Edebiyyat.az » Proza » İlkin Füzuli - 8 Mart hədiyyəsi

İlkin Füzuli - 8 Mart hədiyyəsi

İlkin Füzuli - 8 Mart hədiyyəsi
Proza
admin
Müəllif:
16:52, 11 mart 2023
1 923
0
İlkin Füzuli - 8 Mart hədiyyəsi

             




               

 

“Dərdik, dərdiyimiz bir gül olmadı, 

Gördük, gördüyümüz bir gün olmadı .

Sən dəniz, mən qumlu sahil olmadım, 

Mənə yazılanı silib gedəsən...”

                                       Aqşin Yenisey 

 

Səhər yuxudan ayılanda fikrimə ilk olaraq onun şirin təbəssümü düşdü. Üç aydır ki, sevgilimdən ayrılmışdım, lakin ağlıma gələn həmin o qeyri-adi gülümsəmə mənim daş kimi soyuq sifətimdə ilıq bir təravət yaradırdı. Yarıyuxulu isti yerimdə təzədən bütün yaşananları bir-bir götür-qoy eləməyə başladım. Gah nələrəsə görə özümü danlayır, gah da mənə düşmən kəsilmiş bəxtimi söyürdüm. Özümə ünvanlı suallar isə məlum məsələ ilə bağlı idi.

 Sözün düzü, mən ifrat dərəcədə emosional adamam. Ancaq nə qədər duyğularımın əsiri olsam da, hərdən özümdən hesabat almağı da unutmuram. Çünki hər kəs vicdanı qarşısında cavabdehlik daşımalıdır. Əgər, həqiqətən də, bir vicdanı varsa...

Səhəri sevdiyin qadının xəyalı ilə açmaq çox axmaq bir hissdir. Üstəlik, həmin gün qadınlar günüdürsə. Bu gün şəhərdə hər kəs sevgilisi ilə əl-ələ, qol-qola gəzir, deyib-gülür. Sənsə evdə oturub ya telefonla oynayır, ya da divarlarla söhbət edirsən (hərçənd ki, usanmayıb hələ də sənə qulaq asırlarsa...) 

Evdə oturmaqdan bezikmiş, şəhərdə avaralanmaqdan sıxılmış, özümə gic-gic suallar verməkdən yorulmuşdum. Odur ki, ağlıma   kirayə qaldığımız evin ölü gözü kimi işıldayan lampasıtək parlaq bir ideya gəldi. Nikolay dövründəqalma telefonumu əlimə alıb bir az qurdalandım. Deyəsən, bədənimin idarəetmə mexanizmi yenə qəlbimin əlinə keçmişdi. O nə deyirdisə yarı əlacsız, yarı razı məqbul hesab edirdim.

Telefonda vatsapı açıb ona bir mesaj yazdım: “8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm səni, bu günə kimi rastıma çıxan ən gözəl qadın!..”

Bir azdan mesajıma cavab gəldi: 

  1. Minnətdaram.

Bu ismarıc səhrada qum dənəsinin əhəmiyyəti qədər də olsa, mənə ümid verdi. Bilmirəm niyə, amma yenə boş xəyalların narkotik kimi keçici, ecazkar təsirinə qapıldım:

  1. Mümkünsə, bu gün görüşə bilərikmi? Sənə kiçik bir hədiyyəm var...

Düzdür, oəvvəlcə etiraz etsə də, sonra təklifimi qəbul etdi. Mən dərhal ayağa qalxıb görüş üçün hazırlaşmağa başladım. Bir qadın üçün ən gözəl hədiyyənin qızılgül buketi, oyuncaq ayı balası və s. kimi klassik, mənasız şeylərin olmadığını dərk edirdim. 

Ümumiyyətlə, xüsusi günlərdə insanlar bir-birlərinə nə alır, alsın bu, şablon yox, düşünülmüş bir şey olmalıdır. Hardansa yolduğun çiçək də ola bilər, kiçik kağız parçası üzərində yazılmış təbrik mesajı da ola bilər. Təki ürəkdən gəlsin, onun üçün zəhmət çəkəsən.

 Açığı, ona verə biləcəyim hədiyyə çeşidlərindən yaxşı bir kitabın ən doğru seçim variantı olduğunu düşünürdüm, amma hansı kitab almalı olduğumla bağlı qərarsız idim. Bir az fikirləşdim və onun biz ayrılmamışdan qabaq mənə bağışladığı bağlamada bir kartın üzərindəki yazını xatırladım:

 

“Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox,

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.”

