Edebiyyat.az » Proza » Əhlim Sadıqbəyli - Qırmızı qutu (Hekayə)

Əhlim Sadıqbəyli - Qırmızı qutu (Hekayə)

Əhlim Sadıqbəyli - Qırmızı qutu (Hekayə)
Proza
admin
Müəllif:
00:57, 04 oktyabr 2021
1 298
0
Əhlim Sadıqbəyli - Qırmızı qutu (Hekayə)




 Düzü, dərsdən zəhləsi gedirdi, ancaq müəlliməsini lap çox istəyirdi. Ona görə də, dərslər onun üçün maraqlı keçirdi. Müəllimənin ondan dərs soruşması, onunla danışması üçün dünən dərsini elə əzbərləmişdi ki, yüz il də keçsə, yadından çıxmazdı. Müəlliməsi isə ondan dərs soruşmur, elə ancaq cavab verə bilməyən uşaqları danlayırdı.
Müəllimənin telefonuna zəng gəldi. Üzünün ifadəsi dəyişdi. Müəllimə ona baxa-baxa, başını yelləyə-yelləyə telefonda danışdığı adama nə isə dedi. Sonra onun düz yanına gəldi:
- Yusif, dur çantanı yığ. Evə gedirsən.
O, əvvəlcə elə bildi ki, müəlliməsi onu dərsdən qovur. Sonra müəllimənin onunla nəzakətlə davranışını görüb başa düşdü ki, elə deyil.
- Atan zəng eləmişdi. Evə getməlisən.
Yusifi müəlliməsi yola saldı. Evləri məktəbin yaxınlığında idi. Odur ki, çox keçmədən məhləyə çatdı. Məhlədə qonşuların hamısı müəllimənin bu gün ona baxdığı kimi baxır, verdiyi salamı qəribə alırdılar.
Yusif balaca toppuş əlini qapını taqqıldatmaq üçün qaldıranda gördü ki, qapı açıqdı. Ehmalca içəri girdi. Həmişə içəri girər-girməz:
- Mən gəldim e, mən gəldim, - deyib sevinclə qışqırardı.
Ancaq bu dəfə elə olmadı. Qapının ağzında düzülmüş bir dəstə ayaqqabı onu karıxdırdı. Diqqətlə qulaq asanda içəridən nəsə qışqırığa bənzəyən səslər eşitdi. Bir səs isə lap qəribə idi. Elə bil, kiminsə dərisini soyurdular. Bir müddətdən sonra ayırd edə bildi ki, bu qəribə səs anasının səsi idi. Heç nə başa düşə bilmədi. Çantasını çiynindən yerə atdı. Tez dəhlizin o başındakı otağın qapısını açıb içəri keçdi. Otaq kişili-qadınlı qara paltar geyinmiş adamlarla dolu idi. İçəri girən kimi bütün otaqdakıların hamısı bir saniyəlik susub yazıq-yazıq ona baxdılar. Sonra isə onu gördüklərindən idi, ya da başqa nəyidisə, daha da şiddətlə ağlamağa, çığırmağa başladılar. Gözləri anasını axtardı. O qədər dəyişmişdi ki, əvvəlcə onu tanıya bilmədi. Sonra ağlamağından, rabitəsiz işlətdiyi sözlərindən hiss elədi ki, bu elə anasıdı. Anasının pırtlaşıq saçları daha da düyünlənmişdi. Üzündə də qırmızımtıl cızıqlar vardı. Fikirləşdi ki, deyəsən, anasını döyüblər. Bibisi Rəhilə qalxıb onu otaqdan çıxardı. Yavaşca mətbəxə apardı. Mətbəxdə bibisinin oğlu oturub hönkür çala-çala, əlini masaya, dizinə vura-vura ağlayırdı. Rəhilə oğlunun çiyninə bir sığal çəkib:
- Sakitləş, - dedi. - Ya da keç içəri. Uşağın yanında belə ağlama.
Bibisi oğlu heç nə demədi. Gözlərini sıxıb mətbəxdən çıxdı. O, bibisi oğlunu heç vaxt belə ağlayan, bu cür zəif vəziyyətə düşən görməmişdi. Özünü çox qəribə hiss elədi.
