Edebiyyat.az » Proza » Kənan Hacı - Təbəssüm çiçəyi(hekayə)

Kənan Hacı - Təbəssüm çiçəyi(hekayə)

Kənan Hacı - Təbəssüm çiçəyi(hekayə)
Proza
admin
Müəllif:
13:44, 17 oktyabr 2021
1 318
0
Kənan Hacı - Təbəssüm çiçəyi (hekayə)




 Qadın ehtiraslı baxışları öz üzərində hiss edib gözucu yana baxdı. Şişman qarınlı, buxağından yağ daman bir kişi həris nəzərlərlə qadını başdan-ayağa süzməkdə idi. Qadın ürəyində düşündü ki, yaşından-başından utanmır, yekə kişidir, utanmaz! 
Gözəl, cazibədar qadınlar həmişə diqqət mərkəzində olur. Kişilərin qadın gözəlliyindən zövq alması da təbii bir hisdir. Qadınlar da çox vaxt bu gizli baxışlardan zövq alır, öz gözəllikləriylə qürur duyurlar. Gözəllik qadının silahıdır. Lakin kişilərin təcavüzkar baxışları çox vaxt qadınları qorxuya salır, onlarda özünümüdafiə instinktləri oyanır. Qadın satıcıların kişiyə “bəli”, “baş üstə” deməsindən anladı ki, bu adam univermağın müdiridir. Əli cibində saymazyana gəzir, ona-buna göstərişlər verirdi. Qadın tələsik univermaqdan lazım olan əşyaları alıb çıxdı. Kişinin həris baxışları hələ də tikan kimi onu dalayırdı. 
Qadının satıcı qızlardan biri ilə hal-əhval tutması müdirin nəzərindən yayınmamışdı. Qızın həmin qadını tanıdığnı yəqin etdi. 
-Qızım, o qadın kim idi? Yaman tanış gəldi. Yadıma sala bilmədim harda görmüşəm bunu. 
Satıcı qızın ağlına heç nə gəlmədi, sadəlövhcəsinə dilləndi:
-Bizim məktəbin müəlliməsidir. Arada yolu düşür, xalamgillə qonşudurlar. 
Müdir qadının iş yerini yadında saxladı...  
...Aytən müəllimə axşamüstü məktəbdən çıxıb evə gələndə sövq-təbii hiss etdi ki, onu izləyirlər. Arxaya çevrilib baxdı, gələn yox idi. Bir az arxayınlaşdı. Özü özünə güldü: “Mən də qəribə adamam e. Bu nə fobiyadır yaranıb məndə? Məni niyə güdsünlər ki?” Ətraf ərazilərdə əksəriyyət onu tanıyırdı, küçədə kimsə cəsarət edib ona nəsə nalayiq söz deyə bilməzdi. Bunu bilirdi, amma qadın hissiyyatı  beyninə təhlükəylə bağlı siqnallar ötürməkdə idi. Evə gələndən sonra da bir müddət özünü narahat hiss elədi. Anası qızındakı bu dəyişikliyi görüb: - Niyə belə narahatsan, qızım? Nəsə olub? – deyə soruşdu. 
-Yox, ay ana. Heç nə olmayıb. Bir az yorğunam, başım ağrıyır, - dedi. 
Hamama keçib duşun altında dayandı, müdirin həris baxışlarını bədənindən yuyub təmizləmək istədi. Duş qəbul edəndən sonra bir qədər sakitləşdi, yatağına uzananda yenə həmin həris baxışlar tikan kimi bədəninə batmağa başladı. 
Bu hal bir neçə gün davam etdi. Aytən müəllimə düşündü ki, belə davam etsə, psixoloq yanına getməli olacağam. Gün boyu qara-qura fikirlər onu tərk etmirdi, nəticədə təzyiqi qalxır, özünü pis hiss edirdi. 
Amma bir gün işdən evə qayıdarkən böyründə qara “Volqa” dayandı. Sükan arxasında oturan şişman qarınlı, dəyirman xoruzuna oxşayan kişi başını şüşədən çıxarıb irişə-irişə dedi:
-Xanım, gəlin əyləşin. Mən də sizin tərəfə gedirəm, belə gözəl ayaqları yormayın.
Aytən müəllimə diksindi, ürəyi sürətlə döyünməyə başladı. Demək, intuisiyası onu aldatmırmış. Gözlənilən təhlükə bir addımlığında idi. Maşın tərəfə baxmadan birnəfəsə dedi:
-Çox sağ olun. Ehtiyac yoxdur.
Addımlarını yeyinlədib uzaqlaşmaq istədi.
