Nemət Mətin - Bibimin portreti(essevari hekayə)
Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olur.(Oskar Uayld)
Dəlmə-deşik, yöndəmsiz,əyri-üyrü tikilmiş hasarların arasına sığışmış dalanla addımlayırdım. Kəskin rütubət qoxusu mənə keçmişi xatırladırdı. Daşların arasında bitən otları əlimlə ovxalayıb yerə tökürdüm. Bəzi daşların arasında sarı güllər də boylanırdı. Zənnimcə bitkilər nə vaxtsa bütün dünyanı tutacaq. Sırtıq canlılardır... Hər yerdə, əlverişsiz nöqtələrdə, susuz səhralarda bitə bilirlər. Əlimi daşlara sürtdükcə sanki o vaxta gedib qayıdırdım. Babam danışır ki, onun babası at belində kəndi qoruyan qoçulardan olub. Günlərin bir günü kiminsə arxasınca getməli imiş, o qayıdıb gələndə təxminən altı ay keçibmiş. Qayıdıb gələndə görür ki, hökumət dəyişib. Bunu da zamanda səyahət kimi qiymətləndirmək olar.
Daşlarda izaholunmaz sehr var. Yaddaşları silinməzdir. İnsan kimi unutqan deyil. Tarixi mənimsəyən daşlar çox şeyin şahidi olsa da, heç vaxt dinmirlər. Bu dalandan bəlkə də haçansa bir şah keçib. Təngnəfəs olanda daşlara söykənib dincini alıb. O daş da bunları yaddaşına yazıb. Nənəmgilin dalanına çatanda ürəyimdə ağırlıq hiss etdim.
***
Mənim doğulmağım qəribə tarixçəsi var, hələ anamın bətnində olarkən dəfələrlə mənə ölüm hökmü çıxarıblar, amma necəsə mən dünyaya gəlmək üçün can atmışam və sonunda gündəyməzimə dəyən şillənin ağrısından çığırmışam.
Geniş ailədə keçib uşaqlığım. Uşaqlığımı xatırlayanda hər zaman kədərə bürünürəm. Bir çox ailələrdə olduğu kimi mənim də ailəmdə baş qəhraman və mənfi obraz nənəm olub. Ondan danışanda belə, özümdən asılı olmayaraq ağlayıram. Çünki onun sayəsində uşaqlığımı yaşaya bilməmişəm.
Yadıma gələni deyim ki, dörd yaşımdan bəri hər zaman evimiz söz söhbətli, davalı olub. Bibimin həyat yoldaşı öləndən sonra, üç uşağı ilə bibim də bizə köçmüşdü. Elə o gündən mən və bacılarımın günləri qara boyandı. O gündən sonra nə bizə oyuncaq alan, nə də harasa aparan olmayıb. Yalnız xəyalımda canlandırdığım oyuncaqlarla oynayır və belə əylənirdim. Hə, bir də ağaclar dostum olub. Ağacları qucaqlamağı sevirdim və elə sanırdım ki, onlar da iri budaqlarını əyib məni qucaqlayır. Ağacların kölgəsinə daha çox sığınırdım, nəinki insanlara...
Atamın imkanı yaxşı olsa da, bizə heç nə almırdı, nəslin bütün uşaqlarına atamın pulu ilə paltarlar, oyuncaqlar alındığı halda, biz, yəni bacılarım və mən, sanki onun uşaqları deyildik. Bütün bunların səbəbkarı nənəm olsa da, atamı bağışlaya bilmirdim. Axı necə ola bilər? Doğma uşaqlar yaddan çıxa bilməz — deyə düşünürdüm.
O evdə anamdan sonra ən çox hörmət bəslədiyim insan bibim idi. Həyatı çətinliklərdən yoğrulmuşdu. Yeddi yaşında buz üzərində sürüşmək istəyəndə yıxılaraq hər iki ayağını sındırmışdı. Kənd yeri olduğundan həkimə aparılmır. Hər şey türkəçarə ilə düzəlirdi o vaxtlar, amma bu dəfə düzəlmədi. O hadisədən sonra ayaqları yavaş-yavaş tutuldu. Yeriyə bilmədi. Ömürlük əlil arabasına bağlandı. Nənəm, yəni bibimin anası yeriyə bilməyən qızının nəsə istəməyindən əsəbləşib onu döyürdü. Səndən su, yemək umurlar, sən də adamı döyürsən. Döyənin ana, döyülənin şikəst olması adamı dəli edirdi. Ovuca yerləşən canımla nənəmin qarşısını dəfələrlə kəsmişəm ki, qızını döyməsin. Sanki tanrı mərhəmət hissini ona verməmişdi.
