Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - Son görüş (“Taleyin izləri” kitabından)

Lətif Şüküroğlu - Son görüş (“Taleyin izləri” kitabından)

Lətif Şüküroğlu - Son görüş (“Taleyin izləri” kitabından)
Proza
admin
Müəllif:
08:12, 04 aprel 2022
2 255
0
Lətif Şüküroğlu - Son görüş (“Taleyin izləri” kitabından)




 


Onunla   sonuncu dəfə iki il əvvəl bir məclisdə qarşılaşdıq. Bu görüşün baş tutacağını əvvəldən təxmin etməyimə, hətta müəyyən qədər buna hazır olmağıma baxmayaraq, onu görəndə içimdən bir gizilti keçdi. Bacardığım qədər özümü ələ almağa çalışdım. O qədər sakit, həyəcansız görünürdü ki, elə bil, aradan az qala dörd onilliyə yaxın vaxt keçməyib. Sonuncu qarşılaşmamız da illər əvvəl deyil, lap dünən baş verib. Əslində, üzünün cizgiləri, baxışları, səsindəki məlahət də dünəni yada salırdı. Dəyişən yalnız saçlarının rəngi, bir də altında xırda qırışlar sezilən gözlərinin parıltısı idi. Bu parıltı sanki bir az solğunlaşıb. Bəlkə də yaşdan daha çox onlara yaşadığı itkilər təsir edib. İtkilər isə az olmayıb. Bir yandan da hamımızı ağrıdan torpaq, yurd itkisi. 

Yanaşı oturduq. Hal-əhvaldan sonra araya bir neçə dəqiqəlik  sükut çökdü. “Əynindəki qara don ona necə də yaraşır”, düşündüm. Yəqin əksər xanımlar kimi o da daha çox yaraşdığını əmin olduğundan qara paltar geyinməyi sevir. Əks halda belə toy məclisinə yəqin başqa paltarda gələrdi.

Musiqi səsinin bir qədər avazımasını gözləyib ondan geridə qoyduğumuz uzun illər, olub-bitənlər barədə soruşmaq istədim. Əslində, daha çox ürəyimdən keçən məktəb illərimizi, o qayğısız çağlalrımızı xatırlayıb-xatırlamadığını öyrənmək idi. Doğrudur, həyatında baş verənlərdən az-çox xəbərar idim. Nə qədər olmasa, eyni rayonun adamları olan qohum-qardaş, dost-tanış vardı. Kimisi keçmişimizi bilərəkdən, bir başqası bundan xəbərsiz Zəngilanla, onun məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan sakinləri ilə bağlı xəbərləri paylaşırdı. Beləcə, yurd həsrəti ilə ömür sürən yurddaşların taleyindən, kimin başına nə gəldiyindən, toy-düyündən, ölüm-itimdən xəbərdar olurdun. İndi fürsət varkən illər ərzində həyatında baş verənləri öz dilindən eşitmək, illərin o üzündə qalmış, mənim üçün unudulmaz olan xatirələrə bir cığır açmaq istəyirdim. Bu, mümkün idimi? Ümid etmək günah deyil ki. Öləziyən ümidin ən son işartıları belə insana təsəlli verə bilirsə, niyə olmasın.

Düşüncələr sürətlə bir-birini əvəzlədikcə cavabsız suallar dalğınlığımı, üzüntümü bir az da artırır. Beləcə, qısa musiqi fasilələri başa çatır, mənsə susurdum. Yanaşı oturduğumuz bu dəqiqələrdə yadıma illər əvvəl onu unutduğuma özümü inandırdığım vaxtlar düşdü. İndi həmin əminliklər necə sadəlövh görünür. Mən onu əsla unutmamış, sadəcə, özümü buna inandırmışdım. Bunun fərqinə varmağım üçün bircə dəfə görməyim kifayət imiş. Məhz bu səbəbdən illərlə onunla adicə rastlaşmaqdan belə çəkinmiş, hislərimi qəlbimin dərinliyində gizlətmişdim. Səbəb aydın idi, etiraf etməsəm də, ona olan sevgimin özümdən güclü olduğunu bilirdim? Bir də nə qədər acı da olsa, bunsuz başqa bir həyat yaşamaq mümkün ola birədimi. Əgər cavab verəsi olsam, yəqin seçimim qalmadığından onu unutmağa gücüm çatmadığını etiraf etməkdən qorxmuşam, deyərdim. İndi isə çox gecdir. Bunu hətta özümə bağışlaya bilməyəcəyim növbəti yanlış hesab etmək də heç nəyi dəyişdirmir. Hər şey necə varsa, eləcə də qalacaq və düzgünü də budur. Əslində, ötən illər bir anlığa qayıtsa belə, nəyisə dəyişmək mümkün deyil. Başqa cür ola da bilməz. Çünki hərəmizin öz həyatı var və biz həyatımızdan, həqiqətən də, razıyıq. Bunun, sadəcə, adı deyil, özü də reallıqdır. Qədərin reallığı, ayrılıqda yaşanan və məmnun olduğumuz həyat, onun üçün illər əvvəldən, mənim üçünsə, 3-cü onilliyə varan real həyat.

