Edebiyyat.az » Proza » ELVİN RİZVANGİL - KİTABINI NİSYƏ ALAN YAZIÇI

ELVİN RİZVANGİL - KİTABINI NİSYƏ ALAN YAZIÇI

ELVİN RİZVANGİL - KİTABINI NİSYƏ ALAN YAZIÇI
Proza
admin
Müəllif:
22:02, 24 sentyabr 2022
1 826
0
ELVİN RİZVANGİL - KİTABINI NİSYƏ ALAN YAZIÇI

 





 

Mən heç vaxt zəngli saatdan istifadə etmirəm. Mənim zəngli saatım arvadımdır. Hər gün səhər işə gedəndə deyinə-deyinə mətbəxtdə nəsə iş görür. Daha doğrusu, mənim naharım üçün yemək hazırlayır. Qapıdan çıxanda masanın üzərinə 5-10 manat pul qoyur və dəhlizdə ayaqqabısını geyinə-geyinə:"10-15 dəqiqədən sonra yeməyin altını söndürərsən, harasa getsən, yemək ye, get. Çöldə dönər zad yemə",– deyib evdən çıxır. Hər gün mənim qarama deyinsə də, həyat yoldaşımdan razıyam. Özümə bədbəxt insan deyə bilmərəm. Həyatımda bəzi çatışmazlıqlar olsa da, həyat yoldaşımın varlığı o boşluqları doldurur. Səhhətimdə yaranan problemlərə görə 3 ilə yaxındır ki, heç bir yerdə işləyə bilmirəm. Yalnız bəzi mətbu orqanlara kənar müəllif kimi göndərdiyim yazılardan aldığım qəpik-quruş qonorarla başımı girələyirəm. Demək olar ki, üç ildir evin bütün yükü yoldaşımın çiyinlərindədir. Bu da ona bəzən ağır gəlir və bütün hirsini-hikkəsini deyinməklə keçirir. Mən də həmişə onun deyinməyinin qarşısında susur, cavab verməyərək rahat şəkildə hirsini boşaltmasına şərait yaradıram. Yerimin içindən durub hamam otağına tərəf gedirəm. Əl-üzümü yuyub mətbəxə keçir, sobadakl içində nə bişdiyini bilmədiyim qazanın altını söndürür, özümə bir stəkan çay süzüb eyvana çıxıram. Dekabr ayı olmasına baxmayaraq, yaz havası var. Çayımı qurtumlaya-qurtumlaya binamızla üzbəüz neft mədənində çalışan fəhlələri izləyirəm. Burada çalışan insanları izləmək xüsusi zövq verir mənə. Görəsən, uzunluğu təxminən 10 metrdən uzun olan borunu çiyninə alıb aparan o iki fəhlə bilirmi ki, çiyinlərindəki yük təkcə borunun ağırlığı deyil, onlar çiyinlərində bu ölkənin təhsilinin, səhiyyəsinin, ordusunun yükünü daşıyırlar. Yəqin ki bilirlər... Məsələn; o mancanağın kölgəsində oturub çay içən fəhlələr, görəsən, öz aralarında nədən danışırlar?! Hərdən istəyirəm ki, gedim onlarla çay içim, 5 dəqiqəlik fasilədə onlarla həmsöhbət olum.Və yaxud da, heç söhbət etməyim, sadəcə 5 dəqiqə yanlarında dayanıb bu müqəddəs peşə sahiblərinə heyranlıqla qulaq asım. Bəlkə də, bu peşə sahiblərinə sonsuz məhəbbətim atamla bağlıdır. Atam da ömürünün 45 ilini bu peşəyə qurban vermişdir. Atam 45 il Neft Daşlarında işləmişdir. Neft Daşları atamın ilk idi, elə son iş yeri də oldu.Gənclik illərində tez-tez iş yerimi dəyişirdim. Atam həmişə bunun üstündə məni məzəmmət edərdi.Kişi bir işdə işləyər – əvvəldən axıracan deyərdi. İndi bu insanları görəndə elə bilirəm ki, atam da onların arasındadır. Sanırdım ki, onların yanına getsəm, atamı görəcəm orada...

