YUKİO MİSİMA - QƏZET(h e k a y ə)
Proza
YUKİO MİSİMA - QƏZET( h e k a y ə)
Satokonun gənc əri həmişə məşğuldur. Budur, yenə bu axşam, arvadıyla saat ona qədər oturur, sonra ona xeyirli gecələr arzulayaraq, maşınına oturub, növbəti görüşə yollanır.
Satokonun əri kinoaktyordur. İstədi-istəmədi, Satoko ərinin gecə işgüzar görüşlərinə məcburdur ki, dözsün. Heç vaxt da onu özüylə aparmaz. O, artıq çoxdan taksi tutaraq Usiome məhəlləsindəki evinə tək getməyə öyrəşib. İki yaşlı uşağı evdə gözləyir...
Buna baxmayaraq, həmin axşam Satoko bir az gəzişmək istədi.
İndi gecənin bu aləmində evlərinin ab-havasına tək qayıtmaq necə də qorxuludur. Nə qədər silinsə də, qonaq otağındakı qan izləri haqda fikirlər xəyalından çıxmır...
Dünən, baş verənlərdən sonra, nəhayət, sözlə ifadə edilə bilməyəcək üzücü hadisələr və təlaş bitdi! Satoko ümid edirdi ki, hər ikisi üçün dincəlmək çox vacib olan bir vaxtda əri sona qədər onunla qalacaq. Ancaq - prodüser onu gecə saatlarında majyan oynamağa dəvət etdi. Bu gün o evə çətin ki, qayıtsın...
Satoko həqiqətən gözəl qız idi. Məktəbdə cırtdan boyuna və həddindən artıq diqqətçəkən qabiliyyətinə görə "Terrier" ləqəbini qazanmışdı. Hər xırda şeyə görə həssas və narahat olması onu kökəlməyə qoymurdu. Satokonun atası kino şirkətinin direktoru idi; elə oldu ki, qızı onunla çalışan bir kino aktyoruna aşiq oldu - və bu, uğurlu evliliyə gətirdi.
Dünyəvi əyləncədən əlavə, Satokonun başqa özəl keyfiyyəti onun başqalarının taleyinə mərhəmətli olması idi. Təbiətən kövrək olması sanki tabloda olduğu kimi, bədəninin zərifliyində və sifətinin incə cizgilərində görsənirdi.
Bütün gecəni, ərinin gecə klubunda sevgilisilə gələn dostuna baş verənləri həvəslə və təfərrüatı ilə danışmasını xatırladıqca əhvalı pozulurdu.
Satoko təbiətən zəngin təxəyyül sahibiydi. Amerikansayağı kostyum geyinən yaraşıqlı gənc əri isə bundan tamamilə məhrum birisiydi. Görünür, təxəyyül işin ayrılmaz hissəsidirsə, onun asudə vaxtlarda olması heç də vacib deyil...
- Neynək, qoy danışım! Sarsaq hekayə olacaq bu! – ərciyəzi qollarını yellədə-yellədə ucadan danışır, az qala orkestrin səsini batıra. - Təxminən iki ay bundan əvvəl körpəmiz üçün bizə yeni dayə verirlər. Köhnənin əvəzində yekəqarın bir arvadı- o boyda qarnı otarmağa pul çatmaz! Deyir, guya, mədə genişlənməsi var...
Dünən, gecə yarısından sonra, Satoko ilə mən qonaq otağında yatırdıq. Birdən uşaq otağından qəribə qışqırıqlar, adama xas olmayan hıçqırtılar gəlir ... Biz dərhal ora sıçradıq və görürük, bu dayə: əlləri ilə qarnını tutub bağırır, körpəmiz yazıq da qorxusundan inildəyir. Mən "nə olub?!" - soruşuram. O, mənə səsi titrəyə-titrəyə "doğuram, deyəsən..." deyir.
Mən bərk qorxdum! İndiyə qədər biz elə bilirdik o mədə genişlənməsi səbəbindən belə şişmandır! Bu da öz diqqətsizliyimizin bədəli!..
Biz onu dikəldib, əlindən tutaraq birtəhər qonaq otağına gətirdik. Orda, işıqda ona baxdım, bayaqkından da daha çox qorxdum: ağ fartuku qəhvəyi qan rəngi almışdı!
Xalçanı yığıram, köhnə odeyal sərib, onu yerə uzadıram. O, bədəni yapışqan, tər içindəydi və bütün alın damarları zob-zob görünürdü... Biz həkim çağırana kimi o, doğdu. Bütün qonaq otağı qana boyanmışdı - bu, fəlakət idi...
- Hə də, gürzəyə yaxşı qulluq eibsiz! - dostu söz xatirinə dedi.
