Kənan Hacı - Fəna fasiləsi(roman, dördüncü hissə)
Piqulevski təkəbbürlü halda öz üstünlüyünü nümayiş etdirirdi. Bu da Əliyar bəyi qıcıqlandırırdı.
-Yaxşısı budur, siz əsarətdə saxladığınız bu millətin balaları üçün məktəblər açılmasına köməklik göstərəsiniz. Feodallar rəiyyəti istismar edir, bu məsələlərlə məşğul olun. Xalqın güzəranı yaxşı deyil, hər yeri qaçaq-quldur basıb. Həmişə bu xalqın dərdi özünün olub, sərvəti özgələrin. Gavurları başımıza çıxarmısınız, hər cür fitnə-fəsad törədirlər, onlara gözün üstə qaşın var deyən yoxdur. Sizsə mənimlə qonaq davası edirsiniz. Onu siz də qonaq etmişdiniz. Mən evimə qonaq çağıranda da sizdən icazə almalıyam?!
Piqulevski Əliyar bəyin qırımından anladı ki, mübahisə etmək yaxşı nəticə verməyəcək. Həm də Əliyar bəyin xalq arasında böyük nüfuzu vardı, onunla söz güləşdirmək işin ziyanına olardı. Vəziyyəti yumşaltmaq məqsədilə üzünə mehribanlıq maskası taxdı:
-Əliyar bəy, sizə də bir söz demək olmur, tez özünüzdən çıxırsınız. Sözün açığı, sizdən incimişdim. Axı bilirsiniz, hökümətin sizə böyük sayğısı var. Eşidəndə ki, fransız yazıçısının şərəfinə qonaqlıq vermisiniz, fikirləşdim ki, əcəba, Əliyar bəy bəs bizə niyə xəbər etməyib?
Əliyar bəyin üzündəki sərt ifadə yumşalmadı:
-Deyirsiniz ki, sizə böyük hörmətimiz var. Çox sağ olun. Bəs siz niyə Dümanı qonaq edəndə bizi yada salmamısınız?
Piqulevski tutuldu, əlini portsiqarına uzatdı, qonağa siqar təklif etdi. Əliyar bəy təklifdən imtina etdi:
-Mənim öz tənbəkim var, ondan çəkə bilmirəm.
-Əliyar bəy, bu söhbəti unudun getsin. Bir firəngistanlıya görə dostluğumuzu pozmayacağıq ki. O ki, qaldı iradlarınıza, bu məsələlərlə ciddi məşğul olacağıq. Düzdür, qaçaq-quldurlarla bacarmaq olmur, amma hər yerdə onların kökünü kəsirik.
Şimşək polismeysterin sözünü yarıda kəsdi, yağış pəncərəni döyəcləməyə başladı. Piqulevski ayağa qalxıb pərdəni çəkdi, buludların rəngi qaçmışdı, günəşdən əsər-əlamət qalmamışdı.
-Bu yerlərin insanları da təbiəti kimidir, - dedi.
II fəsil
Kərbəlayı Əzizin mülkü dəniz yolunun üstündə idi. Yastı-yapalaq damların əhatəsində bu ev hündürlüyü və genişliyi ilə seçilirdi. Kənddə böyük nüfuz sahibi olan Kərbəlayı Əziz İmam Hüseyn aşiqi idi. Məhərrəmlik günlərində evində təziyə mərasimləri keçirir, ehsan verirdi. Təziyadarlar yığışıb nöhə deyir, Yezidə lənət oxuyurdular. Belə mərasimlərdə kəndin bütün kasıb-kusubları, fəqir-füqərası qarnını doyurub Kərbəlayı Əzizin əmvatına rəhmət oxuyurdular, əllərini göyə açıb onun canının salamatlığını üçün dua edirdilər.
Kərbəlayi Əziz çalışırdı ki, millətin balaları savad alsın, dünya elmlərinə vaqif olsunlar. Bu məqsədlə evində üsuli-cədid məktəbi açmışdı. Qardaşı Hacı Məcid də bu yolda ona dəstək olurdu. O da öz evini məktəbə çevirmişdi. İki qardaş ticarətdə qazandıqlarını maarifə xərcləyirdilər. Tez-tez millətin güzəranı haqqında həsb-hal edirdilər. Hacı Məcid mütənasib bədənli, cüssəli kişi idi, azacıq dən düşmüş qıvrım saqqalı üzünə nuranilik verirdi. Kərbəlayi Əziz isə qara, tündməcaz adam idi, kənd camaatının çoxu ondan çəkinirdi. Sözü üzə deyən idi, heç kəsdən qorxub çəkinmirdi.
-Camaat çox kasıbdır, Kərbəlayi, - Hacı Məcid deyirdi. – Ac adam maarif haqda düşünməz, xalqın qarnını doydurmaq lazımdır ki, yazıb-oxumaq da yadına düşsün.