Telefonumun səsi bu fikirlərdən ayırır məni. Telefonun ekranında istedadsız bir yazıçının adını görüb açmaq istəmirəm. Ancaq zalım oğlu əl çəkmir. Nə üçün zəng etdiyini bilirəm. Keçən həftə şəhərdə üz-üzə gəldik. Məni məcbur "Əhmədli" metrostansiyası ətrafında yerləşən bir kafeyə aparıb yaxşı qonaqlıq verdi. Ayrılanda son kitabını mənim üçün imzalayıb cibimə də 50 manat basdı. Sonra oxuyub əsər haqqında yazı yazmağımı və həmin yazını "Ədəbiyyat" qəzetində çap etdirməyimi istədi. Zəng sona yetir, yenə zəng edir. Üçüncü zəngində telefonu açdım. Hal-əhval tutandan sonra əsəri oxuyub-oxumadığımı xəbər aldı. Üzrxahlıq edərək hələ oxumadığımı bildirdim. Nə vaxt oxuyacağımı soruşub cavabımı gözləmədən: "Tənbəllik eləmə, oxu, bir yazı yaz! "Ədəbiyyat" qəzetinin, heç olmasa, gələn həftəki nömrəsində çap olsun". Könülsüz şəkildə: "Çalışaram", – deyib sağollaşdım. Əlaqəni kəsib telefonu masanın üstünə qoydum və özüm-özümü danlamağa başladım: "Niyə özünü yazıçı sayan istedadsızları yaxınına buraxırsan axı ki, bunlar da səninlə belə danışsınlar. Telefona gələn mesaj məni fikirdən ayıldır yenə. Müştərisi olduğum bankdan idi: "Hörmətli müştəri, balansınıza 100 AZN mədaxil olundu". Mesajı oxuyub bitirməmiş "yazıçı" dostum yenə zəng elədi. Telefonu açar-açmaz "sənə pul göndərdim, çatdı?" sualını verdi. 

– Hə, çatdı, nə əziyyət çəkirdin?! Ehtiyac yox idi.

– Əşi, nə əziyyət?! Mən sənin böyük qardaşınam. Nə vaxt ehtiyacın olsa, çəkinmə, bir alo deməyin kifayət edir.

Bayaqdan bundan necə canımı qurtaracağımı fikirləşirdim. Artıq qaçış yoxdur. Çayımı bitirib iş otağıma keçirəm, masanın üstündən kitabı götürüb oxumağa başlayıram. Əslində, burada qəbahət bir şey yoxdur. Müəllifin kitabını oxuyub haqqında yazacağım yazıya görə mənə pul ödəməsi normaldır. Çünki mən buna vaxt sərf edirəm. Ancaq bunun mənfi tərəfi odur ki, əsər haqqında obyektiv yaza bilmirsən. Məcbursan ki, əsər dil və ədəbi estetika baxımından zəif olsa da, tərifləyəsən. Yazı çap olunandan sonra da məni qınayacaqlar belə bir yazıya görə. Ancaq bu artıq mənim vecimə deyil. Çünki məni qınayanlar 3 ildir mənə iş verməyən mətbu orqanların baş redaktorları haqqında palaz-palaz yazılar yazırlar. Bir nəfər görməmişəm ki, niyə filan yazıçıya iş vermirsiniz soruşsun. Və yaxud da, verdiyiniz qəpik– quruş qonorarla necə dolanacağımız haqqında nəsə yazsın. İnsanları qınamaq asandır. Amma bir tikə çörəyə möhtac yazıçı neyləməlidir?! Necə dolanmalıdır?! Fikirləşən yoxdur. Mən bu əsər haqqında nə yazım? Hər şey bir yana, bu əsəri tərifləmək ədəbiyyata və sözə xəyanətdir. Yazıçı ağzına gələni yazıb, adını roman qoyaraq çap etdirib.Bu kitabı çap edən naşirə heç kim irad bildirmir. Nə olar, adam pul verib kitab çap etdirir. Heç olmasa, bu əsəri oxuyun. Min-iki min manata görə ədəbiyyatı bu günə qoymaq olmaz axı.