 

Eləcə Ramiz Rövşənin kitablarından birini almağa qərar verdim. Evdən tələm-tələsik çıxdım. (ona görə də açarı qapının üstündə unutmuşdum)

Kitab mağazalarının birinə yaxınlaşdım və şairin “Köhnə qorxular” kitabını seçdim. Az sonra başqa bir hədiyyəlik mağazaya girdim və kitabı qoymaq üçün rəngli paket axtardım. Tapmadım...

Ora-buranı ələk-vələk etdim, nəhayət, bir mağazada kitabı qoymağa hədiyyəlik paket tapa bildim. Sevincək kitabı onun içinə yerləşdirdim. İndi isə tək bir şey çatışmırdı: Kitabın arasına qoymağa təbrik kartı... 

Vaxtımın bir hissəsini də kart axtarmağa sərf etdim. Təəssüf ki, yaxınlardakı mağazalarda təbrik kartı yox idi. Fikirli halda ətrafa göz gəzdirərkən sağ tərəfimdə “Surətçıxarma” yazısını gördüm. İçəriyə daxil oldum və heç olmazsa, adi bir kağız parçasına ehtiyacım olduğunu söylədim. Orada əyləşən 30-35 yaşlı iri bədənli bəy başını buladı:

  1. Biz kağız satmırıq, sadəcə lazım gələndə iş üçün istifadə edirik, – dedi.

 Pərt olmuş halda çölə çıxdım. Təzədən ətrafıma nəzər saldım. Ətrafdakı mağazalardan “adi kağız lazımdır”, – deyə, – hansına yaxınlaşdımsa, daş atıb başını tutdu. Çıxış yolum qalmamışdı. Təzədən həmin “Surətçıxarma”ya geri qayıtdım və məyus-məyus o kağızın mənim üçün çox vacib olduğunu bildirdim. Sağ olsun bu dəfə o məni anlayışla qarşıladı. Kağızı kart formasında kəsdim. Etiraz etsə də, ödənişi ödəyib oradan ayrıldım. Yolda istədim “qızıl” qədər mənim üçün qiymətli olan kağızın üzərinə ürək sözlərimi yazım. İşin tərsliyindən özümlə götürdüyüm qələmimi də itirmişdim. Özümü danlamağın mənasız olduğunu anlayıb tələm-tələsik yol üstü başqa bir mağazaya yaxınlaşdım. Tanrıya şükürlər olsun ki, orada qələm var idi. Qırmızı qələmlə oradaca kartın üzərinə Rəşad Məcidin bir bəndlik şeirini yazdım:

 

“Bilmədim iblissən, ya mələk, Qadın.

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənintək Qadın.

Nə mənim dünyama,

Nə bu dünyaya...”.

 

 “Kart”ın digər üzünə isə öz təbrikimi yazdım. Bu dəqiqələrdə isə təsadüfən o mənə yazdı:

  1. Hardasan?
  2. Çatıram, – deyib, – üz tutdum köhnə görüş ünvanımıza.

Bir neçə dəqiqəyə oraya çatdım. Hava bu gün çox darıxdırıcı idi, lakin onu görər-görməz daha heç nə maraqlı deyildi mənim üçün. Hətta oksigen belə bir müddət yer üzünü tərk etsə, vecimə olmazdı...

Yenə əvvəlki kimi o, parkın önündə məni gözləyirdi. Əynindəki sarı rəngli köynək ona çox yaraşmışdı. Yaxınlaşdım. Onu ilk dəfə gördüyüm zaman qəlbimin dərinliklərində hansı təlatümlər oyanmışdısa, deyəsən, həmin hissləri təzədən yaşayırdım. Salamlaşdıq. Bir daha gününü təbrik etdim. Yarı gerçək, yarı yalan hədiyyəni bəyəndiyini söylədi.

Ona bağışladığım bağlamanı aldı və pişik kimi iri, məsum gözlərini həyəcandan qızarmış gözlərimə dikdi:

  1. Hədiyyən üçün çox sağ ol! Amma bilirsən ki, biz ayrılmışıq. İndi mənim həyatımda başqa biri var. Ona görə də, xahiş edirəm məni axtarma, mənə yazma, bir daha qarşıma çıxma!.. – bu sözləri deyib görüş yerini tərk etdi.

 

 Birazdan mən də oradan uzaqlaşıb bayaq kağız tapa bilmədiyim mağazaya yaxınlaşdım, siqaret alıb alışdırdım. Dərin bir qullab alıb zəhərli tüstünü ciyərlərimə dartdım. Elə bu eynidə məni xəyallar aləmindən tanımadığım yaşlı bir qadının səsi ayırdı: “Oğlum, saat neçədir?..”

 


 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)