Kərbəlayi Əziz qardaşının sözünə qüvvət verirdi:
-Düz deyirsən, Hacı. Amma sən bu zavallı insanları bir parça çörəyə möhtac edənlərdən niyə danışmırsan? Kəndli ağır töycülərin altında çabalayır, çəkdiyi zəhmət bir qarın çörəyə gücnən çatır. Bizim kimi adamlar olmasa, rəiyyət ayaq altında qalıb məhv olar.
-Elə bilirsən, hamı bizim kimidir? Heç kim mədrəsə üçün pul vermək istəmir, pulumuz yoxdur, deyirlər. Amma bütün günü kefdə-damağda, qumarxanalarda gün keçirirlər. Yaxşı, rusları başa düşdük, özümüzkülərə nə deyirsən? Mülkədarlar da kəndlini bir yandan istismar edir. Varlandıqca daha da azğınlaşırlar, gözləri doymur ki, doymur. Bəs bu xalqa kim gün ağlasın?
-Atamızın ərvahına and olsun, məndə imkan ola, torpaqları verərəm kəndlilərə, deyərəm əkin-biçin, dolanın. – Kərbəlayi Əziz coşub özündən çıxdı.
Belindəki dolamaya taxdığı tənbəki torbasını çıxarıb qəlyanını doldurmağa başladı.
-Nikalay yıxılmasa, xeyri yoxdur e, - Hacı Məcid köksünü ötürdü.
İki qardaş arasında bu qəbil söhbətlər tez-tez olurdu.
Bundan bir az əvvəl Molla Səkinəxanımın yarı mollaxana, yarı məktəb olan dərsxanası icazəsiz fəaliyyət göstərdiyi üçün bağlanmışdı. Bu da qardaşların ovqatını təlx etmişdi. Çünki onlara da tez-tez ismarışlar göndərilirdi ki, bu nə məktəbdir açmısınız? Bilinmir orda nə tədris edirsiniz, xoşluqla bağlayın. Kərbəlayi Əziz çar məmurlarına xəbər göndərmişdi ki, nəbadə, evə basqın etsinlər, kənd ayağa qalxar, mən də gələnləri güllənin ağzına verərəm.
Ehtiyatlandılar, ismarışlar kəsildi. Xeyli müddət idi ki, sakitçilik idi. Qardaşlar çuğulluq edənləri tanıyırdılar, amma özlərini o yerə qoymurdular. Bir gün təsadüfən hökümət kontorunun qarşısından keçəndə dördbarmaq Vəlinin həmin binadan çıxdığını gördü. Vəlini oğurluq üstündə tutub sağ əlinin bir barmağını kəsmişdilər. O vaxtdan adı Dördbarmaq qalmışdı. Qəzəbini cilovlaya bilmədi:
-Adə, ay dərənin tülküsü, sən haçan kişi olmağı öyrənəcəksən?! Sən yaxşı vələd olsaydın, nəslin səndən üz döndərməzdi. İki eşşəyin arpasını bölə bilmirsən, ay bədbəxt. İşin-gücün ev yıxmaq, çuğulluq etməkdir. Sənin gərək barmağuvi yox e, dilüvi kəsəydilər.
Dördbarmaq özünü itirmişdi, rəngi kağız kimi ağarmışdı. Siçan quyruğuna oxşayan bığları titrəyirdi. Civə kimi qaynayan gözlərini qarşısındakı adamın iti baxışlarından yayındırmağa çalışırdı. Kərbəlayi Əziz sadəlövh deyildi, bilirdi ki, bu işin arxasında duranlar başqalarıdır, Dördbarmaq Vəli sadəcə, bir alət idi. Onu təlimatlandırıb kontora göndərirdilər.
-Mən öz işimə görə gəlmişəm, Kərbəlayi. Bu vaxtacan sənə nə pisliyim keçib? – Dördbarmaq pərt halda dilləndi.
Kərbəlayi Əziz onun üstünə yeridi:
-Sənin mənə nə pisliyin keçə bilər, pədərsüxtə? Ən böyük pisliyi özüvə edirsən, it qədər hörmətin yoxdur. Nədi, qorxudan şalvarıvı batırmısan. Biz millətin balalarına dərs veririk ki, savadlı olsunlar, oxuyub bir yerə çıxa bilsinlər. Sən neyləyirsən? Qabağına yal atırlar, onun-bunun qapısında yallanıb bədxahlığından qalmırsan. Sabah öləndə goruna tüpürəcəklər. Sən bu əməllərinlə gora sağ baş apara bilməyəcəksən, bunu bil. Yaxşısı budur, çıx get bu kənddən.
-Eeeh, Kərbəlayi, vallah, mənim heç bir təqsirim yoxdur. Mənə deyirlər ki, bizə kömək etməsən, səni tutub qoduqluğa salarıq, ağlın başıva gələr. Əşi, hökümətnən hökümətlik edəsi döyülük ki?
