Edebiyyat.az » Proza » Nemət Mətin — Yük

Nemət Mətin — Yük

Nemət Mətin — Yük
Proza
admin
Müəllif:
17:58, 20 aprel 2024
4 137
0
Nemət Mətin — Yük




"Ədibin evi" hekayə müsabiqəsində yer tutmayan hekayə


 İnsan ömrü boyu yük daşıyır. Kimi ailə yükünü, kimi vicdan yükünü, kimi də çiyinlərinə aldığı hansısa bir yükü... N də iri anbarlardan birində yükdaşıyan işləyirdi. Artıq bir il idi ki, bu ağır işi görürdü. Baxmayaraq ki, iki diplomu vardı, amma bir çox gənclər kimi universitet illərində avaraçılıqla başını qatmışdı. Gənclik şirin şeydir. Adamı nə günlərə salır. Çılğın gənclik havası adamı evdə oturmağa qoymur. N də belə gənclərdən idi. Gəncliyini yelə vermişdi. O, “dolu” yaşamağı sevirdi. Qrup yoldaşları dərs oxuyanda N qız sevirdi. Dəli-divanə olub çöllərə düşmüşdü...

Yük daşımağı sevmirdi N. Kim sevər axı? Amma ümidi vardı ki, nə vaxtsa vəzifəsi qaldırılar, ali təhsilli olmağına önəm verilər. Bu minvalla düz bir il işlədi. Danışığını, hərəkətini bilməyən adamların içində itib-batdığını görmürdü. Lakin içlərində dosent, hərbçi, usta, idmançı da vardı. Tale hamını ovucuna yığıb həmin anbara atmışdı...

Qocalı-cavanlı hər bir yükdaşıyanın üzündən zəhrimar yağırdı. Kir-pasın, çirkin içində cırıq-cırıq olmuş əlcəklərlə irili-xırdalı yükləri sağdan sola, soldan da sağa daşıyırdılar. Kimi deyinir, kimi söyür, kimi də qarğış edirdi...

Bir gün gecə növbəsində o qədər gərgin iş gedirdi ki, bir işçinin ürəyi getmişdi. Bədbəxt hadisə də az olmurdu. Elə yeni ildə də işə düşmüşdülər. Gecə saat on ikini gözləyirdilər. Hər kəs evdən gətirdiyi yeməkləri stola düzməyə tələsdiyi vaxtda yük maşınları anbarın ağzına düzüldü. Dilxor olan işçilər maşınlara doğru addımladılar. N də digərləri kimi yükləri daşıdıqca telefonla bayram təbriki yazırdı. Saat on iki tamam olanda alınlarından axan tər damcılarını silə-silə, gözləri işıldaya-işıldaya uzaqda görünən atəşfəşanlığa tamaşa elədilər. N-in dostu K-nın başı mesaj yazmağa bərk qarışmışdı. Üstünə gələn yük maşınını görmədi. Maşını görəndə artıq gec idi. O, yerə yıxıldı və sağ ayağı təkərin altında qaldı. Bağırtısı aləmi başına götürdü, N qaça-qaça onun yanına gəlsə də, artıq iş işdən keçmişdi...

N bir il işləyəndən sonra əsgərlik dövründə oxuduğu kitabları xatırladı. Görünür, necəsə monoton həyatını dəyişmək istəyirdi. Ona elə gəldi ki, təkcə kitab oxuyanda özünü xoşbəxt hiss edib. Yenidən kitab oxumaq istədi və o gündən telefonuna kitablar yükləməyə başladı. İşdə vaxt tapan kimi oxuyurdu. Şekspirin “Romeo və Culyetta”sını, Kamyunun “Yad”ını, Kafkanın “Çevrilmə”sini oxuduqca ürəyinə fərəh hissi doldu. Özünü azad, güclü hiss etdi. Kitabların mistikası onu ələ aldı. Zaman ötdükcə daha çətin əsərlərə baş vurdu. Don Kixotun macəralarına həm güldü, həm ağladı. Robinzonla adada “yaşadı”. İvan İliçlə “öldü”. Sergi ata ilə “oyandı”. Dorian Qreyin portretini “çəkdi”. Martin İdenlə səyahətə yollandı. Qulliverlə “balacalaşdı”, “böyüdü”.

