Boris Yekimov - Məlhəm.
Yanına tətilə gəlmiş nəvəsi məhəllə uşaqları ilə birlikdə xizəklə sürüşməyə getmişdi. Dunya nənə bircə andaca canlanmış, şi bişirmiş, perojki üçün xəmir yoğurmuşdu, kompotlar, mürəbbələr çıxartmışdı və arabir pəncərədən boylanırdı, görsün, Qrişa qaçmır ki.
Nahara nəvəsi özünü yetirdi, süfrədəkiləri elə yedi ki, sanki süfrəni silib-süpürmüşdün və yenidən götürüldü – bu dəfə konkilərini də özü ilə götürdü. Dunya qarı yenə tək qaldı. Lakin bu tənhalıq deyildi. Divanda nəvəsinin köynəyi qalırdı, masa üzərində kitabları, çantasını elə qapının kandarındaca atılıb qalıb-bir sözlə, heç nə yerində deyil, hər şey alt-üst olub. Evdə yeni bir nəfəsin hərarəti duyulurdu. Qızı və oğlu şəhərdə yurd-yuva qurmuşdular, buralara nadir hallarda gəlirdilər- ən yaxı halda ildə bircə dəfə. Dunya qarı onlarda elə də çox qonaq olmazdı, gedəndə də axşama evinə qayıdardı. Bir tərəfdən, daxması üçün nigaran qalırdı: nə də olsa, yuvası idi, o biri tərəfdən də...
Ikinci səbəb daha vacibdi: nə müddətdi ki, Dunya qarı təlaş içində yatırdı, yuxuda danışır, hətta qışqırıb fəryad etdiyi vaxtlar da olurdu. Öz daxmasında-özünün evində nə qədər qışqırırsan, qışqır, lap dünyanı silkələ. Kim eşidəcəkdi ki! Amma getdiyi yerdə...Elə uzanıb gözlərini yumdularmı, Dunya qarı danışmağa, deyinməyə başlayır, kimisə inandırmaq üçün dəridən-qabıqdan çıxır, gecənin bir aləmində kiməsə yalvarır, sonra da: "Xeyirxah insanlar!!! Xilas edin!” deyib fəryad qoparırdı. Şübhəsiz ki, hamı oyanıb Dunya qarıın yanına qaçırdı. Yuxusu da o qədər həyəcanlı idi ki. Adamlar danışır, onu sakitlədirir, valerian verib dağılışırdılar. Bir saat sonra hər şey yenidən başlayırdi: "İsa eşqinə, bağışlayın! Bağışlayın!”- yenə ev əhli dik atılırdı. Əlbəttə ki, hər şeyin səbəbinin qocalıq və elə də xoş keçməyən güzəran olduğunu anlayırdılar. Məharibə, aclıq. Anlamağına anlayırdılar, lakin anlamaqla iş bitmirdi.
Dunay qarı gəldimi, ev əhli o gecəni yuxusuz qalırdı. Onu həkimə aparırdılar, həkimlər dərman yazırdı, amma nə fayda. Heç nə kömək etmirdi. Və beləliklə, Dunya qarı uşaqlarının evinə tədricən az-az getməyə başladı, iki saat avtobusda ləngər vura-vura gedir, kef-əhvallarını soruşub həmən də geri dönürdü. Elə övladları da ana evinə yalnız məzuniyyətlərdə, yay tətillərində gedirdilər. Ancaq nəvəsi Qrişa bir az böyüdükdən sonra tez-tez getməyə başlamışdı: qış tətillərində, Oktyabr və May bayramlarında gedib nənəsini ziyarət edirdi.
Qışda və yayda Don çayında balıq ovlayar, göbələk toplayar, konkidə, xizəklə sürüşər, məhəllə uşaqları ilə dostluq edərdi-bir sözlə, darıxmırdı. Dunya qarı buna şaddı.