Dördbarmaq Vəli əməlinə belə haqq qazandırmaq istədi.
-Sənin zatın xarabdır. Başqasına niyə demirlər, sənə deyirlər? Çünki səndə kişi sifəti yoxdur, Dördbarmaq!
Kərbəlayi Əziz qarşısındakı misgin məxluqun üzünə tüpürüb yoluna davam elədi.
Aradan bir müddət keçmişdi. Kəndə xəbər yayıldı ki, Qoçu İslam Dördbarmağı bazarın ortasında güllələyib...
*****
İçi boş olan şey yüngül olar, deyiblər. Boş qarın isə o qədər ağır olur ki, insanı taqətdən salır, yeriməyə halı belə olmur. Uçuq-sökük, darısqal daxmalarda yaşayan, bir parça çörəyə möhtac olan kasıb ailələrəbir para tacirlər yardım edirdilər. Qoçular da kasıblara dayaq olur, onlara əllərindən gələn köməkliyi edirdilər. Amma yenə də kasıbların gündəlik tələbatlarını ödəmək mümkün olmurdu. O zamanlarda Bakının nefti hələ üstü örtülü xəzinə idi. Əhali ticarətlə dolanırdı. Əlində pulu-parası olanlar isə Dərbənd, Mahaçqala, Tiflis kimi yaxın şəhərlərlə ticarət əlaqələri qurur, Bakıda özlərinə dükan açıb kəsbkarlıqla məşğul olurdular.
Zamanın küləkləri Əliyar bəyin qəddini bükmüşdü. Əvvəlki çevikliyindən əsər-əlamət qalmamışdı. Günün çoxunu evdə keçirir, Nizamini, Füzulini, Hafiz Şirazini oxuyurdu. Kitabxanası nadir tapılan kitablarla zəngin idi. Yunan və Şərq filosoflarının kitabları rəflərdə səliqə ilə düzülmüşdü. Həyatın ümumi gurultusu içində səssizliyə qapılmaq və ruhuna aşina bildiyi şairlərin şeir gülüstanında dolaşmaq ona sonsuz bir rahatlıq bəxş edirdi. O, halından olduqca məmnun idi. Bu qəbil insanlar buğda saplağında tək bir dən kimi yaşamağı sevirlər.
Arxada dopdolu bir ömür qalmışdı və Əliyar bəy bu ömrü fənaya sərf etmədi. Xalqın yaxşı yaşaması, təhsil alması üçün nə mümkündürsə, etdi. Mümkün olmayanları gələcək zamanın ixtiyarına buraxdı. Köklü dəyişikliklərə ehtiyac vardı, bu xüsusda mütərəqqi düşüncəli insanlar həmfikir idilər, lakin bu dəyişmənin mahiyyəti haqqında ortaq bir qənaətə gələ bilmirdilər. İslahatlar üçün gərək olan şərtlərin heç biri mövcud deyildi. Üstəlik, maarifsizlik işi bir az da çətinləşdirirdi. Bu məmnuniyyətsizliyin arxasında ağır bir kölgə yatırdı. Əliyar bəy övladlarıyla söhbətlərində cəhalətə qarşı necə mübarizə aparmağın yolları haqda fikirlərini dilə gətirirdi.
-Mən bu cahil toplumla çox savaşdım, az-çox nəyəsə nail oldum. Ən azından, sizin kimi övladlar yetişdirdim. Siz də çalışın, bu xalq işıqlığa çıxsın. Mollalar uşaqlarımıza din dərsi keçir, amma izah etmirlər ki, peyğəmbərimiz “elmi beşikdən qəbrəcən öyrənin” deyir. Həqiqət elm ilə işraq edər, elmsiz insanın heyvandan heç nəylə fərqlənmir. Elm həyatın vazkeçilməz ünsürlərindən biridir, biz bu savadsız, hüquqsuz insanlarla hara gedirik?!
Hacı bəy atasının fikirlərini bölüşür, dünyəvi elmlərin tədris olunması üçün məktəblər açılmasının vacibliyini dilə gətirirdi. Qısır səadətin çevrəsində öz halından məmnun insanlar onu kədərləndirir, bəzi hallarda heyrətləndirirdi. Axı bu adamlar niyə öz haqları uğrunda mücadilə aparmır, bu mütilik, kölə xisləti hardan qaynaqlanır?!
-Elmsizlikdən!
Hacı bəyin qısa cavabı onu qane etdi.
-Axı özün deyirsən ki, bütün bəlaların kökü elmsizlikdir, - Hacı bəy atasının ondan gözlədiyi cavabı vermişdi.