Bütün bunlardan sonra bu gün onunla eyni həyatı paylaşa bilərəmmi? Bu sualın cavabını tale onun dili, zaman hər birimizin real yaşantıları ilə neçə on il bundan əvvəl verib. Bu yaşantıların mənə gətirdiyi inanılmaz xoşbəxtliyi bu gün aydınlığı ilə dərk etsəm də, etirafı zamana saxlayıram. Təkcə onu deyirəm ki, mənə ikinci dəfə sevmək imkanı verən Tanrının böyüklüyünə şükür. Qəlblərimizi insanlara, həyata sevgi ilə dolduran odur. Nə yazıq ki, insan oğlu onu saflaşdıran, xoşbəxt edən bu ilahi mərhəməti, şəfqəti dərk edə, ona layiq ola bilmir. Elə ilk sınaqdaca yolunu azıb, qəlbini, ruhunu şəhvətə (şeytana da demək olar), nifrətə təsilm edir. 

Bu düşüncələr içərisində bir anlıq baxışımdan sıxıldığını, ağbəniz çöhrəsinin necə allandığını hiss edib narahat oldum. Sanki düşüncələrimin istiqaməti də qəfil dəyişdi. Mənim üçün o, yenə də doğma idi. Ancaq bu doğmalıq bir başqa cür idi. Bəlkə də illər əvvəl onun dediyi kimi, bir qardaş, bir dost doğmalığı. Tərəddüd içərisində olsam da, birdən-birə ona bəslədiyim bu yeni duyğu mənə çox xoş gəldi. Elə bil, içimə bir rahatlıq doldu. Onu gördüyüm ilk dəqiqədən qəlbimi didən ikili duyğuların azacıq durulması idimi bu? Hələlik bunu tam ayrıd edə bilməmişəm və yəqin ki, bir müddət edə bilməyəcəyəm də. Necə deyərlər, sağlıq olsun, yaşayarıq, görərik.

Nələr düşündüyümü hiss edirmiş kimi məni fikirdən ayırdı:

  •  Eşitmişəm, iki oğlun var. Yoldaşın da biz tərəflərdəndir (öz kəndlərini nəzərdə tuturdu). 
  •  Hə, elədir, bəs sənin?
  •  Mənim də iki oğlum var.
  •  İnşaallah, toylarına çağırarsan.
  •  İkisi də ailə qurub. Bir nəvəm də var. Onun toyuna gələrsən. 
  •  Sağlıq olsun, əlbəttə.

Sonra digər masa yoldaşları da söhbətə qarışdı və bir neçə saat çəkən məclisdə onunla başqa heç nə barədə danışa bilmədik. Bəlkə nə vaxtsa, belə bir söhbətə imkan olacaq. Onu da gələcək göstərər. İndiliksə, bizə qalan xatirələrdir. Acısı da, şirini də doğma olan, hərdən istisinə qızındığımız, hərdən qəlbimizi göynədən, ancaq bütün hallarda bizi həyata bağlayan xatirələr. Üzümüzü onların işığına tutub gedirik.

Son söz əvəzi

Bir vaxtlar dostumla birgə dolandığımız qədim yurd yerinə haradan, necə gəlib-çıxdığımı bilmədim. Dağın zirvəsinə uzanan cığırın üstündəki ərazinin əvvəlki görkəmindən əsər-əlamət qalmamışdı. Nə vaxtsa yurd yerləri olmuş, sonradan uçulub-dağılmış komaların yerində gördüyüm torpaq kahalar yoxa çıxmışdı. İndi onların yerində evlər tikilmiş, dağın belinə kəmərtək dolanmış kənd yolu salınmışdı. Yaşıllığa qərq olmuş bu kəndin keçmişini xatırladan tək bir şey qalmışdı. Bizi heyrətə salan həmin qəbir daşları. Onlar necə var, elə də dururdu. 30 il əvvəlki görkəmlərini olduğu kimi saxlayan bu qəbir daşlarının yerləşdiyi məzarılığın özü də dəyişmişdi. Daş hasarla əhatələnmiş, dörd bir yanına gül kolları əkilmişdi. 

Bir sözlə, köhnə qəbir daşlarından başqa, hər şey təzə idi. Bütün bunlar nə vaxt baş verib? Bu yurd yerləri nə zaman işğaldan azad edilib? Necə olub ki, olub-bitənlərdən xəbərsiz qalmışam? Özümə ünvanladığım başqa sualların da cavabı yox idi. Hər şey o qədər canlı görünürdü ki, bütün bunların yuxu olduğuna inanmaq istəmirdim. 

Ancaq real həyata çox oxşayan bu mənzərədə çatışmayan nəsə vardı. Və bunun nə olduğunu   kəsdirmək üçün bir anlıq ətrafa göz gəzdirdim. Kənddə ins-cins gözə dəymirdi. Adamlar harasa yoxa çıxmışdılar. Bəlkə hamı öz yeni evindəydi? Bəs həyətlər niyə boş qalmışdı? Toyuq-cücəsi, mal-qarası əskik olmayan bu kəndin həyət-bacası niyə boş qalıb? Bir vaxtlar yaxın qayalıqlardan qıy vurub bu yerlərə qədər qanad çalan qartallar da görünmürdü. Göy üzü də kəndin küçəsi, həyət-bacası, ev-eşiyi kimi boş idi. 

Qəfildən yanımda peyda olan at belindəki nurani bir qoca məni düşüncələrdən ayırdı. Saçı-saqqalı kimi paltarı da, atı da ağ rəngli bu qocanı tanımadım. O, atından enmədən bir xeyli ətrafa göz gəzdirdi və baxışlarını mənim üzərimdə saxladı. Heç nə demədən bir xeyli baxdı. Doğrusu, bir qədər sərt görünən bu baxışlardan narahat oldum. Elə bil, qoca baxışları ilə fikrimi oxumaq  istəyirdi. Ancaq nə qədər ağır olsa da, mən də susub, qocanın nə deyəcəyini gözlədim. Nəhayət, qoca dilləndi:

  • Bu torpaqları boş qoyub getməyiniz uzun zaman çəkdi.
  • Boş niyə olur, bəs bu evlər nədir?
  • Bunları biz tikmişik ki, gəlib sahib çıxasınız. Gözləməkdən tabımız qalmayıb.
  • Biz geri qayıtmamışıq?
  • Qayıtmalısınız. Yoxsa, ruhumuz dinclik tapmaz. 
  • Sən kimsən, məni tanıyırsanmı?
  • Bunu qayıdanda deyərəm, hələ deyiləsi çox sözüm var.

Ağsaqqal göründüyü kimi bir anda da qeyb oldu.

... Səhər gördüyüm yuxunun təsiri altında xeyli düşündüm. Ürəyimdə yalnız bir istək vardı. Kaş həsrət qaldığımız o yurdlara təkcə yuxularda dönməyək. Yoxsa, dədə-babaların gözləri yolda, ruhları narahat qalacaq. Bu qeydlərimi dostumuz Fikrətin sanki bu günü görürmüş kimi 34 il qabaq yazdığı “Yurd yeri” şeiri ilə tamamlayır, Tanrıdan ona rəhmət, bizlərəsə yolumuzu gözləyən o yurdlara qayıtmaq niyyətimizin çin olmasını arzulayıram.  

Bir gədikdə bir alaçıq varıydı,

Bu alaçığın başında

Mahnı oxuyardı, hava çalardı

Buludun dolan gözləri.

Bulaqlar suyundan dolan buludun

Danışanda damcı-damcı dilləri

Alaçığın içində,

Sevdası, havası təzə oyanmış

Bir oğlan uşağı.

Yazardı, yozardı belədən-belə,

Dolan buludun əllərini, dillərini.

Sazlana-sazlana, sözlənə-sözlənə,

İndi o mahnılar kimə çalınır,

Bulud əllərini kim yozur indi?

Orda yurd yeri var,

Burda qocalıq.

Bu qeydlərdən 5 il sonra yuxum çin oldu. Biz itirdiyimiz torpaqları erməni işğalından qurtardıq. İndi qalır o yurdları yenidən gülüstana çevirmək, onlara bir vaxt qaynayan xoşbəxt həyatı qaytarmaq. Bunu da bacaracağımıza heç bir şübhəm yoxdur, ancaq nə qədər tez olsa, bir o qədər yaxşı olar. Yolumuzu gözləməkdən doğma dağların da tabı qalmayıb. Qayalarında qıy vuran qartalları, daşlarında ötən kəklikləri, gül-çiçək ətirli dolayları, sinəsində çağlayan buz bulaqları, dərələrini dolduran dağ çayları “e hey, haradasınız, gözləməkdən gözümüzün kökü saraldı”, deyir. Az qalıb, lap az, ey sədaqətli dağlar, doğma ocaqlar, ellikcə gəlirik.

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)