Edebiyyat.az » Proza » Esmira Hüseynli - Tanrının yuxusu.

Esmira Hüseynli - Tanrının yuxusu.

Esmira Hüseynli - Tanrının yuxusu.
Proza
admin
Müəllif:
18:28, 22 fevral 2022
2 037
0
Esmira Hüseynli - Tanrının yuxusu.






         Məşhur yazıçı Qara Xan artıq iki həftə idi ki, otağından çıxmırdı. Həyat yoldaşı Selcan xanım narahat olmağa başlamışdı. Çünki bu zamana qədər Qara Xanın yazdığı əsərlərin sonunu tamamlaması ən çoxu beş gün çəkmişdi. Bu dəfə isə vəziyyət tamam başqa idi. Belə zamanlarda Selcan xanım həyat yoldaşının yeməyini və suyunu hazırlayıb qapısının ağzına qoyurdu. Hər halda, evdə iki hamam otağı olsa da, bir mətbəx vardı. Amma iki gün idi ki, yemək sinidə qalırdı, heç suya da əl dəyilmirdi. Selcan xanım bilmirdi ki, nə etsin. Dözməyib qapını bir-iki dəfə döyüb Qara xanı səsləyəndə onun əsəbi halda: “ Mane olmayın!”- deməsindən sonra növbəti gün sakit qalmağı məqbul sayırdı. Ona görə də, gözlərinin ağı, qarası olan bircə qızları Sevincin yanına gedib onunla vaxt keçirmək qərarına gəlmişdi.

Qara Xan anadan olanda qarayağız olduğu üçün adını Qarabala qoyublar. Amma kənddə hər kəs onu Qara deyə səsləyirdi. Üç qardaşından fərqli olaraq Qara oxumağa həvəsli idi. Bacardıqca dərslərindən qalmamağa çalışır, dərsdən sonra qoyunları otara-otara kitablar oxuyurdu. Qara bütün müəllimlərini çox sevsə də, ədəbiyyat müəllimi Arif müəllimin yeri başqa idi. Elə Arif müəllim də sevimli şagirdinə könüldən bağlanmışdı. Hələ o vaxtdan gələcəyin istedadlı yazıçısı dağ döşündə çayın şırıltısına, müxtəlif quşların cəh-cəhinə qulaq asa-asa sel kimi coşub-daşan düşüncələrini dəftərçəsinə axıdırdı. Yazdıqlarını, düşüncələrini saatlarla Arif müəllimlə müzakirə edir, yenə də içi-içinə sığmır, söhbətlərdən doymurdu. Və beləcə bir gün tələbə adını qazanan Qara Bakıya gedir. Valideynləri kimi kənd əhalisi də onunla fəxr edirdi. Tələbəlik illərində Qaradakı işığı görən müəllimləri ona dəstək olurlar. Beləliklə, Qara müxtəlif tədbirlərdə iştirak edir, universitet qəzeti üçün yazılar yazır, eyni zamanda daim mütaliə ilə məşğul olurdu. Daha sonra onun hekayələri müxtəlif qəzetlərdə çap olunmağa başladı. Bir dəfə gənc yazıçı türk mifologiyası ilə bağlı elmi iş yazmalı olur. Elə oradan da özünə Qara Xan təxəllüsünü götürür. Universiteti bitirdikdən sonra ilk hekayələr kitabı işıq üzü görür. Daha sonra povestlər, romanlar yazan Qara Xan bir gün Xəzərin sahilində gəzərkən bir neçə nəfərin ona yaxınlaşıb imza istədiyi an məşhur olduğunu anlamışdı. Müxtəlif mükafatlar, yeni kitablar həyat beləcə axıb gedirdi. Bir gün heyranlarından biri olan Selcan xanımla qarşılaşdı. Selcan xanım sarı donlu olmasa da, günəş kimi parıldayan gözəl sarı saçları və dəniz kimi mavi gözləri ilə Qara Xanı əfsunlamışdı. Ailələri qarşı çıxsa da, onlar evləndilər. Qara Xanı bir həyat yoldaşı, bir də qələmi xoşbəxt edirdi. Dünyaya gəlişi ilə gənc aşiqlərə sevinc bəxş edən qızları Sevinc də bu xoşbəxtliyə daxil oldu. Amma deyəsən, Selcan xanım bir zamanlar heyran olduğu qələmi qısqanmağa başlamışdı. Axı bu sehirli qələm onu sevdiyi insandan ayırırdı.