Əliyar bəy qəlyanından dərin qullab alıb tüstünü saqqalından aşağı üfürüb söhbəti davam etdirdi:
-Müsəlman əql təriqi ilə getsə, elmə yetişər. Helmi olmayanın elmi yarımçıq olar. Helm də əqlin məhsuludur. Əgər əql qəlbə ülvi və ali bilgilər göndərməzsə, insan kamilləşə bilməz. Ağıl mərifətli at kimidir, insanı mənzil başına tez çatdırar. İnsan ağlın sayəsində həqiqətə yetişsə belə, bunu qəlb təsdiq etməyincə, şübhə içini didəcək. Ağlın məhsulu inanca çevriləndə həqiqət insanın qəlbində bərqərar olur.
Hacı bəy ixtiyar atanın dediklərini yaddaşına hoddurmaq üçün diqqətlə ona qulaq asırdı. Belə söhbətlərdə arabir Əlimirzə kişi də iştirak edirdi və hər dəfə də deyirdi: “Əliyar bəy yenə qızıl xırdalayır”.
******
Haşımın atası Hacı bəyin Mahaçqalada, Dərbənddə ticarət kontorları vardı. Əhalinin dolanışığının ağır vaxtlarında Hacı bəy qazancının yarısını əlsiz-ayaqsızlara, fəqir-füqəraya paylayırdı. O, övladlarının yaxşı təhsil almasını istəyirdi. Əliyar bəyin oğluna vəsiyyəti bu olmuşdu. “Çalış, balaların oxuyub elm sahibi olsunlar. Savad və bilik bu toplumu cəhalət qaranlığından xilas edəcək”.
Düşünürdü ki, bir atanın övladına qoyacağı ən qiymətli miras bilik və savaddır. Bu məqsədlə də balaca Haşımı Kərbəlayi Əzizin öz evində açdığı mədrəsəyə yazdırmışdı. Bu mədrəsə yırtıq həsirdən başqa heç nəyi olmayan soyuq hücrələrdən yaxşı mənada fərqlənirdi. Burada falaqqa cəzası yox idi, uşaqlar Kərbəlayı Əzizin dilindən çıxan hər sözü yaddaşına yazır, canı-dildən onlara tapşırılan dərsi öyrənməyə çalışırdılar. Müəllim onların anlamadıqları fars mətnlərinin izahını verir, doğma dillərində nəzm öyrədirdi. Uşaqlar burada şəriət elmiylə yanaşı dünyəvi elmlərə də vaqif olurdular. Kərbəlayı Əziz başqa mollalar kimi uşaqları cəhənnəm əzabıyla qorxutmur, onlara Allaha, Yaradana sevgi hissi aşılayırdı.
-Bir qrup insan var ki, onlar cənnəti arzulayırlar. Onlar tamahkar və mənfəətcil adamlardır. Digərləri cəhənnəm qorxusu ilə yaşayırlar, bunlar aciz və qorxaq məxluqlardır. Bir qisim insanlar da var ki, onlar cənnət arzusunun və cəhənnəm qorxusunun fövqündə dayanırlar. Onlar azad insanlardır. Onları heç nəylə məğlub etmək olmaz, - deyirdi Kərbəlayı Əziz.
-Eşq və iman nə qədər həyəcanverici bir duyğudur. Mənim dediyim insanların bildiyi eşq deyil. Mənim içimdəki eşq İlahi eşqdir. Bir gün Füzulini oxuyanda bunu anlayacaqsınız.
Haşım atasının taxçasından Füzulinin kitabını götürüb vərəqləmişdi. Qəzəlləri nə qədər oxusa da heç nə başa düşməmişdi. İlahi eşqin sirrinə vaqif olmaq istəyirdi, buna görə biliyini artırmaq üçün gecə-gündüz oxumuşdu, öyrənməkdən usanmamışdı. Kərbəlayı Əzizi suallarıyla bezdirirdi:
-Ustad, vəhdəti-vücud nə deməkdir?
-Vadiyi- vəhdət deyəndə şair nəyi nəzərdə tutur?
-Dünyavü mafiha nədir?
Kərbəlayı Əziz Haşım bəyin başına sığal çəkib gülümsəyirdi.
-Gərək sənə irfanı öyrədim. Onda hər şeyi özün başa düşəcəksən, oğlum.
Kərbəlayı Əziz hər dəfə Hacı bəylə rastlaşanda Haşımın biliyindən, savadından razılıq edirdi:
-Hacı, maşallah, oğlun fəhmli uşaqdır, dərsi çox tez mənimsəyir. Bu uşağın yaxşı gələcəyi var. Mədrəsəni bitirsin, onu Gimnaziyaya qoy, oxusun, elm sahibi olsun.
Hacı bəy məmnunluq hissiylə gülümsəyib Kərbəlayı Əzizə minnətdarlıq edirdi:
-Kərbəlayı, uşağın yaxşı oxumağı sənin sayəndədir. Allah səndən razı olsun.