- Bibi, anama nə olub? - deyə bibisindən soruşdu.
Rəhilə bilmədi, uşağa necə cavab versin. Biraz o tərəfə, bu tərəfə baxdı. Biraz onun saçını
tumarladı. Bayaqdan ağlamamaq üçün özünü sıxıb saxlasa da, artıq bacarmadı. Hönkürdü. Yusifi möhkəmcə qucaqladı.
- Yusif, bibin qurban, qardaşın Səbuhi getdi.
Rəhilə daha dərindən nəfəsini çəkə-çəkə, Yusifi daha bərk-bərk qucaqlaya-qucaqlaya ağladı. Yusif heç nə anlamadı.
- Qaqaş davaya getməyib ki?
- Gedib...
- Niyə ağlayırsız? Bunu hamımız bilirdik də, onsuz.
- Yox, Yusif. Qardaşın həmişəlik getdi.
Yusif bir balaca tutuldu. Hələ də nə olduğunu dəqiq başa düşmədi. Mat-mat bibisinə baxdı. Bibisi bilirdi ki, uşağa nə isə deməlidi, ancaq söz deməyə dili tutmurdu.
- Qardaşın, - dedi. - çox yaxşı insan idi. Ona görə də, Tanrı onu çox sevirdi. O qədər çox sevirdi ki, onu öz yanına apardı.
- Öz yanı haradı? - Yusif dolmuş gözləri ilə soruşdu.
Rəhilə bilmədi, nə cavab versin. Dilindən:
- Cənnətə, - sözü çıxdı.
- Cənnətə? - Yusif dolmuş gözlərini bibisinə zillədi. - Nənəm də cənnətə getmişdi.
Yusif qışqıra-qışqıra ağlamağa başladı. Rəhilə Yusifi sakitləşdirmək istədi. Sonra başa düşdü ki, bu sakiləşdiriləsi bir şey deyildi. Həm də elə onun özünü də sakitləşdirən lazım idi. Yusifi biraz da möhkəm qucaqladı. Yusifin gözünün yaşları axıb onun özünün göz yaşlarına qarışdı. Bir müddət ayrılmadan beləcə ağladılar. Sonra qonşu mətbəxə gəlib:
- Solmaz Yusifi istəyir, - dedi.
Rəhilə heç nə demədi. Yusifi qonşuya itəliyən kimi oldu. Qonşu onu otağa apardı. Yusifi anası Solmazın yanında oturtdu. Solmaz oğlunu qucaqladı. Onu dərindən qoxulayıb:
- Səbuhinin qoxusunu səndən alacam, - dedi.
Sonra oğlunun başından, gözündən öpə-öpə göz yaşlarını axıdıb uşağın saçını, üzünü islatdı.
- Ana, qaqaş daha gəlmiyəcək? - Yusif anasından soruşdu.
Solmaz boğula-boğula:
- Yox, - dedi. - o, bir də bizim yanımıza gəlmiyəcək.
Yusif bir müddət anasına qoşulub ağladı. Sonra isə sakitləşdi. Deyəsən, ağlamaqdan yorulub əldən düşmüşdü. Yusif başa düşürdü ki, qardaşı daha geri gəlməyəcək, ancaq o, bununla barışa bilmirdi. Sonra atası Cavanşir də onun yanına gəldi. Onu qucaqlayıb ağladı. Yusif atasının belə ağlamasını ikinci dəfə idi ki, görürdü. Atası beləcə iç ata-ata birinci dəfə nənəsi cənnətə gedəndə ağlamışdı. Onda Yusif biraz balaca idi. Balaca olsa da, atasının ağlaması, nənəsinin qara bir maşında yola salmaqları, onlara indiki kimi çoxlu adamların gəlməsi yaxşı yadında idi.