Qara Xan bir il idi ki, üzərində işlədiyi, özünün də yazmaqdan zövq aldığı yeni romanını artıq tamamlamaq üzərə idi. Bir-birlərini dəlicəsinə sevən baş qəhrəmanlardan birini öldürməli idi, çünki əvvəldən də düşündüyü kimi məqsədi imkansız sevgini təsvir etmək idi. Axı elə romanın adını da bu tələbə uyğun qoymuşdu: “Bir sevgi yuxusu”. Bir yazıçı üçün onun bir parçasına çevrilmiş, yaratdığı xəyali dünyanın obrazları ilə vidalaşmaq çox çətindir. Hələ Qara Xan üçün ruhunu təslim etdiyi bu romandan ayrılmaq, bir-birlərini saf, ülvi bir məhəbbətlə sevən, əxlaqi cəhətdən də zəngin keyfiyyətlərə malik olan bu qəhrəmanlar arasında seçim etmək hədsiz çətin idi. Heç bir rəssam yazıçının qələminin bu qəhrəmanları rənglədiyitək rəngləyə bilməzdi, heç bir bəstəkar bu sevgililərin ürək ritmini musiqiyə çevirə bilməzdi, bu qələmin yaratdığı canlar qarşısında hər bir heykəltəraş aciz qalardı. Bəli, yazıçı qələminin sehri məhz bunda idi. Axı bu qələmə sahib olan Qara Xan necə qıya bilərdi qəhrəmanlarına? Amma təəssüf ki, bir seçim etməli idi. Buna görə də, o, Cavidi Türkan ilə qaçacaqları gün qarşıdan gələn maşınla qəza etdirərək öldürdü. Bəli, çox az qalmışdı, Türkanın aqibətini də yazsa, roman bitəcəkdi. Qələmini qoyub başını qaldırmışdı ki, Qara Xan başqa yerdə olduğunun fərqinə vardı. Qayıdıb yenidən masaya baxdı, nə qələm var idi, nə dəftər. Masanın üzərindəki çərçivədə Türkanın şəkli var idi. “Axı, bura mənim təsvir etdiyim otaqdır, Türkanın otağıdır!” –deyə öz-özünə düşündü. Nəhayət ki, stuldan qalxıb ətrafa göz gəzdirdi, divardakı saat, dibçəkdəki güllər, daş atıldığından yaranmış pəncərədəki kiçik çatlar, bir sözlə hər şey eynilə romanda yazıldığı kimi idi. Qara Xan rəfdəki kitablara baxanda Türkan onu səslədi: “Deməli, buradasan?”. Qara Xan kitablardan ayrılıb arxasına çevrildi, budur, öz əlləri ilə yaratdığı qəhrəmanı qarşısında dayanmışdı. Türkan balaca boyu, incə beli, qara qıvrım saçları, şəvə kimi gözləri ilə bəlkə də təsvir edildiyindən də gözəl idi. Bir anlıq Qara Xan bu gözəllik qarşısında qürur duydu. Yalnız indi cavab verə bildi:

-Gələcəyimi bilirdin? Mən necə bura gəlmişəm?

-Səni mən çağırmışam. Cavidi niyə öldürdün?

-Mən öldürmədim (həyəcanlanaraq), qəza baş verdi.

– Bunu başa düşmək bir az zamanımı aldı, amma yaşadığım dünyanın real olmadığını anladım.

-Axı necə anladın?

-Sən ki, mənə yaxşı yaddaş vermisən. Epizodik surətlər peyda olurdular, amma sonra heç var olmamış kimi yoxa çıxırdılar. O surətlər məndən başqa heç kimi maraqlandırmırdı, hətta bəlkə, unutmuşdular da. Zamanla bağlı bəzi suallarım yaranmağa başladı. Zaman necə bu qədər sürətlə keçə bilirdi? Deyəsən, bu da digərlərinə maraqlı deyildi. Beləcə yavaş-yavaş buranın real dünya olmadığını anlayırdım.