İndi də Qrişanın gəlişi ilə o, dərd-sərini unutmuşdu. Günlər hiss olunmadan, qayğılar içində ötüşür, başı qarışırdı. Başını qaldırmağa macal tapmırdı, amma budur, artıq hava qaralır, pəncərəsində artıq çökməkdə olan axşam görünürdü. Qrişa bir işiq kimi peyda olmuşdu. Eyvanda hay-küy düşər, qırmızıyanaq uşaq özü ilə bayırın buz kimi nəfəsini də daxmaya doldurardı. Hələ kandardan da elan edərdi:
-Sabah balığa gedirik! Körpünün altında yaxşı berş tapmaq olur, həm də lap çox!
-Bu ki, əladır- onun sözləri Dunya qarının xoşuna gələrdi-uxa bişirib ləzzətlə yeyərik.
Qrişa şam etdkdən sonra balıq tutmaq üçün lazım olan şeyləri yerbəyer edir, öz əşyalarını döşəmənin yarısınacan töküşdürüb yerbəyer edirdi. Dunya qarı isə divanda oturub nəvəsini seyr edir, ordan-burdan onu sorğu-suala tuturdu. Nəvə əvvəllər heç boy atmırdı, lakin son iki ildə necə uzanmışdısa, Duya qarı bu uzunayaqlı, iri əlləri olan, bığ yeri tərləməyə başlayan əyripəncənin nəvəsi Qrişa olduğuna özünü güclə inandıra bilmişdi.
-Nənəcan, bax, mən deyirəm, sən də əmin ola bilərsən. Uxa da olacaq, qızartma da. Süpürgə toxumuruq burda. Bil.
-Süpürgə məsələsi doğrudan da çətin məsələdir-Dunya qarı razılaşdı. –Bazarda birini üç manata verirlər.
Qrişa güldü:
-Mən balıqdan danışırdım.
-Balıqdan...Mənim dayım da balıq ovuna gedərdi. Avdey dayım. Biz Kartulda yaşayırdıq onda. Məni ordan ərə verdilər. Orda elə balıqlar var ki...
Qrişa döşəmədə, qırmaqlar və tələ yemləri arasında oturmuşdu, onun uzun ayaqları divandan çarpayıyacan çatırdı. O, nənəni dinlədi, sonra dedi:
-Hə, neynək, sabah biz də ovlayarıq: uxa üçün də çatar, qızartma üçün də.
Bayırda gönəş çoxdan qürub etmişdi. Göyün üzü hələ uzun zaman çəhrayıya çaldı. Artıq ay da çıxmışdı, bədirlənmiş ay olmasa da, necə aydın, gözəl axşamdı. Yatmağa hazırlaşırdılar. Dunya qarı utana-utana dedi:
-Gecələri bəzən səs olur. Əgər nə isə eşitsən, oyat məni.
Qrişa əlini yellədi:
-Mən, nənəcan, heç nə eşidib eləmirəm. Ölü kimi yatıram.
-Hə, şükür Tanrıya. Mənqoca sarsağam, hay-küy salıram bəzən. Özümlə bacara bilmirəm.
Ikisi də dərhal yuxuya getdilər-nənə də, nəvə də.
Lakin gecənin bir yarısı Qrişa qışqırtı səsinə oyandı:
-Kömək edin! Kömək edin, xeyirxah insanlar!
Yuxulu-yuxulu o, əvvəl heç nə başa düşmədi və Qrişanı qorxu bürüdü.
-Xeyirxah insanlar! Kartoçkamı itirmişəm! Kartoçkalarım! Göy yaylığa bükmüşdüm onları! Bəlkə kimsə götürüb?-Və susdu.
Qrişa harda olduğunu, nə baş verdiyini yavaş-yavaş dərk etməyə başladı.Fəryad edən Dunya qarı idi. Qaranlıqda, səssizlikdə nənəsinin ağır-ağır nəfəs alıb verişi necə də aydın eşidilirdi. O, sanki nəfəsini tutub saxlayır, güç toplayırdı. Və yenidən danışmağa başladı, bu dəfə qışqırmırdı:
-Kartoçkalar...Kartoçkalarım haradadır... Göy yaylığa...Adamlar, xeyirxah insanlar...Uşaqlarım...Petyanya, Şurik, Taeçka...Evə gedəcəyəm, onlar yemək istəyəcəklər axı...Çörək ver, anacan... Amma onların anası...-Dunya qarı sarsılmış kimi silkələndi, sonra bağırdı:
-Xeyirxah insanlar! Qoymayın ölsünlar! Petyanya! Şurik! Taeçka!-uşaqlarının adlarını çəkdiyi zaman o, sanki ağrılı, incə bir səslə aöı deyirdi.
