Fərid Muradzadə - Poz, qazan(hekayə)
Hiss edirdim ki, sözü var, amma deyə bilmir. Ya cəsarəti çatmır, ya da münasib zaman gözləyir. Özümü televizora baxırmış kimi göstərsəm də gözaltı onun hərəkətlərinə göz qoyurdum. Anası çay gətirmək üçün otaqdan çıxan kimi mənə yaxınlaşdı və o an başa düşdüm ki, oğlum deyəcəyi söz üçün münasib zaman gözləyirmiş.
- Ata, olar bir söz deyim?
-Buyur!
-Ata, olar mən də lotareya alım? Pozub qazanırsan. Elə də bahalı deyil. Gündəlik məktəb xərcliyimdən toplayıb alaram. Səndən lotareya üçün pul istəmirəm, ancaq almaq üçün icazə istəyirəm. Uşaqlar iki gündən bir alırlar. Hamı udacağına inanır.
Heç nə demədim. Araya dərin bir sükut çökdü. Onun cavab gözləyən narahat gözlərinə baxa-baxa dərin fikrə getmişdim. O zamanlar elə mən də oğlumun indiki yaşında idim.
-Oğlum, o uşaqlardan kimsə indiyə qədər lotereyada uduş əldə edib? Yəni sənin dediyin kimi pozub, qazanıblar?
Tutuldu, amma qısa cavab verdi: "-Yox"
Onda qulaq as! Bunlar hamısı insanları aldatmaq üçün rahat və cəlbedici vasitələrdir. Mən danışdıqca o əlini çənəsinə dayaq edib diqqətlə dinləyirdi.
Yayın adamı qarsan istisində küçədə qarayanız, gur qara saçlı, çatma qaşları düyünlənmiş, əzələləri qayış kimi dartılmış, uzunboy, düz qamətli oğlandan başqa heç kim yox idi. Olduqca əsəbi idi. Düyünlənmiş yumruqları ovcunun içini kəsirdi. Səhv etdiyini indi anlamışdı, amma gec idi. -Olacağa çarə yoxdur- desə də özünü qınayırdı. Axı bu "olacaq"heç olmaya da bilərdi. -Günah özümdədir !Mən ağılsız adamam! -deyə-deyə yolun əks tərəfinə keçməyə çalışırdı. İsti onu haldan salmışdı. Susuzluqdan nəfəsi kəsilirdi. Əks tərəfdəki dayanacağın yanındakı su aparatlarından sərin su alan adamlara həsrətlə baxırdı.Bu həsrətli baxışlarda bir köz vardı ki, o köz onun uşaq qəlbinə düşüb yayın adamı bilmirəm istisində içində bir tonqal qalamışdı. Və bu ikiqat yanğı onun kələyini kəsirdi. Peşman olmuşdu, amma nə faydası vardı? Bir az əvvəl onun su içməyə də evə qayıtmağa da, hətta bulka almağa da artıqlaması ilə yetəcək pulu vardı. İndi isə cibində qara qəpiyi belə yoxdu. Nəfsinə yenilib, ağlın qərarının ziddinə gedərək etdiyi əməlin əzabını çəkirdi. Tərslikdən bu gün həm hava çox isti idi, həm də günün ən qızmar vaxtında küçədə bir qəpiksiz qalmışdı. Payı-piyada evə sarı gedirdi .Gedirdi deyəndə əslində yerimirdi, yorğun, taqətsiz ayaqlarını qeyri-iradi sürüyürdü. Hələ burdan o tərəfə azı bir 3 kilometr də piyada yol getməli idi. Avtobusa minib pul vermədən düşməyi qüruruna sığışdıra bilmirdi. Avtobus sürücülərinin pul vermədən düşüb qaçan adamları necə söydüklərini dönə-dönə görmüşdü.( O illərdə şəhərdə belə hallar çox olurdu) Odur ki, ölsə də avtobusa minməyəcəkdi. Asfaltdan yaşıla çalan buxar qalxırdı. Bu qaz buxarına baxdıqca başı fırlanlır, gözləri axırdı.Nəfəsi təngiyirdi. Valideynlərindən kənarda qalmaq(hər zaman belə ayrılığa səbəb olan müharibəni və müharibəni başlayan insanları lənətləyirdi) onu sərbəst qərarlar verməyə alışdırmışdı, amma bütün qərarları hər zaman doğru və faydalı olmurdu.O uşaq idi. Onun düşüncəsi yetkin bir insanın düşüncəsi kimi ola bilməzdi. O uşaq idi… İndi onun ata-ana qayğısına, valideyn nəzarətinə ehtiyacı var idi. Bəzən günlərlə valideynlərinin yanına dönməsi ya da onların gəlməsi üçün dualar edirdi. Axı o uşaq idi… Neçə gün idi ki, valideynlərindən xəbər ala bilmirdi. Pulu qurtarmaq üzrə idi. Ard-arda rayonların işğalı ata-anasını da, onu da çıxılmaz vəziyyətə salmışdı. Gəlib-gedən yoxdu deyə atası pul göndərə bilmirdi. Pullarının tükəndiyi, ümidlərinin azaldığı, hər şeyə qarşı inamının az qala itdiyi bir zamanda o vaxtlar dəbdə olan dəmir "Komisyon"dükanlarının yanında sprint satan adamın başına yığılıb bəxtlərinin üzlərinə güləcəyi və pul udub varlanacaqlarına inanıb lotareyalar və sprint alanların cərgəsinə heç özü də bilmədən o da qoşuldu. Olan-qalan pulunu hər gün sprintə xərclədi. Gözlərindən hiyləgərlik yağan satıcı onu hər dəfə şirnikləndirir və eyni cümlələri deyirdi-"Uduşlu sprint! Alan aldanmaz! Poz ,qazan! Həyatını dəyiş! Uduşlu sprint!
Hamı alırdı,pozurdu, amma kimsə nəsə qazanmırdı.Kimsənin cibinə nəsə gəlmirdi, əksinə ciblərdən gedirdi. Lopabığ, tösmərək hiyləgər satıcının cavabı hazır idi -"Atam, bu bəxti-xudadır da! Bəxtini bir də yoxla! "
Və hamı sehirlənmiş kimi bəxtini bir də yoxlamaq eşqi ilə təkrar-təkrar alırdı.
O zamanlar həyatı, insanların hiyləgərliyini, amansızlığını, alıb-aldanmağın min bir yolunu bilməyən, həyatı uşaq təsəvvürü ilə saf və səmimi qəbul edən yeniyetmə tora düşdüyünü anlaya bilmirdi. Hər dəfəsində-bu dəfə deyib bəxtini sınamağa qərar verirdi. Bəxt isə elə bil qaranlıq mağarada yatmışdı. Onu gözləyən yeniyetmədən xəbərsiz idi… Hər gün eyni şeylər təkrar olunurdu. Udmaq eşqi ilə alırdı, pozurdu, amma uduzurdu. Uduzduqca daha inadcıl olurdu ki, bu inad da ona cibinin boşalmasından, əsəbdən və uğursuzluqdan başqa bir şey qazandırmırdı. Bu azmış kimi üskük oynadan lalların toruna da düşmüşdü. Yeniyetmə yağışdan çıxıb, yağmura düşmüşdü. O illərdə nəinki onun kimi uşaqlar, hətta müxtəlif yaş mərhələsindəki insanlar da belə tora tez düşürdülər. İnsanları aldadıb ciblərini soyanların toruna düşüb heç nə əldə etməyəndə pulunu geri almaq istəyənlərin aqibəti isə pis olurdu. Səsini çıxaranları gözdən uzaq bir yerə çəkib qoluzorlulara döydürür, onları elə hala salırdılar ki, qorxudan bir daha səslərini çıxarmrdılar. O gün kimlərinsə əzab-əziyyətlə qazandıqları günlərin, həftələrin , ailələrin ərzaq tədarükü üçün bir ay gözlədiyi pullar kimlərinsə ciblərini doldururdu. Onun tanıdığı bir çox insanlar vardı ki, uduzduğu pulların hesabatını verə bilmədikləri üçün o gün evlərində yalan söyləməyə ya da borc almağa məcbur olmuşdular... Kasıb insanların birdən-birə varlanmaq xəyalları həyatlarını bəzən alt-üst edir. İndi bu qarayanız oğlan da onların vəziyyətinə düşmüşdü. Nə edəcəyini, kimə ağız açacağını bilmirdi. Valideynsiz olmağın nə qədər çətin olduğunu o gün daha çox hiss etdi, daha doğrusu bütün varlığı ilə dərk etdi. Əsas dərketmə idi və o artıq gec də olsa dərk etmişdi. O gün özünə bir söz , bir vəd verdi. Bundan sonrakı həyatında bir daha belə işlərə baş qoşmayacaqdı. Qismətdə nə varsa odur. Həyatını yaxşı qurmaq üçün çalışmalı olduğunu bilirdi və bunun üçün də zəhmət çəkirdi. Həyatı boyu unutmağayacağı, qızmar, bürkülü, cəhənnəm istisi onun üçün məşəqqətli olan həmin yay günü belə əməllərə bir daha aldanmamaq üçün birdəfəlik tövbə deyib dəyişdi. -Bax oğlum, həmin uzunboy, qarayanız oğlan mən idim. Sənə də tövsiyyəm budur ki, belə axmaq işlərdən uzaq olub özünə gözəl bir peşə seçəsən. Birdən-birə varlanmaq, güclənmək, padşah olmaq yalnız nağıllarda olur. Nağıl gerçək həyat demək deyil. Təbii ki, orada gerçək həyatdan götürülmüş nümunələr də , ibrətamiz hekayələr də var. Nağıllar bizim folklor nümunələrimizdir. Çoxlu nağıl kitabları oxu! Bu sənin nitqinə və dili dərindən bilməyinə kömək edər. Amma gerçəklə nağılın fərqini də unutma! Poz qazanı isə birdəfəlik unut!
-Çox sağ ol, ata! Mən uşaqlara da vəziyyəti izah edəcəyəm. Yəqin ki, onlar da ataları ilə söhbət etmiş olsalar ataları onları da başa salardılar. Ancaq deyəsən evdə heç birisi bu barədə danışmayıb. Mən onları başa salacağam.
-Əlbəttə, oğlum! Sən yoldaşlarını doğru yola çağır. Maarifləndirmə vacibdir. Sizə uğurlar diləyir və heç zaman belə tora düşməməyinizi tövsiyyə edirəm. Mən isə hələ də xəyalən o ağrılı illərdə qalmışdım. Əbəs deyilməyib ki "Sonrakı peşmançılıq fayda vermir"