Qara Xan diqqətlə Türkanı dinləyirdi, sanki dediklərində həqiqət olub-olmadığını yazdıqlarını xatırlayaraq təhlil edirdi. Hər halda o hələ də sualının tam cavabını almamışdı. Axı öz yazdığı əsərin içinə necə girmişdi? Bu sualı bir daha verib Türkanı bezdirməkdən qorxdu, ona görə səbirsizliyini gizlədərək gözlədi ki, qəhrəmanı sözlərinə davam etsin. Amma deyəsən, o, ayaq üstə durmaqdan yorulmuşdu, yavaş-yavaş masaya yaxınlaşdı və stulu çəkib oturduqdan sonra sözünə davam etdi:

-Cavidlə məhz qaçacağımız gün onun qəzaya düşməsini eşidəndə anladım ki, artıq sona çox az qalıb. Və deyəsən, yazarın məqsədi imkansız sevgini yazmaq imiş. Mənə sevgilimdən başqa arzuladığım hər şeyə sahib ola bilmək xüsusiyyəti vermisən. Ona görə yazarın burada olmasını bütün qəlbimlə arzuladım. Və budur, sən buradasan. Bilirsən, sən bura gələnə qədər mən bütün ailəmə hər şeyi başa salmışam. Onlar səni görmək istəyirlər. Gəl gedək.

Onlar qonaq otağına keçdilər. Otaqda Türkanın atası Tahir bəy, anası Kübra xanım, qardaşı Kamran və evin ağbirçəyi Ağca nənə var idi. Onların hamısı Qara Xana suallarını vermək üçün səbirsizlənirdilər. Əvvəlcə Tahir bəy sözə başladı: “Deməli, doğru imiş? Bizi idarə edən həyatımızla oynayan sənsən? Niyə məni qəddar və eqoist yaratdın?”. Qara Xan söz demək istəyirdi ki, Kübra xanım onun sözünü kəsərək: “ Mənə çox əziyyətlər vermisən. Axı mən anayam. Hər iki övladımın xoşbəxtliyindən başqa heç nə istəməmişdim. Sən isə hər ikisini bədbəxt etdin. Niyə?!”. Artıq Qara Xan nə deyəcəyini bilmirdi. Lap özünü itirmişdi. Alnındakı tər damlaları yağıştək yanaqlarından süzülürdü. Deyəsən, Türkanın ondan bu yolla qisas aldığını düşünməyə başladı. “Bacım doğulanda atam ona qız uşağı olduğu üçün diqqət, qayğı göstərməmişdi. İki il sonra mən dünyaya gəldim. Mən sevgi və qayğı içində böyüyürdüm. Sən isə məni nankor övlad etməklə atama dərs vermək istədin. Yaxşı, bəs mənim günahım nə idi axı?”-deyərək üsyan edən Kamran Qara Xanı düşüncələrindən ayırdı. Qara Xan üzünü Ağca nənəyə çevirdi ki, görsün onun da deyəcəkləri varmı. Ağca nənə bunu anlamış kimi sözə başladı: “Yəqin, artıq özün də anladın ki, yaratdığın hər kəsi bir-bir gətirib qarşına çıxarsaq, onların qəzəbinə tuş gəlib sualları içərisində boğularsan. Bir çıxış yolu var, o da yazdığın əsərin sonluğu gərək hər kəsin ürəyincə olsun”.

-Yaxşı, siz məndən tam olaraq nə istəyirsiniz?- axır ki, Qara Xan dilləndi.

-Cavid yetim olduğu üçün oğlum bu sevgiyə qarşı çıxırdı. Amma sən bu sevginin gücünü bilirsən, onlara gözəl gələcək bəxş edə bilərsən – Ağca nənə cavab verdi.