Qrişa dözmədi, yataqdan qalxaraq nənənin otağına getdi:
-Nənəcan! Nəncan!-o, səslədi.-Oyan...
O, oyandı, mızıldandı:
-Qrişa, sənsən? Oyandırdım səni. İsa eşqinə, məni bağışla.
-Yox, nənə, sən ürəyinin üstündə uzanmısan, o biri böyrün üstə.
-Ürəyinin, ürəyinin...-Dunya qarı itaətlə razılaşdı.
-Ürəyin üstünə uzanmaq olmaz. Sağ böyrün üstə uzan.
-Uzanaram, uzanaram...
O, özünü o qədər günahkar hiss edirdi ki. Qrişa öz otağına qayıtdı, yatağa uzandı. Dunya qarı qurcuxur, ah çəkirdi. Yuxusunda gördüyü hər nə idisə, yaxasını rahatlıqla buraxmadığı görünürdü. Nəvə də yata bilmirdi, eləcə uzanmışdı. Kartoçkalar barəsində bilirdi. Çörək o kartoçkalarla verilirdi. Çoxdan, müharibə vaxtı, elə sonralar da. Nənənin haqqında danışdığ Petyanya isə onun atası idi.
Ayın yarımçıq aydınlığında şkaf və etajerlər sezilirdi. Qrişa səhər haqda, balıq ovu haqda düşünərək mürgüləməyə başlamışdı ki, yenidən nənənin deyintilərini eşitdi:
-Qış qapının ağzındadı... Palıd qozası yığmalıyam...Qarınlarını doyurmaq lazımdır...Balalarım, uşaqlarım...-Dunya qarı deyinirdi.-çörək çatışmır, mədələrimizi birtəhər yola verərik. Almayın, İsa eşqinə, götürməyin!-O, qışqırdı.-Heç olmasa, kisələri verin! Kisələri!-və hönkürtülərinin səsi fəryadını boğdu.
Qrişa yataqdan sıçradı:
-Nənəcan! Nənəcan!-o, qışqırdı və mətbəxin işığını yandırdı.-Nənəcan, oyan!
Dunya qarı oyandı. Qrişa onun üzərinə əyildi. Elektrik lampasının aydınlığında nənənin yanaqlarındakı yaşlar parıldayırdı.
-Nənəcan...-Qriça təəssüf hisilə ah çəkdi.-Sən həqiqətən ağlayırsan? Bu ki, yuxudur.
-Ağlayıram, çünki mən qoca sərsəməm. Yuxuda, yuxuda...
-Bəs göz yaşların niyə gerçəkdir? Axı yuxu-həqiqət deyil. Budur, sən artıq oyaqsan, vəssalam.
-hə, mən axı indi oyağam. Orda-yuxuda isə...
-Yuxuda nə görürdün ki?
-Yuxuda? Əşi, yaxşı şey deyildi. Guya palıd qozası üçün Dona, dağa getmişəm. Iki kisə toplaya bilmişəm. Bərədə meşəbəyi də əlimdən almaq istəyir. Guya ki, olmaz. Kisələri də vermir.
-Palıd qozası nəyinə gərək idi bəs?
-Yeməyə. Bİz onları təmizləyir, bir az un əlavə edir və çureklər bişirib yeyirdik.
-Nənəcan, bunu sən yalnız yuxularda görürsən, yoxsa bu həqiqətən baş verib?-Qrişa soruşdu.
-Yuxuda görürəm.-nənə cavab verdi.-Həm yuxuda görürəm, həm də baş verib. Allah bir də göstərməsin...Allah göstərməsin... Hə, uzan, get uzan...
Qrişa getdi, ya möhkəm yuxu onu apardı, ya da ki, Dunya qarı daha qışqırmadı, yəni səhərin gec saatına kimi o, heç nə eşitmədi. Səhər vəd etdiyi kimi balığa getdi, vəd etdiyi kimi də beş yaxşı berş balığı ovladı-həm uxa üçün, həm də qızartma üçün.
Nahar zamanı Dunya qarı yenə də gileyləndi:
-Səni yatmağa qoymuram...Deyəsən iki dəfə hay-küy salmışam. Qocalıq...
-Nənəcan, ürəyinə salma,-Qrişa onu sakitləşdirdi-Yuxumu alaram mən, yaşımın elə vaxtıdır ki...
O, nahar etdi və dərhal yığışmağa başladı. Xizəkçi kostyumunu geyindiyi zaman boyu bir az da uca göründü. O, həm də yaraşıqlı idi, xizəkçi papağında, suyuşirin, hələ uşaqlığını itirməmiş qarayanız, çəhrayı yanaqlı bir siması vardı. Dunya nənə onun yanında lap qoca görünürdü:beli tamamən bükülmüşdü, bədəni ləngər vururdu, bəyaz saçlı başı əsirdi, gözlərində isə başqa aləmlərə xas nə isə sezilirdi. Qrişa onun yarıqaranlıq otaqda gördüyü göz yaşları içindəki üzünü ani olaraq, lakin dəqiqliklə xatırladı. Bu xatirə onun ürəyini sanki dəlib keçdi. O, getməyə tələsdi.
Dostları həyətdə gözləyirdilər. Yaxınlıqda çöllük vardı. Bir az uzaqda yamyaşıl şam pöhrələri gürünməkdə idi. Orada xizək sürmək necə də yaxşı idi. Qətranın qoxusu insanı canlandıran soyuqla bərabər qana işləyirdi və sanki itaətkar bədəni xizəklərin buraxdıqları izin üzərinə qaldırırdı. Sanki qanad çalırmış kimi rahatlıqla sürüşürdülər. Şam ağaclarının ardından qum kurqanları ucalırdı-bunlar qırmızı kol söyüdlərlə örtülmüş kuçuqurlardı*. Onlar çala-çotur çığırlarla Dona qədər getdilər. Oraya, başı qarlı yüksək donətrafı təpəliklərə də getməyə can atırdılar. Sərt rüzgarların gözdən yaş çıxartdığı azacıq oturmuş kimi uçarcasına sürüşdükləri, qıyılmış gözlərlə qarşıdakı hər təpəciyə, hər çalaya diqqət kəsildikləri, bədənlərinin o uçuşun əsintilərilə bütünlüklə tir-tir titrədiyi dik təpələr onları özünə çəkirdi. Və nəhayət, qrşılarındakı çayın hamar süfrə kimi açılmış, donmuş səthilə güllə kimi uçmaq vəasudə nəfəs alıb, bütün qorxuları içindən ataraq sürüşə-sürüşə Donun ta ortasına qədər sakitcə getmək.
Bu gecə Qrişa Dunya qarının fəryad səslərini eşitmədi, hərçənd səhər oyandığı zaman onun rahat yatmadığı sifətindən bəlli idi.
-Səni oyatmamışam? Nə yaxşı, şükür Tanrıya...
Daha bir gün, sonra bir başqa gün də keçdi. Sonra bir dəfə necə oldusa, o, zəng vurmaq üçün şəhərə getməli oldu. Söhbət əsnasında anası soruşdu:
-Bəs nənən sənə yatmağa imkan verir?-Və məsləhət verdi.-O, danışmağa laxşamdan başlayacaq,o zaman sən: "Səsini kəs!” deyib qışqır. Elədə susur. Biz sınamışıq.
