Edebiyyat.az » Proza » Elşən Məmmədli - Zamanın qısa qapanması

Elşən Məmmədli - Zamanın qısa qapanması

Elşən Məmmədli - Zamanın qısa qapanması
Proza
admin
Müəllif:
08:22, 04 aprel 2022
1 670
0
Elşən Məmmədli - Zamanın qısa qapanması


 



 Gözəl, daha sakit həyat sürdükdə ağrıları unudursan. Həqiqi fiziki ağrılar geriyə çəkilir və həyatın əhəmiyyəti emosional reallıqla əvəz olunur. Utopiyaya bənzər bir dünyada yaşayan zaman, gördüyün xırda qanunsuzluq belə, ruhunu incidə bilər. Sən izləyirsən,əzab çəkirsən, ətrafdakı hər kəs isə bunlara çoxdan öyrəşdikləri üçün, bunda reallığın bir parçasını, bəzən isə onların belə həbs olunduqları yalanın içində - həqiqəti görürlər. Məhz buradakı insanların bu xüsusiyyətləri, qeyri-rasional hər şeyə rasional münasibətləri, mənim buraları tərk etməyimin əsas səbəbi idi.

Düz üç il əvvəl, addım addım, mən özümü burada tam olaraq xərclədim. Bir gün belə bu qara şəhərdə, əsəbsiz və sevinclə keçmədi. Amma burada qayda belə idi. Burada ədəb - ədəbsizliyin, qanun – qanunsuzluğun güzgüsünə çevrilmişdi, ona görə də mən nəfəs ala bilmirdim. İndi isə düz üç ildir ki, mən nə nifrət nə də əsəb bilmirəm və bütün həyatım boyu axtardığım o sükutu, demək olar ki tapmışam. Lakin sosial şəbəkələrdə, xəbərlərdə, hər zaman gözəllikləri, qələbələri göstərdiklərindən, bir neçə günlük geri dönməyə qərar vermişdim, lakin anlayırdım ki həqiqət gözlədiklərimdən çox daha uzaqlarda yerləşir. 

Bu uzun trasla ölkəni tərk etdiyimi xatırlayıram. Əvvəllər, bu ölkədə çalışarkən, məni işə daima Teymur dayı  aparırdı. O, bu şəhəri tərk etdiyimdə, gördüyüm son insan idi. Biz fərqli dünyaların insanları idik, amma o çox mülayim insan idi, baxmayaraq ki çox danışırdı, lakin mən onu xüsusi həyatı müdrikliyə sahib biri kimi, həyatında, bu şəhərə dözə bilmək üçün böyük təcrübəsi olan birisi kimi tanıyırdım. Yol zamanı, üç il öncə, şəhəri və həyatımı geri qoyduğumda, onunla apardığımız son dialoqu xatırladım:

  • Bax oğlum, sən çox çətin seçim elədin. Həyatını, ailəni, dostlarını, çox yaxşı işini atıb hər şeyi yenidən başlamağa qərar verdin. Sənin yaşında olsaydım, bəlkə də mən də belə edərdim. Amma nə qədər çətin olduğunu anlayıram. 
  • Haqlısız Teymur dayı. Burda nəfəs ala bilmirəm. Mənim kimi insanlar üçün sükut lazımdı. Burda mən onu çox axtardım, amma axtarışlarım məni bir addım belə nəticəyə yaxınlaşdıra bilmədi. 
  • Eh oğlum, sənin əvəzinə çox sevinirəm! – o dərindən nəfəs aldı, gülümsəyərək davam etdi. – Amma açığı, yaxşı müştərimnən də oluram, özdə oğlumun toyu qabağı.
  • Allah övladlarınızı qorusun! Oğlunuza da xoşbəxtlik arzu edirəm. Düşünürəm ki, mənsiz də bacararsız. 

Düz üç il sonra, məni yenidən Teymur dayı qarşıladı və tanışlığımızdan bəri ilk dəfə, məni özünə tərəf çəkərək möhkəm qucaqladı. 