Haşım son dərəcə dərrakəli uşaq idi, çox vaxt ticari hesablamalarda atasına kömək edir, ticarətin xırdalıqlarını ondan öyrənirdi. O da böyüyəndə atası kimi tacir olmaq istəyirdi. Amma hiss edirdi ki, klassik ədəbiyyat, Şərq fəlsəfəsi onu özünə doğru çəkir. Sözlərin, mənaların əsrarəngiz aləminə daldıqca özünü xoşbəxt hiss edirdi. Hiss edirdi ki, içində təzətər sözlər tumurcuqlayır, evdəkilərdən gizlin ağlına gələnləri, hislərini, duyğularını kağıza köçürürdü.
Günlərin bir günü dərsdə Sədinin “Bustan”ı oxunurdu, Haşım daxilində qəribə bir hissin baş qaldırdığını hiss elədi. Bu, bir az atəşə bənzəyirdi, içini atəş sarmışdı. Ona elə gəldi ki, okeanlar da bu atəşi söndürə bilməz. Ağıl nuru, düşüncə aydınlığı və elm aynasında öz surətini gördü. Özünü şükür və şövq dəryasına atdı. Könül süfrəsini qeybdən gələn sözlər üçün açdı. Könlündə isə gözəllikdən, imandan və sevgidən savayı heç nə yox idi. Orda məna çeşmələri çağlayırdı, o çeşmələrdən durula-durula keçib özünə Saqib təxəllüsünü götürdü. Eşq atəşi ona incə ruhlu qəzəllər yazdırdı.
Sən öylə pəriçöhrəsən, ey qaşı kəmanım,
Tərkü-dilü din eyləyərəm, etsən işarət.
Amma o, Şeyx Sənan olmadı, Haşım bəy Saqib oldu.
******
Ağakərim bəy balıq ovundan qayıdıb gələndə qardaşı geniş aynabəddə masa arxasında oturub dərin xəyallara dalmışdı. Arada sevincək masaya doğru əyilib əlindəki lələklə nəsə yazırdı. Ürəyi ilhamla dolmuşdu, sözlər öz-özünə həzin bir çeşmə kimi axırdı. Yaza-yaza qarşısındakı həyatın hüdudsuz imkanları haqqında düşünürdü. Geri dönüşü olmayan bir yolun başlanğıcında olduğunu dərk edirdi. Böyük qardaşını yalnız yaxınlaşanda gördü.
-Dərslərini hazırlayırsan? – Ağakərim bəy Haşımdan soruşdu.
Haşım özünü itirdi, əliylə yazdıqlarının üstünü örtməyə çalışdı. Onun bu müəmmalı hərəkəti Ağakərim bəyin marağına səbəb oldu, yaxınlaşıb qardaşının yazdıqlarına nəzər saldı.
-Bəh-bəh! Qərdeşim şeir yazır, şair olacaq. Day nöş gizlədirsən? Oxu, mən də qulaq asım, - Ağakərim bəy gülümsəyib divanda yerini rahatladı.
Haşım mızıldandı:
-Şeir deyil, ustad tapşırıq verib, onu hazırlayıram.
-Ay səni, xatakar. Mənə də yox də. Şeir yazmaq egib dögül ki. Yazmısan, lap əcəb eləmisən. Hər adam begəm şeir yaza bilir? Bu, səndə Allah vergisidir. Oxu görüm nə yazmısan, - Ağakərim bəy qardaşını ürəkləndirdi.
-Oxuyaram, amma atama deməyəcəksən, - Haşım zənnlə qardaşına baxdı.
-Demərəm, oxu. – Ağakərim bəy qəlyanını odlayıb diqqət kəsildi.
Haşım bir anlıq tərəddüd etdi, lakin özünü ələ alıb bir az əvvəl yazdıqlarını aramla oxumağa başladı:
Təvaf eylər üzarın şəmini pərvanələr bir-bir,
Mənimtək atəşi-rüxsarüvə, qoy yanələr bir-bir.
Xəbər heç tutmayırsan, sərvqəd, divanə könlümdən,
Dəyəndə türreyi-pürpiçə hərdəm şanələr bir-bir.
...Gedəndə seyrgahə naz ilə, ey sərvi-azadım,
Mənilə aşinaləndi bütün biganələr bir-bir.
Qəzəli oxuyub bitirəndən sonra nəzərlərini kağızdan çəkmədi. Qardaşının rəyini gözlədi.
-Allah sənə böyük qabiliyyət verib, bunun qədrini bil, - Ağakərim bəy qəlyanına qüllab vurub nəzərlərini qeyri-müəyyən nöqtəyə zillədi.