- Demək, hər şeyi əvvəlcədən planlaşdırıbmış! Tülkü! Bilib ki, evdə artıq bir uşaq var və demək, evdə çoxlu uşaq bezləri var və bu iyrənc işin daha prestijli evdə görülməsi daha yaxşıdır... Hər şeyi bizə gəlməmişdən əvvəl hesablayıbmış. Hətta onların baş dayəsi gəlib onu sorğu-suala tutanda, elə qaşqabaq tökdü, bağışlanmağını belə, istəmədi... Dünən, axır ki, onu xəstəxanaya yerləşdirdilər. Onun yeri elə oradır, kimə lazımdı belə bir axmaq!..
- Yaxşı, bəs yeni doğulan uşaq?
- Sağlam oğlan uşağı doğdu, ona nə gəlib!.. Arvad uçqunur ki, belə sağlam, kötməçə uşaq doğdu! Satokoyla mən, onun ucbatından, dünən gecədən bəri nevroz olduq ...
- Yaxşı, şükür elə ki, heç olmasa ölü doğulmayıb...
- Bilmirəm, onunçün, bəlkə də uşaq ölü doğulsaydı daha yaxşı olardı!...
Satoko, ərinin öz evində keçən gecə baş verən bu dəhşətli mənzərəni adi şayiə kimi asanlıqla söyləməsinə heç də təəccüblənmədi. Yalnız bir anlığa gözlərini yumdu: bunu etməklə doğuşun dəhşətli mənzərəsini xəyalından çıxarmaq istədi. Ağlına ancaq parket döşəmədəki qana bulaşmış qəzetə bükülən körpə gəlir. Əri bütün bunları görməmişdi...
Həkim belə anormal şəraitdə atasız uşaq dünyaya gətirən anaya hiddətlənərək, doğulan körpəyə qəsdən etinasız yanaşırdı. Bir söz demədən, çənəsilə yan tərəfdəki, köhnə qəzetlərin saxlandığı yerə işarə etdi. Köməkçisi birini götürüb, körpəni ona bükdü və düz yerə qoydu... Elə bil onda, Satokonun həssas ürəyinə nəsə iti bir şey sancıldı. Bütün nifrətinə baxmayaraq, kənardan qəzetə oxşayan yumşaq pambıq cında gətirərək, uşağı qundaladı və heç kim görməsin deyə, onu sakitcə kresloya uzatdı.
Satokonun dünyada ən çox istəmədiyi şey ərinə hər hansı əziyyət olması idi. Buna görə də o, ürəyinin dərinliklərinə kök salmış və indi yaddaşında canlandırdıqları haqda ona bir kəlmə deməmək, əhvalını onunla bölüşməmək barədə qərarlıydı. Həmin gecə Satoko öz-özünə gülümsəyir, ciddi-cəhdlə anlaşılmaz narahatlıq hissindən xilas olmağa çalışırdı.
Yerdə qəzetə bükülmüş körpə... Qəssab dükanındakı qablaşdırma kağızı - qanlı qəzet vərəqi... Qəzet kağızı bezlər... Yazıq, yetim bala!
Satokoda bədbəxt dayəyə qarşı heç bir düşmənçilik hissi qalmadı. Onu kəskin bir hiss bürüdü - sanki o Satokonun özüdür, uşaqlıqda ancaq firavanlıq görən Satoko yox - və onun indi belə bədbəxt uşağı var.
"Əslində, bu mənzərənin - qanlı qəzetdəki körpənin şahidi tək mən oldum. Hətta, anası da görsə belə... Körpə özü də hər şeyi hiss etdi. Amma bizim üçümüzdən, onun dəhşətli doğuşunun mənzərəsini ömrünün sonuna qədər yadında saxlamaq təkcə mənim nəsibim olacaq. Bəlkə o, böyüyəndə insanlar ona necə doğulduğu, həm də o zaman necə göründüyü haqda danışacaqlar... Dəhşətdir, aman. Onun beynində nə fikirlər dolaşacaq!.. Yox, yox - hər şey yaxşı olacaq: Mən tək mənə məlum olan sirrə xəyanət etməyəcəm. Nə yaxşı ki, yenə də yaxşılığımdan qalmadım. Mən onu çitə büküb yerdən kresloya keçirtdim... "
Satokonu susqunluq basdı.
Əri gecə klubunun darvazasının qarşısında sürücüyə:
- Usiqomeyə aparırsan! Satokonu maşına mindirir və qapını çöldən çırpır. Şüşənin əks tərəfindən onun təbəssümü iki sıra sağlam ağ dişlər şəklində səyriyir.