Geri qayıdan zaman nənəsi haqda düşünürdü. Indi, kənardan o nə qədər zavallı, yalqız görünürdü. Hlə göz yaşları ilə dolu gecələr, onlar sanki bir cəza idi. Ata keçmiş illəri xatırlayırdı. Lakin o illər onun üçün artıq geridə qalmışdı. Nənə üçün isə yox. Həm də qəlbində necə böyük bir ağırlıqla gözləyirgecəni. Insanlar hamısı acı günlər yaşayıblar, amma ki, unudublar. Nənənin həyatındakı acılar isə hər dəfə yenidən təkrarlanır. Necə kömək etməli?
Axşam düşürdü. Günəş sahilyanı təpəciklərn ardına gizlənirdi. Donun o üzündə çəhrayı qırçınlar düşmüşdü, sahil boyu uzaqlarda isə seyrək meşə bəzəkli qaraltı kimi sezilirdi. Qəsəbədə sakitlikdi, yalnız kirşələrdə sürüşən körpə uşaq gülüşürdülər. Nənəsi haqda düşünmək çətin gəlirdi. Ona nə cür kömək eləsin? Ana necə məsləhət görmüşdü? Deyirdi ki, kömək eləyir. Tamamilə mümkündür. Axı bu,psixikadır. əmr edəcəksən, üstünə qışqıracaqsan-səsini kəsəcək. Qrişa talasmadan gedir, gedirdi, düşüncələri əsnasında qəlbində nələrinsə isinərək əridiyini, nələrinsə sürəkli içərini yandırdığını hiss edirdi. Şam yeməyi zamanı, sonra isə kitab arxasında keçənbütün axşamı-hətta televizor qarşısında oturarkən belə- o, elə hey nənəyə baxır və düşünürdü: "Bircə yatıb qalmayaydım”.
Şam etdikdən sonra yuxu tutmasın deyə,tünd çay içdi. Sonra birini də içdi və özünü yuxusuz keçirəcəyi gecəyə hazırladı. Və gecə düşdü. Işıqları söndürdülər. Qrişa uzanmadı, məlum zamanı gözləyərəkyataqda eləcə oturdu. Pəncərədə ay işıq saçırdı. Qar ağarırdı. Tövlələrin siluetləri qaralırdı. Dunya qarı tezliklə yuxuya getdi, xoruldamağa başladı. Qrişa gözləyirdi. Və nəhayət, nənənin otağından ə anlaşılmaz mızıltı səsləri gələndə o, ayağa qalxdı və oraya getdi. Mətbəxin işığını yandırdı, çarpayının yanında dayandı- qeyri-iradi bir titrəmənin bütün bədənini bürüdüyünü hiss edirdi.
-İtirmişəm...Yoxdur, kartoçkalar yoxdur...-Dunya qarı hələlik lap alçaqda deyinirdi.-kartoçkalarım...Hardadır...Kartoçkalarım...-Və gözlərdən yaşlar bir-birinin ardınca süzülürdü.
Qrişa ucadan bağırsın deyə, dərindən nəfəs aldı, hətta döşəməyə vurmaq üçün ayağını da yuxarı qaldırdı.
-Çörək...Kartoçkalarım...-ağır əzablar içində, gözlərində yaşlarla Dunya qarı danışırdı.
Oğlanın ürəyi mərhəmət və ağrı ilə doldu. Düşündüklərini unudaraq o, çarpayının önündə diz çökərək oturdu və mülayim, yumşaq səslə nənəni inandırmağa başladı(:
-Budur sizin kartoşkalar, nənəcan... Göy yaylığa bükülmüşdü, elədir? Sizinkilərgöy yaylığamı bükülmüşdü? Bunlar sizindir, əlinizdən salmısınız. Mən isə onları yerdən qaldırdım. Budur, görürsünüzmü, götürün,-o, inadla təkrar edirdi.-Hamısı burdadır, götürün...
Dunya qarı susdu. Görünür orda, yuxuda deyilənlərin hamısını eşitmişdi, anlamışdı. Sözlər o dəqiqə gəlmədi. Amma gəldilər:
-Mənimkilərdir, mənimdir...Mənim yaylığımdır göy yaylıq. Adamlar da deyər. Mənim kartoçkalarımdır, salmışam. İsa köməyin olsun, xet=yirxah adam...