Ürəyində qardaşındakı fitri istedadı kəşf etdiyinə sevinirdi, digər tərəfdən də gələcəkdə onu gözləyən təhlükələrə görə əndişələnirdi. Şairlərin başı həmişə bəlada olub, Seyid Əzim Şirvani kimi nəhəng bir şəxsiyyəti qaragüruh Allahın evindəcə qətlə yetirdi. Qaranlıq siçovulları həmişə işıqlı insanlardan qorxublar. Tarix boyu belə olub; zülmət həmişə işığı boğmağa çalışıb. Xaqanini zindana atdılar, Nəsiminin dərisini soydular, Vaqifin başını kəsdilər... Eh, Haşım... Sən də şair olmaq istəyirsən...
Ürəyindən keçənləri Haşıma demədi. Desəydi, Haşımın könül dünyası tarmar olacaqdı. Qardaşına qıymadı. Dilinə başqa sözlər gəldi:
-Sən arada yazdıqlarını Azər əfəndiyə göstər. O, sənə doğru yol göstərər. Heç bilirsən şəhərdən onun yanına məsləhət almağa kimlər gəlir? Böyük şairlər. Onlarla da tanış olarsan.
Haşım atasından Məşədi Azərin adını çox eşitmişdi. Atası həmişə onun haqqında hörmət və ehtiramla danışardı.
-Güclü təbi var, qəzəliyyatı ondan öyrənirlər. Həsən Səyyar, Ağadadaş Müniri, Əbdülxaliq Cənnəti onun yanına gəlirlər. Bakıdakı şairlərin ustadıdır, - deyərdi.
Haşım gənc idi, ilk qələm təcrübələrini Azərə göstərməkdən çəkinirdi. Özünü ustadın qarşısında qəzəl oxumağa hazır hesab etmirdi. Nəsimini, Füzulini, Seyid Əzimi oxuyur, əruzun incəliklərini öyrənirdi. Ötəri uğurların ilğımında baş girələmək istəmirdi, islamı, irfanı, təsəvvüf fəlsəfəsini dərindən mənimsəməyə çalışırdı. Azan səsi onun ruhunda fırtınalar oyadırdı, qəlbi təlatümə gəlirdi, dünyanın, kainatın sonsuzluğu qarşısında bir zərrə olduğunu anlayırdı. Yumşaq sinirləri, nazik ruhu, gücsüz beyni yaradılışın sirri qarşısında aciz idi. Yunan fəlsəfi məntiqini Şərqin işraqilik duyğusu ilə qarışdırmış, şeirlə süsləyib gözəlləşdirmiş şairlər Haşımın ruhani dünyasını zənginləşdirməkdə idi.
Tanrının bəxş etdiyi istedadı hyləgər tacir olan zamana satmaq istəmirdi. Mədrəsədə həmişə pəncərəyə yaxın yerdə oturardı. Bir dəfə pəncərədən göy üzünə baxdı, günəş məsumcasına ona gülümsəyirdi. Anidən günəşin yuxarısından, mavi göy üzünün içindən çıxan bir ulduz ox kimi çıxdı və heyrətedici bir sürətlə yerə doğru endi və onun köksünə sancıldı. Ulduzun sinəsinə çökməsini ruhunun dərinliyindəki isti bir xatirə kimi hiss etdi. Sanki qaranlıqda bir şimşək çaxdı. Ulduz artıq ürəyinin dəhlizində idi. Bir anlıq boğulma baş verdi və sonra heç nə xatırlamırdı...
Şiddətli başağrıları içində oyanmışdı. Atası da oğlunun bu halına təəccüblənmişdi. Sapsağlam bir uşaq qəfildən niyə bu hala düşdü? Ən yaxşı həkimlərdən birini uşağın üstünə gətirdilər. Topasaqqal, pensne taxmış həkim Haşımı uzun-uzadı müayinə etdikdən sonra Hacı bəyə: - Uşağın heç nəyi yoxdur, - dedi. – Bir az oxumağa-yazmağa fasilə versin, özünə gələcək.
O zamandan ruhunda yaranan təlatümlər sözə çevrilib kağıza tökülməyə başladı. Qorxusundan bu vaqeəni nə atasına, nə anasına, nə də qardaşlarına danışmamışdı. Başına hava gəldiyini zənn edə bilərdilər. Hacı bəy bağçasında müxtəlif güllər, çiçəklər əkdirmişdi, yaz gəlincə güllər pardaqlanırdı və ətri bütün həyəti bürüyürdü. Haşım tək qalanda bu güllərlə danışır, yazdığı qəzəlləri ilk dəfə onlara oxuyurdu. Güllər yeniyetmə şairin ilk dinləyiciləri idi.
******
Bir azdan qazalaq kəndarası yola düşdü. Yulğunluğu keçdikdən sonra dəniz bütün əzəməti ilə gözləri önünə sərildi. Sanki qayalar xeyli kənara çəkilmişdi, əvvəlki kimi sıldırımlı görünmürdü. Hər tərəfə çılpaq daşlar səpələnmişdi və arada bu daşlar təkərin altında qalırdı və onda at büdrəyirdi. Mülayim may günəşi torpağın sərt üzünü yumşaltmaq gücündə deyildi. Balıqçılar da gözə dəymirdi. Yolun sol tərəfində, qayaların üstünə səpələnmiş məhzun görkəmli evlər elə bu daşlardan tikilmişdi. Günəşin altında bu yastı-yapalaq damlar da gümüşü rəngə boyanmışdı.