"Birgə həyatımızda səninlə heç bir narahatlıqlarımız olmamalıdır! .." Dəhşətli yorğunluqdan, Satoko oturacağın söykənəcəyinə yayxandı. Arxaya nəzər salıb yenidən ərini gördü: o, heç arxaya çevrilmədən artıq "Neş"inin dayandığı yerə qaçırdı - və parlaq tvid pencəyi izdihama qarışaraq yoxa çıxırdı. Ətrafda izdiham varsa, onun həmin yerdə dayanmağa səbri çatmır...
Teatrda tamaşa yenicə başa çatmışdı və neon lövhələr bir-bir söndü. Tamaşaçılar çıxışda qışqırıb basabas edərək bayırın alatoranına itələşirdilər. Teatr binasının düz qarşısında bir neçə albalı ağacı bitmişdi və Satoko birdən budaqlarda açan bəyaz çiçəklərin sadəcə çirkli kağız qırıntıları olduğunu xəyal etdi.
"Ah, yenə o uşaq..."
Xatirələr onu yenidən cənginə aldı.
"...İnsanı necə tərbiyə edirsən et, bunun doğuluşundan xəbəri olmayan adama faydası olmayacaq. Axı, qəzet bezlər onun bütün həyatının simvoluna çevrilə bilər... Mən başqasının körpəsinin ötrü niyə bu qədər narahatam? Kim bilir - bəlkə öz körpəmin gələcəyindən qorxduğum üçün belə narahatam?.. İyirmi il keçəcək, körpəm xoşbəxt böyüyəcək, normal insan olacaq.
Yaxşı, bəs, acı tale yaşamış artıq iyirmi yaşında olan o bədbəxt uşaq birdən mənim oğlumla qarşılaşıb ona hansısa xəsarət yetirsə?! .. "
Aprelin buludlu isti axşamı olmasına baxmayaraq, Satokonun boynunun arxasına soyuqluq gəldi.
“İyirmi ilə çox şey dəyişəcək... İyirmi ildən sonra mənim öz yaşım qırx üç olacaq... Məcbur olacam, sadəcə, hər şeyi o zavallıya deyəm. Çirkli qəzeti yumşaq çit uşaq bezilə necə əvəz etməyimi danışmaq məcbutiyyətində qalacam..."
Taksi dairəvi xəndəkləri olan parkı aşaraq geniş yolda sürətlə irəliləyirdi. Sağdakı pəncərələrdə Biru-qay göydələnlərinin işıqları uzaqdan mayak kimi işıldayırdı.
"...Amma bütün bu iyirmi ili, yazıq uşaq işgəncəli həyat yaşayacaq. Siçan kimi - arzusuz, pulsuz, ildən-ilə cavan orqanizmini məhv edəcək. Belə taleli uşaq çətin ki, haçansa bir də doğula - atasını lənətləyən, anasına nifrət edən əbədi tənha insan..."
Bu qüssəli fikirlər xüsusilə ağrılı şəkildə Satokonun ruhunun dərinliklərindəki hansısa teli titrədirdi. Əks halda - niyə beynini bu qədər məşğul etsin ki, niyə xəyalında onun gələcəyini bu qədər təfərrüatıyla çözsün ki?..
Taksi Hanzomon stansiyasından keçdikdən sonra Britaniya səfirliyinin binasına yaxınlaşdı. Satokonun gözləri önündə albalı çiçəkli xiyaban adama qucaq açırdı.
Qəflətən Satokonun şıltaqlığı tutdu. Və o, gecə təklikdə, albalı çiçəklərinə doyunca heyran olmaq istədi. Taksini buraxıb, sakitcə çiçəkləyən güllərə baxsın - və yalnız bundan sonra başqa bir maşın tutsun. Buralardan o qədər taksi keçir ki...
Xəfif təbiətli birisi üçün bütün bunlar kifayət qədər ciddi bir macəra kimi görünsə də, narahatedici görüntülər hələ də onun beynində cövlan edirdi - buna baxmayaraq, ən çox istədiyi şey, evə adi günlərdə olduğu kimi qayıtmaq idi.
Balacaboy gənc qadın taksidən düşərək, təkbaşına küçənin o tayına can atdı. Vərdiş etdiyi maşın axını onu hürküdürdü və ruhu hələ də qeyri-müəyyən öncəgörmələrlə titrəsə də, Satokonu birdən-birə qəribə bir azadlıq hissi bürüdü və o, birnəfəsə sürətli maşın karvanını dəlib yolun o tayına keçdi. Qarşıda sanki dibsiz bir xəndəyə sərilmiş bağ seyrangahı dururdu.
Bu "Quş hovuzu" adında Senteqafuti parkı idi.
Açan güllərin ağ ləçəkləri parkdakı gilas budaqlarını bürümüşdü. Adama elə gəlirdi bu çiçəklər sərtləşərək, bir-birinə möhkəm sarılmışlar.