Səsindən onun indicə ağlayacağını Qrişa hiss etmişdi.
-Ağlamaq lazım deyil.-o, ucadan dedi. Kartoçkalar hamısı ordadır. Axı niyə də ağlayasınız? Çörəyinizi götürüb uşaqlara aparın. Aparı, şam edin və uzanıb yatın,-o, sanki əmr edərcəsinə danışırdı.-Rahat yatınş yatın.
Dunya qarı susdu.
Qrişa gözlədi, nənənin aramla nəfəs aldığını gördükdən sonra ayağa qalxdı. O, üşütmüşdü. Soyuq sanki sümüklərinədək işləmişdi. Qızınmaq da mümkün deyildi. Soba hələ isti idi. O, sobanın yanında oturdu və ağlamağa başladı. Gözlərindən yaşlar axdıqca axırdı. O yaşlar onun qəlbindən süzülüb gəlirdi, çünki qəlbi də dunya qarının, daha kimlərinsə halına yanaraq ağrıyır və ağlayırdı... O, yatırdı, lakin qəribə bir şəkildə huşa getmişdi, sanki başqa, uzaq illərdə, özgə ömürdə idi, və orda, o ömürdə o qədər acı, elə bir bədbəxtlik və kədər görürdü ki, ağlamamaq mümkün deyildi. Və o ağlayır, gözlərindən axan yaşları yumruqları ilə silirdi. Amma elə ki, Dunya qarı dinməyə başladı, o hər şeyi bir andaca unutdu. Beyni aydınlandı və bədəninin titrəməsi keçib getdi. Dunya qarıya tam zamanında yaxınlaşdı:
-Sənəd var, bəli, var...budur...-nənə titrəyən səslə deyirdi.-hospitala-ərimin yanına gedirəm. Bayırda da gecədir. Buraxın, gecələyim.
Qrişa d=sanki qaranlıq küçəni, o zülmət gecədəki qadını görmüş kimi idi və qapını ona açdı.
-Əlbəttə, buraxarıq. Keçin, buyurun. Keçin. Sənəd lazım deyil.
-Sənədim var!-Dünya qarı qışqırdı.
Qrişa başa düşdü ki sənədləri onlan almaq gərəkdir.
-Yaxşı, verin bura. Belə...Aydındır. Çox yaxşı sənəddir. Düzgündür. Fotolu, möhürlü.
-Düzgün...-Dunya qarı yüngülləşdi, rahatlıqla nəfəs aldı.
-Hər şey düz gəlir. Keçin.
-Mən elə döşəmədəcə yataram. Səhərə kimi. Gözləməliyəm.
-Döşəmə-filan yoxdur. Budur, çarpayı burdadır. Rahatca yatın. Yatın. Böyrü üstə uzanın, yatın.
Dunya qarı itaətlə sağ böyrü üstə çevrildi, əlini yastığın arasına qoydu və yuxuya getdi. Səhərə kimi yatdı. Qrişa onun yanında oturdu, sonra qalxıb mətbəxin işığını söndürdü. Göydə çəpinə asıla qalmış ay pəncərədən boylanırdı. Qar sanki canlı imiş kimi ağarır, qığılcımları andıran bir parıltı ilə işıldayırdı. Qrişa bütün bunları sabah nənəyə necə nağıl edəcəyi düşüncəsindən həzz alaraq yatağa uzandı,onlar birlikdə... lakin birdən bir fikrin aydınlığı onu qarsaladı: danışmaq olmaz. O, aydınca başa düşürdü-nəinki bir kəlmə, hətta bir eyham belə olmaz. Bu onunla qalmalı, onunla birgə də ölməlidir. Etmək və susmaq lazımdır. Sabahkı gecə də, ondan sonra gələn bütün gecələrdə də. Etmək və susmaq lazımdır. Yara bitişəcəkdir.
Tərcümə: Dinar Həmidova
Mənbə: Yarpaq.az