Yeniyetmə Haşım atasıyla Mahaçqaladan qayıdırdılar. Qazalaq onları dəmir yol stansiyasından götürüb Qızılqum yolu ilə kəndə, evlərinə aparırdı. Hacı bəy hədsiz yorğun görünürdü, sanki gözü dünyadan, canı da ağrıdan doymuşdu. Süst düşmüşdü, yol boyu mürgülədiyindən Haşım öz aləminə qapılmışdı. Kənd səmtdən havalanan muğamatın səsi onu mürgüdən oyatdı. Kimsə şirin avazla Bayatı-Şiraz oxuyurdu. Hacı bəy bir müddət diqqət kəsilib öz-özünə pıçıldadı:
-Bu nə yanıqlı səsdir, İlahi?! Görəsən oxuyan kimdir?
Xanəndənin yanıqlı səsi Haşımı da sehrləmişdi. Bu səs sanki qeybdən gəlirdi. Kəndin kənarındakı iri gövdəli tut ağacının yaşıl, enli yarpaqları sanki səsin təsirindən ehtizaza gəlib titrəşirdi. Bu ağacı vaxtilə kənd ağsaqqalı Məhəmməd kişi əkmişdi. Onda bu ağac quzu otaran Ələkbərin əlindəki çubuq boyda idi. Böyüdü, boy atdı, şaxələndi, bolluca meyvə gətirdi. Məhəmməd kişi köçünü çəkib bu dünyadan getdi və ondan iki oğul, bir də bu tut ağacı qaldı. Övladları atalarına naxələf çıxanda kənd camaatının dilində bu sözlər dolaşmağa başladı: “Fərsiz övlad əkməkdənsə, elə ağac əkmək yaxşıdır”.
Tut ağacı ömründə belə səs eşitməmişdi. Səs ağacın rişələrinəcən sızıb damarlarında axdı, budağındakı meyvələr bir az da ballandı. “Bayatı-Şiraz” sanki şah tutun budaqlarında çiçəkləyirdi. Bu səs ağacların matah vaxtı, kölgəliyin sərin əyyamında dincini alan kənd əhlini yerindən elədi. Qarşılarına çıxan bir kəndlidən öyrəndilər ki, “Xan bağı”nda Əlimirzənin toyudur. Həmin ərazidə vaxtilə Bakı xanı Hacı Mirzə Məhəmməd xan saray tikdirdiyi üçün kənd camaatı o yerin adını Xan bağı qoymuşdu. Kəndlidən onu da öyrəndilər ki, toyda oxuyan Cabbar Qaryağdıoğludur. Adı dillərdə dolaşan məşhur xanəndəni görmək üçün uşaqlı-böyüklü hamı toya axışırdı.
Hacı bəygil toya çatanda xanəndə muğamın son guşələrini vururdu. Mağar adamla dolu idi, yerdən alqış sədaları ucalırdı. Toyun sərpayısı Qüdrətəli kişi əlində iri çubuq uşaqları mağardan qovub çıxarırdı. Uşaqlar isə mağarın arxasına yığışıb dəlmə-deşikdən içəriyə baxırdılar. Nəhayət, xanəndə sonuncu zənguləni vurub qavalı masanın üstünə qoydu. Qalxıb camaatın önündə bir neçə dəfə baş əyib yerində əyləşdi.
Qüdrətəli kişi Hacı bəylə oğlunu görüncə cəld qarşısına yeridi, onları hörmət-izzətlə qarşılayıb mağara gətirdi. Hacı bəyi görənlər əllərini sinələrinə qoyub baş əyir, onunla salamlaşırdılar. Haşım atasıyla qürur duyurdu. Qüdrətəli kişi Cabbarın qulağına nəsə pıçıldadı. Xanəndə Hacı bəygil oturan səmtə baxdı və başıyla razılıq verdi. Sonra ayağa qalxıb üzünü camaat tutdu:
-Deyirlər bu kənddə talantlı adamlar çoxdur. Mən özüm də bir neçəsini tanıyıram. Azər əfəndiylə haqq-salamımız var, bir neçə qəzəlini də toylarda oxumuşam. Hacıdadaş Qaib mənim dostumdur, onun da rəvan təbi var. Qüdrətəli kişi indi qulağıma pıçıldadı ki, məclisimizdə bir növrəstə cavan var, yaxşı qəzəllər yazır. Mümkünsə, bir onu dinləyək. Nə deyirsiniz?