-Ay xanım, mən adamyeyən deyiləm, niyə məndən çəkinirsiniz? Baxın, həmişə gəlib-getdiyiniz univermağın müdiriyəm. Qıraq adam deyilik ki?
Kişinin həyasızlığı qadını hiddətləndirdi:
-Çox xahiş edirəm, gedin. Mənim maşına ehtiyacım yoxdur. Məni narahat etməyin!
Həmin gündən açıq təqib başladı. Aytən müəllimə dərdini bir kimsəyə deyə bilmirdi, adına söz çıxaracaqlarından qorxurdu. Məktəbə nüfuzu, təmiz adı ləkələnə bilərdi. Bu isə onun üçün ölümə bərabər idi. Evdə anasına da bir kəlmə demədi... 
Gecələr yuxusu ərşə çəkilmişdi, hər səsə diksinir, dəfələrlə yatağından qalxıb qapı-pəncərənin bağlı olub-olmadığını yoxlayırdı. Neçə dəfə divara düşən kölgəsindən qorxub çığırmışdı. Şorgöz müdir həyatının kabusuna çevrilmişdi. Bəzən üzünü yastığa sıxıb için-için ağlayırdı. Lənət olsun bu gözəlliyə! – deyirdi. O, gözəllik adlı bu ağır yükü daşımaqda aciz idi. Ağlına gəlməzdə ki, bir vaxtlar öyündüyü bu gözəllik indi onun qəniminə çevriləcək. 
Müdirin quduz ehtirası beynində eybəcər, əxlaqsız planlar qurmağa sövq edirdi. O indi öz nəfsinin nökəri idi. Bu ehtiras tuluğu qadını ələ keçirməyin yolları haqda düşünürdü. Başa düşmüşdü ki, pulla, qiymətli hədiyyələrlə  onu ələ ala bilməyəcək. Dostlarından birinin oğlu Aytən müəllimənin şagirdi idi. Düşündü ki, dostunu da öz çirkin məqsədinə ortaq edə bilər. Beynindəki planı həyata keçirmək üçün hərəkətə keçdi... 
                                      *****
Hakim Məhərrəmovun stolunun üstündə bir cinayət işi də vardı. Həmin cinayət işiylə tanış olduqda dəhşətə gəldi. Univermaq müdiri olan harınlamış şəxs orta məktəb müəlliməsi olan bir qadını ələ keçirmək üçün dostundan istifadə edərək çirkin məqsədinə nail olmuşdu. Qadın onun dostunun evinə oğlunu dərsə hazırlamaq üçün gələndə çayına yuxu dərmanı atıbmışlar. Bütün insani hisslərdən məhrum olan müdir həmin evdə qadını zorlamışdı. Bu hadisədən sonra qadın elə həmin gecə intihar etmişdi. Müdir həbs edilsə də, günahsız qadının anası ona verilən yüngül cəzadan narazı idi. Buna görə də məhkəmə qərarından appelyasiya şikayəti verib qızının qatilinin daha ağır cəzaya məhkum edilməsini tələb edirdi. 
Hakim Məhərrəmov düşünürdü ki, ana haqlıdır, bu cür şərəfsizə ən ağır cəza verilməlidir. Fikirləşdi ki, görünür, qərar verən hakimi ələ alıb cinayətin motivini dəyişdiriblər. Məhbusu onun yanına gətirdilər. Adam əməlindən peşman olana oxşamırdı. Hakim Məhərrəmov qarşısındakı məxluqun tox, arxayın duruşuna baxıb hiddətləndi:
-Sənin nəslində, evində qız, qadın yoxdurmu? 
-Niyə yoxdur? Əlbəttə, var, möhtərəm hakim, - məxluq sualın hansı məqsədlə verildiyini anlasa da, heç nə olmayıbmış kimi sakitcə cavab verdi. 
-Onların namusuna təcavüz etsələr, sən bunu necə qəbul edərsən? – Hakim Məhərrəmov bu sualı verib cavabını gözlədi.
-Bizim nəsildə namussuz qadın yoxdur, - məxluq azacıq kişiləndi.
-Bəs zorladığın qadın namussuz idi? Sənin qeyrətin, vicdanın var? Günahsız, namuslu bir qadının həyatını məhv edəndə heç vicdanın sızlamadımı? Adını kişi qoyub binamusluq edəndə bilmirdin ki, bunun cavabını verməli olacaqsan?
Müdir hələ də özünü tox tutmuşdu:
-Möhtərəm hakim, hamımız kişiyik də. Qadından xoşum gəlib, onunla yatmışam. Burda nə var ki?! 
