Edebiyyat.az » Proza » Kənan Hacı - Dünyanın əvvəli

Kənan Hacı - Dünyanın əvvəli

Kənan Hacı - Dünyanın əvvəli
Proza
admin
Müəllif:
19:26, 03 oktyabr 2021
1 152
0
Kənan Hacı - Dünyanın əvvəli



 Günəş göy üzündə gülümsəyirdi. Yaddaş pilləkənləriylə günəşə doğru bir qoca aram-aram qalxmaqdaydı. Qalxdıqca sanki cavanlaşırdı. Adam cidd-cəhdlə dünyanın lap əvvəlinə gedib çıxmaq istəyirdi...
Adəmlə Həvva sanki qədim xalçanın üzərində uzanmışdılar. Ətrafda buludlar ağır-ağır süzürdülər. Əyilib lap ehtiyatla dodaqlarını Həvvanın saçlarına toxundurdu. Həvva üzündə nəfəs duyub gözlərini açdı. Adəmi, onun gözlərindəki sonsuz məhəbbəti görüb qollarını ərinin boynuna doladı və "həyatım mənim, - dedi, - axır ki, gəlib çıxdın".
Adəm onun gözlərinə baxa-baxa düşünürdü ki, bəs deyirlər, insanın gözləri qocalmır? Yalan söhbətdir. İnsanın gözləri də qocalırmış, yoxsa Həvvanın o işıqlı, iri, qaynar gözləri indi belə yorğun, üzgün, kədərli olmazdı. Ürəyindən keçən hissi büruzə verməməyə çalışdı. Həvvadan nəsə gizlətmək olardımı? Ərinin gözlərində görünüb tez də itən kölgəni sezdi.
- Nə fikirləşirsən? - deyə soruşdu.
- Səni düşünürəm, əzizim. Düşünürəm ki, dünyadan, vaxtdan özünü yığıb mənim içimdə yuva qurmusan. Canımın içisən.
Həvvanın gözləri doldu.
- Sənin məhəbbətin mənim dünyamdır, mən vaxtımı sənin dünyanla hesablayıram.
Adəm bu dəfə Həvvanın gözlərindən öpdü.
 
***
...Həvva zənbili boşalda-boşalda Adəmi tərifləyirdi:
- Sənin bazarlığından olmaz da. Elə bil almaları bircə-bircə seçmisən.
Adəm o biri otaqda paltarını dəyişirdi, ordan cavab verdi:
- Sən elə məni almayla yoldan çıxartdın da.
Həvvanın kişmişi gülüşü otaqlara yayıldı. Qırmızıyanaq almalar bu mikrocənnətdə onları nöbvəti "günah"a sövq edirdi.