Hamının nəzərləri maraqla ətrafda doşalmağa başladı. Haşım duruxdu, yan-yörəsinə baxdı. Bu dəm qüvvətli bir əl qolundan yapışdı:
-Oğlum, çıx bir qəzəl oxu. Utanmaginən. Səndə elə bir xəzinə var ki, onu gizlin saxlamaq günahdır.
Çevrilib atasına baxdı, atası razılıq əlaməti olaraq başını tərpətdi. Təbəssümü bığlarına yayıldı.
İki qaş arasında baxın xali-siyahə,
Gör bir nə gözəllik eləyib bəxş bu mahə.
Fərman nə üçün qətlimə almış qoşa əbru,
Qanım tökəcək seyl kimi hansı günahə?
Haşım titrək səslə təzə yazdığı qəzəlini oxuyurdu, Cabbar məmnunluq hissiylə gülümsəyir, başını tərpədirdi. Qəzəl bitən kimi alqış səsləri mağarı titrətdi. Haşım həyəcandan bilmədi neyləsin, yerinə keçmək istəyəndə Cabbar nəvazişlə onun qolundan tutub saxladı:
-Oğlum, təbinə əhsən! Ancaq məqtə beytində təxəllüsünü demədin.
Haşım utana-utana: - Təxəllüsüm yoxdur, - dedi.
-Sənin parlaq gələcəyin var. Gəlsənə, sənə Saqib təxəllüsü verək? –Xanəndə dilləndi.
Haşım çiyinlərini çəkdi.
-Bundan sonra qəzəllərini Haşım bəy Saqib imzasıyla yaz. – Cabbar gəncin kürəyinə vurub gülümsədi.
Sonra ondan qəzəl istədi:
-Cabbar əmiyə də oxumaq üçün bir-iki qəzəl verərsənmi?
Haşım eşitdiklərinə inanmadı. Ayaqlarının altında ürəyinin guppultusunu eşidirdi. Füzulidən, Seyid Əzimdən qəzəllər oxuyan xanəndə təcrübəsiz, hələ istedadı cilalanmamış bir gəncdən qəzəl istəyirdi. Bəlkə səhv eşidib? Yox, ola bilməz. Cabbar dediklərini növbəti dəfə təkrarlayanda eşitdiklərinin həqiqət olduğuna inandı. Sevincdən qanı qaynadı.
-Əlbəttə, verərəm!
Cabbar Hacı bəyin əlini sıxıb dedi:
-Bu gəncdən muğayat ol. Onun içində bağlı bir xəzinə yatır. Allah onun taleyinə öz qələmiylə şairlik yazıb.
Cabbarla bu görüşdən sonra Haşımın özünə inamı birə-beş artdı. Öz üzərində daha ciddi çalışmağa başladı. Ərəb-fars dillərini bilməyi ona çox kömək edirdi. Nizamini, Füzulini orijinalda oxuyurdu. Oxuduqca hiss edirdi ki, ruhən onlarla qardaşlaşır, içindəki söz fidanları pardaqlanır, ətrafa dürlü-dürlü mənalar saçır.
Cabbar növbəti dəfə bu kəndə gələndə Haşım bəyin qəzəlini “Segah” üstündə oxudu:
Ləbin fikrilə içdim badəni mən, qanə qan etdim,
Əzizim, yoxsa heç nahəq yerə qanə qan eyləmək olmaz.
Demin Məcnuna əl çək Leylidən, rüsvayi-aləmsən,
Edər rüsva səni, ani peşiman eyləmək olmaz.
Azərlə Haşım bəy bu toyda rastlaşdılar. Nazik bığları və təzəcə xətti Haşım bəyi yaşından böyük göstərsə də gözlərindəki uşaq məsumluğu yerində idi. Geniş alnı, nazik üzü, qara gözləri üzünə ağıllı, dərin düşüncəli bir ifadə verirdi. Simasında ziyalı cavanlara məxsus incə bir nəciblik sezilirdi.
Azərin əynində sürmeyi parçadan yaxşı usta əliylə tikilmiş kostyum var idi. Başındakı kepka onu inqilabçılara oxşadırdı. Narın saqqalı isə ona müdrik görkəm verirdi. İti baxışlarını Haşım bəyə dikmişdi.
-Sorağın gəlib bizlərə də çatıb. Bəs niyə bizim məclislərə gəlmirsən?
Haşım bəy başını aşağı dikdi:
-Siz ustad qələm sahibisiniz. Mən nəkarəyəm ki? Hələ oxuyuram, öyrənirəm, - dedi.
Azər gülümsədi:
-Öyrənmək üçün nələri, kimləri oxumağı da bilməlisən. Həm də ki, tək oxumaqla iş bitmir ki. “Məcməüş-şüəra”ya gəlsən sənə çox faydası dəyər. Nöqsanlarını da görərsən, inkişaf edərsən.
Həmin gündən Haşım bəy Azərin evindəki şeir məclislərinin daimi qonağına çevrildi.
(ardı kitabda olacaq)