Edebiyyat.az » Proza » Rövşən Yerfi - Pişik payı (kiçik hekayə)

Rövşən Yerfi - Pişik payı (kiçik hekayə)

Rövşən Yerfi - Pişik payı (kiçik hekayə)
Proza
admin
Müəllif:
00:39, 16 noyabr 2023
1 180
0
Rövşən Yerfi - Pişik payı (kiçik hekayə)




 Altı yaşlı nəvəm həyət pişiklərini çox sevirdi. Onlara ayırdığı qablara tez-tez yeməklər qoyur, su tökürdü. Həyətin künc-bucaqlarında onlar üçün kartondan evciklər qurur, sığınacaq yerləri düzəldərdi. Nəvəmin yaratdığı şəraitə qane olmayan pişiklər bir mərtəbəli evlərin damlarında, şiferlərin altında özlərinə xüsusi məskənlər yaratmışdılar. Həyətlərdə gəzməkdən yorulanda öz sakit guşələrinə çəkilirdilər.

Nəvəm, demək olar ki, hər gün yeməklərimizin qalıqlarından pişik payı hazırlayırdı. Qəribəsi bu idi ki, onun pişikləri yavan çörəyi yemirdilər, “delikates” xoşlayırdılar. Ət, kolbasa parçası, sosis qırığı, yumşaq şirinli qidalar “menyu”nun əsasını təşkil edirdi.

Həyətin pişiyinə nəsə verən kimi, o biri həyətlərin pişikləri də iy bilib həyətə doluşurdılar. Yemək çatmayanda isə evin həyətə açılan qapısının ağzını kəsib məzlum-məzlum içəridə oturanlara baxırdılar. İllah da, evdə nahar zamanı. Belə olanda dözməyib deyinərdim:

-Ay bala, sən neynirsən, bu qədər pişiyi yığma həyətimizə. Evdə rahat yemək də yeyə bilmirik, gör neçəsi qapının ağzında gözlərini dikiblər stola. Ya qapını ört, ya da bunlara nəsə ver, çəkilsinlər qapının ağzından. Niyə bu qədər pişiyi həyətə dadandırmısan? Yığışdır, qov bu kənar pişikləri, bunların əlindən yemək yeyəndə evin qapısını da aça bilmirik..

-Baba, - tez məni sakitləşdirirdi, - nənə deyir ki, Allahbaba bizi yaratdığı kimi pişikləri də istəyib yaradıb. Ona görə də, pişiklərə nə qədər çox baxsan, qulluq etsən, Allahbaba da əvəzini verəcək, səni pis işlərdən qoruyacaq.

Bəzən evdən verdikləri azmış, məndən pul istəyib mağazadan pişiklər üçün süd, kiçik qablarda pişik yeməyi də alırdı. Bu halda, yenə susa bilmirdim:

-Ay bala, sən mənim pensiyamı gör nələrə işlədib mənasız yerə sərf edirsən, etmə belə...

-Baba, hələlik sənin pensiyandan işlədirəm. Gələcəkdə özüm işləyəndə, öz pulumdan alacayam. Belə etmək lazımdır ki, ruzimiz azalmasın, daha da artsın...

-Bunu da, sənə nənən deyib? O, da hələ sənin ağlındadır, - çarəsizlikdən gülürdüm.

Bir axşam həmişəki kimi evdə oturub radioda verilən xəbərləri dinləyirdim. Qiymət artımları səbəbindən əhalinin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə bir çox sahələrdə işləyənlərin əmək haqqları və pensiyalarının ötən ilin inflyasiya faizi həcmində artırılması haqqında xəbər verilirdi.

Xəbəri eşidən nəvəm digər otaqdan sevincək üstümə yüyürdü:

-Gördün, baba, nənəm düz deyirmiş. Ruzimiz artacaq. Allahbaba hər gün pişiklərə verdiyimiz pişik paylarını toplayıb ay ərzində birdən verəcək.

Naşükürlük etməyib nəvəmin sevincinə qoşuldum. Nəvəm haqlı idi. Ərzaq və aldığım dərmanların qiymət artımı ilə müqayisədə pensiyamın artımı elə də, çox deyil, aylıq “pişik payı” qədər olardı...


11.2023

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)