Özümü məcbur edib oxumağa davam edirəm. Bəzi yerləri qələmlə işarə edirəm. Oxuduqca maraqlı gəlir, əslində, o qədər də zəif əsər deyil. Mövzu və hadisələrin qurulması yaxşıdır. Ancaq müəllifin zəif mütaliəsi səbəbindən ifadə və təsvir problemləri var əsərdə. Ümumilikdə götürəndə, normal əsərdir. Müəllifin söz ehtiyatının azlığı qabarıq şəkildə hiss olunur. Əsərin mövzusu çox yaxşıdır, amma dialoqların və təsvirlərin qurulmasında qüsurlar var. Tərifləməyə haqlı səbəb tapdığımın məmnunluğunu yaşamaq üçün bir siqaret yandırıb qürurla ilk qullabı vurub oxumağa davam edirəm.Əsər 80-ci illərin əvvəlində Montində yaşamış erməni qızla azərbaycanlı oğlanın sevgisindən bəhs edir. 88-ci il hadisələri zamanı hərbi xidmətdə olan oğlanla qızın əlaqəsinin kəsilməsi və üstündən illər keçəndən sonra təsadüf nəticəsində bir-birlərini tapmasından bəhs edir. Əsərlə aramda yenicə isinişmə yaratmışdım ki, telefonum yenə zəng çalmağa başladı. Ekrana baxmadan telefonun yanındakı düyməni basıb səssizə aldım. Oxumağa davam etmək üçün kitabı əlimə götürüb harada qaldığımı axtarmağa başladım. Telefon yenə zəng çalmağa başladı. Ekrana baxmamış "yes" düməsini basıb səs ucaldanı açdım, nəzərim kitabda "bəli" dedim. Zəng edən hekayələr kitabımın nəşr olunduğu yayın evinin direktoru idi. Kitabın çapdan çıxdığını bildirib məni yayın evinə çağırırdı. Cibimdə cəmi-cümlətanı 3 manat pulum var idi. O da siqaret və nahar üçün çörəyə ancaq çatardı. Yayın evinə getsəydim, siqaret ala bilməyəcəkdim. Bu düşüncələrlə beynimdə üç manatla həm yayın evinə necə gedib qayıtmağı, həm də siqaret almağı götür-qoy edə-edə bayaq dostumun 100 manat göndərdiyini xatırladım. "Yaxşı, gələrəm", – deyib əlaqəni kəsdim və oxumaqda olduğum səhifənin aşağı sol küncünü qatlayıb ayağa durdum. Əynimi dəyişib evdən çıxdım.

Binanın ala qapısının ağzında qutudan sonuncu siqareti çıxarıb ağzıma qoydum və yandırdım. Boş siqaret qutusunu əzib zibil yeşiyinə tullayıb dayanacağa tərəf getdim.5 nömrəli marşurutla gedib "Sahil" metrosunda düşüb metro ilə yayın evinin yerləşdiyi "Qara Qarayev" metrosuna gedərəm düşünüb binamızın arxasındakı dayanacağa getmək fikrindən daşınıb 20-ci sahə dairəsindən yolumu saldım. Həm də orada kartdan pul çıxararam deyə düşündüm. Bankomatdan pulu çıxaran kimi keçən ay iynə-dərmanı nisyə aldığım aptekin işçisi ilə üz-üzə gəldim. Hal-əhval tutub səhhətimlə maraqlandı. Söhbət zamanı diqqətinin əlimdəki 100 manatda olduğunu görüb: "Sizin də yanınızda xəcalətliyəm, pulu çıxarıb aptekə gələcəkdim",– dedim. Xanım marketdən özünə nahar üçün ərzaqlar alıb mənimlə birgə aptekə getdi. Nisyə dəftərini açıb adımı axtardı. Bir neçə səhifə çevirəndən sonra: "Aha, tapdım, – deyib üzümə baxdı,76 manat 80 qəpik".Yüz manatı ona uzadıb: "Buradan çıxın"-dedim. 23 manat 20 qəpik qalığımı alıb aptekdən çıxdım. Marketə girdim, bir paçka ağ "Maqna" siqareti və yarım litrlik qazlı suya 3 manat verib çıxdım. Avtobus kartıma pul vurub dayanacaqda dayanmış 5 nömrəli marşuruta mindim. Arxa sırada əyləşib oxumaqda olduğum dostumun romanına qaldığım yerdən davam etdim.

