Edebiyyat.az » Proza » Mircavid Ağalarov - Kəndin qeyrəti

Mircavid Ağalarov - Kəndin qeyrəti

Mircavid Ağalarov - Kəndin qeyrəti
Proza
admin
Müəllif:
19:28, 09 mart 2022
1 597
0
Mircavid Ağalarov - Kəndin qeyrəti

 


 

 

Bu kənd artıq mənə yaddır. Uşaqikən mənə geniş görünən küçələr necə də kiçik imiş. Hər yağışdan sonra palçıq olan küçələr indi qara asfalt ilə örtülüdür. Uşaqlar ilə oğrun-oğrun girib nar dərdiyimiz Tahirə xalanın həyəti isə uçulub dağılıb.
 Elnur dayı mən  sonuncu dəfə kəndə gələndə xoruz döyüşlərinə maraq salmışdı. Doğrusu, mən uşaqlıqdan bəri xoruz döyüşünü heç sevməmişəm, ümumiyyətlə heç vaxt zorakılığa meyilli olmamışam, Elnur dayı özü də davadan-dalaşdan uzaq adamdır, sadəcə özünün dediyinə görə pul qazana bilmək üçün bunu edir. Bundan əvvəl kafe işlətməyə cəhd etmişdi, amma alınmamışdı. Ondan əvvəl də mal-qara saxlamaq istəyib, onu da bacarmayıb. Qısaca desəm, bu yaşa çatıb, hələ də özünü tapa bilməyib. Bu mənə həmişə qəribə gəlirdi, 60 yaşı atlayıb-keçmiş bir insan necə ola bilər ki, özünü hələ də tapa bilməyib. Sən demə, bu  illər boyu  özünü axtarmırmış, illər öncə həyatında yaranan boşluğu fərqli məşğuliyyətlər ilə doldurmağa çalışırmış, amma bacarmırmış. 
 Elnur dayı maraqlı adamdır, fərqli bir yumor hissi var. Gənclər ilə həmişə deyib gülər. Evinin bir hissəsini iki qıza kirayə verib. Rəna xalanın dediyinə görə, qızlar pozğundular, Elnur dayı da elə şeylərə maraqlıdır deyə onlara evini açıb.  Rayonda hamı onu tanıyır, amma o heç kimi tanımır. Həmyaşıdları ilə ümumiyyətlə heç nə danışmırdı, sadəcə gənclər və uşaqlar ilə danışardı, sanki bütün kəndə küs idi. Sonuncu dəfə kəndə gedəndə, onun öz həyat hekayəsini danışandan sonra anladım, həqiqətən də bütün kəndə küs imiş. 
 Kəndə son gəlişim yay aylarına təsadüf etmişdi. Gündüzlər çox isti olur deyə, axşamlar çıxardım gəzintiyə. Elə bir axşam belə gəzintilərin birində Elnur dayı ilə qarşılaşdım. Qapılarının önündə oturmuşdu, qarşısında ölü bir xoruz. Yanına yaxınlaşdım və Elnur dayıdan gələn qoxudan anladım ki, sərxoşdu. Niyəsə danışmaq istədim onunla. Salam verdim, o isə dərdli şəkildə mənə baxdı və qəmgin-qəmgin xoruza baxmağa davam etdi. O susdu, mən susdum. Birdən səmaya baxdı və danışmağa başladı : 
 - O gündən bəri ilk dəfədir ki, yenidən ölüm ilə üz-üzə gəldim. Ölüm... Buna görə yaşlılar ilə danışmıram, onlar ölümdən qoxduqları üçün durmadan ondan danışırlar.- Elnur dayı susdu, sükunət o qədər uzun çəkdi ki, mən durub, getmək istəyirdim , amma nitqinə davam etdi deyə tərpənmədim- Mən gənc idim. Bu kəndə video kameranı ilk dəfə mən gətirmişəm, nəinki kəndin, hətta bütün rayonun ən hörmətli toylarına mən gedirdim. İmkanım da çox yaxşı idi... Video kameranı Bakıdan gətirmişdim kəndə. Qarabağ müharibəsi bitdi, mən kəndə qayıtmadım. Getdim Bakıya.  Bakkda o vaxtlar qarışıq idi. İt yiyəsini tanımırdı. Orda -burda əl-ayaq işləri gördüm, biraz pul yığdım. Yığdığım pula video kamera alıb, qayıtdım təzədən kəndə. Bakıda 1 ilə yığdığım pulu, video kamera ilə 1 aya qaytardım, qatlayıb qoydum cibimə. Elə toyların birində Vəfanı gördüm. Elə qəribə hisslər keçirdim ki, oğul. Sonuncu dəfə orduda"trevoqa" veriləndə belə keçirmişdim.
