Edebiyyat.az » Proza » Sabir Etibarlı - Adsız qəhrəmanın son ümidi

Sabir Etibarlı - Adsız qəhrəmanın son ümidi

Sabir Etibarlı - Adsız qəhrəmanın son ümidi
Proza
admin
Müəllif:
18:32, 22 iyun 2023
713
0
Sabir Etibarlı - Adsız qəhrəmanın son ümidi





 

Günəş şüaları pəncərədən, pərdənin aralı qaldığı boşluqdan düz üzünə vururdu. Səhər açılmışdı. Hava getdikcə isinir, quşların nəğməsi daha da ucadan səslənməyə başlanırdı. Evin pəncərəsindən baxdıqda yaxınlıqdakı məktəbin stadionunda bir neçə adamın: bir orta yaşlı kişi, iki cavan oğlan və üç qadının sürətli tempdə gəzişdiyini, ya da qaçdığını görmək olurdu. Yarıyuxulu halda gözləri tam açılmamışdı, nə zehni, nə bədəni, nə də ruhu ayılmışdı. Özü də hiss etmədən təzədən yuxuya getdi. Aradan nə qədər keçdiyini bilmədən yenidən həyətdə futbol oynayan uşaqların səsinə oyandı. Deyəsən, qonşu məhəllənin də uşaqları bu oyuna qoşulmuşdu. Səsdən yatmaq olmurdu, uşaqların səsi maşın siqnallarının səsinə qarışmışdı. Artıq quş cəh-cəhi də zəhlətökən səslənirdi. Bir az uzaqda itlər hürüşürdü. Hiss olunurdu ki, itlərin səsi tezlikdə kəsilməyəcək. Əsəbi halda yuxudan tam doymamış yerindən durdu və öz-özünə deyindi:

 

- Ay Allah, düz əməlli yatmağa da qoymurlar.

 

Dünənki xəbərdən elə sarsılmışdı ki, başının ağrısı hələ də keçməmişdi. Elə bil kimsə başına çəkiclə durmadan vurur və bundan böyük zövq alırdı. Yaxşı ki, bazar günü idi. Özünü heç cür işdə təsəvvür edə bilmirdi. Əl-üzünü yuyub özünə yemək hazırladı. Amma yeyə bilmədi. İnternetdə gördüyü şəkillər yadına düşüb ürəyini bulandırmışdı. Xəbərlər əmisi oğlu tərəfindən dəfələrlə zorlanıb sonra da boğularaq öldürülən yeniyetmə qızdan danışır, qandonduran təfərrüatları ictimaiyyətə çatdırırdı. Saytlarda yazılır ki, əmisi oğlu qızı zorladıqdan sonra boğub öldürmüş, ürəyi soyumayıb bir daha təcavüz etmişdi. Qalın hərflər ilə qatilin sözləri vurğulanırdı:

 

- İstədim ki, bədəni soyumamış bir də mənim olsun.

 

Qatil qızı daha sonra 5-6 yerindən bıçaqlamasını onunla izah edirdi ki, guya öldükdən sonra qızdan iniltiyə bənzər səs eşidib. Qorxub cəsədi bir neçə dəfə bıcaqlayıb.

Masa başında oturub başını əllərinin arasına alıb bir xeyli belə dayandı. Gözləri yumulu olsa da, hərəkət edən rəngli halqalar görürdü. Sonra əllərini yanına saldı, çiyinlərini salladı, başına yuxarı qaldırıb tavana baxdı. Təxmini bir dəqiqəyə yaxın belə qaldı. Vaxt dayanmışdı, ürəyinin döyüntülərini hiss elədi. Göz qapaqlarının bir-birinə yapışması və ayrılması sanki bir saat çəkirdi. Cəld hərəkətlə yerindən durub kitab rəfinə yönəldi. Oradan hansısa qatlanmış bir vərəq tapıb uzun-uzadı baxdı. Oxumadı, sadəcə baxdı. Bu vərəq parçası 16 il əvvəl onun sonuncu məktubu, son ümidi, son hayqırışı idi. Ən azından o, elə zənn edirdi. İllər sonra məktubu götürüb oxumaq çətin, bir az da qəribə idi. Özünü toplayıb oxumağa başladı. Elə ilk sözdə öz səsindən diksindi. Evdə heç kəs yox idi. Amma məktubu mümkün olduqca səssiz-səmirsiz oxumaq istəyirdi. Məktubu pıçıltısız ürəyində oxuyanda belə sanki iş başında tutulmuş oğru kimi təlaş, utanc, hiddət kimi fərqli hislər daxilində baş qaldırdı:

 

"Bu axmaq, murdar dünyadan səssiz-səmirsiz getmək istəmirəm. Mənə edilənləri demək üçün, bəlkə, gecikdim. Çox gecikdim. Amma bunları kiməsə deməsəm, o dünyada bağrım çatlayar. Ora üçün hazır deyiləm, amma bura üçün də gücüm daha çatmır, tükənib. On yeddi yaşım var. 9 ildir iyrənirəm bu dünyadan, insanlardan, hər şeydən. Doqquz ildir ki, bədbəxtəm, təkəm, çarəsizəm. Həyatda çox adamdan zəhləm gedir, amma ən çox özümdən zəhmət gedir. Bəxtimin qaralığından, acizliyimdən zəhləm gedir.

8 yaşımda təcavüzə uğradım. Əmimoğlu Nicat mənə təcavüz elədi. Məndən 7-8 yaş böyük idi. Tez-tez bizə qonaq gəlirdi. O gün - həyatımın qaraldığı gün yadımdadır. Atam işdə idi, anam hansısa işə görə evdən çıxmışdı. İkimiz evdə tək idik. O gün mən öldüm, sadəcə ölməyimi bilən olmadı. Kaş anam heç getməyəydi, məni tək qoymayaydı. Bilsəydi, heç gedərdi? Heç vaxt. Kaş biləydi, hiss edərdi. Amma heç duyuq düşmədi. Həyatım yeyin at kimi məndən üz çevirib getdi, ruhum parçalandı, bədənimin ixtiyarı əllərimdən alındı. Bundan heç kəs xəbər tutmadı, köməyə gələnim olmadı.

Özümü çirklənmiş hiss edirəm. Hələ də. Yuyunuram, amma bu çirk bədənimdən çıxmır. Su aparmır bu çirki, bəlkə torpaq aparar. 

Hər gün ölürəm. Metroda, avtobusda, küçədə biri ilə göz-gözə gələndə elə bilirəm o günü bilir. Mənə acıyaraq, ya da iyrənərək baxır. Elə özümün də özümə yazığım gəlir. Bir-iki dəfə qız yanında olmuşam. Gözlədiyimdən çox qısa oldu. Araşdırmışam, travmanın təsirindəndir. Mən heç nəyə yaramıram. Ölməliyəm"

 

Amma ölmədi. Əslində bunun üçün çox planları var idi: ip, ülgüc, zəhər, avtoqəza və s. Amma etmədi, uzun müddət də bunu etmədiyi üçün özünü qınamışdı. Amma indi bunun haqqında fikirləşmək istəmədi. Sabah beş il əvvəl qurduğu ictimai təşkilatın mühüm tədbirində çıxış etməli idi. Fikirləri dağınıq idi, fokuslana bilmirdi. Son beş ilini uşaq istismarı ilə kəskin mübarizəyə həsr etmiş biri kimi ölkənin uşaq istismarı xəbəri ilə çalxalandığı bu dövrdə sabahkı nitqin önəmini yaxşı anlayırdı.

Nitqini yaza bilməyib bir şeylər yeməyə çalışdı. Sonra yataq otağına keçib aynanın

qabağında durdu. Gözlərinin altı torbalanmışdı. Uzunmüddətli gərginlikdən saqqalının bir hissəsi tökülmüşdü, qotur kimi görünürdü. Son iki ildir tökülüb seyrəkləşən saçı onu eybəcər göstərirdi. Özünü ələ alıb auditoriyanı gözünün qabağına gətirib həmişə etdiyi kimi nitqini improvizasiya etməyə çalışdı. Bildirmək istəməsə də, yorğun hiss edirdi. Halsız idi, harası isə ağrıyırdı. Amma bilmirdi harası. Bəlkə də zehni sızıldayırdı. Bu fikir ona qəribə gəldi. Sızıldayan zehin? İnsanların vicdanlarının sızıldamasını üstün tutardı.

Heç bir çıxış, görüş onu bu qədər həyəcanlandırmamış, qorxutmamışdı. Düzü, bəzi şeylərə öyrəşmişdi. Hər dəfə istismara məruz qaldığından danışanda insanların baxışları eyni hal alırdı. Bəziləri başını aşağı salır, onunla göz-gözə gəlməməyə çalışırdılar. Daha çox qadınların gözləri dolurdu. Bir qismi isə üzlərini turşudurdu. Dinləyənlərin üzündə nifrət, iyrənti, ya da acıma sezilirdi. Belə olanda yaşadıqlarını detallarına qədər xatırlamaq, üstəlik bunları nəql etmək getdikcə çətinləşirdi. Bəzi şeyləri anlatmaq yaş ötdükcə asanlaşır, bəzi şeylər ilə əksinə. Daha da çətinləşir. Sadəcə bir şeyə görə bu hadisələri təkrar-təkrar xatırlamağa dözürdü. Başqaları da məruz qaldıqları şeyləri unutmağa çalışmasınlar, susmasınlar. Avazları çıxdıqları qədər bağırsınlar, utanmasınlar.

Deməyə söz tapa bilməyib güzgüdəki əksi ilə uzun-uzadı baxışdı. Bir anlıq ona elə gəldi ki, tək yaşadığı ikiotaqlı ev sanki tayqa meşəsi kimi ucsuz-bucaqsız olub onu uddu. Gözlərini yumub sakitcə durdu. Sinəsinin qalxıb enməsini hiss edirdi. Əvvəl gördükləri gözünün qabağında sürətlə gedir, beynində adlar, yerlər, hadisələr ildırım surətiylə hərəkət edirdi. Atasının istismar etdiyi yeniyetmə qızı xatırladı. Qızın sosial işçinin əlindən necə möhkəm tutduğunu, atasına necə qorxa-qorxa baxdığını yadından çıxartmamışdı. Bundan əvvəl polislərlə birlikdə Bakı kəndlərinin birində azyaşlı qızı elə toy günündə xilas eləmişdilər. Qızın atası, əmiləri, bəy-oğlan, oğlan tərəfinin adamları, yəqin ki, polislər olmasaydı, həvəslə onu tikə-tikə doğrayardılar. Bir anın içində başqa xatirəni xatırladı. Nazirliyin icazəsi ilə uşaq evində təşkil etdiyi incəsənət terapiyasında uşaqların çəkdikləri şəkillərindən onların döyüldüyünü anladığı o ana şükürmü etsin, lənətmi etsin bilmirdi.

Gözlərinı açdı. Anlayırdı ki, ona özündən çox başqalarının ehtiyacı var. İndi onun son ümidi ölüm, yaxud özündən sonra qoydugu vərəq parçası deyildi. Onun son ümidi başqalarının, uşaqların yardımına çata bilmək ehtimalı idi.

 

 

Etibarlı Sabir Etibar oğlu

E-poçt ünvanı: etibarlisabir@gmail.com

Əlaqə nömrəsi: (50) 672-41-15

(55) 261-20-72

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)