buraxmağı, daha sonra yağmağa davam edən qarın o izləri necə yox etdiyini, dənizin dalğalarının nəhəngliyi təəccübləndirirdi onu. Bunları izləmək, həyatı hiss etmək bəs edirdi ona.
                                                                                   ***
   Düşünün, səhər açılır, siz yatağınızdan qalxırsınız və bunu tək başınıza, heç kəsə ehtiyac duymadan edə bilirsiniz. Məhz buna görə xoşbəxt sayılmarıqmı? O yeriyə bilmirdi. Bütün valideynlər övladının ilk addımını atışından danışmağı xoşlayar, o anı gözlərinin önündə dəfələrlə canlandırar və övladının həyata atdığı ilk addımı, ilk uğuru olaraq görərlər. Onun həyatında bu “uğurdan” olmamışdı heç. Artıq 20 yaşı vardı və hələ də anasının və ya atasının köməyi ilə qalxırdı yatağından. Bu onu bəzən utandırır, bəzən isə hiddətləndirir, həyata qarşı həvəsini azaldırdı. Lakin valideynlərinin xoş siması, ona qarşı olan sevgilərinin sonsuzluğunu hiss etməsi, bu hiddətin yoxa çıxmasına səbəb olurdu. Şükür edirdi içindən. Valideynlərinin
onu belə sevməyə davam etməkləri üçün dua edirdi hər zaman. Əslində ən gözəl o bacarırdı sevməyi. Anasını, atasını, yaşamağı sevirdi. Gülümsəyirdi hər zaman. Gülümsəmək üçün səbəbləri bitib-tükənmirdi heç.
                                                                                   ***
   O, dünyaya hər kəsdən fərqli gəlmişdi. Anası hələ onu bətnində daşıyarkən bunu bilmiş, amma ona qıya bilməmişdi. “Nə olursa-olsun övladımı dünyaya gətirəcəyəm və hər zaman yanında olacağam,”- deyə bildirmişdi. Daun sindromu ilə doğulmuşdu, o. Buna görə də heç bir zaman yalan danışmağı, pislik etməyi bacarmırdı. Necə ki, hər kəs günahsız gəlir dünyaya, o da elə gəlmişdi. Onun bizdən fərqi, biz günahlarımızla gedərkən, o gəldiyi kimi günahsız gedəcəkdi bir gün bu dünyadan. O, hər zaman gülürdü. Anasına sevgisini elə gözəl bildirirdi ki, anası nə yaxşı ki onu dünyaya gətirmişəm, nə yaxşı ki, ətrafımdakı insanların sözlərini dinləməmişəm deyə düşünürdü.
Çox düşünmüşdü o zamanlar. Nə etməli olduğunu bilmirdi. Dünyaya fərqli uşaq gətirməyin çətinliyindən qorxmuşdu ilk başda. Amma o yaşayacağı bütün çətinliklərə dözməyə hazır idi. Tək qorxusu gələcəkdə övladının bunu necə qarşılayacağı idi. Bəlkə kaş doğulmasaydım, mən belə yaşamaq istəmirəm deyəcəkdi? Bəlkə də əksinə xoşbəxt olacaq, nə yaxşı ki doğulmuşam deyəcəkdi. Çox düşünür, lakin işin içindən çıxa, qəti bir qərar qıla bilmirdi. İllərlə övladı olsun deyə dualar etmişdi Allaha. Və nəhayət duaları qəbul olunmuş, lakin qarşısına belə çətin bir seçim qoyulmuşdu. Ya övladını dünyaya gətirəcək, ya da onu hələ dünyaya gəlməmiş məhv edəcəkdi. Yox, o bunu bacarmazdı! Övladının həyatına son verə bilməzdi. Anasının sözlərini xatırlayırdı tez-tez. Ona necə ürək-dirək verdiyini, hər kəsdən fərqli olaraq övladını dünyaya gətirməsinin tərafdarı olduğunu xatırlayırdı. Bilirdi, bilirdi ki anası hər zaman onun yanında olacaq. Necə ki, bu günə kimi onun yanında olub. O da eyni ilə belə edəcəkdi. Hər daim övladının yanında olacaq, əlindən tutacaq, yanında qürurla gəzəcəkdi. Bu mənim övladımdır, bəli digər uşaqlardan fərqlidir, lakin digər bütün uşaqlar kimi dəyərlidir deyə biləcəkdi.
                                                                                 ***
   Bəzən insanları fiziki məhdudiyyətləri olduğu üçün “bədbəxt” adlandırırlar. Həyatı sevə bilməz, yaşamaq istəməz deyə düşünürlər. Amma bilmir, düşününmürlər ki, onlar da bu həyatın fərdləridirlər və hər kəs kimi onlar da hər şeyə rəğmən həyatı hər şeydən çox sevirlər. Onlar fərqlidir, bəli. Çünki onlar bizim kimi gəlməyiblər dünyaya. Onlar bu dünyaya bəxş edilmiş möcüzələrdir. Bəlkə
görmə, danışma, yazma, yerimə və ya başqa fiziki məhdudiyyətləri var, lakin bizə həyatın əsl gözəlliklərini göstərməyə qadirdirlər.
“Bir insanın əlindən hər şeyini ala bilərsiniz, xəyal gücünü isə əsla!” Orda, xəyal dünyasında hər kəs birdir. Hər kəs hər şeyə qadirdir. Orada insanlar illərdir hər zaman xəyal qurduğu şeyi edə bilir. Məsələn, uça bilir. Səmada süzən quşlar kimi qanad çala bilir. O zaman anlayır Tanrıya əbəs yerə üsyan etdiyini. O zaman anlayır xəyal gücünün dəyərini. Qanadların quşları sadəcə səmaya, xəyal gücünün isə insanları sonsuz yüksəkliklərə qaldırmağı bacardığını anlayır. Həyatda nə olursa olsun xəyal etməkdən heç bir zaman vaz keçməməliyik. Çünki hər birimiz möcüzə yaratmağa qadirik.