Girişdəki kağız fənər söndü. Əvəzində qırmızı, sarı, yaşıl, çılpaq elektrik lampaları budaqların altından boylanırdı. Artıq saat ondan çox keçmişdi və ətrafda gəzən albalı həvəskarlarının fiqurlarına getdikcə daha az rast gəlinirdi. Hərdən ayağının altında kağız qırıntılarının sıxıldığını hiss edir, parkın sükutunu isə ancaq kağız xışıltısı və yaxınlıqdan qəfil səssizcə keçən birisinin diyirlətdiyi dəmir qutunun cingiltisi pozur.
“Kağız... Qana bulanmış qəzet kağızı... Bədbəxt insanın doğulması... Bunu görən kimsə bilsə ki, o özü belə tale yaşayıb, şübhəsiz, onun bütün gələcək həyatı alt-üst olardı və buna görə də mən, təsadüfən belə bir sirri bilən tamamilə yad birisi, onu heç kəsə demədən ürəyimdə saxlamağa məcbur olacağam..."
Satokonun uydurduğu fantaziya ona ötən günün bütün qorxularını unutdurmağa kömək etdi. Ətrafda mehriban cütlüklər dolaşırdılar, onu incitmək, ona xətər törətmək heç kimin ağlına da gəlməzdi. Cütlüklərdən biri çiçəklərə baxmaqdan yorulub uçurumun lap yuxarısındakı daş skamyada oturaraq, səssizcə boşluqda olan qaranlıq uçuruma baxırdılar. Ordakı suyun səthinə ağır, tutqun kölgə çökmüşdü. Yuxarıda, bəndin arxasından ucalan İmperator Sarayı dimdik tutqun divar kimi ucalırdı və buludlarla örtülmüş üfüqi səmayla ağacların kənarını xətt kimi kəsirdi.
Satoko qaranlıq xiyabanda yavaş-yavaş çiçəkli ağacların budaqları altında dolanır. Başı üstündə sallanan çiçəklər onda qəribə sıxıcı hiss yaradır...
Birdən qaramtıl daş skamyaların üzərində ağ bir şey göründü. Bu “nəsə” qırılıb düşmüş çiçək budağı da deyildi, daş qırığına da oxşamırdı. Satoko ora yaxınlaşdı...
Kimsə alatorana bürünmüş skamyada yatırdı.
Bu adam sərxoş deyildi - Satoko bunu qəzetlərin yuxuya gedən adamın altına səliqəli şəkildə sərilməsindən anladı. Qaranlığın içindən ağaran bu qəzetlər imiş... Satokonun qarşısında köhnə qəzetləri qat-qat edib, arxasını qayaya söykəyib yatan qəhvəyi cemperli adam uzanıb. Yəqin ki, baharın gəlişilə buranı özünə yaxşı yerləşgə edib.
Bir qədər anlaqsız vəziyyətdə olan Satoko skamyanın qarşısında dayandı. Köhnə qəzetlərin üzərinə uzanmış bu adam ona dərhal qəzetlərə bürünüb yerə uzadılmış körpəni xatırlatdı.
Onun baxışları portdaşmış, gözə çarpan bir-birinə yapışaraq hörüklənmiş saçlarına zilləndi. Alatoranlıqda cemperin çiyinlikləri yatanın nəfəs alması ilə qalxıb-enirdi.
Satokonun həssas qəlbində yaranmış əvvəlki həyəcan və qorxular onun qarşısında daha parlaq şəkildə göründü. Qaranlıqda belə, gənckən qırışlarla bürüşmüş sifətindən illərin məşəqqəti aydın oxunurdu. Xaki şalvarının ətəkləri səliqəylə yığılmışdı, ancaq yalın ayağa geydiyi idman ayaqqabısı naqqa balıq kimi ağzıaçıq idi.
Satoko birdən onun üzünə lap yaxından baxmaq istədi. Aşağı əyilib əli ilə örtdüyü şeyə nəzər yetirməyə çalışdı. Onun üzü gözləmədiyi halda, çox gənc göründü: səlis çəkilmiş qaşlar və qüsursuz burun...
Yaxınlaşıb əyilərkən, Satoko qəfildən bu qərib üçün mələfə yerində olan qəzetlərə toxundu və sanki, qəfil kağız xışıltısı qara sükutu xəncər kimi yardı...
Kişi yuxudan oyandı, gözlərinin ağı alaqaranlıqda parıldadı və nəhəng əl birdən Satokonun biləyindən yapışdı.
O heç bir qorxu hissi keçirmədi. Satoko onun əlindən çıxmağa belə cəhd göstərmədən, bir anlıq dərk edərək, düşündü: "Hə, budur... Demək, həmin iyirmi il artıq keçib!"
İmperator sarayının qaranlıq meşəsi ölü sükuta qərq olmuşdu.
Tərcümə - İlqar Tağı
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: