Nemət Mətin – Pul
Xar tut təzə-təzə dada gəlmişdi. Babamın atasının əkin sahəsi olan, sonradan babamın bağına çevrilən yerdə hər yay həm dincəlirdik, həm də qışa tədarük görürdük. Mən qoyunları sahədən gətirmişdim. Nənəm balon bağlayırdı. Babam isə quyunun təmiriylə məşğul idi. Birdən vahiməli səslə babam sükutu pozdu:
—Arvad, düşdi!
—Nə, ay kişi?
—Qızıl pul digirlənib quyuya düşdi.
—Allah, sən kömeg ol!
—Allah neyləsün? Günah məndədü! Elə sabah sübhdən banka gedicigəm. Qızıl pulları kağız pula çevirib gətircigəm. Onda görüm hara digirlənib düşicek...
—Sən bilən məsləhətdü, ay kişi. Mən bankə-mankə bilmirəm. Başım çıxmır...
—Çay gətir.
—Baş üstə.
Səhər o başdan babam banka yollandı. Kənddən mərkəzə ancaq atla gedirdilər. Babam qızıllarını kisəyə yığıb yəhərə bağladı. Qayıdanda üzü gülürdü. Sanki İstanbulu fəth etmişdi. Kisə beş dəfə iri görünürdü. Kisənin ağzını açanda pullar azadlığa çıxırmış kimi yerə dağıldı. Nənəmin gözlərinə işıq gəldi. Mən də donub qalmışdım. Kağızın biri dirsəyimdən biləyimə qədər olan məsafə qədər idi. Babam pulları sığallaya-sığallaya sayıb sandığın içinə səliqəylə düzdü. Ağzını da kilidlədi. Açarı belindəki xırda pul kisəsinin içinə qoydu.
Bu hadisədən beş-altı həftə keçmişdi. İsti cırhacır günlərin birində babam həyətdə ağzı partlamış əncirləri dərirdi. Nənəm isə torpağa baş əymiş üzümləri dərib aşsüzənə atırdı. Mənə isə qoyunları tapşırmışdılar. Tövləni təmizləyirdim. Xar tut yığmaqçun ağaca dırmanmış qonşunun səsi gəldi:
—Ağasəlim.
—Aton rəhmetdik, qorxdumki. Di görüm nolub.
—Pullar degişib.
—Necə?
—Degirəm ki, pullarun batdı.
Babamın rəngi qaraldı. Kağız pula çevirdiyi pulların dəyəri heç-puç olmuşdu. dörd həftədir heç kimin xəbəri yox imiş. Dünən qonşu öyrənib. Təsadüfən kimdənsə eşidib.
Babam özünü toparlayıb dedi:
—Hələ bankda zənən xeylaği mənə dedi. Qulaq asmadım. Dedi ki, pullar degişə bilər. Gic ağlım...