  • Oğlum, sən necə belə dəyişmisən?! – sevincə o qışqırdı. O qoca, hansı ki artıq dərisi biraz daha qaralmışdı, və üzündə qırışlardan yer qalmamışdı, mənim əşyalarımı götürmək üçün əyilməyə cəhd edəndə, onu saxladım. Baxmayaraq ki, son görüşümüzdən cəmi üç il keçmişdi, bu dəfə məni qarşılayan orta yaşlı bir insan yox, məhs qoca bir kişi idi, hansının ki beli əyilmiş, sütül duruşu itmiş, daha çox siqaretə meyillənmiş və doğurdan da öz həyatını əllərindən buraxmışdı. Biraz xaricdəki həyatımnan sorğu sual etdikdən sonra, Teymur dayı mənə ətrafa baxmağa icazə verdi. Mən həmin o tərk etdiyim prospekti izlədim, və demək olar ki heç nəyin dəyişmədiyini gördüm. Yalnız bir-iki yarımçıq qalmış binaları bitirmişdilər. Eyni zamanda buranın havası və rəngi də dəyişmişdi. Bu o dəyişikliklərdən idi ki, hansını hiss edirsən, lakin heç bir halda görə bilmirsən. Dərindən havanı ciyərlərinə çəkdikdə, anlayırsan ki, sənin ciyərlərin üçün bu hava çox ağırdı. Bəlkə də mən vərdişdən qırılmışam? 
  • Planın nədi bala? Nə qədər qalmağı düşünürsən? – Teymur dayı sükutu pozdu. 
  • Hələ bilmirəm. Düzünü desəm, mənim dönüşüm daha çox, kobud desək, müşahidə xarakteri daşıyır. Tərk etdiyim dünyaya baxmağa gəlmişəm.
  • Hə oğlum, burda çox şey dəyişib. Təxmini neçə il olar?
  • Dördə yaxındı.
  • Bax, həyat günnən günə daha yaxşı olur. Düzdü, bəzən çətinliklərlə qarşılaşırıq, amma özün də görürsən də, şəhərimiz necə gözəlləşib! – Teymur dayı qürurla, mənə ətrafı, bir turistə göstərdiyi kimi, göstərərirdi. 
  • Hə, görürəm. Yeri gəlmişkən, oğlunuz necədi? Gəlinivi necədi? Yadımdadı ki oğluvuza toy edəcəkdiz, - bunu deyərkən, qocanın xoşbəxt təbəssümünün itdiyini əvəzini isə kövrək və turşumuz gözlərin aldığını gördüm. Təbəssümsüz Teymur dayı daha da yaşlı görsənirdi. O dərindən nəfəs aldı, və anladım ki, onun çox şəxsi mövzusuna toxundum, bu səbəbdən bu söhbəti davam etmək istəmirdim. Lakin o cavab verdi.
  • Eh oğlum. Bəxtim gətirmədi, - o cibindəki siqaret qutusundan bir siqaret çıxardaraq, məndən icazə aldı, mən isə cavabına baş yellədim. Bundan sonra o siqareti yandırdı və bir neçə tüstü aldıqdan sonra davam etdi. – Mən, toydan bir neçə ay sonra, onları boşadım.

Mən susmağa qərar verdim. Şəxsi, onun barəsində çox danışdıqda şəxsi olmaqdan çıxır. Bu zaman o ictimai olur. Lakin unutmuşdum ki,burada insanlar şəxsi hər şeyi sevirlər, bəzən hətta özlərinə aid olmayanları da. Əvvəl çox təəcübləndim: böyük yaşda oğlunu necə atası boşadı?! Sonra adətləri xatırladım... Teymur dayının bu mövzu barəsində danışmaq və paylaşmaq istəyini görürdüm. O istəyirdi ki, mənə ətraflı izah etsin və məndə anlayış görsün. İstəmirdi ki mən onun oğlunu şərəfsizliklə günahlandırım və ya daha qorxunc – qeyrətsizliklə. Onun düşüncəsini anlayıb, soruşmağa qərar verdim.

  • Bəs siz onları niyə boşadız? – istəmədin maraqlandım, və aldığım cavab məni özümdən çıxartdı. Saniyə belə keçməsini gözləmədən, o cavab verdi, sanki bütün günü bu sualın cavabını verəcəyi  vaxtı gözləyirdi, və onun cavabı məni yaraladı.
  • Bu qancıq epileptik çıxdı! – o dedikdən sonra, nəsə danışmağa davam edirdi lakin mən artıq eşitmirdim. Eşitdiklərim məni o dərəcədə sarsdı ki, mən öz tibb biliklərimdə belə şüphələnməyə başladım və bu xəstəlik haqqında bildiyim məlumatları öz özümdə sadalamağa çalışdım. Evlilik və epilepsiya arasında əlaqəni axtarırdım. Bu ölkənin, bu insanların həyatlarını, qaydalarını, mənəvi dünyalarını bilərək, mən Teymur dayının, bir gənc qızı öldürməsi cinayətini eşitdim. Fiziki öldürməmişdi, yox, bəlkə də bu halda daha humanist olardı, məhs mənəvi. O mənə öz oğlunun qeyrətsiz olmadığını izah etmək istəyən bir hadisə danışmaq istəyirdi, onun əvəzinə bir qızın şərəfi ilə necə oynadığını etiraf etmişdi. Gözlərim doldu və avtomobilin pəncərəsinə tərəf baxırdım ki, o mənim göz yaşlarımı görməsin, yalnız baş silkələyirdim ki, əsən səsimi duymasın. O tanımadığım, üzünü belə görmədiyim gənc qızın kədərini udqunaraq, mən anladım. Bu şəhər bizim üçün, hər yerdə yad olanlar üçün deyil. Hətta evlərində belə yad olanlar. Özümü və fikirlərimi toplayaraq, şəhərin mərkəzinə belə çatmamış mən qərar verdim:
  • Maşını geri çevirin. Məni aeraporta qaytarın.

 


 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)