Bu zaman Türkan göz yaşlarına hakim ola bilmədi. Amma onun bu cür içinə salaraq səssiz ağlaması Qara Xanı məhv edirdi. Deyəsən, bütün olanlar üçün özünə lənət oxumağa başlamışdı. Nəhayət, Türkan özünü toxtayıb Qara Xandan Cavidi ona qaytarmasını xahiş etməyə başladı. “Necə?! Mən ki nə tanrı, nə İsayam.”-deyə cavab verən Qara Xan çıxılmaz vəziyyətə düşmüşdü. “Yanılırsan! Sən öz yaratdığın bu dünyanın tanrısısan. Buradakı hər kəsi, hər şeyi sən idarə edirsən.”-deyərək Türkan etiraz etdi. Bu sözlər qarşısında Qara Xan daha da heyrətlənirdi. Digər tərəfdən düşünürdü ki, deyəsən, həqiqətən bu qəhrəmanlara öz gücündən verib, sanki hər bir obraza öz ruhundan üfürərək həyat bəxş edib. Kaş ki, Cavidi dirildə bilsəydi, amma necə? Türkan sanki, onun narahatlığını anlayaraq son sözlərini deməyə başladı: “ Son hadisələri mənim yuxum etsən, onda Cavid heç ölməmiş olar. Mən isə Cavidə qovuşmaqla bütün düşüncələrimin bir yanılma, bu dünyanın da real olduğunu sanıb xoşbəxt olaram. Narahat olma, bu cür sonluq oxucularını da sevindirər. Hər şeyin istədiyim kimi olacağına söz verə bilərsənmi?”. “Söz verirəm” – elə bunu demişdi ki, qapı döyüldü. Qara Xan dönüb qapıya baxmaq istəyəndə yerdə yıxılmış vəziyyətdə öz otağında olduğunu anladı. Selcan xanım qapını döyə-döyə həyəcanla Qara Xanı səsləyirdi. “Narahat olma, əzizim, yaxşıyam. Az qaldı bitirirəm” – deyib ayağa qalxdı. Diqqətlə dəftərinə baxmağa başladı. Sanki əsərə haradan girib-çıxdığını öyrənmək istəyirdi. Nə qədər bir iz axtardısa da, bu qəribə səyahəti ilə bağlı heç bir iz tapmadı. Çəkməcədən dəsmal götürüb alnının tərini sildi. “Məgər bütün bunlar yuxu idi? Yox, yox axı hamısını öz gözlərimlə gördüm. Hələ keçirdiyim hisslər, heç biri yalan deyildi axı. Dəli oluram nədir? Bəlkə, aclıqdan, yorğunluqdandı? Hər nə isə, sözümü tutmalıyam” –bütün bunları düşündükdən sonra Qara Xan qələmini götürüb romanı tamamlamağa başladı. Cavidin qəzaya düşməsini, onun xəstəxanada Türkanın əllərini tutaraq ölməsini, dəfn mərasimini, bir sözlə bu faciənin əslində Türkanın gördüyü bir yuxudan ibarət olduğunu yazdı. Türkan yuxudan ayıldıqdan sonra xəlvət qaçıb getmək qərarından əl çəkdi. Ailəsinə əgər yenə də onları qəbul etməsələr, Cavidlə çıxıb gedəcəyini bildirdi. Bu an Qara Xanın sehirli qələmi Tahir bəyin ürəyinə mərhəmət verdi. Nəhayət, baş qəhrəmanların sevgisi qələbə çaldı və əsərdəki hər kəs onların sevincinə şərik oldu. Kamran artıq nə içki içirdi, nə də qumar oynayırdı. Türkanın ailəsi əsl ailə olmağı bacarmışdı, həm də Cavidi qəbul etməklə ailələri böyümüşdü. Beləliklə, deyəsən, hər kəs öz həyatından məmnun görünürdü.

Axır ki, Qara Xan qapının kilidini açaraq otağından çıxdı. Bir neçə həftə əvvəl romanı tamamlamaq üçün özünü otağına həbs edən Qara Xanla həmin otaqdan çıxan Qara Xan arasında fərq var idi. Təkcə ona görə yox ki, bu zaman ərzində bəlkə onun saçları bir az da ağarmışdı, yaxud üzündə yeni qırışlar məskən salmışdı. Hər halda Selcan xanım bu dəyişikliyə nəyin səbəb olduğunu bilməsə də, həyat yoldaşının bu halından çox məmnun görünürdü. Qara Xan uzun müddət qələmindən ayrılacağını, qızını və ömür-gün yoldaşını doğulub boya-başa çatdığı kəndə aparmaq, həm toylarından bəri əlaqə yaratmadığı ailəsi ilə barışmaq, həm də bir neçə ay orada istirahət etmək istədiyini bildirəndə Selcan xanım sevincindən ağlamağa başladı. Axı deyəsən, təkcə ailə olmağı bacaran romandakı qəhrəmanlar deyildi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)