Artıq işlədiyi yerdə anbardar vəzifəsinə yüksəlmişdi. Fiziki işinin azalacığını düşünsə də, elə olmadı. Əksinə, yükdaşıyanlara kömək etməli idi. Həmişə nəsə, kimsə çatmırdı. Adam, texnika, vaxt... Üstəlik bütün gördüyü işləri kompüterdəki proqramlara yazmalı və rəhbərliyə göndərməli idi. İşi başından aşırdı. Son zamanlar işdə oxumağa vaxt tapmasa da, evdə, yolda oxuyurdu. Oxumayanda həyat N-ə mənasız gəlirdi. Sanki oxuyanda fikirlər beynində daha tez formalaşırdı. O qədər oxudu ki, bir gün məqalə yazdı. Yazıçıların həyatından maraqlı hadisələrə istinad etdi. Beynindəki yükü vərəqlərə boşaltdıqca ürəyindəki yükdən də azad olduğunu hiss etdi. Tibet buddistləri haqqında məqalə yazdı, işə Milarepa ilə başladı. Bir çox balladaların, şeirlərin müəllifi aydınlanmaq barədə tez-tez düşünərdi. O qərara gəlmişdi ki, bu barədə tanımadığı insanlardan soruşsun. Çoxundan soruşmuş, hər kəs fərqli şeylər demişdi. Bir gün o, dağ cığırında ağır yük daşıyan qəribə rast gəlmiş, eyni sualı ona da vermişdi. Qərib isə kürəyindəki yükü yerə atmış, dərindən nəfəs almışdı. Milarepa qışqırmışdı:

–Anladım! Bəs, aydınlanmadan sonra nə baş verir?

Qərib gülümsəmiş və yükünü götürüb yoluna davam etmişdi.

N növbəti bir il ərzində xeyli məqalə yazdı. Kitab çap etdirmək istəyirdi. Dostu K bunu öyrənəndə sevindi. N daha da həvəsləndi. Kitab çap etdirmək üçün B nəşriyyatının baş redaktoruna müraciət etdi. Həyacanlı idi. Amma onu narahat edən bir şey vardı. İşdən bezmişdi. Özünü aqressiv aparırdı. İş yoldaşları onu heç vaxt belə görməmişdilər. N-in uzun illər ərzində ürəyinə yığılan qəzəbi vukan kimi partlayırdı. Artıq qəti qərara gəlmişdi. O gün səhər “İşləmək istəmirəm!” – deyə çığırmışdı...

İşə çatan kimi bunu rəisə bildirdi. Göygöz, bəstəboy rəis belə məsuliyyətli işçini itirmək istəmirdi. Üstəlik N-dən incimişdi. Onu otağına təkrar çağırıb dedi:

– Elə bilirsən, bu anbarda Tolstoyu yalnız sən oxumusan? Tolstoyun səni xilas edəcəyini düşünürsən?

N sadəcə gülümsədi. Gözləri par-par parıldayırdı. 

– Mən rus dilində Tolstoyun külliyyatını oxumuşam...

Rəisin uzun-uzadı pafoslu çıxışını N artıq dinləmirdi. Axırda rəis ona belə bir təklif etdi:

– Bu anbarın harasında hansı vəzifəni istəyirsənsə, götür.

N-in cavabı qısa, amma ağır oldu:

– Mən sizinlə işləmək istəmirəm!

N çiynindəki ağır yüklərdən birini yerə qoysa da, qarşıda onu xeyli ağır yüklər gözləyirdi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)