Bibimin incəsənətə olan sevgisi mənə də keçmişdi. Şeirlər yazırdı, rəsmlər çəkirdi. Baxdıqca, oxuduqca doymurdum. İncəsənət yeganə vasitədir ki, səni yer üzünün çətinliklərindən xilas edərək ayrı dünyaya apara bilir. Orada istədiyin kimi yaşayırsan. Bibim azadlığı belə qazanırdı. Zaman-zaman mən də rəsmlər çəkməyə başladım. Arabir şeirlər də yazırdım. Bibim mənim mənəvi müəllimim idi...
Mən məktəbə gedəndə bibimin əlləri sözünə baxmırdı artıq. O şeirləri mənim vasitəmlə yazırdı. Yanıqlı-yanıqlı şeir deyir, mən də vərəqlərə köçürürdüm.
***
Daşların aurası qarşımda gözəgörünməz sədd çəkdi. Nənəmgilin həyətinə daxil ola bilmədim. Yadıma düşən xatirələr gözlərimi yaşartdı. İmkanım olsaydı, həyəti yerlə yeksan edərdim. Uşaqlığı əlindən oğurlanan insanlar sırasında olmaq istəməzdim. Zaman haçansa iki əliylə bizi quyu dibinə atmışdı. Özümüz cırmağa-cırmaq o quyudan çıxmağa çalışmışdıq. Nəinki biz uşaqlar, hətta böyüklər də bu taleni yaşamağa həvəs göstərməz. Yerdən iri bir daş götürüb qapıya atdım. Qapının taqqulbabına dəydi. Sanki qapı dərin yuxudan oyanıb öskürdü. Üzümü çevirib arxaya baxmadan qaçmaq istədim...
***
O evdə səsi eşidilməyən çox adam vardı. Mənə elə gəlirdi ki, hamı laldır. Nənəm dilimizə qıfıl vurmuşdu. Ən birinci anamdan başlayıb. Anam əsəbdən iki dəfə xərçəngə tutularaq sağalıb. Birində hətta sinəsini də qurban verib. Nənəmin iyrənc sözləri, əməlləri anamı xəstə saldı...
Bibim əlli yaşına iki il qalmış gözlərini əbədi yumur. Artıq yaşamağa gücü qalmır. Ölümündən bir gün öncə anasından su istəyir. Nənəm o suyu da ona minnətlə, tikanlı sözlərlə verir. Bibim bütün gücünü toplayaraq ona demişdi:
— Mən indi ölürəm, sənin acı çəkdiyini görə bilmədim, amma diləyirəm ki, məndən sonra gün görməyəsən.
O günə qədər sözün sehrini anlamırdım. Bibim bu sözləri elə ürəkdən demişdi ki, öləndən bir neçə saat sonra nənəmin təzyiqi qalxdı və insult keçirdi. O gündən ömrünün qalan üç ilini qızı kimi əlil arabasına məhkum oldu. Nə qədər kədərli olsa da, ürəyimdə sevinirdim. Axır ki, nənəm bibimin nələr çəkdiyini anlayacaqdı.
Yəqin bu qədər ağrı-acılara rəğmən o çürük ailədən sağ çıxmaq üçün əlləşib vuruşan tək mən olmuşam. Mübarizə aparmayanlar məğlub tərəfdir — deyə düşünmüşəm. Tutduğum xəstəlik belə döyüşçü ruhumu sarsıda bilmədi...
***
O evə bir də dönməyəcəkdim. Yolda arabanın təkərinə ilişən hər daşa görə düşüb təkərə baxsan, yolun sonuna çatmazsan. İllər öncə çıxdığım qapıya son dəfə baxdım. Nənəmi heç vaxt bağışlamayacağımı düşündüm. Bibimin isə portreti artıq hazır idi. Evin ən gözəl yerindən asacağam...