 Vəfa gözəllik salonunda işləyirdi və ,sənə bir söz deyim, kəndin bütün  oğlanlarənın ondan xoşu gəlirdi, hətta bəziləri onun adına söz çıxarırdılar. Həmişə belə olub, gözəlin adına söz çıxarırlar. Mən heç nəyi nəzərə almadım, onun da məndə könlü vardı, evləndim onunla... Xoşbəxt idik, ta ki o qara günə qədər. Bir gün axşam evə gedirdim. Yolda dostum Abbas ilə qarşılaşdım. Məni görən kimi mənə dedi ki : "Elnur, mən də səni axtarırdım. Vəfanı da  götür, get burdan." Mən heç nə anlamadım dedim ki, nə danışırsan sən. Mənə baxdı və dedi : "Vəfanın adına söz çıxarıblar. Deyirlər ki, guya bu gün gözəllik salonunda tək imiş, Natiq girib içəri, birdə bir saatdan sonra çıxıb. Bütün kənd bundan danışır. Xaqani and içib ki, sən bir şey etməsən, özü öldürəcək Vəfanı." Mən nə edəcəyimi bilmədim. Eşitdiklərimə inanmadım, Vəfa elə şey etməz, bilərəkdən ona qara yaxırlar. Xaqani də mənim əmim oğludur, avaranın biridir, dedisə edəcək. Qaçaraq evə gəldim. Vəfa oturub ağlayırdı. Məni görən kimi and içməyə başladı ki, hamsı yalandır. Onun qucağladım və ona inandığımı dedim. Getdim telefonun yanına. Dəstəyi qaldırıb əmimə yığdım. Yalvardım ki, Xaqanini saxlasın, otağa kilidləsin. Bir şey etsin. O, isə dedi ki, evdə yoxdur və dəstəyi yerə qoydu. Bütün dostlarıma zəng etdim. Dedim, gəlin mənim evimin yanına, kömək edin mənə. Heç biri heç nə etmədi. Heç biri. Şərəfsizlər, biqeyrətlər... Qatillər... Bir neçəsi pul köməkliyi edə biləcəklərini dedilər. Tərslikdən, mən də 1 həftə əvvəl yığdıma pula xarici maşın almışdım deyə, pulum qalmamışdı. Zəng etdim Abbasa. Dedim ki, sabah səhər sübh tezdən gəlsin, gedək bir neçə yerdən pul götürək,  sonra isə gedək. Hara gedəcəyimizi bilmirdim. Tək bildiyim getməli olduğumuz idi. Gəlib, gördüm ki, Vəfa hələ də ağlayır. Dedim ki, dur get, paltarları yığ. Sabah səhər gedəcik buralardan. Gözlərinin içi güldü. Bütün gecəni nə mən, nə də ki o yata bilmədik. Səhər Abbasın maşını gəlib bizim darvazının qabağında dayandı. Mən Vəfaya dedim ki, yarım saata gələcəm, gedərik buralardan. Yalvarmağa başladı. Yalvardı ki, getmə. Mən isə dedim ki, darıxma, tez gedib, gələcəm. Daş düşəydi başıma evdən çıxdığım yerdə. Mindim maşına. Soruşdum ki, məhəllədə bir adam görmədin? Abbas biraz düşündü və dedi ki, yox. 20 dəqiqə, cəmi 20 dəqiqəyə üç nəfərdən kifayət qədər pul yığdım. Gəldim evə. Evin qapısı açıq idi. Anladım. İçəri girdim, Vəfa qanlar içində uzanırdı. O andan sonra yadımda deyil. Həqiqətən də, bilmirəm.  Bir gün sonra yadımdadır təkcə. Məscidin önündə dayanmışdıq. Abbas gəldi durdu yanımda. Heç nə demədi. Üzünə baxdım. Anladım. Abbasdan soruşdum, Xaqani gördün mü deyə soruşdum. Üzümə baxmadı getdi. O an küsdüm bütün kənddən. Yalançı qeyrət, namus içində boğulub gedirlər, xəbərləri yoxdur. Vəfa indi sağ ola bilərdi. Onun qatili təkcə Xaqani deyil, bütün bu lənət olası kənddir. Onun Vəfanı öldürəcəyini bilə-bilə heç nə etmədilər... Getdim kənd qəbiristanlığına. Kəndin biqeyrət qoçuları yığılmışdı ora. Bilirsən nə dedilər?  Dedilər ki, o fahişəni bizim ölülərimiz ilə bir yerə basdıra bilmərsiz. Gedib başqa kəndin qəbirstanlığında basdırdıq sevgilim Vəfanı. Qəbir üstünə gedə bilmirəm. Ümumiyyətlə heç getməmişəm. Niyəsini bilmirəm. Bəlkə də öldüyünə tam da inanmadığım üçündür. Biraz psixoloji problemlər yaşadım bu hadisədən sonra. Dəlidir deyib, məni basdılar dəlixanaya. Ordan çıxandan bəri özümü tapa bilmirəm.  Xaqani girdi türməyə. Nə vaxt çıxacaq bilmirəm, bəlkə də çıxıb. Bilmirəm. Natiq isə, əlini-qolunu sallaya-sallaya şəppənək kimi gəzir kənddə. Olan Vəfama oldu.  Mən onu sevirdim. 
 Elnur dayı sözünü bitirib, yerindən sıçradı. Həyətə girdi. Əlində külünc ilə qayıdıb, bayaq oturduğu yerin yanını qamağa başladı. Heç nə  demədən, getdim.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)