Get-gedə ev adamla çoxalırdı. Gələnlərin yarısını tanıyır, yarısını isə tanımırdı. Çoxunu ilk
dəfə idi, görürdü. Ya da, bəlkə, əvvəllər görmüşdü, ancaq xatırlamırdı. Otağın küncündə oturub, elə bil, hamıdan gizlənirmiş kimi ağlayan qızı da birinci dəfə görürdü. Qıza baxanda Yusif fikirləşdi ki, qardaşı üçün ən çox yana-tökülə üç nəfər ağlayırdı. Anası, atası, bir də bu qız. Yusif birdən yadına saldı ki, bu qızı bir dəfə də qardaşının yanında görmüşdü. Hə, bu o qız idi. O, məktəbdən evə qayıdanda uşaqlarla yolunu parkdan salmışdı. Onda qardaşı həmin bu qızla əl-ələ tutub şirin-şirin söhbət edirdi. Qız ya dəyişilmişdi, ya da ağlamışdı deyə keçən dəfəki kimi gözəl görünmürdü. Yusif yavaşca qızın yanına yaxınlaşdı. Yanında oturub əlindən tutdu. Qız Yusifə baxdı. Sonra onu qucaqladı. Yusif onda yenə ağlamağa başladı.
Axşama kimi qaralara bürünən adamlar gəlməyə davam elədilər. İçəridə ağlaşma dayanmırdı. Bir-iki dəfə də kiminsə ürəyi getdi, həkim çağırdılar.
Qonşu Şamil kişinin Yusifin atası Cavanşirə yaxınlaşıb:
- Çatırlar, - dedikdən sonra kişilər yavaş-yavaş çölə çıxdılar.
Yusif də atasının dalınca düşdü. Həyətə çıxanda gördü ki, binanın qarşısına yığılan adamlar evlərinə gələn adamlardan dəfələrlə çox idi. Adamlar Cavanşir kişiyə yazıqları gələ-gələ, bir-birləri ilə pıçıldaşa-pıçıldaşa, siqaret çəkə-çəkə bir müddət gözlədilər. Yusif isə bir yerdə dinc dayanmadı. Beş-altı dəfə evə girib çıxdı.
Birazdan qara bir maşın siqnal verib məhləyə daxil oldu. Ardınca da polis maşını, bir də başqa maşın. Sonra qara maşın gəlib binanın düz önündə dayandı. Arxadan gələn maşındakı hərbçilər qara maşına yaxınlaşdılar. Arxa qapını açan kimi adamlar arasında çaxnaşma düşdü. Atası, bibisi oğlu, başqaları ağlayıb özlərini maşının önünə atdılar. Hərbçilər maşından qırmızı qutunu ehtiyatla çiyinlərinə qaldırdılar. Adamlar əl çalmağa başladılar. Sonra da:
- Şəhidlər ölməz, vətən bölünməz, - deyib uzun müddət qışqırdılar.
Hərbçilər səliqə ilə qırmızı qutunu pilləkənlərlə yuxarı çıxardılar. Atası da dizlərinə vura-vura, ağlaya-ağlaya onların arxasınca. Qonşular onun atasını tutur, pilləkənləri çıxmağa kömək edirdilər. Yusif bilmədi, kimsə onu da yuxarı - evlərinə çıxardı. Qırmızı qutunu evə salan kimi qadınlar daha da bərk ağlamağa başladılar. Hərbçilər polis məmurunun köməyi ilə qırmızı qutunu çətinlikə otağın ortasında yerləşdirdilər. Anası, bibisi, başqa adamlar qutunu qucaqlayıb qışqıra-qışqıra ağlayanda Yusif bir qədər qorxdu. O, heç vaxt belə mənzərə ilə qarşılaşmamışdı. Nənəsi cənnətə gedəndə də ağlayanlar vardı, ancaq onlar bu dərəcədə hönkürtü ilə ağlamırdılar. Sakit-sakit, nəsə deyə-deyə göz yaşlarını axıdırdılar. Yusif içində hiss edirdi ki, o qutudakı onun qardaşı ola bilərdi, ancaq tam da başa düşə bilmirdi ki, o qutu nə üçün idi. Bibisi:
- Tabutuna bibin qurban, ay Səbuhi, - deyib ağlayırdı.
Yusif onda bildi ki, bu qırmızı qutu tabutdu. Və o, onun qardaşı ilə bağlı bir şey idi. Anası tabutu tumarlaya-tumarlaya nəsə deyəndə isə əmin oldu ki, yerdə uzanan qardaşıdı. Bundan sonra o, özü də tabutun üstünə yığılıb dəhşətlə, iç ata-ata ağlamağa başladı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)