2 Saniyə

   Aylardan dekabr, günlərdən çərşənbə axşamı idi. Saat ona qalırdı. Hava qaralmış, soyuq küləklər ətrafı əsir almışdı. Avtobusdaydıq... mən və rəfiqələrim. Dayanacağa çatdıq və avtobusdan düşdük. İşıqforda qırmızı işıq yanmadığı üçün keçidə tərəf üz tutduq. Yenicə keçidə düşmüşdük ki, səni gördüm. Beş-altı nəfərdən ibarət, bir qrup gəncin arasından, gözlərim səni gördü, baxışlarım səni seçdi.
Dostlarınla birlikdə, başqa bir dostunun gəlişini gözləyirdin. Nə təsadüfdür ki, o dostun, bizimlə eyni avtobusdan düşmüşdü və bir addım qabağımızda irəliləyirdi. Dostunu gördükdə, bütün dostların onu sevinclə qarşıladı, sən isə bir addım kənarda, yəni ki, olduğun yerdə dayanmışdın və sadəcə gülümsəyirdin. Ah!.. o gülümsəmən. Qaranlığı aydınladacaq gücə malik olan gülümsəmən.
   Qara rəngli dəri pencək və eyni rəngli cins şalvar geyinmişdin. Soyuq hava üçün heç də uyğun bir seçim deyildi. Üşüdüyün hər halından bəlli idi. Əllərini mənim kimi pencəyinin ciblərinə gizlətmişdin ki, soyuq hava gəlib onları tapa bilməsin. Bir anlıq mənə baxdın... Gözlərimi gözlərindən qaçırtdım. Sənə tərəf baxmamağa çalışdım...
   Amma 2 saniyə! 2 saniyəlik, qısa bir zamanda gözlərim gözlərinə təmas etdi. İçində sevinclər, kədərlər bəlkə də uçurumlar gizlətdiyin o qara gözlərinə, cəmi 2 saniyə baxdım. Gəlib yanından keçdim və pilləkənlərə doğru irəlilədim. Arxaya dönüb, gözlərinə yenidən baxamağa cəsarətim çatmadı. Çünki, gözlərindəki uçurumlardan düşməkdən qorxdum! Bəli, qorxdum, cənab! Səni sevməkdən, sənə bağlanmaqdan, gözlərinə uzun-uzun baxmaqdan qorxdum. Buna görə də arxama baxmadan getdim. Mən getdiyimi düşündüm, cənab. Lakin, gözlərim gözlərində, sevgim ürəyində, duyğularım səndə, düşüncələrim orada qaldı. Mən yarım qaldım cənab, yarım səndə qaldı. Gəlsəm əgər o keçidə, yenə orda olarsanmı?  Baxışlarını mənə bir daha layiq görərsənmi? Gülüşünü seyr etməyə icazə verərsənmi? Mənə yenidən sadəcə 2 saniyə bəxş edərsənmi?
Bir gün, hər kəsin yaşayacağı və yenidən yaşamağı arzulayacağı 2 saniyəsi olacaqdır!



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)