Gecə Həvva gündəliyinə bu sözləri yazdı: "Çərşənbə axşamında günorta çağı günün yorğunluğundan istirahət etmək üçün güllərin içində nazlanan kəpənəklərlə birlikdə dincəldim. Bu gözəl varlıqlar sanki səmadan Allahın gülüşünü qazanıblar. Sanki insan ruhunun zərrələridir. Bura sanki keçmişlə gələcək arasındakı naməlum bir vadi idi. Suallar beynimdə inadkar arılar kimi vızıldayırdı: Görəsən, o məni sevirmi? Sevirsə, bəs niyə mənə bu qədər laqeyddir? Niyə mənimlə görüşə can atmır? Mənə qarşı heç bir maraq göstərmir. Tək-tənha dağ-daşda dolaşır. Birdən-birə ürəyim sıxıldı. Mamırlı sahilə getdim, ayaqlarımı suya salıb oturdum. Ürəyim qüssədən sıxılanda bura gəlirdim. Əlbəttə, gölə rəsmi düşən o ağbəniz bədənin yoldaşlığı kifayət etməsə də, heç  olmasa, tənhalıqdan yaxşı idi. Mən danışanda o da danışır, mən qəmgin olanda o da qüssələnirdi. Məni sakitləşdirərək deyirdi: "Ruhdan düşmə, yazıq tənha qız, mən sənin dostun olaram". O mənim yeganə dostum, əkiz bacım idi. 
Darıxmamaq üçün bir qədər gül-çiçək topladım, onlardan çələng düzəldib başıma qoydum, özümü qəşəngcə bəzədim. Hər zamankı kimi səhər yeməyinə çoxlu alma yedim, kölgədə oturub onu arzuladım. Bütün bədənim də onu arzulayırdı. O gələnəcən ağlıma bir fikir gəldi, onu həyata keçirmək üçün bir quru çubuq götürüb o biri çubuğun vasitəsilə onda deşik yaratmaq istəyirdim. Birdən dəhşətli qorxu hissi keçirdim. Deşikdən nazik, şəffaf, mavi rəngə çalan qığılcım çıxdı, əlimdəkiləri yerə atıb oradan qaçdım. Onun ruh olduğunu düşünmüşdüm.
Geriyə baxdım, arxamca gəlmirdi, bir qayaya söykəndim, tövşüyürdüm, bir az dincimi aldım, gözləyirdim ki, titrəməm keçsin. Bir müddət sonra yenə ürəklənib qızılgül kolundan bir budaq qoparıb, həmin yerə yaxınlaşmağa başladım, ancaq ruh orada yox idi. Deşikdə azca çəhrayı rəngli tozcuq vardı. Əlimi qorxa-qorxa ona uzatdım və... barmaqlarım yandı, ağzıma təpdim. Bu, Od idi. Mən əvvəllər heç yerdə mövcud olmayan bir şeyi yaratmışdım.
Elə arzulayırdım ki, Adəm də gəlib çıxsın və mən ona bu kəşfim haqda məlumat verim. Ocaq qaladım və tüstüsü göyə yüksəldi. Adəm bu odun istisinə gəlib çıxdı. Uzun müddət dayanıb gözlərini oda zillədi. Bunun nə olduğunu soruşdu. Alovdur, - dedim. Kəpənəklər alovun dövrəsində sanki yallı gedirdi.
Sonra atəşlə su öpüşdü, vadi səssizliyə büründü. Qaranlığı yorğan kimi üstümüzə çəkib yuxuya getdik. Yuxuya getməzdən əvvəl onun qulağına pıçıldadım:
- Günah dolu yuxular!
Sonra bilmirəm mən onun, yoxsa o mənim ağlımı oğurladı. İndi hər şey yaxşıdır və mən yenidən xoşbəxtəm. Ağır günlər lap arxada qalıb, mən daha onları xatırlamamağa çalışıram. Onu məmnun etmək üçün qadağan olunmuş alma ağacının meyvələrindən yığıb aparırdım ki, doyunca yesin. Günəş də mənim bu hərəkətlərimə baxıb gülümsəyirdi. Bizim izdivacımızdan Cahan zühura gəldi. Biz həyatın mənasına yetişdik. Adəm bu yerin adını "Kəpənək vadisi" qoydu.
 
