Mariya Matutedən miniatür hekayələr
Proza
Mariya Matutedən miniatür hekayələr
(görkəmli ispan yazıçısı)
Dostu ölən uşaq
Oğlan bir səhər oyandı və çəpərin o tayında dostunu axtarmağa getdi. Amma dostu yox idi. Qayıdanda anası ona belə dedi:
– Dostun ölüb. Oğlum, daha onu düşünmə və oynamaq üçün özünə başqa dostlar axtar.
Uşaq kandarda oturdu, dirsəklərini dizlərinə qoyub əlləri ilə üzünü örtdü. “O, qayıdacaq”, deyə düşündü. Ola bilməz ki, kürəciklər, yük maşını, qalay tüfəng və işləməyən saat burada qalsın, dostu isə onları axtarmağa gəlməsin. Qaranlıq düşdü. Səmada bir yekə ulduz parıldayırdı. Uşaq isə yemək üçün içəri keçmək istəmirdi.
– Gəl, oğlum, hava getdikcə soyuyur, – dedi anası.
Amma oğlan içəri keçmək əvəzinə kandardan qalxdı, kürəcikləri, yük maşınını, qalay tüfəngi və işləməyən saatı götürüb dostunu axtarmağa getdi. O, hasara yaxınlaşanda dostu onu səsləmədi, dostunun səsi nə ağacdan, nə quyudan gəldi. Oğlan bütün gecə dostunu axtardı. Gecə uzun və işıqlıydı. Gecə üst-başını və ayaqqabılarını toza bulamışdı. Günəş çıxanda yuxulu və susamış oğlan əllərini açıb düşündü: “Bu oyuncaqlar necə də mənasız və balacadır!” O, hamısını quyuya atdı və ac-yalavac evə qayıtdı. Anası qapını açan kimi dedi:
– Bu uşaq necə böyüyüb, ay Allah, necə böyüyüb.
Bundan sonra ana oğluna böyük kişi kostyumu aldı, çünki geyindiyi artıq ona qısa qalırdı.
Karusel
Qara qəpiyi belə olmayan uşaq əlləri cibində yarmarkanı gəzir, gözünü yerdən çəkmirdi. Qara qəpiyi belə olmayan uşaq tirə, şeytan çarxına, xüsusilə də qızılı dirəklərə sancılmış sarı, qırmızı və yaşıl atlarla bəzəli karuselə baxmaq istəmirdi. Qara qəpiyi belə olmayan uşaq gözucu karuselə baxıb belə dedi: “Bu, adamı heç yerə aparmayan mənasız bir şeydir. Elə hey fırlanır, fırlanır, amma heç yerə çatmır”. Uşaq yağışlı bir gündə yerdən dəyirmi tənəkə parçası tapır; bu, onun gördüyü ən yaxşı pivə qapağıydı. Qapaq elə parıldayırdı ki! Oğlan onu götürüb tələsik karuselə tərəf qaçdı. O, bütöv dövrə vurmaq istəyirdi. Yağış yağdığı üçün karusel brezentlə örtülüb səssizliyə bürünsə də, o, böyük qanadları olan qızılı ata mindi. Karusel fırlanmağa başladı, hər tərəfə musiqi yayıldı. Uşaq hələ belə şeyə şahid olmamışdı. Amma bu karusel elə böyük idi, elə böyük idi ki, dövrəsi bitmək bilmirdi, yarmarkadakı insanlar, çadırlar və yağış getdikcə ondan uzaqlaşırdı. “Heç yerə getməmək nə gözəl imiş” – deyə düşündü uşaq. O, heç vaxt bu cür əylənməmişdi. Günəş yaş torpağı qurudanda və karusel nəzarətçisi brezenti qaldıranda hamı qışqıraraq ətrafa dağılışdı. Bir də heç bir uşaq həmin karuselə minmək istəmədi.
Oynamağı bilməyən uşaq
Oynamağı bilməyən bir uşaq var idi. Anası pəncərədən torpaq yolla gedən uşağı izləyirdi, onun hərəkətsiz balaca əlləri yeridikcə yellənirdi. Bu oğlan rəngarəng oyuncaqları, yupyumru topu və iri təkərli maşınları xoşlamırdı. O, oyuncaqlara baxır, toxunur, sonra da balaca, solğun və bir az da kirli əllərini qəribə, lal zınqırovlar kimi yelləyə-yelləyə bağçaya çıxıb torpağa can atırdı. Ana gedib-gəldikcə gözləri kölgələnən uşağa nigaran gözlərlə baxırdı.
– Əgər o oynamağı sevsəydi, var-gəl etməyinə baxanda canıma üşütmə düşməzdi.
Amma atası kefini pozmadan dedi:
– Oynamağı bilmirsə, deməli o adi uşaq deyil. O, düşünən uşaqdır.
Ana yağışlı bir gündə yaxşıca bürünüb ağacların arası ilə gedən uşağı izlədi. Uşaq göl kənarına çatanda əyilib cırcırama, soxulcan, çömçəquyruq və qurd axtarmağa başladı. Tapdıqlarını qutuya yığırdı. Sonra yerdə oturub qənimətlərini bir-bir qutudan çıxardı. Kirli, qaralmış dırnaqlarının arasından güclə eşidilən səs gəlirdi. Xırç! Uşaq onların başını qoparırdı.
Musiqi
Böyük Bəstəkarın iki qızı – altı və yeddi yaşlarında – səssizliyə öyrəşmişdi. Evdə qətiyyən səs salmaq olmazdı, çünki ata işləyirdi. Onlar barmaq ucunda, yumşaq tərliklərdə gəzirdilər və səssizliyi yalnız arabir atanın pianosundan çıxan notlar pozurdu.
Sonra yenə sükut.
Bir gün kabinetin qapısı azca aralı qalanda balaca qız yavaşca süzülüb aralıqdan baxdı; o, atasının arada əyilib kağıza nəsə yazdığını görə bilmişdi.
Sonra balaca qız böyük bacısını tapmaq üçün yerindən götürüldü və ilk dəfə bu səssizliyi öz qışqırığı ilə pozdu:
– Atamın musiqisinə inanma…! Ata onu uydurur!
İspan dilindən tərcümə etdi: İlahə Əkbər
Mənbə:Sim-sim.az
Mövzuya uyğun linklər: