Edebiyyat.az » Proza » İlham Rəsul - Ağac

İlham Rəsul - Ağac

İlham Rəsul - Ağac
Proza
nemət
Müəllif:
15:09, 03 fevral 2019
1 818
0
İlham Rəsul - Ağac



Bakı... Odlar Yurdu Azərbaycanın başkəndi...
 Odlar və kənd... Bu iki ifadə yalan yerə işlənmədi e. Düşünən adamlara od qoyur bu şəhər.
 Elə düz demişik başdabaş kənd...

Yenə adi günlərdən biri idi. Mən də Bakının bəzəkli, düzəkli, vahid adlı parklarının birində yerləşən ağacdan fərqlənmirdim bugün də. Yenicə çiçəklənmiş, diqqətdən uzaq qalan bir ağac... Bu bağ əkiləndə nə Azərbaycan həmin Azərbaycan idi, nə də bağın əkilmə məqsədi həmin zad idi. Mən bir ağac kimi əkiləndə  deyirdilər, "gələcəyimizin təminatçılarıdır." Guya biz bunların yaşayıb şəhər adlanan bir yurdu kəndə çevirib xaraba günə qoyacaqlarını, bunların ümumi səhvlərini bilib aradan qaldırmalı ,axırda da qəbirləri üstündə bir salavat çevirməli,Ya Sin oxutdurmalıyıq. Nə gözəl...
  Biz ağaclar da elə oksigendən savayı bir iş görmək istəsək, odun kimi doğranırıq. "Dünənki ağacsan,oksigenini ver . " Bezmişəm, ay toba, bu sözlərdən... Kaş ki gənc ağac olmayaydım. Olaydım bunlar kimi qoca, çürümüş palıd. And olsun öz ağaclığıma, özümdən bir-iki vərəq hasil edib bunları yazdırıram, topa tutacaqlar məni. Üzr istəyirəm,baltaya.

  "Ağaclar bir olmur ,atam balası ..."
 Olmur, ay toba, olmur... Yanımda bir nar ağacı var, inan hələ-hələ dərmək olmur ondan bir şey. Elə paxıl, elə paxıldır ki... Hələ bir yaş da balacadır məndən. Keçən gün biri gəldi nar dərsin, tikanını batırdı. Eyni sevdiyim gül, qızılgül kimi. Qızılgülə dedim ki, gəl səni gətirim öz yanıma, yanımda yeni-yeni güllər açsın, cəhənnəm-gor, yenə bu parkın daxilində öz bağçamızı salaq. Qorxdu... Açığı, bu parkın adı məni də qorxudur, "neyləyək ayrıca bir parkımız yox."  İndi, ay ağac qardaş, sevdiyim gül getdi Sərvin yanına, atam Palıd da məni ağaclıqdan sildi. Anam da gözü yaşlı məcburi ayrıldı məndən, amma övlad sevgisi... Keçən gün bağbandan biraz torpaq yolladıb mənə. Hiss elədim e, bu Atam Palıdın kök saldığı torpaqdan götürülüb. Təzə öyrəndim ki, bağbanı da çıxardıblar işdən. Guya çox naşükürlük edirmiş. Gübrəni çox verirmiş, suyu da vaxtında verib israfçılıq edirmiş.
 Bildiyiniz, bağbanı da itirdim... Tək-tənha ağac kimi seyr edirəm ətrafı. Keçən gün yanımda olan skamyada bir 19 yaşlı oğlan əyləşdi. Dinlədiyi musiqi mükəmməl idi. Belə gəncləri görəndə sevincimdən yarpaqlarım tökülür . "Aurora-Hans Zimmer " dinləyirdi. Bu musiqi mənim gövdəmi titrətdi. Bir yandan yaxınlıqda yerləşən metrostansiyanın girişindəki sıxlığa, bir yandan da parka əyləncə üçün gələn insanlarların üzündən sallanan hüznə baxdım. İlahi… Bu oğlanın bu musiqi ilə ürəyi necə partlamır? Mən ağac olalı heç vaxt bunlara fikir verə bilməmişəm. Bu musiqi ilə görə bildim bunları. Bu gəncliyin işi çətindir. Bilirsiz niyə belə deyirəm? Yığılmışam toxumuma daha. İki gün əvvəl yenə buradan baxırdım, iki bir-birinə "qaqaş" deyən oğlan mentalitetdən danışırdı. "Biirsən, ay birat, bizim mentalitetimiz var e, narmalni qıza ilişən oğlanın oğlanlığı..." daha ardını demirəm mən. Məsələnin qəlizliyi indi aydın olacaq. Bir gözəl-göyçək qız gördülər qabaqdakı skamyada . "Gör qaqan nağayracax" deyib  primatcasına hücum çəkdi qıza. Bundan  da ağırı var e, qız biraz naz elədi, amma sonra elə bil bu oğlanı gözləyirmiş bayaqdan. Bunlar ikisi sarmaş-dolaş getdi, oğlanın o biri də məndən beş daha betər ağac oldu yanımda. Belə adamların üstündən asta səslə o musiqini dinləyən 19 yaşlı gənci görəndə başa düşürəm ki,gəncliyin işi çətindir. Yazıq hiss olunur ki, cana yığılıb. Gəlib mənlə e, mənlə danışırdı ee. "Salam ağac müəllim. " Mənə müəllim dedi. Başladı ki, " biz bu Azərbaycanla nə edək? Dərdinə dözə bilmirəm. Gəlib sənlə danışıram. Atam da dini inancıma görə məni övladlıqdan silib."  (Aman tanrım, bu oğlanla eyni taleni yaşayırıq)  "Hə... Sevdiyim qız da siyasətə meyilli olduğum üçün qorxub məni rədd etdi." ( Danış, ay qardaş, danış. Sənin kimi oğula oksigenim qurban. Kaş ki məni eşitsən. ) " Kaş ki sənin kimi ağac olaydım ..."                     ( İstəmərsən, belə demə.İndi ağac olmaq da çətindir. ) " Eeh, sən də danışmırsan ki... Gedim içməyə " ( İçmə, oksigenim qurban, içmə... Eh, kaş ki məni anlayaydın,eşidəydin. Ümidim sənədir . Bəlkə nələrisə dəyişəsən. O bağbanı da qoyasan yenə başımın üstünə, bəlkə mən də bir gün görəm. Onsuz da bunu da eşitməyəcəksən. Sağol, Gənclik! )  "Bilmirəm içində mənlə danışırsan, ya yox,ay ağac müəllim, amma çox sağol ki dinlədin məni. Sənə gübrə gətirəcəm, təmiz gübrə, hələlik ." 
   Bizi birləşdirən dərdlərimiz idi. Heyif ki getdi. Çox güman, içkiylə beynini açmağa getdi. Nə içkililər gördüm mən. Gecələr sərxoş vəziyyətdə gövdəmə təpiklər atırdı "adamın"  biri...
 Ay gənclik! Ay kimi parlaq gənclik... Bilirəm məni eşitmirsən. Bilirəm, gülü, çiçəyi, ağacı sevirsən. Mən həmin ağacam ki,əcdadımdan vərəq alırsan. Sənin yolunda baltalanmağa hazıram... Təki yaz,yarat! Anamın bağbandan göndərdiyi torpaqda cücərti gedirmiş, mənlə əlaqəyə girib torpaqda. Yeni ağac kök salacaq sayəmdə. Mən qurban oluram, heç olmasa, siz də onu qoruyun, o qurban getməsin mənim kimi gənc yaşında. 
  Bu oxuduğun vərəq də məndən alındı, canım ağrayır. Artıq ölürəm. Yaşasın Azərbaycan gəncliyi! Hörmətlə sizin Ağac...


 16 oktyabr , 2018-ci il

Saat: 11:32 
 
 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)