***
- Ata, axı xəritədə Məhəbbət dərəsi deyilən yer yoxdur, - qızı məyuscasına Adəmə sığındı.
- Yaxşı bax, qızım. Diqqətlə baxsan, tapacaqsan, - Adəm qızını ruhdan salmaq istəmədi. İpək saçlarını sığallayıb alnından öpdü.
- Bilirsən, qızım, Günəş əmi hər axşam orda gecələyir, səhər yenə qalxıb dünyanı öz işığı ilə bəzəyir. - Həvva mətbəxdəki işinə ara verib qızına Məhəbbət dərəsi haqqında danışmağa başladı. - Deyilənə görə, bir gün qarabağır quşları özünə rəhbər seçmək üçün yola düşürlər, Simurq quşunun ardınca gedirmişlər, bir axşam Məhəbbət dərəsində qalası olublar. O vaxta qədər bu quşlar hər gün bir-birinin ətini didirmişlər, şanapipik bu vəziyyəti görüb onlara məsləhət görüb ki, uçub gedin, Simurq quşunu tapın, onu özünüzə rəhbər seçin. Ondan sonra hamınız canbir qəlb kimi yaşayacaqsınız. Quşlar da səfə düzülüb yola düşürlər. Uzun bir yol qət etdikdən sonra lələk salıb əldən düşürlər və bu Məhəbbət dərəsində yerə enirlər ki, bir hovur dinclərini alsınlar. Göz qamaşdıran işıqda bir anlıq Simurq quşu gözlərinə görünür. Gözlərini yumub açınca Simurq yoxa çıxır və bir daha gözə dəymir. Bax elə bu yerdə onlar anlayırlar ki, hər biri bir Simurq quşudur. Məhəbbət dərəsi, daha doğrusu, məhəbbət onların arasındakı kin-küdurəti yuyub aparır, hərəsi o işıqdan özünə bir ovuc pay götürərək daha heç vaxt bir-birlərinə kin bəsləmədilər.
Cahan maraqla anasına qulaq asırdı və bu dəmdə ağlına belə bir sual gəldi:
- Ana, bəs Ay harda yatır?
Həvva gülümsədi:
- Hə, elə Ay da ordan çıxır. Onlar növbə ilə işə çıxırlar. Səhər Günəş üfüqdə görünəndə Ay öz növbəsini ona təhvil verib həmin Məhəbbət dərəsinə çəkilir.
Cahan sevincək atılıb-düşdü və əllərini bir-birinə vurdu:
- Ay daa, nə qəşəngdir e.
Həvvanın bu nağılı qızına danışmaqda məqsədi vardı. Adəm onun niyyətini anladı. Ona görə də qızına sual verdi:
- Hə, qızım, indi de görək bu nağıldan nə başa düşdün? Şanapipik niyə görə qarabağır quşlarını Simurqu axtarmağa yollayır?
Cahan ağıllı gözlərini qıyıb fikrə daldı, sonra sualının cavabını tapıbmış      kimi sevincək çiyinlərini oynatdı:
- Hə, tapdım, ata. Deməli, şanapipik o quşları barışdırmaq istəyirdi.
- Aha, sonra? - ata gülümsəyərək qızının növbəti izahını gözlədi.
- Ona görə onları uzaq yola göndərdi ki, dalaşmağa vaxtları olmasın.
- Ay sağ ol, qızım. Bəs sonra?
- Bu uzun, yorucu yol quşları ağıllandırmaq üçün idi. Onlar bu uzun yolda həyatla tanış oldular və anladılar ki, elə hər biri bir Simurq quşudur.
- Afərin! Düz tapdın.
- Ata, bir söz də deyim?
- De, mənim ağıllı balam.
- Məhəbbət olan yerlər işığın yuvasıdır, düzdür?
Adəm qızının ağlına, zəkasına heyran oldu, onu bağrına basıb dumduru gözlərindən öpdü.

***
Qoca cəhənnəm kimi qaranlıq, isti və əyri-üyrü küçələrdən keçib gedərkən qarşıdan üzünə işıq şüası düşdü. Orda iki xoşbəxt kölgə sayrışırdı. Danışıq səsləri eşitdi; yarpaqlar danışırdı, sular uğunub gedirdi, daşlar isə müdrik qocalar kimi susqunluğa dalmışdı.
- Eheey! Mən gələcəkdən gəlmişəm, keçmişə doğru gedirəm.
Dağlar sanki yuxudan kal oyandı, qımıldandılar. Təəccüblə bu xırda varlığa sarı boylandılar. Kölgələr də donub qaldı. Qoca onların üzünü görməkdə çətinlik çəkirdi. Birdən yadına düşdü ki, möhkəm yorulub, yastı təpənin üstündə oturub bir hovur dincini almaq istədi. İşıq səmtindən qırmızıyanaq bir alma ona sarı dığırlandı.
Qoca ömründə bu gözəllikdə alma görməmişdi, almanın ətri onu bihuş etdi. Alma sanki nəfəs alırdı. Qocanın bütün vücudu ehtizaza gəldi. Qeyri-ixtiyari əlini atıb almanı götürdü və dişlədi... Qollarına güc gəldi, qəddi dikəldi, zehni duruldu. Bu gümrahlığı çoxdan yadırğamışdı. Axı zaman keçdikcə insanın istəkləri də dəyişir, o, zamanın gətirdiyi dəyişikliklərlə barışmaq məcburiyyətində qalır. İndi sanki zaman maşını onu gəncliyinə qaytarmışdı.
Başını qaldıranda qarşısında uzun saçlı bir gözəlin dayandığını gördü. Qızlar bulağından yenicə su içmiş bu gözəl onun nişanlısı idi. Almanı ona uzatdı:
- Al, sən də ye.
Qız almanı alıb dişlədi.
Kölgələr sanki sevindi. İşıq səmtdən güclə eşidiləcək pıçıltı qopdu:
- Günahınız mübarək!..
 
19 sentyabr 2021-ci il
Mənbə: Edebiyyatqazeti.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)