Pəncərədən çölə baxanda gözümə inanmadım. Başım necə qarışıbsa, artıq "Şərq Bazarı"nın yanındaydım. Burada düşmək istəsəm də, sonra fikrimdən daşındım. Nərimanova gedib ordan metro ilə getmək qərarına gəldim.

Yayın evinə çatanda artıq saat 5-in yarısı idi. Yayın evinin müdiri məni görcək: "Harada qalmısan, a kişi, səni gözləməkdən gözümüzün kökü saraldı, gəl çıx da", – deyib qoluma girdi, məni otağına apardı. Otağının qapısından içəri girib mənə əyləşmək üçün divanı göstərdi, dəhlizə çıxdı və kiməsə: "Bizə yaxşı bir çay dəmlə!"– deyib geri qayıtdı. -Sənətkar, dünəndən sənə neçə dəfə zəng eləmişəm, zəng çatmır. "Facebook"da yazıram, cavab yazmırsan. Kitab dünən çıxıb, sosial şəbəkələrdə paylaşan kimi sifarişlərin ardı-arası kəsilmir. Dünən günortadan bu yana 150 kitab satmışıq artıq. Gərək min tirajla vuraydım. Ancaq eybi yox, qurtarar, yenidən vurarıq. 

– Yeni roman üzərində işləyirəm, onun üçün telefonu və interneti söndürürəm. Zəng, mesaj gələndə fikrim yayınır, yaza bilmirəm. Elektron qəlyanından bir qullab alıb tüstüsünü ağzından çölə buraxıb:

– Düz eləyirsən, sənətkar. Bizim işimiz sizin nazınızla oynamaqdır. Çörəyimiz sizdən çıxır. 

Naşirimin səsini eşidirdim, ancaq dediklərini anlamırdım. Beynimdəki fikirlər onu anlamağa mane olurdu. Qarşımdakı jurnal masasının üstündən kitabımı götürüb vərəqlədim. Hiss etdirmədən arxa üzünə baxdım. Kitabın qiymət yerinə 10 azn yazılmışdı. 30 faizdən hesablayanda 150 kitab 1050 manat edirdi. Ürəyimdə fikirləşirdim ki, heç olmasa, 200 manat verər mənə. Katibəsi masanın üstünə çay qoyanda fikirdən ayıldım. Katibə otaqdan çıxmaq istəyəndə: 

– Orada müəllim üçün ayırdığım kitabları gətir, – deyib çayını qurtumladı.

Üstündə yayın evinin loqosu, mail adresi və telefon nömrəsi olan polietilen paketin içində 3 ədəd kitabı mənə verib otaqdan çıxdı. 

– Heç olmasa, mənə 25-30 ədəd kitab verin,– deyib etiraz edərək kitabı jurnal masasının üstünə qoydum. Naşir dostum yazıq sifəti alıb:"Vallah, xərci-borcunu güclə ödəyir. Mən də istəyərəm səninlə müqavilə bağlayam, kitabının satışından sənə qonorar verəm. Heç olmasa, 100 ədəd verəm, özün kitab mağazalarına paylayıb 5-10 manat qazanasan. İnanırsan?"-deyib yeni cümləyə başlamaq istəyirdi ki, özümdən asılı olaraq, "İnanmıram" cavabını verdim.

Amma naşir dostum sözünə davam edərək:

– Elə bizim xeyrimiz 30 kitabdır. Amma sənə 50 faiz endirimlə nə qədər istəsən, verə bilərik.

