Edebiyyat.az » Proza » Səyavuş Müslüm - Çarəsizlik

Səyavuş Müslüm - Çarəsizlik

Səyavuş Müslüm - Çarəsizlik
Proza
admin
Müəllif:
08:34, 13 aprel 2022
2 599
0
Səyavuş Müslüm - Çarəsizlik

                                                                          




 Avqust ayının ortaları idi. İstidən şəhərin yanaqları al- qırmızı rəngə boyanıb pörtmüşdü. Bu gündə iş tapmaq ümidi ilə səhər ertədən evdən çıxıb Bakının küçələrini veyil-veyil dolanırdı. Qayğılardan qul kimi əsir olmuş, həqiqi kimliyini unutmuşdu. Xəyalları göylərdə ceyran tüpürcəyi kimi gəzişirdi. Tövlənin qabağında yerə yıxılmış çalğıya yapışıb qalmış mal təzəyi kimi pis günlərdə onun həyatından qopmaq bilmirdi. Divarlarda, dayanacaqlarda  bütün elanlara baxırdı. Elanlar kino lenti kimi uzansa da özünə uyğun bir şey tapa bilmirdi. Günəş isti nəfəsini üzünə üfürdükcə, başından bədənindən axan tər dabanını yalayırdı. Aclıq və susuzluq ona təkliyini hiss etdirmir, onunla birgə addımlayırdı. Sanki, qarın boşluğunda simfonik orkestrın konserti keçirilirdi. Gücsüzlüyünü hiss edir, sünbül tarlaları kimi yırğalanırdı. Yemək və su almağa pulu yox idi. Bir sözlə, cibində siçanlar oynayırdı. Parka çatıb su krantlarından birindən  su içməyi düşünürdü. Telefonunu cibindən çıxarıb mail ünvanını yoxladı. Bom-boş idi. Bu neçə gündə atdığı cv-lərin heç birinə cavab gəlməmişdi. Parka çatanda su içmək istəyi ürəyində elə istək olaraq da qaldı. Parkın bağbanları krant başlıqlarını çıxarıb özləri ilə aparmışdılar. Bilmədi buna görə bağbanlara söysün yoxsa onlara haqq qazandırsın. Axı adamlarda da günah çoxdur. Suyu istifadə edəndən sonra krantı açıq qoyub çıxıb gedirlər. Su parkı basır, çəmən həddən artıq suvarıldığı üçün gölməçələr yaranır. Belə əməllərlə bağbanların işlərinə maneçilik yaradırlar. Tərslikdən parkda bağbanlardan heç kim gözə dəymirdi. Allah bilir özlərini hansı kolluğun dibinə vurub mürgüləyirdilər. Bir az addımlayandan sonra gözü skamyanın üzərindəki yarımçıq su butulkasına sataşdı. Heç nə düşünmədən butulkanı birnəfəsə başına çəkdi. Skamyanın bir küncünə zeytun ağacının kiçicik budağının kölgəsi düşürdü. Həmin tərəfdə oturdu. Başını kölgənin altına pərçimləyib daha sonra yuxarı qaldırıb kölgəsində oturduğu zeytun budağına baxdı. Günəş az qala bütün hirs, hikkəsi ilə ona seyrək yarpaqların arasından göz ağardırdı. Başını aşağı saldı. Gözünü yerdə bir nöqtyə zilləyib bir müddət donuq qaldı. Balaca qardaşını düşündü. Eh, kefdədir o. İndi ata evində oturub hər şeyi xımır-xımır yeyir. Vaxtında ağılı oldu. Atası nə dedisə ona əməl elədi dinməz-söyləməz. Qılığa girməyinə də söz ola bilməz. Şirindilli, başıaşağı, üzüyola oğlandır. Atasının məsləhəti ilə kənddən bir qız aldı ki, od parçası. Dörd uşaqları da var indi. Atasının o boyda mal-mülkü də qalacaq ona. İki ev, torpaq sahəsi, həyət- baca, maşın, mal-qara. O da vaxtında başqasını sevirdi. Atası bu izdivacı istəmədiyi üçün sevgisinə dərin bir quyu qazıb üstünü torpaqladı. O yaxşı bilirdi ki, atasına qarşı çıxsa indi yaşadığı rahat həyatından  keçməli olacaqdı. Rahatlığı naminə bir robot kimi yaşamağı hər şeydən üstün tutdu. Qardaşını qınayırdımı? Əlbəttə yox. Özünün düşdüyü vəziyyətə bax! Bir həsirdir bir də Məmmədnəsir. Utanmasaydı əl açıb dilənərdi  bəlkə də. Bu neçə gündə bir neçə dəfə ağlından da keçmişdi. Dilənmək ,oğurluq etmək. Ağlını gic-gic fikirlərin əsirinə çevirmişdi. Amma edə bilməzdi. Oğurluqla fahişəliyin üstü tez açılır eşitmişdi. Etdiklərinin üstü açılsaydı ölsə ondan yaxşı olardı.  Kim onu bu hala salmışdı. Əlbəttə özü. Vaxtında atasına qulaq asıb kəndə qayıtmadı. Atası dəfələrlə ona kənddə sayılıb seçilən imkanlı ailələrin birinin qızını alıb evlərin birində, valideynlərinin dizinin dibində oturub,  həm özünə güzəran qurmağı ,həm də valideynlərinə həyan olmağı təklif etsə də o, bunların hamısının üzərindən xətt çəkib sevgisin iziylə gəlib şəhərdə qərar tutmuşdu.  O vaxt şəhərli qızı öz sevgisini hərşeydən üstün tutdu. Atası heç olmasa gəlin kənddə yaşayın desə də bir xeyri olmadı. Şəhərli qız  kənddə yaşaya bilməzdi. Məcbur olub şəhərdə kirayə tutub yaşamağa başlamışdı. Məcbur olub deyəndə ki, o bu sevgiyə qədəm qoyandan bütün bunları bilirdi. Bilirdi ki, kənddə heç cür yaşaya bilməyəcəklər. Amma bu onu o qədər də maraqlandırmırdı. Sevgisinə görə hər şeyə hazır idi. Atası bu söhbətlərdə nə qədər canfəşanlıq eləsə də, ancaq  anası bu söhbətlərə qarışmır ağzına su alıb otururdu. Bəlkə də oğlunun şəhərli qız alması onun da ürəyincə deyildi, amma bu barədə bircə kəlmə də dilə gətirmirdi. Bütün bunlara görə özünü günahkar sayırdımı? Yox, heç bir misqalda özündə günah görmürdü. Atasını başa düşə bilmirdi. Yəni öz sevdiyi ilə evləndiyi üçün onu niyə hər şeydən məhrum etmişdi? Niyə onu danışdırmırdı? Niyə onun həyat yoldaşını gəlini kimi qəbul etmirdi. Yaxşı körpə nəvəsinin nə günahı vardı axı? Anası niyə susurdu? Oda atasının idarə etdiyi robot idimi yoxsa? Bəs qardaşı niyə onu dindirmirdi? Yəni bir qardaşı silmək beləmi asan idi?  Ata ondan incimişdi tutalım, anasına, qardaşına nə olmuşdur axı? Bəlkə də heç atasında da günah yox idi. Bəlkə də  o da öz atasının etdiklərinin heyfini ondan çıxırdı. Bilmək olmaz bəlkə də babası da öz atasının heyfinin onun atasından çıxmışdı. Bilmirdi. Heç nə bilmirdi... Bu dəqiqə suallara cavab tapmaqda aciz qalan beyni fırtına dalğasında batmaqda olan gəmi idi. Beynindəki fikirlər duman kimi çəkiləndən sonra ayağa qalxıb parkın yaxınlığındakı  "qul bazarı"na sarı yön aldı. Kiçik qəsəbədə  yerləşən fəhlələrin yığışdığı bu məkan camaat arasında "qul bazarı" adlanır.  Lotoreya oyununda rəqəm gözləyən adamlar kimi bəlkə də yüzdən artıq adam şansına düşəcək müştərisini gözləyirdi. Hər ora yaxınlaşan adamın üzərinə qarışqalar şirəyə daraş gələn kimi daraşırdılar. Əgər fəhlə lazım deyildisə yalnız xam adam bu istiqamətdən keçə bilərdi. Çünki Buradan keçən adam onu nə gözlədiyini bilməli idi. O da “ bazar” a yaxınlaşanda onun da  başının üstünü alıb suallar verməyə başladılar.  Fəhləlik üçün gəldiyini bildirib keçib dükanın divarına söykəndi. Özünü yamyaşıl ağacın qurumuş budağı kimi hiss edirdi. Özü orada olsa da xəyalı özgə yerlərdə toz-tozanaq qoparırdı. Ürəyindəki kədər ildırım kimi vururdu onu . Yanında bir qrup fəhlə köbələmə dayanmışdı. İçərilərində bəstəboy qızıldiş bir cavan oğlan çənəsinə yaman güc vermişdi. Qızıl dərililərə oxşayan bu oğlan axşam Sabunçu kafelərinin birində yeyib içəndən sonra həmin kafenin ofsiantı ilə elədiyi bazlığı qürrələnərək digərlərinə danışırdı. Bir nəfər arıq orta yaşlı adam ona yaxınlaşdı .

-deyəsən buralarda təzəsən?

-bəli. Birinci dəfədir.

Adın nədir?

-Ruzigar.

Mənim də adım Məmməddir. Neçə yaşın var? 

35 yaşım var.

Ali təhsillisən? -bəli.

Elə buradakılar yarıdan çoxu ali təhsillidir. 

Çətin olacaq sənə. Buraların da öz qayda -qanunu var. Daha doğrusu monopolyası var. Gərək buranın qanunlarına tabe olasan. Yoxsa baş çıxara bilməzsən.

Burada da monopolya var?(onu gülmək tutur)  

 Bəs necə? O oturanı görürsən? Bax qul bazarını o idarə edir. Kimlər maşına gedəcək, kimlər getməyəcək o qərar verir.  Getdiyin işdən asılı olaraq plan verməlisən gündəlik. Plan verməsən,  maşın yaxınlaşanda adamları səninlə bərabər maşına yaxınlaşır. Sən müştəri ilə razılaşdığın qiymətdən dəfələrlə aşağı qiymət deyib sənin razılaşmanı pozacaqlar. Beləliklə işsiz qalacaqsan. Yox əgər müəllimin haqqını çatdırsan sənin rahat müştəriyə yaxınlaşıb sövdələşmə aparmağına şərait yardacaqlar. Müştəri ilə danışmaq üçün qiymətləri müəllim  təyin edir. Onun qoyduğu qiymətlərdən aşağı qiymət söyləyib ümumi bazarın qiymətini öldürmək olmaz. Həm də o qoyulan qiymətlərdən iyirmi faiz müəllimə çatacaq. Sən aşağı qiymətə getsən belə yenə də onun təyin etdiyi qiymətin iyirmi faizini verməli olacaqsan. Bu sözləri eşidəndə  elə bil başından qaynar su tökdülər. Elə, belə şeylərə görə neçə vaxtdır işsiz dolanmırdı o? Əvvəl  işlədiyi yerdən də haqsızlıqla üzləşdiyi üçün,  müdirin işçilərdən rüşvət almaq istəməsinə görə çıxmışdı. İndi fəhlə işləməkdən ötəri kiməsə haqq verəcəkdi? Heç cürə qəbul edə bilməzdi bunu. Şəhər onun saflığına,təbiiliyinə xələl gətirə bilməmişdi. Bəlkə də həyat yoldaşı onu təmiz, vicdanlı olduğuna görə sevirdi - düşündü. Ürəyində özü ilə qürrələndi. Bu çətin yolda onunla birgə addımladığına görə ona sevgidən əlavə rəğbət də hiss etdi . Bu çətin yola tək işıq salan sevgiləri idi ki, onları bu yolda büdrəməyə qoymurdu. Ruzigar bu sevgidən güc alır, bütün çətinliklərə baxmayaraq, gələcəyə ümidlə baxırdı. Bunları düşünə - düşünə pilləkənləri qalxıb beşinci mərtəbədə kirayə qaldığı mənzilin qapısına çatıb qapının zəngini basdı. Həyat yoldaşı qapını açdı. Harasa gedən kimi geyinib – keçinmişdi. Qucağındakı körpəni də geyindirmişdi. Ruzigar evə göz gəzdirdi. Ev bom-boş idi. 

-Əşyaları göndərdim. Özüm də gedirəm . Daha belə yaşaya bilmərəm. Məni bağışla . Boşanaq. Hərəmiz öz yolumuzla gedək. Atamla da danışdım. O da ayrılmağımı istəyir. İstəməzdim belə olsun, amma neyləmək olar belə alındı. Dözə bilmədim belə yaşamağa. Bu gənc yaşımda istədiyimi yeyə bilmədim, istədiyim kimi geyinə bilmədim, uşağımı istədiyim kimi geyindirə bilmədimsə sonrasını neynirəm ? Bir müddət  hər ikisi susdu. Ruzigar uşağı qucağına götürüb pilləkənləri düşməyə başladı. Fikirləri səliqəsiz ev kimi tör -töküntü idi. Bayaq yolda arvadı haqqında düşündüklərini yenidən düşünməyə başladı. Həyat onu çobanaldadan quşu kimi aldatmışdı.  Onun həqiqət bildikləri, həqiqət deyilmiş əslində. Əsl həqiqət isə gec də olsa şimşək olub çaxmışdı. Bütün sel suyunu Ruzigarın ürəyinə tökürdü. Arvadı bu ayrılıq qərarına bu gün gələ bilməzdi. Hətta atası ilə danışmışdı.

 

 Bəs bu günlər ,aylar ərzində niyə bir dəfə də olsun ayrılmaq istəyini  hiss etdirmədi? Niyə soyuq münasibət göstərmədi? Niyə qaşqabaq tökmədi? Niyə belə elədi axı? Axı Ruzigarın bütün planları onunla  bir yerdə idi. O bütün çətinlikləri arvadının ,qızının verdiyi ruhla keçəcəyinə inanırdı. Bəs bundan sonra necə olacaq? Bütün doğma bildikləri onu həyatın ortasında tək buraxmışdılar. Ruzigar zəzbələrdən nokaut olmuş döyüşçü kimi nə   baş verdiyini anlamırdı. Arvadı bir neçə dəfə verdiyi qərarın doğruluğunu ona isbat etmək istəsə də, o, soyuqqanlı şəkildə buna ehtiyac yoxdur mən səni başa düşürəm, dedi. Saatına baxdı.Saat altının yarısı idi. Bunu hansı məqsədlə etdiyini özüdə bilmədi. Arvadı ilə uşağı çoxdan getmişdilər. Telefonuna zəng gəldi. Əvvəl götürmək istəməsə də sonra qeyri-ixtiyari telefona cavab verdi . İş üçün müraciət etdiyi şirkətlərdən biri idi. Sabah onu iş görüşməsi üçün şirkətə dəvət edirdilər . Daha işə ehtiyacının olmadığını bildirib telefonu söndürdü . Sanki, bu şəhəri ilk dəfə görürmüş kimi hər tərəfə boylandı. İti addımlarla yeriməyə başladı. Daha sonra sürətini biraz daha artırıb qaçaraq özünü hürr küçələrin ağuşuna tulladı.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)