Hakim Məhərrəmov bu dəfə dözə bilmədi, qəzəbi, nifrəti şilləyə dönüb müdirin sifətində partladı:
-Alçaq! Şərəfsiz! Tüpürüm sənin olmayan qeyrətinə! Rədd eləyin bu binamusu gözümün qabağından!
Polislər müttəhimi dərhal kabinetdən çölə çıxartdılar. 
Hakim Məhərrəmov köməkçini çağırıb sərt şəkildə dedi:
-Sabah saat 11-də məhkəmənin iclasıdır! Aidiyyatı şəxslərin hamısı gəlsin. 
Səhərisi gün hakim Məhərrəmov mantiyasını geyinib soyuqqanlı şəkildə məhkəmə zalına daxil oldu.  Müttəhimi gətirib dəmir barmaqlığa saldılar. O, başını aşağı dikmişdi, zaldakı adamlara baxmaqdan çəkinirdi. Son söz veriləndə bircə kəlmə dedi:
-Peşmanam...
Hakim Məhərrəmov hökmü oxudu. Müdir əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edildi. 
Hakimin qərarı dərdli ananın yeganə təsəllisinə çevrildi. Zaldan çıxanda hakimin əllərindən öpmək istədi. Qıvrım saçlarının arasına ilk qar tökülmüşdü. Övlad itgisi altında çökmüş çiyinləri titrəyirdi. Hakim Məhərrəmov dərdli ananı qucaqlayıb buna imkan vermədi:
-Möhkəm ol, anam. Ağlama, ən ağır cəzanı ona Allah verəcək. Bir də əgər varsa... vicdanı... 
Müdirin yaxınları, qohumları məhkəmənin həyətində donquldana-donquldana qalmışdılar. Rayonda böyük səs-küyə səbəb olmuş bu hadisədən xəbəri olanlar hakim Məhərrəmovu alqışlayırdılar. Bilirdilər ki, işə o baxırsa, mütləq ədalətli qərar verəcək. 
-Axır ki, haqq-ədalət öz yerini tapdı. Günahsız qızın ruhu bəlkə bundan sonra dinclik tapar. 
El-oba içində hamı bu qərardan məmnun idi.  
Ana həmin gün qızının məzarına baş çəkdi. Qız kədərli təbəssümü ilə birgə şəkildə donub qalmışdı, heç cür o çərçivədən çıxa bilmirdi. Özü getmiş, yerində başdaşı boyda kədər qalmışdı. Ana bu kədəri heç cür ovuda bilmirdi. Anaya elə gəlirdi ki, gördükləri, yaşadıqları, hər şey yuxudur. Heç bu qız da dünyaya gəlib yaşamayıb, ölməyib. Dünya ona qüssəli bir yuxu kimi görünürdü. Bəxtin təqvimində hələ də bitib-tükənməyən payızdı. Olmuşları, olacaqları yozub qaranı ağa qarışdırırdı, sevincdən yanıq düşmüş ana kədər sarıdan dünyanın ən varlı adamı idi. 
Aytən isti bir hənirə susayanda başını anasının dizinə qoyub xumarlanardı. İndi başını torpağa söykəyib uyuyurdu; o da anaydı, ana torpaq. Ananın da baş qoyub uyumağa ehtiyacı vardı. Məmnuniyyətlə qızıyla yerini dəyişməyə razı olardı. Gor evində əbədi yuxuya dalanlar dünya evində qalanlara torpaqla təsəlli verirdilər. Torpağın üzü soyuq olsa da, altı ipisti olur. “Anıb tənhalığı, qəbr içrə nifrət qılma ölməkdən, təriqi-üns tut kim, hər ovuc torpaq bir Adəmdir”. Ölüm insan üçün ən çətin istiqbal əndişəsidir, bu əndişəni geridə qoyanlar həqiqətə qovuşurlar. Çün, bu dünya ruhların həbsxanasıdır, ruh bədəndən xilas olunca öz azadlığına qovuşur. Torpağa qarışan quru cismimizdir. Fənada ruhunu kirləndirənlərə, nəfsinə qul olanlara ərəsati məhşərdə aman olmayacaq.  
Ana arxada bir hənir hiss etdi, çevrilməyə macal tapmamış çiyninə bir əl qondu. 
-Bu dünya Adəmin vaxtından qalan dünyadı. Milyardlarla insanı yola salıb, biz də bu yolun yolçularıyıq. Sənin qızın cənnətin mələkləri sırasında olacaq, ana. Buna əmin ol. Bundan sonra məni özünə oğul bil! 
Ana qarşısında hakimi görüb heyrətləndi.  Çevrilib bir də məzar daşına baxdı. 
Aytənin təbəssümü çiçəkləmişdi...  
16 oktyabr, 2021-ci il 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)