 Bunu elə minnətlə dedi ki, əvəzində məndən təşəkkür gözlədiyini üzündən oxudum. Sonra mobil telefonunu çıxarıb kiməsə zəng elədi: "5-6 saniyədən sonra otağıma gəl" -deyib əlaqəni kəsdi. Telefonu masanın üstünə qoyub üzümdəki əsəbi ifadəni görüb asta səslə: 

– Əşi, əhvalını pozma, yaxşı olacaq. Deyirdin təzə roman yazırsan, inşallah, nə vaxt çap edirik onu.

– Heç vaxt!!! – deyib ayağa durdum.

Bu vaxt yayın evində çap olunan kitabların satışına məsul olan cavan oğlan içəri girdi.

– Elçin bəy nə qədər kitab istəyir ver, 50 faizdən demişdim, amma 60 faizlə ver. 

"60 faizlə ver" cümləsini elə dedi ki, sanki mənə çox böyük bir yaxşılıq etmişdi və üzümə baxıb təşəkkür gözləyirdi.

Oğlan "Oldu! deyib mənim üzümə baxdı. 

– Hələlik 20 nüsxə verin, sonrasına baxarıq. Mən gedim,– deyib qapıya tərəf addımladım.

Arxamca gəlib:

– Əşi, hara gedirsən?! Burada yaxşı "PUB" açıblar. Gedək kitabı qeyd eləyək, həm də danışaq görək romanı nə vaxt çap edirik. Mövzusunu, janrını danışaq, indidən üz qabığını hazırlayaq, reklam edək.

 Tərs-tərs naşirin üzünə baxıb keçib yenidən divanda əyləşdim.

– Hə, bir az romandan danış. Mövzusu nədir? Gözlə bir dəqiqə, dizayneri çağırım, onun yanında danış, görək bizə üz qabığı üçün nə təklif edir. 

– Mən daha bu şərtlərlə kitab çıxartmaq istəmirəm. Mən bir il əziyyət çəkib kitab yazıram, xeyrini siz görürsünüz. Özüm nəşr etdirib, özüm də satacağam. Məni üzrlü say, sizə qoşula bilməyəcəm, işim var,– deyib divandan durdum. Qapının dəstəyini aşağı endirəndə: "Gözlə bir dəqiqə", – deyib yerindən durdu və mənə tərəf gəldi. Cibindən portmanatını çıxarıb açdı və iki əlli manatlıq əskinası mənim cibimə salıb: "Sən allah, üzrlü say. Sən özün sektorumuzu bizdən yaxşı bilirsən", – deyib mənimlə birgə çölə çıxdı. Sağollaşıb oradan uzaqlaşdım. "Bundan sonra bir sətir yazsam, atamın oğlu deyiləm", – içimdə özümü söyə-söyə marşurutun pəncərəsindən baxdım, "28 May"a çatdığımı gördüm. Düşüb bir-bir kitab mağazalarına girib kitabımı verməyə başladım. Etiket qiymətindən 30 faiz aşağı mağazalara payladım kitabımı. Bu kitabı 10 aya yazmışdım.100 manat naşir verdi, 90 manat da burdan.Bir aylıq zəhmət haqqım 19 manat edir. Gic gülmək məni tutdu. "10 aya bir kitab yazıb 190 manat qazanmaqdansa , 5-6 ortabab yazıçının romanına resenziya yazıb 100-150 manat almaq daha yaxşıdır", düşünüb metroya tərəf addımladım. Bu vaxt dostum zəng elədi.Telefonu açar-açmaz dostumun "Sənətkar, haradasan?" səsini eşitdim.

– 28-də, evə gedirəm.

– Evə getmə, oradan min bir taksiyə, gəl "Nuşican"a, gözləyirik.

Dostlarımın aldığı kitabları da hesablasaq, 390 manatlıq gəlir əldə etdim bu nəşrimdən və qərara gəldim ki, indiyə qədər nə yazmışamsa, bəsdir. Bundan sonra bir cümlə belə yazmayacağam. Ancaq sonra fikirləşdim ki, əlimdən yazmaqdan başqa bir iş gəlmir. Yazı mənim taleyimdir!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)